Milli rəssamlığımızın fəxri

 

Bəhruz Kəngərli  - 131

 

Azərbaycan rəsm sənətində realizmə doğru yol alan yeni bir karvanın sarbanı idi Bəhruz Kəngərli. Gözlərinin dərinliyində gizlənən kədər belə işıl-işıl yanırdı. O kədərdən rəng alan rəssam fırçası kağız və kətan üzərində əsrarəngiz görüntülər yaradırdı. Bəli, XX əsr Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi, yaddaşlarda hər zaman 30 yaşlı rəssam olaraq qalacaq Bəhruz Kəngərli kamil sənətkar idi.

Məhsuldar, əzmli yaradıcılığı ilə rəsm sənətinə öz möhürünü vurmuş rəssam axtarışlardan bir an belə usanmamış, müxtəlif janrlarda özünəməxsus əsərlər ərsəyə gətirmişdir. O, mənzərə janrının təşəkkülünə böyük əmək vermiş, peşəkar portret ustası kimi tanınmış, Naxçıvanda teatr-dekorasiya sənətinin formlaşmasına  və inkişafına xitmət göstərmiş, milli rəsamlığımızın ilk avtoportretini yaratmış və nəhayət,  ilk dəfə olaraq sərgi açmaqla Azərbaycanda sərgi mədəniyyətini formalaşdırmışdır. Bununla da milli rəssamlığımızda bir çox ilklərə imza atan rəssam kimi tarixə düşmüşdür.

Çəlimsiz, tutqun siması ilə xatırlanan Bəhruz Kəngərlinin əslində işığını görmək o qədər də çətin deyil. Bu işıq onun əsərlərindədir. Onun mükəmməl rəng duyumu, insan psixologiyasını açmaq qabiliyyəti, təbiətin nəbzini hiss etmək bacarığı, real həyatın nəfəsini cilovlayıb əsərlərinə gətirmək istedadı hər kəsi heyran buraxır. Bəhruz Kəngərli  Azərbaycan incəsənəti tarixində təbiət təsvirini dar çərçivədən çıxararaq onu realist  yöndə inkişaf  etdirmiş, müstəqil janr səviyyəsinə qaldırmışdır. Bəhruz Kəngərlinin əsərlərində doğma diyarla özü arasında ruh bağlılığı vardır. Ustadın fırçası yurdunun insanlarını,  abidələrini, dağlarını, ağaclarını sənət əsərinə çevirən sehirli çubuqdur sanki. Onun davamlı axtarışları, eyni mənzərəyə dəfələrlə, ilin və günün müxtəlif anlarında müraciət etməsi, bəzən fərqli istiqamətlərdən eyni mənzərəni canlandırması, əslində, elinə, obasına vurğunluğunun ifadəsi idi. O, məmləkəti ilə nəfəs alırdı. O, bu səltənəti dönə-dönə, dəfə-dəfə sevməkdən usanmırdı. Bu idi onun yaradıcılığının sirri! Bəsit səslənən, amma heç də bəsit olmayan sevgi-Yurd sevgisi. Sənətkarın silahıdır sevgi. Sənətkarı güclü edən onun qəlbindən süzülüb əsərlərinə hopan məhz həmin sevgidir. Bəhruz Kəngərlinin gücü də, sirri də onun sevgisində idi. Bəhruz Kəngərli yurdunun əsrarəngiz təbiətini böyük ehtirasla əsərlərində tərənnüm etmiş, keçmişdən yadigar qalan tarix və mədəniyyət abidələrini kağız və kətan üzərində canlandırmışdır. Bununla da, xalqın  tarixini, mədəniyyətini, sənətkarlıq qabiliyyətini böyük eşq ilə vəsf etmişdir. Rəssamın “Köhnə qala”, “Qızlar bulağı”, “Əshabi-kəhf dağı”, “Ata-baba günbəzi”, “Nəhəcir dağı”,  “Ədilağa gölü” və bu kimi onlarla əsərində Naxçıvanın ruhu yaşayır.

Rəssamın əsərlərində yaşadığı dövrün xarakterik xüsusiyyətləri öz əksini  tapmışdır. “Naxçıvan toyu”, “Elçilik”, “Azərbaycanlı qadın”, “Naxçıvan gözəli” kimi maraqlı əsərləri ilə Bəhruz bəy Kəngərli həm də tamaşaçıya xalqın ənənə dünyasına, mədəniyyət aləminə səyahət etmək zövqünü yaşadır.

