“İstiqlal
marşı” ilə əbədi yüksələn
al bayraq
Türkiyə Cümhuriyyəti - 100
100 ildən çoxdur ki, qardaş Türkiyə əl-ələ, çiyin-çiyinə,
səs-səsə "Şanlı
29 Ekim" (oktyabr) tarixini böyük Vətən şairi Məhmət Akif Ərsoyun “İstiqlal marşı” ilə qarşılayır. Mustafa
Kamal Paşa Atatürkün rəhbərliyi
ilə bu tarixdə şəhidlərin
müqəddəs qan
rəngini ifadə edən ay-ulduzlu bayraq İstiqlal marşının sədaları
altında bir daha enməmək üçün ucaldılmış,
yeni, müstəqil Türkiyə Cümhuriyyəti
yaradılmışdır. Marşa əvvəlcə
Osman Zəki Üngör (1924), sonra isə Əli Rıfat Çağatay
(1930) musiqi bəstələyib.
Əsər Türkiyə
ərazisinin xeyli hissəsinin itirildiyi, ölkənin gələcək
taleyinin Anadoluda gedən döyüşlərdə
həll olunduğu dövrdə (1921) yazılıb.
Qələbəyə qədər
isə türk xalqı böyük çətinliklər yaşamış,
çilələr çəkmiş,
şanlı tarixini şəhidlərin qanı
ilə yazmışdır.
1914-cü il yanvarın 26-da Rusiya ilə Türkiyə arasında sülh sazişi imzalansa da, bir neçə
aydan sonra - iyulun 19-da başlanan Birinci Dünya müharibəsi bu sazişi qüvvədən
salır. Türkiyənin
vəziyyəti getdikcə
ağırlaşır, dünyanın
bir neçə güclü dövləti
silah-sursatlarını və
canlı qüvvələrini
İstanbula istiqamətləndirir.
Müharibə Osmanlı
dövləti üçün
böyük fəlakətlə
nəticələnir. İstanbul
Antanta dövlətlərindən
tamamilə asılı
vəziyyətə düşür.
Anadolunun böyük bir hissəsi və boğazlar ingilis-fransız və yunan işğalçılarının
nəzarətinə keçir,
Şərq ərazilərində
Ermənistan və Kürdüstan dövlətlərinin
qurulması planlaşdırılır.
İstanbulda isə bütün dövlətlərin
gözü var idi. Lakin nə
qanlı savaşlar, nə də canlı qüvvə itkiləri imperialist dövlətlərə arzuladıqları
qələbəni gətirdi.
Türkiyəni tamamilə
işğal edib aralarında bölüşdürmək
istəyən İngiltərə,
Fransa, Almaniya və Yunanıstan donanmaları 1915-ci ilin martında boğazlar vasitəsilə içərilərə
doğru hərəkətə
başladılar. Ancaq
elə boğazdaca türklərin top zərbələri ilə
qarşılaşdılar. Martın 18-də bir neçə düşmən
gəmisi Çanaqqala
boğazında minalara
çırpılaraq parçalandı.
Bu qanlı savaş boğazlardakı
döyüşün taleyini
həll etdi. Uğurlu müdafiəyə
başçılıq edən
möhkəmləndirilmiş qala komandanı Cavad Paşa tarixə "18 Mart" qəhrəmanı
kimi daxil oldu. Bu qanlı
savaşdakı qələbədən
türk xalqı bir gözündən gülür, o biri gözündən yaş axıdırdı. Düşmənlə
savaşan 700 min türk məhmətciyinin
213 min 882-si şəhid
olmuşdu. Türk dünyasının böyük
şairi Məhmət
Akif Ərsoy məşhur "Çanaqqala
şəhidlərinə" şeirini də onların müqəddəs
ruhuna həsr etmişdi.
Türk şairləri
və yazarları xalqını qəflət
yuxusundan oyatmaq, İstanbulu, Anadolunu düşmənlərə tapdaq
etdirməmək üçün
son nəfəsədək
vuruşmağa səsləyir,
vətənpərvər şeirlər,
nəsr əsərləri
yazırdılar. Ən
böyük istəkləri
çökmüş Osmanlı
quruluşunun yerində
yeni, müasir, mədəni Türkiyə
dövləti yaratmaq idi ki, bunun
üçün də
savaşmaq, qan tökmək gərək idi. Belə də oldu. Çox
keçmədən hürriyyət
və millət uğrunda savaşlar görünməmiş vüsət
aldı, analar oğullarını Vətəni
qorumağa göndərdilər.
O dönəmlər Azərbaycanda
da milli azadlıq hərəkatı
genişlənmiş, Hüseyn
Cavid, Məhəmməd
Hadi, Əhməd Cavad, Abbas Səhhət,
Cəfər Cabbarlı
kimi şair və yazıçılar
Məhmət Akif Ərsoylarla bir sırada qədim türk xalqlarını millət kimi təsdiq etmək üçün savaşdılar,
əski türk düşüncəsini müsəlman
toplumu fəlsəfəsindən
millət müstəvisinə
qaldırdılar. Böyük
Hüseyn Cavid yazırdı: "Azadlıq!
