15 sentyabr:
Bakının
işğaldan azad edildiyi
gün
2020-ci il sentyabrın
15-də Prezident İlham
Əliyev Bakının
işğaldan azad edilməsinin 102-ci ildönümü
münasibətilə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda
deyilir ki, Azərbaycan xalqı üçün 15 sentyabr
olduqca əlamətdar
bir gündür: “Həmin dövrün çətinliklərinə baxmayaraq
qardaş Türkiyə
Azərbaycandan öz yardımını əsirgəmədi.
Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə
qoşuldu. Gəncədən
Bakıya qədər
şərəfli döyüş
yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış
Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə
Bakını erməni
və bolşevik işğalından azad etdi. Bu yolda
canlarını qurban verən şəhidlərimizi
dərin hörmət
və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir”.
1918-ci il sentyabrın
15-də Azərbaycan və
Türkiyə əsgərləri
Bakını bolşevik-daşnak
işğalından azad
edərək Azərbaycan
tarixinin ən şərəfli səhifələrindən
birini yazdılar. Bakının işğaldan
azad edilməsi ilə Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı
və ətraf rayonlardakı ağalığına
son qoyuldu. Başqa sözlə, Bakının erməni-bolşevik
işğalından azad
edilməsi XX əsr Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir.
1918-ci ilin mayında
Azərbaycanın müstəqilliyinin
elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik
işğalı altında
idi. Sentyabrın 15-də
Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan
azad etdi. Bu tarixi hadisədən
sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı
Gəncədən Bakıya
köçürüldü.
Həmin ilin
yazında Zaqafqaziya Seymi dağılmış,
mayın 28-də Azərbaycan
müstəqilliyini elan
etmişdi. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət Türkiyə
oldu. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə
başlaması barədə
qərar qəbul edildi. Milli hökumətin
ixtiyarında cəmi
600 nəfərlik hərbi
qüvvənin olması
Gəncəni işğalçılardan
azad etməyə imkan vermirdi. Belə bir ağır
vəziyyətdə Azərbaycan
milli hökumətinin
kömək istəyə
biləcəyi yeganə
dövlət Türkiyə
idi. Belə bir kömək üçün qardaş
dövlətə müraciət
edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və Ali Baş Komandanın
müavini Ənvər
Paşa bu xahişləri nəzərə
alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə
Təbriz ətrafından
Gəncəyə doğru
hərəkət etmək
barədə əmr verdi. Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi
Azərbaycan hökumətinin
şəhərə daxil
olması üçün
zəmin yaratdı.
Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında
duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad
etmək idi. 1918-ci il iyunun 4-də Azərbaycan hökuməti
ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım
və dostluq haqqında” müqavilə
imzalandı. Həmin müqavilənin 4-cü bəndinə
əsasən, Osmanlı
hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi
öhdəsinə götürmüşdü.
Nuru Paşanın
rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi
Azərbaycan paytaxtına
göz dikən yadelli qüvvələrə
rahatlıq vermirdi. Bu ordunun tərkibini
Osmanlı və Azərbaycan türkləri
təşkil edirdi. Bakı işğaldan azad edilənədək şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ
keçmişdi. 1918-ci ilin
iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı.
Bu, həmin hökumət idi ki, onun vaxtında
Bakı və ətraf ərazilərdə
ermənilər tərəfindən
Azərbaycan türklərinə
qarşı ağılasığmaz
soyqırımı siyasəti
həyata keçirilmişdi.
Soyqırımının həyata
keçirilməsində bolşevik
hökumətinə rəhbərlik
edən iblis Stepan Şaumyanın böyük rolu olmuşdu.
1918-ci ilin avqustunda
Denstervilin komandanlıq
etdiyi ingilis qoşunları Bakını
zəbt etdi və şəhərdə
Sentrokaspi adlı hökumət quruldu. Həmin ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə
keçmişdi.
