Mir Cəlal Paşayevin
kitabı
alman dilinə tərcümə
edilib
Görkəmli yazıçı
və ədəbiyyatşünas
alim Mir Cəlal Paşayevin
“Füzuli sənətkarlığı”
kitabı Almaniyanın
tanınmış Erqon-Nomos
nəşriyyatının Bibliotheca
Academica - Şərqşünaslıq sahəsində seçilmiş
nəşrlər sırasında
çap edilib. Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim
Mixael Raynhard Hess tərəfindən alman dilinə
tərcümə edilib.
AZƏRTAC
xəbər verir ki,
Berlin Azad Universitetində dahi
şairimiz İmadəddin
Nəsimi mövzusunda
doktorluq dissertasiyası
müdafiə etmiş
Hess azərbaycanlı və
avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi
kimi də tanışdır.
Azərbaycan füzulişünaslığının
banisi Mir Cəlal
1940-cı ildə “Füzulinin
poetik xüsusiyyətləri”
mövzusunda müdafiə
etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə
genişləndirərək “Füzuli sənətkarlığı”
adı altında monoqrafiya kimi nəşr etdirib. Monoqrafiya XVI əsrdə yaşayıb-yaratmış dahi
şairimiz Məhəmməd
Füzulinin ədəbi
yaradıcılığı və sənəti, o cümlədən şeir
mədəniyyəti və
bədii nəsri haqqında elmi araşdırmaları əks
etdirir. Mir Cəlal kitabında Füzuli yaradıcılığının ayrı-ayrı məsələləri
və motivlərinin araşdırılması ilə
yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən verməyə
nail oldu.
Məhəmməd Füzuli türk
xalqlarının klassik
ədəbiyyatının, eyni zamanda, ona
görə tanınmış
şairlərindən hesab
olunur ki, o, dövrünün
üç əsas dili
- türk, ərəb
və fars dillərində “Divan” yazmaqla
ədəbi sənətkarlıq
nümunəsi yarada bilmişdir. Alman alimin, Füzulinin dövrünün
tələblərinə uyğun
olaraq Azərbaycan, türk, ərəb və fars dillərini
bilməsi ona Füzuli və Mir Cəlal yaradıcılığının
dərinliklərini araşdırmağa
və avropalı oxuculara təqdim etməyə imkan verdi. Şərqşünas-alim
Hess, həmçinin kitaba
“Giriş sözü”
yazaraq, həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi
və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. Alman
alim sovet-kommunist rejimi
tərəfindən ədəbiyyata
tətbiq olunan qadağalara və edilən müdaxilələrə
dair Qərb oxucusu üçün izahlar verərək yazmışdır ki, dövrün
ideoloji məhdudiyyətlərinə
baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail oldu. Dr.
Hess kitabda “Füzuli sənətkarlığı” əsərinin
ədəbi elmi aspektlərinə dair müfəssəl izahatlar
verib.
Mixael Raynhard Hessin qənaətinə görə,
“Azərbaycanda füzulişünaslığın
əsasını qoyan
“Füzuli sənətkarlığı”
əsərinin digər
dəyərli xüsusiyyətlərindən
biri Mir Cəlalın çoxsaylı məsələlərin
araşdırılması üçün
orijinal mənbələrdən
birbaşa istifadə etməsidir. Məhz bu səbəblərdəndir
ki, yazıldığı tarixdən
80 il keçməsinə baxmayaraq,
Füzuli yaradıcılığı
haqqında Mir Cəlalın
elmi əsəri ilə müqayisə oluna bilinəcək dərinlik və müfəssəlliyə malik elmi
əsər yazılmayıb.
Bu gün də bu əsər Füzuli yaradıcılığının
araşdırmaçıları üçün əvəzolunmaz
mənbədir”.
Füzuli
dühasının araşdırılmasına
həsr olunan bu monoqrafiya, həmçinin Mir Cəlal
yaradıcılığının avropalı oxuculara çatdırılması baxımından
böyük əhəmiyyətə
malikdir. Mir Cəlalın
“Füzuli sənətkarlığı”
əsəri Almaniyanın
milli biblioqrafiyasına daxil
edildi.
İki sahil.- 2023.- 18 oktyabr, ¹190.- S.7.