“Xınalıq
və Köç yolu mədəni landşaftı”
UNESCO-nun Ümumdünya
İrs Siyahısına
daxil edilib
Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı”
adlı nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu haqda
qərar 2023-cü ilin
18 sentyabr tarixində
UNESCO-nun Ümumdünya
İrs Komitəsinin Səudiyyə Ərəbistanının
Ər-Riyad şəhərində
keçirilən 45-ci sessiyasında
qəbul edilib.
Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan
nominasiyaya əsasən
Ümumdünya İrs
Ərazisi Xınalıq
kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar)
və Mərkəzi Aran bölgəsinə düşən qışlaq
ərazilərini (Abşeron
və Hacıqabul), həmçinin onların
arasında uzunluğu
200 km-dən çox olan tarixi Köç
yolunu (Quba-Şamaxı-Qobustan)
əhatə edir.
UNESCO-ya təqdim
edilən sənədin
əsasını Xınalığın
köçəri mədəniyyəti
təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər
nəzərə alınmaqla,
unikallığı ilə
seçilən bu zəngin irs “Xınalıq və Köç yolu mədəni landşaftı”
adlı nominasiya sənədi 2021-ci ildə
Ümumdünya İrs
Komitəsinə təqdim
edilib.
UNESCO-nun Ümumdünya
İrs Komitəsinin
45-ci sessiyasında çıxış
edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev nominasiya sənədini dəstəkləyən
hər kəsə təşəkkürünü bildirib, bu sənəddəki
köç yolunun nümunəvi tarixi-iqtisadi
model kimi təkcə Azərbaycanın
deyil, bütün dünya irsinin nadir nümunələrindən
olduğunu qeyd edib.
Fuad Nağıyev
ölkəmizin maddi və qeyri-maddi irsinin qorunub saxlanması sahəsinə
göstərilən daimi
diqqət, qayğı
və dəstəyə
görə Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
edərək məhz bu dəstək sayəsində Xınalıq
və Köç yolu ənənələrinin
Ümumdünya İrs
Ərazisinə salınmasının
mümkün olduğunu
bildirib.
UNESCO-nun Ümumdünya
İrs Siyahısına
daxil edilən İrs Ərazisi 6 inzibati rayonun ərazisindən keçən
ümumilikdə 44829,41 hektar
(45 min hektara yaxın) İrs Ərazisindən və müvafiq olaraq 109392,78 hektar (109 min hektardan çox) Bufer Zonadan ibarət
olan böyük bir mədəni landşaftı əhatə
edir.
Dünya İrs
Siyahısına salınmış
ərazidə köçərilərə
aid qədim tarixi qəbiristanlıqlar,
müqəddəs yerlər,
pirlər, tarixi körpülər, bulaqlar
kimi maddi mədəniyyət nümunələri
var.
İlk dəfə
olaraq tamamilə milli ekspertlər tərəfindən hazırlanan
“Xınalıq və Köç yolu mədəni landşaftı”
adlı nominasiya Dünya İrsinin 3-cü
(ııı) və
5-ci (v) meyarları ilə
qeydə alınıb.
3-cü meyar Xınalıq
icmasının tarixən
köçəri heyvandarlıqla
məşğul olduğu
vertikal köçəri
mədəniyyətinin, 5-ci meyar isə insan-təbiət əlaqələrinin
tarazlığı, çətin
iqlim şəraitində
eko-sosial münasibətlər
sisteminin inkişafı
və təbiət resurslarından dayanıqlı
istifadənin müstəsna
nümunəsi kimi təqdim olunub.
Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini,
köç yolunun yerləşdiyi ərazinin
qorunması, vahid idarəetmə modelinin yaradılması və burada məsuliyyətli turizmin inkişaf etdirilməsi məqsədilə
4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
“Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət
və Etnoqrafiya Qoruğu yaradılıb.
Beləliklə, “Xınalıq və Köç yolu” Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən dördüncü
mədəni irs ərazisi oldu. Bundan əvvəl Şirvanşahlar Sarayı
və Qız qalası ilə birlikdə İçərişəhər,
Qobustan Qaya Sənəti Mədəni
Landşaftı, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi də Ümumdünya İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, bir gün öncə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Hirkan meşələri Azərbaycanın ilk təbiət irsi ərazisi olaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
İki
sahil.- 2023.- 19 sentyabr.- S.8.