Ulu Öndər mədəni irsimizi milli-siyasi
varlığımızın əsası
sayırdı
2023: Heydər
Əliyev İli
Azərbaycan dünyada layiq olduğu mərtəbəyə ulu öndər Heydər Əliyevin uzaqgörənliyi,
müdrikliyi, qətiyyəti, dəmir iradəsi,
zəngin dövlətçilik təcrübəsi sayəsində
yüksələ bilmişdir. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin
möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq
məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi
istiqamətində qətiyyətli addımlar atıldı.
Ulu
öndər Heydər Əliyevin ölkə rəhbərliyinə
gəlişi keçmiş SSRİ-nin geridə qalmış
respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini
büsbütün dəyişdi, ölkədə
görünməmiş canlanma və yüksəliş,
tikinti-quruculuq işləri başlandı. Heydər
Əliyevin gərgin fəaliyyəti nəticəsində
iqtisadiyyat, sənaye və kənd təsərrüfatında,
mədəniyyət və təhsil sahəsində
böyük uğurlar əldə edildi, çoxsaylı sənaye
müəssisələri, mədəniyyət və təhsil
ocaqları, tibb müəssisələri inşa edildi, yeni
yaşayış massivləri salındı, yollar tikildi.
Ümummilli
Liderin xalqımızın tarixi keçmişinə, klassik ədəbi
qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə
həssas və qayğıkeş münasibəti bu sahənin
öyrənilməsi, qorunub yaşadılması işinə
güclü təkan verdi. Ulu Öndər bütün həyat
fəaliyyətini Azərbaycan xalqının və
respublikamızın hərtərəfli inkişafına, azərbaycançılıq
ideyasının milli şüurda qərarlaşmasına,
müstəqil dövlətçiliyin möhkəmlənməsinə,
Azərbaycan mədəniyyətinin və incəsənətinin
bütün dünyada tanıdılmasına həsr edib. Dahi
rəhbər siyasi dövlətçilik fəaliyyətində
Azərbaycanda digər sahələrlə yanaşı, mədəniyyət
və incəsənətin də davamlı tərəqqisi
yolunda böyük və əvəzsiz tarixi xidmətlər
göstərib. “Xalq bir çox
xüsusiyyətləri ilə tanınır, sayılır və
dünya xalqları içərisində fərqlənir. Bu
xüsusiyyətlərdən ən yüksəyi, ən
böyüyü mədəniyyətdir” deyən Ulu Öndərin
Azərbaycan mədəniyyətinin inkişafına daim
böyük önəm verib. Mədəniyyətimizin
inkişafında Heydər Əliyev mərhələsi XX əsrin
70-ci illərinin əvvəllərindən başlayıb. Həmin
dövrdə geniş mədəniyyət müəssisələri
şəbəkəsinin formalaşdırılması, mədəniyyət
sarayları və mədəniyyət evləri, kitabxanalar və
klublar, muzeylər və musiqi məktəbləri
üçün möhtəşəm binaların tikdirilməsi
ənənəsi də məhz ulu öndərimiz Heydər
Əliyevə məxsusdur. Ümummilli lider Heydər
Əliyevin siyasi fəaliyyətində Azərbaycan mədəniyyətinin
davamlı inkişafı müstəsna yer tutub.
Ulu
öndər Heydər Əliyev Azərbaycanda mədəniyyətin
maddi-texniki bazasının möhkəmlənməsinə
xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatrlar, teatr
binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin
kadr potensialı gücləndirildi. SSRİ-nin ən
nüfuzlu incəsənət yönlü ali məktəblərində
Azərbaycan gəncləri təhsil alıb Bakıya
dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq,
musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər
bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır.
Heydər Əliyev bu kadrların hazırlanmasında ona
görə maraqlı idi ki, gələcək müstəqil
Azərbaycanımız üçün onlar gərəkli
olacaqdılar. Azərbaycanın tanınmış mədəniyyət
xadimləri sənətkarları 1969-1982-ci illərdə məhz
ümummilli liderin qayğısı nəticəsində
Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək
fəxri adını almışlar. Dahi şəxsiyyət bəstəkarların,
kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların
qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu
nitqləri maraqla qarşılanırdı.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrləri Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan ədəbiyyatının da dünyada daha ünlü, daha bəşəri tanınması və qəbul olunması dövrüdür. İstər 1969-1983, istərsə də 1993-2003 Bakının görkəmli yerlərində Mikayıl Müşfiq, Hüseyn Cavid, Füzuli, Nəsimi, Cəfər Cabbarlı kimi yazarların heykəlləri qoyulmuş, Məhəmməd Füzulinin 500 illiyi, Dədə Qorqudun 1300 illiyi təkcə Azərbaycanda deyil, ayrı-ayrı ölkələrdə təbliğ olunmuşdur.
Müstəqillik illərində də Ulu Öndərin rəhbərliyi ilə kino sənətinə xüsusi diqqət göstərilmişdir. Ümummilli Liderimizin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə Azərbaycanda “Kinematoqrafiya haqqında” Qanun qəbul olunmuşdur. Bununla yanaşı, bir sıra Azərbaycan filmləri yüksək dövlət mükafatlarına layiq görülmüş, aktyorlar, rejissorlar və ssenari müəllifləri beynəlxalq kino festivallarında və müsabiqələrdə mükafatlar almışlar.
Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayein “Əsrin sazişi” filmində öz əksini tapmışdır. Ümummilli Liderin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı 2007-ci il fevralın 23-də “Kino sənətinin inkişafı haqqında”, 2008-ci il avqustun 4-də isə “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamlar imzalamışdır. Dövlət proqramında kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur.
Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan mədəniyyəti yeni inkişaf mərhələsinə qədəm qoydu. Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Ulu Öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular. Respublikamızda mədəniyyət müəssisələri, kitabxanalar, teatrlar təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.
Ulu öndər Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda mədəniyyətinin müxtəlif sahələri-teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə böyük töhfələr verib.
Zahid Rza
İki sahil.- 2023.- 10 yanvar.- S.3.