Qüdrətli Azərbaycan naminə
Hər
bir azərbaycanlı yaxşı bilir ki, mənalı
ömür yolu, müdrik və praqmatik siyasi fəaliyyəti,
Vətən və xalq qarşısında misilsiz xidmətləri
məhz müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan
Partiyasının qurucusu, Ümummilli Liderimiz Heydər
Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik
ənənələri ilə fəxr edən azərbaycanlıların
qürur mənbəyinə çevirmişdir. Ulu Öndər
bütün ömrünü Azərbaycanın maraqları
naminə həsr etmiş böyük şəxsiyyətdir.
Azərbaycanda bütün sferalarda dahi Heydər Əliyev siyasətinin
izi vardır.
Həmin
sahələrdən biri
iqtisadiyyatdır ki, Ümummilli Liderin təşəbbüsü
ilə bu sahədə böyük nailiyyətlər əldə
edilib. Əlbəttə ki,
iqtisadi gücü olmayan dövlət hər an məhv olmaq təhlükəsi
ilə üzləşə bilər.
Tarixi keçmişimizə ekskursiya etsək görərik
ki, 1969-1982-ci illərdə Azərbaycana ilk dəfə rəhbərlik
etməyə başlayan dahi Heydər Əliyevin böyük
siyasi fəaliyyəti ilə respublikada 250-dən çox
zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə
verildi, 630 min yeni iş yeri açıldı. Sənaye
istehsalı 2,7 dəfə, tələbat mallarının
istehsalı 3 dəfə, kənd təsərrüfatı
istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək,
tərəvəz, tütün, bostançılıq məhsulları
istehsalı sahəsində məhsuldarlıq 1,8 – 2,6 dəfə
artdı, heyvandarlıqda artım isə 2,7 dəfə oldu.Taxıl istehsalı 573,9 min tondan 1 milyon
211,3 min tona, üzüm istehsalı 272 min tondan 1 milyon 725,4 min
tona,pambıq istehsalı 299,4 min tondan 831,2 min tona, meyvə-tərəvəz
istehsalı 410 min tondan 850 min tona yüksəldi. Bütün
bunlar, aparılan genişmiqyaslı işlər, həyata
keçirilən uğurlu iqtisadi layihələr geriləməkdə
olan Azərbaycan iqtisadiyyatını sözün əsl mənasında
dirçəltdi.
Ümummilli Lider Heydər Əliyev həmin dövrlərdə
bütün digər bölgələrimiz kimi, Yevlaxa da daim
xüsusi diqqət və qayğı göstərmişdir.
Dahi şəxsiyyətin hər dəfə rayonumuza səfər etməsi
rayonun sosial-iqtisadi, aqrar inkişafına təkan vermiş və
nəticədə XX yüzilliyin ikinci yarısında Yevlax
özünün sözün həqiqi mənasında tərəqqi
dövrünü yaşayırdı. Xüsusilə
vurğulamaq lazımdır ki, SSRİ məkanında Yunun
İlkin Emalı Fabrikinin Yevlaxda tikilməsi nəticəsində
rayonda 2000-dən artıq yeni iş yerləri yaranmış,
şəhərdə çox sayda sənaye, tikinti müəssisələri
fəaliyyətə başlamışdır. Məhz dahi Heydər
Əliyevin təşəbbüsü ilə Yevlax respublikada
4-cü iri sənaye şəhərinə çevrilmişdi.
Bununla yanaşı, 1980-ci illərdə Ümummilli Liderimizin
xüsusi diqqəti nəticəsində Yevlax ən
böyük pambıqçılıq rayonuna
çevrilmiş, 30 min tondan çox pambıq toplanmışdır.
