Şəhid atası: Mənə dediyi son söz...

 

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  tarix yazdı. Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə qələbəsi  göstərdi ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı. 44 günlük müharibə bu reallığı da göstərdi ki,  kimliyindən  asılı olmayaraq hər kəs ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdır.

Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini Mürvət Əsgərov İkisahil.TV- müsahibəsində bildirib ki, 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla  tarixə Böyük Zəfərə kimi yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdi. Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirən şəhidlərimizin  xatirəsinin xalq tərəfindən daim əziz tutulir.

Şəhid atası dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət qayğıya görə minnətdarlığını bildirdi: «Şəhid olduğu günə qədər Rüfət mənim oğlum idi. Bu gündən sonra isə Rüfət Azərbaycan xalqının oğludur. Hər zaman bir valideyn kimi mənim başımı necə uca etmişdisə, döyüş meydanında da Vətənimizin başını uca etdi. Vətən müharibəsinin gedişində-14 oktyabr 2020-ci il tarixində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Əskərov  Rüfət Mürvət oğlunun şəhadətə ucalmasından üç  il ötür

Şəhid atası qeyd etdi ki, oğlum Rüfət Əsgərov 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1988-1996-cı illərdə Bakının Xətai rayonunda Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb: «Ali hərbi təhsilini isə 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Təhsilini başa vurduqdan sonra leytenant rütbəsi ilə  Beyləqanda «N» saylı hərbi hissədə xidmətə başlayıb. Rüfət harada xidmət etməsindən asılı olmayaraq çox nizam-intizamlı olub. 21 illik hərbi xidmətdə dəfələrlə nümunəvi xidmətinə görə orden medallarla təltif olunub. Rüfətin döyüş yolu, göstərdiyi igidlik, 21 illik fəaliyyətindəki xidmətləri buna əsas verir. Onun adının, xatirəsinin əbədiləşdirilməsi üçün dövlətimiz çox mühüm işlər görüb. Rüfətin doğum günündə dövlət səviyyəsində Şəhidlər xiyabanında, Zabitlər evində anım mərasimi keçirilib. Bu diqqət qayğıya görə dövlətimizə möhtərəm Prezidentimizə minnətdaram. Oğlum Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Rüfət axırıncı dəfə bir gecədə 3 post alıb. Birinci postda 24, ikinci postda isə 11 ermənini məhv edib. Rüfət kəşfiyyat briqadasının rəisi idi. Ön cəbhəyə özü getməyə bilərdi. Amma qəlbində vətənpərvərlik, xalqına inam, itirilmiş torpağın azad olunması qüruru kök saldığına görə həmişə ön cəbhədə döyüşüb. Vətən müharibəsi başlayanda o çox sevinirdi ki, nəhayət 30 illik həsrətə son qoyulacaq. O, ön cəbhədə olması ilə bağlı bizə çox məlumat vermirdi. Kəşfiyyat rəisi olduğu üçün artıq söz danışmazdı. Həmişə bir-iki iki cümlə ilə fikrini tamamlayırdı

M.Əsgərov diqqətə çatdırıb ki, Rüfət çox vətənpərvər gənc idi. Onun hərbçi olmasında bizim əslən Qubadlı rayonundan olmağımız da böyük rol oynayıb: «Hər zaman deyirdi ki, ata-baba torpaqlarımızı düşmən tapdağı altında qoymaq olmaz. Biz torpaqlarımızın azadlığını uşaqlarımıza saxlamamalıyıq. Ən böyük arzusu Qarabağın azadlığını, o torpaqlarda dalğalanan üçrəngli bayrağımızı görmək idi. Oktyabırın 12-si mənə zəng etmişdi. Yenə çox qısa söhbət zamanı bildirdi ki, «ata, sənə Qubadlıda qonaqlıq verəcəm». Həmin an sevincimin həddi-hüdudu yox idi. Çünki hər zaman onun ağzından sözü kəlbətinlə alırdıq. Əgər o bu sözü ürəklə deyirdisə, deməli, hər şey yaxşı idi. Bu, bizim son telefon danışığımız oldu. Oktyabrın14-də  oğlumun şəhid olması xəbərini aldım. Oğlumun dəstəsi  Ağdərə istiqamətində üçüncü postu azad etdikdən sonra məruzə zamanı minamyot mərmisinə tuş  gəlib. Həmin vaxt  iki nəfər şəhid olub. Onlardan biri Rüfət olub.

Rüfətin şəhid olmasına zabit heyəti , əsgərləri , kursantları da çox üzüldü. Onun II Fəxri xiyabanda məzarını ziyarət edərkən ora gələn yoldaşları ilə görüşürəm. Onlar bildirirlər ki, düşməndən fərqli olaraq bizim zabitlərimiz arxada dayanıb əsgəri irəli göndərmirdilər. Zabitlərimiz hər zaman ön cərgədə addımlayıblar. Mayor Rüfət Əsgərov da qəhrəman, cəsur, eyni zamanda, səmimi  zabitlərimizdən biri idi

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rüfət Əsgərov ölümündən sonra «Vətən uğrunda», «Suqovuşanın azad olunmasına görə»,  medalları ilə təltif olunub. Rüfət Əsgərovun adına küçə verilib.

Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm qürur yerimiz, fəxrimizdir. Zaman ötsə ,  nəsillər bir-birini əvəz etsə , öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən Rüfət  kimi oğullarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs şərəfli məqam olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar.

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2023.- 14 oktyabr, ¹188.- S.6.