Hərbiyyə naziri Ənvər Paşadan Bakını daşnak-bolşevik əsarətindən
ən qısa zamanda qurtarmaq əmri alan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 8 sentyabr 1918-ci ildə əfsanəvi Çanakkala
diviziyası ilə birlikdə döyüşlərin
mərkəzi və kilid nöqtəsi olan Şərq cəbhəsinə gəlib.
Nuru Paşanı igamətgahında ziyərət
edən Mürsəl Paşa türk əsgərlərinin Qurd qapısı, Biləcər,
Binəqədi, Yanardağ,
Sabunçu və Balaxanını tam nəzarətdə saxladıqları
barədə raport verdi. Bakı cəbhəsinin o vaxt ümumi uzunluğu 29 km. imiş və
bunun da 13 km.-i dağlıq, təpəlik və qayalıq yerlər olduğundan Sentrokaspi “strateqləri” və daşnaklar o ərazilərdən
türklərin hücum
edə biləcəyini
güman etmirdilər.
Lakin Nuru Paşanın qəhrəman
əsgərləri Mürsəl
Paşanın komandanlığı
altında məhz az ehtimal olunan
yerlərdən hücum
edərək 1918-ci ildə
13 sentyabrdan 14 sentyabra
keçən gecə
şəhərə hakim
Bibiheybət və Badamdar yüksəkliklərini
tutmağa nail olmuşdular. Türklərin
şəhərə girməsinin
an məsələsi olduğunu anlayan S.Şaumyan və quldur bandası lap əvvəlcədən
qarət etdikləri əşyaları 13 katerə
yükləyib Bakıdan
qaçmışdılar. Bu hadisələrin bilavasitə iştirakçısı
və Qafqaz İslam Ordusuna qarşı döyüşlərin
komandanı olmuş general L.Denstervil həmin məqamı özü xatirələrində
belə təsvir etmişdir: “Yer üzündə heç bir güc Bakını
TÜRKlərdən qurtara
bilməz. Müdafiəni
davam etmək fəlakət anını
ancaq gecikdirməkdir, lüzumsuz yerə insan həyatına bais olmaq deməkdir.”
1918-ci ilin 14 sentyabr axşamının qaranlığını
fürsət bilən
ingilis hərbi birləşmələri də
şəhəri tərk
etmişdilər.
1918-ci il sentyabrın
15-də-Qurban bayramı günündə
Bakı işğalçılardan
azad edildi. Şəhər uğrunda
döyüşlər heç
də asan getmədi. Osmanlı ordusu təkcə Bakının azad olunması üçün
həyata keçirilən
hərbi əməliyyatlar
zamanı 1130 şəhid
vermişdi. Ümumiyyətlə
isə xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdir.
Sentyabrın 16-da parlaq qələbə münasibətilə Bakıda
Türkiyə-Azərbaycan hərbi
hissələrinin paradı
keçirildi. Paradda Nuru Paşa, Xəlil Paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin
üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.
Bu möhtəşəm,
dillərə dastan olan qələbədən
sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı
sentyabrın 17-də Gəncədən
Bakıya köçürüldü.
Məhz bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin
bütün hüdudlarında
təmin etdi və əsl dövlət quruculuğu mərhələsi başladı.
1919-cu ilin sentyabrında
indiki Şəhidlər
xiyabanında türk şəhidlərinin xatirəsinin
əbədiləşdirilməsi üçün möhtəşəm
bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının
başa çatmasına
imkan vermədi. Ancaq XX əsrin 90-cı illərində rus-sovet imperiyasının dağılması
və xalqımızın
milli-azadlıq hərakatı
nəticəsində Azərbaycan
yenidən öz dövlət müstəqilliyini
bərpa edəndən
sonra Qafqaz İslam Ordusunun şərəfinə 1999-cu ildə
Şəhidlər Xiyabanında
abidə ucaldıldı.
Azərbaycan
xalqı Nuru Paşanın rəhbərliyi
altında Qafqaz İslam Ordusunun tarximizə qızıl hərflərlə yazılan
bu qəhrəmanlığını
heç vaxt unutmur, şəhidlərin
əziz xatirəsini ehtiramla yad edir.
Zahid Rza
İki sahil.- 2023.- 15 sentyabr.- S.6.