Xalq artisti Sərxan
Sərxan: Ulu Öndər Heydər Əliyev
mənə Azərbaycan dilində ifa etməyi məsləhət
gördü
Məşhur "Ay gecikən məhəbbətim" mahnısı
belə yarandı
Ümummilli Liderimiz Heydər Əliyevin ana dili sevgisi və
onu necə qoruması barədə zəngin bilgilərimiz var.
Bu, bir həqiqətdir ki, hər bir xalqın ana dilinin hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, tarixi şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Ümummilli lider Heydər Əliyev də belə nəhəng tarixi şəxsiyyət idi.
Məhz Ulu Öndərin məqsədyönlü fəaliyyətinin nəticəsi idi ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilən və yaradıcısı özü olan demokratik Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanı və Nazirlər Kabinetinin 25 iyun 2001-ci il tarixli 113 saylı Sərəncamı ölkənin təhsil sistemində dövlət dilinin - Azərbaycan dilinin tədrisi və latın qrafikasının tətbiqi sahəsində icra üçün direktiv hüquqlu normativ sənəd kimi qəbul edilmişdir.
Müstəqilliyimizin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə Ümummilli Lider demişdir: "Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var".
Dediyimiz kimi, Ulu Öndərimiz hakimiyyətdə olduğu hər iki mərhələdə cəmiyyətimizin bütün sahələri ilə bərabər ana dilimizin də inkişafına xüsusi əhəmiyyət verirdi. Hamımızın xatirindədir ki, Naxçıvana səfərlərinin birində ümumi çayxanaya gedərək orada sadə insanlarla birgə çay içən Heydər Əliyev çayçının “kəkotu çayıdır” ifadəsinə düzəliş verərək “kəkotu yox, kəklikotu çayıdır” demişdi. Yəni, dahi şəxsiyyət bir sözün də azacıq belə təhrif olunmasına yol vermirdi.
...1972-ci ilin ortalarında tanınmış yazıçılardan birinin “yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız” deyərək təəccübünü bildirəndə Heydər Əliyev gülümsəyərək ona belə cavab vermişdi: “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”.
Bu, sadəcə gəlişigözəl sözlər deyildi. Böyük rəhbərin həmin cavabının nəticəsi olaraq Sovet dövlətinin təzyiqi ilə Azərbaycan dilinə uzun müddət davam edən soyuq münasibət tamamilə dəyişdi. Azərbaycan xalqı üçün fərəhli idi ki, Ümummilli Liderimiz sözün əsl mənasında təkzibolunmaz faktlarla səlis və məntiqli danışan alovlu tribun idi. SSRİ-də onun nitqlərini heyranlıqla dinləyirdilər. Gur səsi, yüksək intonasiyası, rəvan nitqi böyük zalları belə titrədirdi. Hətta Kremldə yüksək vəzifədə işləyən ruslar və qeyri-millətlərin nümayəndələri Heydər Əliyevin natiqliyinə həsəd aparırdılar. Milliyyətcə rus olan partiya xadimlərindən biri etiraf etmişdi ki, Heydər Əliyev rus dilini biz ruslardan yaxşı bilir və danışır. Həqiqətən də Heydər Əliyev sözün qüdrətindən maksimum istifadə etməyi bacarırdı.
Fəxrlə xatırlamalıyıq ki, Ulu Öndər Azərbaycan dilini incəliklərinə qədər bilirdi. Heydər Əliyev haqlı olaraq belə hesab edirdi ki, Azərbaycanın milli ruhunun yüksəlişinə təkan verən şərtlərdən biri ana dilində təhsilin daha da genişləndirilməsidir. Bu prosesin inkişaf etdirilməsi məqsədilə 1969-1982-ci illərdə respublikanın bütün şəhərlərində, kənd və qəsəbələrində yüzlərlə yeni uşaq bağçası və məktəb tikilib istifadəyə verildi. Ölkədə fəaliyyət göstərən ali məktəblərin sayı bir neçə ildə 12-dən 17-yə çatdırıldı. Ali təhsil alan tələbələrin sayı isə 70 min nəfərdən 100 min nəfərə yüksəldi.