İnkişaf yolunda addımlayan rayonumuzda çox sayda yaşayış
binaları, təhsil, səhiyyə, mədəniyyət
müəssisələri tikilib vətəndaşlarımızın
istifadəsinə verilmişdir. Dahi Heydər Əliyevin Xaldan
kənd kompleks orta məktəbində olması sonradan həmin
məktəbin SSRİ məkanında tanınan təhsil
ocağına çevrilməsinə əsaslı zəmin
yaratmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, bu dövrdə qeyri neft
sektoru ilə yanaşı, neft sektoru sahəsində
böyük irəliləyişlər baş vermişdir.
Ümumilikdə ölkəmizdə neft hasilatı 2,8 dəfə,
maşınqayırma və metal emalı 3,3 dəfə, kimya
və neft kimyası 2,8 dəfə artdı. Sənayedə əmək
məhsuldarlığı 1,7 dəfə yüksəldi, 4400
yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar
istehsal olundu ki, bunlardan da 400-ü keçmiş SSRİ-də
ilk dəfə istehsal edilirdi. Əgər 1969-cu ilədək
olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye
obyekti tikilmişdisə, Ulu Öndər Heydər
Əliyevin rəhbərlik etdiyi dövrdə - cəmi 13 il ərzində
onların sayı 1048-ə çatdırıldı.1971-ci il
martın 28-də Azərbaycanın neft hasilatı tarixində
1 milyard ton “qara qızıl” çıxarıldı.
Bütün bu uğurlar Ümummilli Liderimiz Heydər
Əliyevin bənzərsiz siyasətinin göstəricisidir.
1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun
üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini təyin edildi. SSRİ kimi nəhəng
dövlətin hakimiyyət iyerarxiyasında Azərbaycan
oğlunun yüksək mövqe tutması çox möhtəşəm
tarixi hadisə idi. Bu illər ərzində də Azərbaycanda
bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə
yüksək inkişaf var idi. Azərbaycan iqtisadi göstəricilərinə
görə digər respublikalardan geridə olsa da, dahi şəxsiyyətimizin
apardığı müdrik siyasət nəticəsində
ölkəmiz 15 respublikanın olduğu 14-cü sıradan
2-ci sıraya uğurla qalxdı. Daha sonra tarixi faktlar göstərir
ki, bəli, Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini postunu tutması
Qorbaçov-erməni qruplaşmasına əsla sərf etmirdi
və onların hədəfi Azərbaycanın böyük
oğlunu bu vəzifədən uzaqlaşdırmaq idi.
Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən
baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə
etiraz olaraq Heydər Əliyev 1987-ci il oktyabrın 21-də
tutduğu vəzifədən istefa verdi. 1990-cı illərin əvvəllərində
Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər
və daxili çəkişmələr üzündən
dünyanın siyasi xəritəsindən silinmək və
yeni əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi
ilə qarşılaşdı. Bütün baş verən
neqativ proseslər torpaqlarımızın 20 faizinin itirilməsi
ilə nəticələndi. Belə bir gərgin vəziyyətdə
xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi
hakimiyyətə yenidən qayıdan Ulu Öndər Heydər
Əliyev xalqımızın Qurtuluşuna imza atdı, ölkəni
məhv olmaqdan xilas etdi. Belə ki,1993-cü il iyunun 15-də
dahi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçildi. 15 iyun günü Azərbaycan xalqının
tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.
1993-cü
il iyunun 24-də Milli Məclisin qərarı
ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin
icrasına başladı. Bütün bunlar öz
xalqının Ümummilli Liderinə olan sevgisinin və sonsuz
inamının göstəricisi idi. Xalq öz
xilaskarını hər zaman dəstəkləyirdi. Elə
bunun nəticəsidir ki, 1993-cü il oktyabrın 3-də
keçirilən seçkilərdə böyük səs
çoxluğu ilə Azərbaycan Respublikasının
Prezidenti seçilən Heydər Əliyev qısa müddətdə
xaos və anarxiyaya son qoyulmasına, ictimai-siyasi sabitliyin bərqərar
edilməsi istiqamətində gərgin fəaliyyətə
başladı. Ölkəmizə Prezident kimi rəhbərlik
etdiyi 10 il ərzində Azərbaycan digər sahələrdə
olduğu kimi, iqtisadi sahələrdə də növbəti
uğurlu inkişaf yoluna qədəm qoydu. 1994-cü il
sentyabrın 20-də “Gülüstan” sarayında
dünyanın 7 ölkəsinin məşhur neft şirkətləri
ilə “Əsrin müqaviləsi” imzalandı. Bu saziş
ölkəmizin dünya xəritəsindəki mövqeyini
möhkəmləndirdi. Azərbaycan artıq bütün
dünyada neft ölkəsi kimi tanınmağa başladı.
