O illərdə təməli qoyulmuş uğurlu islahatlar
Ulu Öndər
Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri kimi gördüyü işlərin xronologiyası
bu fikri böyük əminliklə
söyləməyə əsas
verir
Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü ilin «Heydər Əliyev İli» elan edilməsi dahi şəxsiyyətin fəaliyyətinin hər bir mərhələsinin daha geniş şəkildə təqdimatında əhəmiyyətli rol oynayır. Bütün dövrlərdə əsas hədəf Azərbaycanı zirvələrdə görməkdir. Dahi şəxsiyyət Heydər Əliyevin «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» çağırışı onun Vətən, torpaq, xalq sevisini nümayiş etdirir. Müstəqillik tariximizin ayrı-ayrı dövrlərini tarixi paralellər əsasında təhlil etdikdə bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Ümummilli Liderin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir. Çünki o illərdə nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün tarixi qərarlar qəbul edilmişdir. Belə ki, o vaxt Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Bütün bu addımlar sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi.
Dövlət başçısı İlham Əliyev çıxışlarında bu mühüm məqama da diqqət yönəldir ki, o vaxt Naxçıvan həm Ermənistanın, həm o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı: «Faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər.»
Dahi şəxsiyyətin fəaliyyətinin Naxçıvan mərhələsində atılan mühüm addımlar sırasında 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunmasıdır. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı Ümummilli Lider həmin sessiyadakı çıxışında qərarın tarixi-siyasi əhəmiyyətini belə xarakterizə etmişdir: “Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür.» Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində Naxçıvanda atılmış addım sonrakı dövrlərdə həmin sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın həmrəylik, birlik ideyaları ətrafında birləşməsində mühüm rol oynadı. Dövlət başçısı İlham Əliyev dünya azərbaycanlılarının təşkilatlanması prosesinin və vahid ideologiya ətrafında sıx birləşməsinin Ulu Öndərin adı ilə bağlı olduğunu önə çəkərək bildirir ki, dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ümummilli Lider çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır.
Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ulu Öndər bu çağırışı etdi ki, suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Bu çağırışın davamı olaraq o da bildirildi ki, Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır.
Dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olduqdan sonra Ümummilli Lider onların vahid mərkəzdən idarə olunmalarının təmin edilməsi üçün Dünya azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Belə ki, 2001-ci ilin noyabr ayının 9-10 tarixlərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə diaspor quruculuğu istiqamətində mühüm addım atıldı. Beş ildən bir keçirilən qurultaylarda ötən dövr ərzində görülən işlərə yekun vurulur, qarşıdakı dövrün hədəfləri açıqlanır. Günümüzün qürurverici hadisələrindən biri ötən il Qarabağın tacı, musiqi beşiyimiz, türk dünyasının mədəniyyət paytaxtı Şuşa dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirərək Zəfər Qurultayının keçirilməsidir. Qurultayda şanlı Qələbəmizin reallıqları fonunda qarşıda dayanan vəzifələr geniş təhlil edilərək Azərbaycan diasporunun böyük inkişaf yolu keçdiyi, türk diasporu ilə həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdırıldı. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan-Türkiyə diaspor təşkilatlarının dünyanın müxətlif ölkələrində birgə təşkil etdikləri aksiyalar məlum olaylardandır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız həmin dövlətlərin ictimai-siyasi, iqtisadi həyatında fəal iştirak edir, cərəyan edən proseslərə təsir imkanları artır. Bir mühüm məqamı qeyd edək ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq utub yeriməsinə geniş imkanlar açmışdı. 