Öylə nazlı afət ki, qan
tökülməyincə üzə
gülməz o işvəkar!”
1923-cü ilin əvvəllərində Mustafa
Kamal Paşanın komandanlığı altında
türk ordusu imperialist qüvvələr
üzərində tam
və qəti qələbə çalaraq
işğal olunmuş
bütün ərazilərini
düşmən qüvvələrindən
təmizlədi. Böyük
Atatürkün türk
məhmətcikləri ilə
yenidən yaratdığı
müstəqil Türkiyə
Respublikası 1923-cü il
oktyabrın 29-da dünyaya
bəyan edildi. Bir neçə il öncə Türkiyəni aralarında
bölüşdürməyə cəhd edən dövlətlər nəinki
onun müstəqillik bəyanatını tanıdı,
bu sevinci paylaşmaq üçün
İstanbula təşrif
buyurdular. Atatürkün
irəli sürdüyü
təklifləri qeyd-şərtsiz
qəbul edir, dostluq sazişi imzalayırdılar. Məhmət
Akif Ərsoyun yazdığı “İstiqlal
marşı” ilə ay-ulduzlu bayraq yüksəklərə qaldırıldı.
Məhmət Akif bununla bağlı demişdir: “O şeir artıq mənim yox, millətindir. Allah bu millətə
bir daha İstiqlal Marşı yazdırmasın”.
“İstiqlal marşı”nın yaranmasının
maraqlı tarixçəsi
var. Marşın yazıldığı dönəmə
qədər Mehmet Akif artıq xalq içində həm milli mücadilə tərəfdarı,
həm islami birlik çağırışçısı,
həm də məşhur şair kimi tanınırdı və buna görə
də marşı Mehmet Akifin yazması
istənilirdi. Şair
isə həm yaşına görə müsabiqəyə qatılmağı
doğru hesab etmir, həm də ortada pul məsələsi olduğu üçün
uyğun hesab etmir. Nəhayət, nazirin məktubu, dostlarının xahişi
və pulun bir xeyriyyə qurumuna veriləcəyi şərtindən sonra şair marş yazmağa razılaşır.
10 gün içində
tamamlanan şeir 17 fevral 1921-ci ildə “Sebiülreşad” dərgisinin
ilk səhifəsində
“Qəhrəman ordumuza
ithaf” başlığı
ilə yayımlanır.
1 mart 1921-ci ildə marş Məclisin gündəminə çıxarılır,
12 günlük müzakirədən
sonra qəbul edilir. Mətnin qəbulundan sonra artıq marş adını aldığı
üçün millət
vəkilləri ikinci dəfə marş oxunarkən ayaq üstə dinləyirlər.
Marşı bəyənən
Mustafa Kamal bu barədə deyir: “Bu marş
bizim inqilabımızın
ruhunu anladır... “İstiqlal marşı”nda
mücadiləmizi anlatması
baxımından böyük
mənası olan misralar vardır. Ən bəyəndiyim yer bu misralardır:
“Haqqıdır hürr
yaşamış bayrağımın
hürriyyət, haqqıdır
Haqqa tapan millətimin istiqlal”. Mənim bu millətdən
əsla unutmamasını
istədiyim misralar budur. Bu o deməkdir
ki, əfəndilər,
Türkün hürriyyətinə
toxunula bilməz”.
Müsabiqənin qalibinə verilən pula gəlincə, şair qazandığı
500 lirəni yoxsul qadın və uşaqlara iş öyrədən Darülmesai
adlı quruma verir. Həmin vaxt isə şairin
qışda geyinməyə
paltosu belə yox idi. Dostlarından
biri 500 lirəni özünə xərcləməsinin
daha doğru olduğunu söyləməsinə
hiddətlənən şair
iki ay ərzində
onu dindirməmişdi.
Məhmət Akif Ərsoy 27 dekabr 1936-cı
ildə İstanbulda vəfat edir. Xəstə yatağında
ikən dostlarının
“İstiqlal marşı”
ilə bağlı sualına belə cavab verir: “İstiqlal
Marşı... O günlər
necə səmimi, həyəcanlı günlər
idi. O şeir millətin o günkü həyəcanının ifadəsidir...
O şeir
bir daha yazıla bilməz. Onu kimsə yaza bilməz. Onu mən də
yaza bilmərəm. Onu yazmaq üçün
o günləri görmək,
o günləri yaşamaq
lazım idi. O şeir artıq mənim deyil. O millətindir və mənim millətə qarşı ən qiymətli hədiyyəmdir”.
Şair
İstiqlal savaşının
mənəvi sütunlarından
biridir və bütün şeirlərini
ürəyinin hökmü
ilə yazıb. Şairə görə, sahibi olan məmləkət
heç vaxt məğlub olmaz. Məmləkətin, millətin
çətin günündə
meydanda sinəsini sipər edən igidləri varsa, o ölkənin işğalı
mümkün deyil. Türkiyə yoxluq içindəykən əynində
paltosu belə olmayan böyük Vətən şairini sayğı və minnətdarlıq hissi ilə anırıq.
Sevinc Azadi
İki sahil.- 2023.- 13 sentyabr.- S.6.