Müqavilə digər sahələrdə çalışan
şirkətlərin də ölkəmizə
marağını artırdı. Eyni zamanda qeyd etmək
lazımdır ki, bu müqavilənin imzalanması Azərbaycan
iqtisadiyyatının inkişafına verilmiş ən
böyük töhfə idi. 1997-ci ilin sentyabrında “Əsrin
müqaviləsi” çərçivəsində qazma işlərinin
başlandığı “Çıraq” yatağında
noyabrın 7-də ilk neft hasil olundu. Noyabrın 12-də bu
münasibətlə platformada Ulu Öndər Heydər
Əliyevin, layihənin əməliyyatçısı olan BP
şirkətinin və tərəfdaşlarının
nümayəndələrinin, xarici ölkələrdən gəlmiş
qonaqların iştirakı ilə təntənəli mərasim
keçirildi. Bu tarixi hadisə Azərbaycanın yeni neft
strategiyasının uğurlarının
başlanğıcı oldu. 2005-ci ilin fevralında “Mərkəzi
Azəri” yatağından, 2006-cı ilin yanvarında “Qərbi
Azəri” yatağından, 2006-cı ilin oktyabrında isə
“Şərqi Azəri” yatağından neftin hasilatına
başlanıldı. Digər bir statistik göstəriciyə baxsaq;- 1993-cü ildə 60 xarici ölkə ilə
ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin
coğrafiyası genişlənərək 128 xarici dövlətlə
idxal-ixrac əməliyyatları aparıldı. 2002-ci ildə
xarici ölkələrlə ticarət dövriyyəsi 3
milyard 832,9 milyon ABŞ dollarına çatdı və
1993-cü illə müqayisədə 2,8 dəfə artdı.Bütün bu uğurların əsasında
Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti
dayanırdı.
Hər bir vətəndaşımız
fəxr edir ki, hazırda dahi Heydər
Əliyev siyasəti ölkə Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən
ən yüksək səviyyədə davam etdirilir. Bəli,
qüdrətli dövlətin var olması üçün həmin
dövlətin güclü iqtisadiyyatı olmalıdır. Azərbaycan
dünyada ən sürətlə və dinamik inkişaf edən
dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin
artması onun müstəqil siyasət yeritməsinə, əhalinin
rifah halının ildən-ilə yüksəlməsinə
imkan yaradır.Məhz güclü iqtisadiyyatı
olan dövlət kimi Azərbaycan heç bir ölkədən
və ya heç bir beynəlxalq təşkilatdan maliyyə dəstəyi
almadan,öz gücü hesabına
Müzəffər Ali Baş Komandan, dövlətimizin
başçısı cənab İlham Əliyevin ali rəhbərliyi
ilə cəmi 44 gün davam edən Vətən müharibəsində-haqq
savaşımızda işğalçı Ermənistan
ordusunu darmadağın etdi. Bu parlaq Qələbə möhtərəm Prezidentimizin
bənzərsiz siyasəti
və Azərbaycan Ordusunun rəşadəti
hesabına əldə
olundu. Bu tarixi hadisə bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın
xilaskar oğlu dahi Heydər Əliyevin müdrik ideyaları keçmişdə
olduğu kimi, bu gün də
yaşayır, gələcəkdə
də yaşayacaqdır.
Rafiq Əliyev,
YAP Yevlax rayon təşkilatının
sədri
İki sahil.- 2023.- 14 sentyabr.- S.3.