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı «Azadlığı Müdafiə Aktı»na ədalətsiz «907-ci düzəliş»i tətbiq etməsi ermənilərin və erməni disporunun apardığı əsassız təbliğatın nəticəsi idi. Məqsəd Azərbaycanı ABŞ Konqresinin yardımlarından məhrum edərək iqtisadi cəhətdən asılı vəziyyətə salmaq idi. Azərbaycan 10 il həmin ədalətsiz qərarın tətbiqi şəraitində yaşasa da iqtisadi inkişaf baxımından nəinki gerilədi, əksinə sürətli inkişafı ilə dünyanın diqqətində oldu. 2001-ci ildə ABŞ-da baş verən terror aktından sonra ABŞ hökuməti bu qərarın ədalətsizliyini etiraf edərək fəaliyyətinin bir illik dondurulması ilə bağlı qərar qəbul etdi. Həmin vaxtdan hər il bu qərar yenidən təsdiqlənir. Amma yenə də ermənilərə dəstəyin ifadəsidir ki, qərarın birdəfəlik ləğvi prosesi uzanır. Bunları qeyd etməyimiz təbii ki, səbəbsiz deyil. Bu baxımdan ki, hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan əsaslı amillərdən birinin milli birlik və həmrəylik ideyası olduğu inkaredilməzdir. Milli birliyə, həmrəyliyə nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz. Bu mənada, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin 1991-ci il 16 dekabr tarixində qəbul etdiyi qərardan bu günədək Azərbaycan diasporu dünya azərbaycanlılarının təşkilatlanma prosesini sürətlə həyata keçirib və informasiya cəbhəsində üstünlüyü qazanmağımıza bu gün də töhfələrini davam etdirir.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinin mühüm hadisələrindən biri də hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən, ümumxalq partiyası kimi nüfuz qazanaraq sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. 1992-ci il noyabrın 21-də müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə təsis konfrasını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılsa da heç zaman dövlətə, dövlətçiliyə müxalifətdə olmadı. Yaranmasından cəmi 7 ay sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması həm partiyanın, həm də ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Ötən il partiyanın yaranmasının 30 ili qeyd edildi. YAP-ın hansı dövrdə yarandığı məlumdur. Bu, o illər idi ki, Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı 91 nəfər ziyalının Ümummilli Liderə müraciətində də həmin dövrün reallıqları öz əksini tapmışdı. Ulu Öndər müraciətə cavabında Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək onun qorunmasını, möhkəmləndirilməsini hər birimizin vətəndaşlıq borcu kimi dəyərləndirmişdir. Bu gün böyük inamla qeyd edirik ki, 1992-ci ildə Ümummilli Liderin «YAP dünənin, bu günün və gələcəyin partiyasıdır» inamı ilə yola çıxan YAP hazırda Prezident İlham Əliyevin rəbbərliyi ilə daha da inkişaf edir, onun qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, xalqın rifahının daha da gücləndirilməsinə davamlı töhfələr verir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, YAP ənənələri olan partiyadır. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Ümummilli Liderin Naxçıvanda olarkən bütün Azərbaycan üçün göstərdiyi xidmətlərdən biri də muxtar respublikanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin yenilənməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları ən başlıcası isə yanacaq, enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid körpüsü» salındı.
Ulu Öndər Heydər Əliyevin qısa vaxt ərzində Naxçıvanda Azərbaycan üçün gördüyü işlərin, həll etdiyi taleyüklü məsələlərin yalnız az bir hissəsini qeyd etdik. Azərbaycanın gələcəyi üçün müəyyənləşdiyi hədəflərin gerçəkləşməsi isə 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsində Azərbaycan bütün sahələrdə inkişaf, tərəqqi dövrün yaşadı, bunümüz üçün möhkəm təməl formalaşdı. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi təmin edildi. Ordu quruculuğu prioritet sahə kimi diqqətdə oldu. Diplomatik üstünlüyü təmin edilməsi istiqamətində atılan biri-birindən mühüm addımlar, qazanılan uğular tarixi Zəfərimizdə öz sözünü dedi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmləndi.
2003-cü ildən başlanan yol Heydər Əliyev siyasətinin təntənəsidir. Son 20 ildə qazanılan uğurların zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə ələd etdiyi uğurların ümumiləşdirilmiş ifadəsidir. Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində bu inamı ifadə etmişdi ki, mənim axıra çatdıra bilmədiyim işləri, planları cənab İlham Əliyev axıra çatdıracaq. Ona Özüm qədər inanıram.
“Ölkə Prezidenti İlham Əliyev Ulu Öndərin inamını özündə əks etdirən 2003-cü il müraciətindən 17 il sonra, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərimizi təmin etməklə Ümummilli Liderin arzusunu həyata keçirdi. Noyabrın 8-də Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqları ki, erməni yalanları, mifi dağıdıldı, dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti, haqqı bərpa edərək dünya güclərinə sözün əsl mənasında tarix, hüquq dərsi keçdi.
Hazırkı dövrün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində bərpası, yenidən qurulması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmasıdır. Böyük Qayıdış proqramı uğurla icra edilir. Dirçələn Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın iqtisadi və siyasi gücünün təqdimatıdır.
Yeganə Əliyeva
İki sahil.- 2023.- 1 sentyabr.- S.3