Ümummilli lider Heydər
Əliyevin
ideyaları daim qalib gəlir
2023: «Heydər Əliyev İli»
Prezident İlham Əliyevin Sərəncamına
əsasən 2023-cü ilin respublikada «Heydər Əliyev
İli» elan edilməsi Ulu Öndərə ümumxalq ehtiramının
ifadəsidir. Həmin Sərəncama
uyğun olaraq Ulu Öndərin həyatı, siyasi fəaliyyəti , göstərdiyi fədakarlıqları,
Azərbaycan xalqına tarixi xidmətləri ilə
bağlı Tədbirlər Planı hazırlanır. Plana əsasən
«Heydər Əliyev İli»nin dünyanın müxtəlif
ölkələrində qeyd edilməsi ilə bağlı təkliflərin
səslənməsi də təsadüfi deyil. Müasirləri arasında böyük şəxsiyyət kimi
tanınan, siyasi irsi nəsillərə nümunə olan Ulu
Öndərin təkcə keçmiş sovetlər məkanında
deyil, dünya siyasətçiləri arasında böyük
nüfuza malik olması müdrik şəxsiyyət Heydər
Əliyevin 100 illik yubileyinin
beynəlxalq ictimaiyyət tərəfindən də
geniş qeyd ediləcəyi ilə
bağlı əminlik bu təklifi
zəruri edir.
Dünya
miqyasında siyasi, iqtisadi, müdafiə qüdrəti ilə
seçilən, sivilizasiyalar və mədəniyyətlərarası
körpü kimi tanınan,
Avrasiyanın Orta Dəhliz məkanında geostrateji
əhəmiyyətə malik mərkəz
adlandırılan Azərbaycanın
belə nüfuza malik olduğu müasir dövrümüzdə dünya şöhrətli siyasətçi
Heydər Əliyev irsinin təbliği məqsədəuyğundur.
Uzun illər təhlükəsizlik orqanlarında, sovet
üsul-idarəsi sistemində
çalışsa da Azərbaycanın
istiqlalı, türk birliyinin həmrəyliyi naminə tarixi
xidmətləri ilə fərqlənən Heydər
Əliyevin türkdilli xalqlar tərəfindən öndər
adlandırılması
zamanın tələbindən irəli gələn tarixi
zərurətdir.
Liderlik
qabiliyyəti ilə başqalarının görüb, amma dəyərləndirməyi
bacarmadıqları həqiqətləri uzaqgörən məharəti,
zəkası və təfəkkürü ilə həyata
keçirən Heydər Əliyevin adının
«Dünyanın yüz dahi adamı» kitabının ilk
sıralarında yer alması cəmiyyətə və
dünya siyasətinə təsir imkanları böyük
olan Ulu Öndərin bəşəri
dəyərlərə sahibliyinin nümunəsidir. Ötən
əsrdə dünyanın güclü dövlətlərindən olan
SSRİ-nin rəhbər strukturlarına irəli çəkilməsi
də onun təcrübəli siyasətçi kimi təşkilatçılığının,
hadisələrə təsir imkanlarının
böyüklüyünün nümunəsidir. Ulu Öndərə
qarşı qısqanclığını hər məqamda
bildirən SSRİ-nin ilk və
sonuncu prezidenti Mixail Qorbaçovun tarixi şəxsiyyət
Heydər Əliyevin siyasi hazırlığını, təşkilatçılığını,
ümumxalq sevgisi qazanmaq qabiliyyətini etiraf etməsi onun
liderlik məqamında daimi məskunlaşmasının
təsdiqidir.
Azərbaycana
ilk rəhbərliyi
dövründə respublikanı sovetlər məkanında
inkişaf etmiş respublika səviyyəsinə yüksəldən Heydər Əliyevin canından
artıq sevdiyi Vətəni, xalqı üçün göstərdiyi
xidmətlərin hər biri bu gün
qürurlandığımız uğurlarımızın təməlidir. Onun
adının qarşısında uzaqgörən siyasətçi
adı təsadüfən yazılmır. Respublikaya qərinədən artıq rəhbərliyi
dövründə əsas məqsədi
, ideyası Azərbaycanın
müstəqil dövlət kimi tanınması olan Heydər
Əliyev ümummilli Lider kimi bu vəzifənin öhdəsindən
layiqincə gəldi. Azərbaycanın istedadlı gənclərinin
SSRİ-nin önəmli universitetlərində təhsil
almağa göndərilməsi ilə ölkədə
yüksək intellektə malik, qabiliyyətli kadr
potensialını
formalaşdıran müdrik şəxsiyyət Heydər
Əliyev keçmiş Sovetlər
İttifaqında mövcud qadağalara baxmayaraq o dövrdə nadir hadisə olan Cəmşid
Naxçıvanski adına hərbi
məktəbi yaratmaqla milli zabit
kadrların yetişdirilməsi ilə xalqına göstərdiyi tarixi xidmətlərini fenomenləşdirdi. Azərbaycanın
tarixində, ədəbi ictimaiyyətində ,
mədəniyyətinin inkişafında xüsusi xidmətləri
olan şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsi
istiqamətində
gördüyü işlər
sovetlər məkanında birləşən müttəfiq
respublikaların heç birində görünməyən mənəvi
sərvətlərinə sahib çıxmaq nümunəsi
idi.