Bəhruz Kəngərli özünü vətənpərvər və mübariz ruhlu rəssam kimi təqdim edir. Rəssam vətəndaşlıq mətanəti nümayiş etdirərək “Qaçqınlar” və “Nuhun qəbri” silsilə əsərləri ilə gerçəkliyi gələcək nəsillərə mahir bir gizliliklə mesaj olaraq ötürmüşdür. Onun tarixi zərurətdən yaranan, dövrünün ictimai-siyasi həqiqətlərini əks etdirən, sulu boya ilə işlənmiş 30-a yaxın portretin daxil edildiyi  “Qaçqınlar” silsiləsi tarixi fakt kimi əhəmiyyətinə və emosional təsirinə görə rəssamın yaradıcılığının zirvəsi hesab olunmağa layiqdir. Müşahidələr nəticəsində  ərsəyə gələn bu portretlərdə Azərbaycan xalqının sarsılmaz iradəsi əks olunmuşdur. Tarixi sənəd dəyərində olan “Qaçqınlar” silsiləsində rəssam Qərbi Azərbaycandan Naxçıvana pənah gətirmiş  insanları təsvir etmişdir. O, “Ayaqyalın qadın”, “Qaçqınlar arabada”, “Ağ ləçəkli qaçqın qız”, “Qaçqın İmran çanta ilə ” , “İki qaçqın qız ” və digər əsərlərində  erməni təcavüzünü böyük ürək yanğısı ilə ifadə etmişdir. Öz dədə-baba yurdundan zorla didərgin salınmış, haqsızlıqdan usanmış, yıpranmış qaçqın insanların  daxili sarsıntılarını, üsyankar simalarını   kağız üzərinə köçürən rəssam əslində bu üsyanın başçısı idi.  “Qaçqınlar” silsiləsi Bəhruz Kəngərlinin  bir sənətkar kimi baş verən tarixi ədalətsizliyə qarşı etiraz mövqeyidir.

Bəhruz Kəngərli Naxçıvanda teatr-dekorasiya sənətinin inkişafına da öz töhfəsini vermişdir. Belə ki, ölkəmizdə teatr rəssamlığının banilərindən biri hesab olan  Bəhruz Kəngərli görkəmli rejissor  Rza Təhmasibin dəvəti ilə  Naxçıvan Teatrına gəlmiş, burada 1912-ci ildən etibarən onlarla tamaşaya milli koloritdə səhnə tərtibatı vermiş,  dekorasiyalar, geyim eskizləri və pannolar hazırlamışdır.  Rza Təhmasiblə yanaşı, Böyükxan Naxçıvanski və Həsən Səfərli ilə çiyin-çiyinə çalışan sənətkar C.Məmmədquluzadənin “Ölülər”, Ə. Haqverdiyevin “Pəri-cadu”, “Dağılan tifaq”, Ü. Hacıbəylinin “Arşın mal alan”, “Ər və arvad”, M. F. Axundzadənin “Hacı Qara,  N. Nərimanovun “Nadanlıq” və digər əsərlərin quruluşçu rəssamı olmuşdur.

Görkəmli rəssamın irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün dövlətimiz tərəfindən mühüm işlər görülmüşdür. Azərbaycan mədəniyyətinin hamisi, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Bəhruz Kəngərlinin yaradıcılığı layiqli qiymətini almış, rəssamın adı əbədiləşdirilmişdir.

Ümummilli lider Heydər Əliyev 2002-ci il iyun ayının 18-də Bəhruz Kəngərli Muzeyinın  açılış mərasimində iştirak etmiş,  nitq söyləmişdir. Ulu Öndər sənətşünaslara, tədqiqatçılara rəssamın irsinin araşdırılması, tədqiq olunmasına dair tövsiyələrini vermişdir.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev 13 aprel 2012-ci il tarixdə “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncama əsasən Tədbirlər Planı hazırlanaraq həyata keçirilmişdir. Tədbirlər Planına əsasən Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan 191 əsərinin fotosurəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilmiş, ilk olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində çap olunmuşdur. Eyni zamanda, yubiley münasibətilə poçt markası buraxılmış, Bəhruz Kəngərli haqqında sənədli film hazırlanmışdır.

200-ə yaxın eksponatla fəaliyyətə başlayan muzeyin açılışından sonra Bəhruz Kəngərlinin əsərlərinin və rəssama aid olan əşyaların toplanması işinə başlanılmışdır. Hazırda muzeyin fondunda 1300-dən artıq eksponat mühafizə olunur. Bu eksponatlardan 391- i muzeyin ekspozisiyasında nümayiş etdirilir. Muzeydə rəssamın 61 orijinal rəsm əsərləri ilə yanaşı, əsərlərinin  fotoşəkilləri, eskiz və karikaturalarının fotosurətləri, həmçinin Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın və ailəsinin istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, rəssamların onun yaradıcılığına məhəbbətdən doğan ithaf əsərləri, heykəltəraşlıq nümunələri, görkəmli şəxslərin və sənətşünasların rəssam haqqında söylədikləri fikirləri əks etdirən yazılı iqtibaslar, rəssam haqqında müxtəlif illərdə nəşr olunan çap əsərləri də vardır.

Bəhruz Kəngərlinin irsinə göstərilən qayğı  Azərbaycanda rəssamlıq sənətinə verilən  yüksək dəyərin  ən bariz nümunəsidir. Rəssamlıq sənətinin inkişafında misilsiz xidmətləri olmuş  Bəhruz Kəngərli  rəssamlar üçün bir məktəbdir. Qısa ömründə uzun bir yol qət edən  Bəhruz Kəngərlinin adı Azərbaycan incəsənətində  əbədi olaraq yaşayacaq, yaradıcılığı  neçə-neçə gənc rəssamın ilham qaynağı olacaqdır.

 

Səbinə Əlincəli,

Bəhruz Kəngərli Muzeyinin direktoru

 

İki sahil.- 2023.- 14 yanvar.- S.13.