O zaman SSRİ-də dövlət dili rus dili sayılsa da Heydər Əliyev ölkə rəhbərləri ilə gərgin danışıqlar apararaq Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail oldu. Bu, o zaman mümkünsüz görünsə də son nəticədə reallaşdırıldı. 1978-ci ildə Moskvada bir çoxlarının müqavimətinə baxmayaraq, Azərbaycan dilinə dövlət dili statusu verildi. 1978-ci il Konstitusiyasında respublikamızda Azərbaycan dili dövlət dili olaraq təsbit edildi. SSRİ kimi nəhəng bir imperiyada belə addım görünməmiş hadisə hesab olunurdu.
Həyatın bütün sahələrindən dərin məlumatı olan böyük rəhbərimiz incəsənətə, xüsusilə musiqiyə maraq göstərir, konsertlərdə iştirak edir, vəzifəli şəxslərin konsertlərə, teatr tamaşalarına getməyi tələb edirdi.
O dövrdə özünəməxsus səsi və ifası ilə anşlaqla qarşılanan sevimli estrada müğənnimiz, respublikamızın Xalq artisti Sərxan Sərxan “Ey gecikən məhəbbətim” mahnısının yaranma tarixindən danışıb. O, söyləyib ki, mahnı Ümummilli Lider Heydər Əliyevlə kiçik bir dialoqdan sonra yaranıb. Müğənni bu hadisəni belə nəql edib: “1980-ci illərin əvvəllərində məni tez-tez Moskvadan Bakıya, dövlət konsertlərinə dəvət edirdilər. Dövlət konsertlərinin bədii rəhbəri və dirijoru dünya şöhrətli Maestro Niyazi idi. Heydər Əliyev bu konsertlərdə həmişə iştirak edirdi. Mən də o zaman öz fəaliyyətimi Moskvada davam etdirirdim. Repertuarımda mahnılar rus və digər xarici dillərdə idi. Təəssüf ki, öz dilimizdə mahnım yox idi. Tələb də yox idi. Bu konsertdə də mən rus dilində, ispan dilində mahnılar oxudum. Konsertdən sonra Ulu Öndər Heydər Əliyev səhnəyə çıxıb hamıya bir-iki xoş söz dedi. Mənə çatanda rus dilində danışdı. Dedim ki, xahiş edirəm mənimlə də Azərbaycan dilində danışın. Dedi ki, bəs niyə öz dilimizdə oxumursan?! Gedib evdə də danışdım. Valideynlərim dedilər ki, düz deyir də... Bibim oğlu mənə Tofiq Bayramın şeirlərini gətirdi. “Ay gecikən məhəbbətim” şeirini seçdik, sonra onu bəstələyib mahnı etdik. Mahnı populyar oldu. Bizim Ulu Öndər vaxtilə mənə bu sözləri deməsəydi, yəqin ki, heç bu mahnı da yaranmazdı. Mahnının yaranmasında onun çox böyük rolu oldu”.
Orta yaşlı nəslin yaddaşında bu mahnı gözəl bir sənət nümunəsi kimi qalıb. O vaxt bir çox gənclər onu sevir və zümzümə edirdilər. Melodiyası dinləyicilərdə xoş ovqat yaradan və ruh yüksəkliyi gətirən “Ay gecikən məhəbbətim” Sərxan Sərxanın ifasında Azərbaycanda çox populyar idi.
Qürurla qeyd etməliyik ki, təkcə bu deyil, bir sıra bədii sənət nümunələri məhz unudulmaz rəhbərimizin xahişi, məsləhəti və bu cür təsiri altında yaranıb. Keçmiş SSRİ-də və dünyada tanınan müğənnilərimiz Müslüm Maqomayev, Rəşid Behbudov, Azər Zeynalov və bir çox məşhur sənət ustaları Ulu Öndərin dəyərli məsləhətləri ilə xalqın sevdiyi gözəl mahnılar bəstələmişlər ki, həmin sənət əsərləri qırx-əlli il keçməsinə baxmayaraq indi də repertuardan düşmür. Unudulmaz rəhbərimizin fəaliyyətinin nəticəsində xalqımızın ədəbiyyatı və incəsənəti daha da zənginləşib, sənətkarlar, müəlliflər və ifaçılar isə şöhrət qazanıblar. O mahnılar və müəlliflər isə qürur duyduğumuz milli dəyərlərimizə çevriliblər.
Vəli İlyasov
İki sahil.- 2023.- 14 sentyabr.- S.7.