Yenicə
müstəqilliyini qazanmış, AXC-Müsavat
cütlüyünün hakimiyyəti dövründə dövlət xəzinəsi
dağıdılmış Azərbaycanın
varlığı
üçün imkanları nəzərdən
keçirən ulu öndər Heydər Əliyevin
hazırladığı neft strategiyasının ilk
addımı olan «Əsrin
müqaviləsi»nin uğurlu taleyi ölkəmizə
marağı artırdı. Azərbaycanın
suverenliyini istəməyən qüvvələrin
genişmiqyaslı təxribatlarına baxmayaraq şəxsi nüfuzu,
siyasəti ilə dünyanın iri neft şirkətlərini Azərbaycanla
əməkdaşlığa cəlb edən müdrik şəxsiyyət
Heydər Əliyevin uzaqgörənliyinin
nəticəsi Cənub Qaz Dəhlizinə artan maraq, Sofiyada
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə
verilməsi, Buxarestdə imzalanan
«Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və
Macarıstan Hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş», Azərbaycanın yaşıl enerji zonasına
çevrilməsidir. Enerji diplomatiyamızı şaxələndirmə
siyasəti əsasında davam etdirən və neft
strategiyasının beynəlxalq əhəmiyyətini
dünyanın enerji xəritəsini dəyişən təşəbbüsləri
ilə yeniləyən Prezident İlham Əliyev bu sahədə
də Ulu Öndərin layiqli
davamçısı olduğunu təsdiqləyir. Qədim İpək Yolunun
bərpası ilə bağlı ideyasını irəli
sürməklə Cənubi Qafqaz regionunu dünyanın siyasi müstəvisinə daxil edən Ulu Öndərin reallaşan arzusu Bakı-Tbilisi-Qars
infrastrukturu kimi uzaqları yaxınlaşdırır. Zaman
göstərdi ki,
İpək Yolunun bərpası ideyasını qaldıran
ulu öndər Heydər Əliyev şəxsiyyətinin rolu
regional yox, dünyəvi əhəmiyyətlidir.
Azərbaycan
xalqının bölünməsinə səbəb olan
Gülüstan müqaviləsinin xalqımıza qarşı xəyanət olduğunun hər zaman xatırlanması
üçün
paytaxtımızın ən böyük sarayına
Gülüstan adı verilməsi də Ulu Öndərin milli birlik və həmrəyliyimizə sadiqliyinin ifadəsi idi. Siyasi fəaliyyətində
qazandığı uğurları
liderlərə xas nəyi bilmənin gərəkliyini, əldə
olunan nailiyyətlərin səmərə verəcəyinə
inamın vacibliyini, təcrübəni
əməli işdə doğrultmaq bacarığını
xalqına göstərdiy xidmətləri ilə sübut edən Ulu Öndərin
siyasi irsini davam etdirən Prezident İlham Əliyevin «nəyi,
nə vaxt, necə etmək» formulu
Ulu Öndərin dövlətçilik ənənəsinin
davamıdır.
Dahi Heydər
Əliyevlə bağlı dünya siyasətçilərinin
biri-birindən dəyərli sözləri də göstərir
ki, sağlığında əbədiyaşarlıq
qazanan Ulu Öndər təkcə dövlət
başçısı kimi tanınmamışdır. Elini, obasını sevən, torpağının hər
qarışının qədrini bilən dahi şəxsiyyət
üçün Azərbaycan dünyanın ən dilbər
guşələrindən idi. Təkcə Şuşaya
göstərdiyi diqqət bütünlükdə tariximizə, milli-mənəvi
sərvətlərimizə qayğının təzahürü
idi. Ulu öndər
Heydər Əliyevin «Şuşa Azərbaycanın ən əziz
və böyük tarixi olan bir guşəsidir.
