Tarix yaradan şəxsiyyət

 

2023: “Heydər Əliyev İli”

 

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycanın XX əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, azərbaycançılıq nümunəsi kimi daxil olmuş, yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyinin sübutuna çevrilmişdir

 

Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarixi yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev də tarix yaradan nadir şəxsiyyətlərdəndir. Ulu Öndərin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.

Ümummilli lider Heydər Əliyevin şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi sonrakı zamanların uğurları qazanılmazdı. Ulu Öndərin həyatının səhifələri qeyri-adi, çoxlarına mümkünsüz görünən, qəhrəmanlara xas olan hadisələrlə zəngindir. Sovetlər dövründə milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da bu sistemdə şərəfli həyat yolu keçib, öz fəaliyyəti, çoxlarına xas olmayan xeyirxahlığı, vətənpərvərliyi ilə şəxsiyyətini tarixiləşdirib.

Ulu Öndər öz xalqına, Vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır. Əgər Ulu Öndərin 70-80-ci illərdə qurub-yaratdığı, inkişaf etdirdiyi Azərbaycan olmasaydı bu günümüzün mühüm nailiyyətlərindən danışmaq bəlkə də mümkünsüz olardı. Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri vəzifəsinə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki Onun hakimiyyətə gəldiyi az bir müddətdə respublikada köklü dəyişikliklər, belə desək inqilabi irəliləyiş baş vermişdir. Sovetlər zamanında hər bir tapşırığın mərkəzdən verildiyi və idarə olunduğu bir vaxtda geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycanda belə inqilab etmək, insanların sönmüş ümidlərini ruh yüksəkliyi ilə əvəz edib bir məqsəd uğrunda birləşdirmək, gərgin təsərrüfat, tikinti-abadlıq, quruculuq işlərinə yönəltmək əsl qəhrəmanlıq, Vətənə sədaqət nümunəsi, həm də bir tarix idi.

Heydər Əliyev dünyada sülhün və əmin-amanlığın tərəfdarı idi. 90-cı illərdə ölkəmizdə baş verən hadisələr, 20 Yanvar, Xocalı faciəsi, Qarabağ problemi, əsir torpaqlarımızın ağrı-acısı, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyi Heydər Əliyevin ömrünə ağır günlər, illər yaşasa da, dincliyini, rahatlığını əlindən alsa da o, müharibənin, qan axıdılmasının tərəfdarı deyildi. Qan tökməyi, torpaqlar işğal etməyi, zülmü, əzazilliyi vəhşi xislət, vəhşilərə xas olan əməl kimi dəyərləndirən dahi şəxsiyyət, nəinki Azərbaycan torpağında, dünyanın heç bir guşəsində müharibənin, münaqişənin alovlanmasını, insanların bəlalara, fəlakətlərə düçar olmasını istəmirdi. Dahi şəxsiyyət, torpaqlarımızın azğın düşməndən azad olunacağına əmin idi və bu yolda öz səylərini bir an da olsun əsirgəmirdi.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Dahi rəhbərin fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Ümummilli Lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycanı bəxş etdi.

Heydər Əliyevin ömrü Azərbaycanın XX əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, azərbaycançılıq nümunəsi kimi daxil olmuş, yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyinin sübutuna çavrilmişdir. Ulu Öndərin "Mən mənalı həyatımın düz altmış ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub" sözləri əslində bir ömrün hesabatıdır.

Ulu Öndər irqindən, dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsə hörmətlə yanaşır, insani keyfiyyətləri - səmimiliyi, düzgünlüyü, xeyirxahlığı, alicənablığı, dostluğu, qətiyyətliyi, kamilliyi, qoçaqlığı yüksək qiymətləndirir, sənət adamlarına həssaslıqla yanaşır, xalqla bir yerdə olmaqdan, insanların rəğbətini qazanmaqdan qürur duyurdu. O, müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli Lider dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu Vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq". Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir.

Bu gün xalqımız əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkənin siyasi və iqtisadi uğurlarını öz həyatında hiss edir, onunla yaşayır və faydalanır. Əldə edilən uğurların icraçısı isə Ulu Öndərimizin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevdir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırdı. 44 günlük İkinci Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir.

Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi xalqımız tərəfindən sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılanır. Sözügedən Sərəncam dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir.

“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən dahi şəxsiyyət Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bu gün özünü Azərbaycan vətəndaşı hesab edən hər kəsin borcu ömrünü xalqına bağışlamış dahi rəhbərin 100 illik yubileyinin böyük təntənə ilə qeyd oluması işinə layiqli töhfə verməkdir. Ən əsası da xalqın böyük oğluna olan sonsuz ehtiramını bir daha göstərmək üçün ölkə başçısının yaratdığı imkandan, şansdan səmərəli istifadə etməkdir. Çünki ömrünü xalqına həsr etmiş dahi şəxsiyyətin illərə sığmayan fəaliyyətini, gördüyü işləri, misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün məhz “Heydər Əliyev İli” ən böyük fürsət, şansdır.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 7 yanvar.- S.4.