Şuşanı yaradanlar, Şuşa
şəhərini quranlar, Şuşa qalasını tikənlər
Azərbaycan torpağının sahibləri olublar və
Qarabağda Azərbaycan torpağının daim qorunması,
saxlanması üçün Şuşa şəhərini,
qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın
yaratdığı böyük abidədir, təkcə şəhər
deyil, böyük bir tarixi abidədir» sözlərini” ata vəsiyyəti
kimi yerinə yetirən Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyev «İyirmi səkkiz il yarım
işğal altında olan Şuşa azad edildi! Şuşa
indi azaddır! Biz Şuşaya qayıtmışıq!» söyləməklə, İkinci Qarabağ müharibəsini
Zəfərlə başa çatdırmaqla,
torpaqlarımızı Ermənistanın işğalından
azad etməklə Ümummilli
Liderin «Azərbaycan dünyaya günəş kimi doğacaq»
arzusunu reallaşdırdı. Artıq bütün dünya
ictimaiyyəti 2003-cü ildən Ümummilli Liderin siyasi kursunu
davam etdirən, onun ən dəyərli, siyasi varisi olan cənab İlham
Əliyevin timsalında bir daha onun dahiliyinin şahidi olur. Azərbaycan xalqı həmişə o irsdən
faydalanacaq. Faydalandıqca zəfər və
uğur qazanacaq.
Ötən
əsrdə imperiya və
istibdad rejiminin dəstəyi ilə
Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistana
verilməsi, Qərbi Azərbaycanda
soydaşlarımıza qarşı soyqırımı siyasətinin yeridilməsi Ulu Öndəri daim
düşündürən milli birlik və həmrəylik məsələsi idi. Xüsusilə
Zəngəzurun Azərbaycandan qopardılması, Azərbaycanın
ən qədim məskənlərindən olan Naxçıvanla respublikamızın digər
bölgələri ilə əlaqələrin kəsilməsi xalqına bağlı bu müdrik
insan üçün ərazi
bütövlüyümüzün toxunulmazlığı kimi
ümdə məsələ idi. «Əslində
isə ermənilərin planları daha geniş idi və
onların torpaq iddialarının əsas hədəfi məhz
Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana
ilhaq edilməsini bu
yolda atılmış mühüm addım hesab
edirdilər» söyləyən Ulu Öndərin əsas arzusu
olan Zəngəzur dəhlizinin bərpası üçün
qətiyyət göstərən Prezident İlham Əliyevin
bildirdiyi kimi, bu dəhlizin açılması Ümummilli Liderin daha bir istəyinin
gerçəkləşməsi olacaq. Heydər Əliyevə
Şuşada, Laçında və Zəngəzurda abidə
qoyulacaq.
«Qarabağ hərəkatı bizi qətrə-qətrə
kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu,
tarixi qeyrətimizi qaytardı. Başlıcası isə bizi
Naxçıvan haqqında
düşünməyə məcbur etdi. O
Naxçıvan ki, onsuz Ermənistanın
gələcəyi yoxdur» söyləyən daşnak ideoloqu Zori Balayanın sərsəmləmələrinin
üstündən kapitulyasiya xətti çəkən
Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup
ziyalı ilə görüşündə bu məsələyə
toxunaraq bildirdi ki, 1980-ci illərin sonlarında sovet hökuməti
xalqımıza qarşı növbəti cinayət törətdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən
istifadə edən erməni millətçiləri, onların Kremldəki havadarları dərhal hərəkətə
keçdilər. Heydər Əliyev 1987-ci ilin
noyabrında bütün vəzifələrdən
uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri
baş qaldırdılar. Sovet hökuməti onlara dəstək
oldu, Qarabağda, Qərbi Azərbaycanda xalqımıza qarşı növbəti
soyqırımı başlandı.
Soydaşlarımız əzəli
torpaqlarından zorla çıxarıldılar.
Artıq Ulu Öndərin Qərbi Azərbaycanla
bağlı istəklərinin də zamanı yetişib. Dövlət
başçımızın tapşırığı ilə
hazırlanan Qərbi
Azərbaycana Qayıdış
Konsepsiyasının həyata keçirilməsi ilə
Prezident İlham Əliyevin
«Bizim tarixi torpaqlarımız İrəvan
xanlığıdır, Göyçə, Zəngəzur
mahallarıdır. Vaxt gələcək biz orada
da yaşayacağıq. Mən buna
inanıram, buna əminəm. Buna nail olmaq
üçün hər birimiz öz səylərimizi
qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs
günü yaxınlaşdırmalıyıq» sözləri də reallaşacaq. Azərbaycan
xalqına əbədi müstəqil yaşamaq hüququ
qazandıran ümummilli lider Heydər Əliyevin ideyaları
qalib gələcək.
Xuraman İsmayılqızı
İki sahil.-
2023.- 6 yanvar.- S.4.