Hər bir dərdin dərmanı çay, çay, çay...

 

Çay ağacının vətəni  Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış içkinin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar.

Çayın Çində 220-280-ci illərdə istifadə olunması tarixi abidələrdə öz əksini tapır. Bu bitkinin becərilməsi 350-ci ilə təsadüf edir.Burada hökmdarlar və rahiblər çayı yorğunluğu çıxaran, gücü və görmə qabiliyyətini bərpa edən şəfaverici içki və ya məlhəm kimi istifadə edib.

İçki kimi isə çay V əsrdən yayılmağa başlayıb. O, zamanlar  çayın dəyəri yüksək qiymətləndirilirdi. Hətta  Çində imperatorlar bəxşiş kimi onu öz əyanlarına hədiyyə edib.

VI əsrdə çay zadəganların sevimli içkisi olsa da, artıq X əsrdən etibarən Çinin milli içkisi kimi hər kəs tərəfindən çox sevilib.  Bu içki  XVI-XVIII əsrlərdə portuqaliyalı və niderlandlı tacirlər vasitəsi ilə Avropaya gətirilib.

1860-cı illərdə bığ və saqqalın təsadüfən çay fincanına düşməsinin qarşısını almaq üçün xüsusi fincanlar mövcud olub. Qeyd edək ki, həmin dövrlərdə bığ saxlamaq çox dəbdə imiş.

Çay dəmləyən zaman saxsı və ya şüşə qablardan istifadə etmək tövsiyə olunur. Həmçinin suyu qaynatdıqdan sonra dərhal çayı dəmləmək doğru deyil. Çay dəmlənərkən suyun temperaturu təxminən 75-85o C olmalıdır. Odur ki, ətirli və dadlı çayın hazırlanması üçün hər 200 ml suya təqribən 1 çay qaşığı hesabı ilə quru çay əlavə edib, 5-7 dəqiqə ərzində dəmlənməsini gözləmək lazımdır. Çoxdan dəmlənmiş çayı içmək məsləhət deyil. Bu halda çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur.

Hər xalq çayı özünə görə müxtəlif üsullarda dəmləyir. Buna təsir edən əsas amil iqlim şəraiti və xalqın  həyat tərzidir.

Çinlilər əvvəlcədən qızdırılmış çaynikə çayı atıb, üstünə qaynar suyu əlavə edirlər, 3 dəqiqədən sonra, farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, özü də qəndsiz içirlər.

Yaponlar çayı, əvvəlcə, xüsusi hazırlanmış qabda əzib, toz halına salırlar. Sonra, əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cürə dəmlənmiş çay, öz müalicəvi xüsusiyyətlərini  saxlamaqla yanaşı, həm də çox ətirli olur. Yaponlar əsasən, çayın ətrindən daha çox feyziyab olurlar. Belə ki, onlar da çayı 40-50 qr.-lıq kiçik fincanlarda içirlər.

İsveçrədə qaynayan südə əvvəlcə qənd atırlar, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyudub, sonra içirlər.

Kalmıklar bir balaca suyu çaynikdə qızdırıb, həmin çaynikə yaşıl çayı atıb, qoyurlar odun üstünə. Su qaynayandan sonra, qaynar süd, ərinmiş yağ, duz əlavə edib, qarışdıra-qarışdıra 15 dəqiqə qaynadırlar. Qaynama müddətinin başa çatmasına 7-8 dəqiqə qalmış, çaynikə dəfnə yarpağı və mixək əlavə edib, odu söndürürlər. Və nəhayət, süzgəcdən süzüb içirlər.

Çayın kofedən daha çox kofeinə malik olduğunu bilirdinizmi? Bəli, çay kofedən daha çox kofeinə malikdir. Amma bir stəkan çay hazırlamaq üçün istifadə etdiyiniz çay miqdarı bir stəkan kofedəki kofenin faizindən olduqca azdır. Dolayısı ilə bir stəkan çay içdiyiniz zaman kofe ilə müqayisədə daha az kofein almış olursunuz. Məsələn,  bir stəkan çaydakı kofein miqdarı  - 40-70 mq, bir stəkan kofedəki isə: 100-200 mq-dir.

Heç bilirdinizmi ki, çay ətrafdakı pis qoxuları özünə çəkmək xüsusiyyətinə malikdir? Hər hansı  pis qoxunu belə əlinizi çayla yumaqla apara bilərsiniz.

Vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki kofein və tanin turşusu qida vasitəsilə qəbul etdiyimiz dəmirin bağırsaqlardan sorulmasını ləngidir. Əsasən  də qan azlığı zamanı çox çay içmək tövsiyə edilmir. Ümumiyyətlə, çayı ya yeməkdən 1-2 saat əvvəl, ya da 1-2 saat sonra qəbul etmək daha məsləhətlidir.

Təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.

Çayın orqanizmə faydaları ilə yanaşı, zərərli təsiri də var. Qaraciyər, böyrək daşı, kəskin mədə xəstəliklərindən, həmçinin revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlərin mümkün qədər az çay içməsi tövsiyə edilir. Həddindən artıq çay içmək yuxusuzluğa, başağrısına, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çayı qaynar içmək olmaz. Temperaturu 65o C-dən yüksək olan çayın içilməsi qida borusunda və daxili orqanlarda termiki yaralar əmələ gətirir ki, bu da onkoloji xəstəliklərin yaranma riskini artırır.

Bildiyimizə görə çayı yalnız dəmləyib içirlər, amma Avropada təzə çay yarpaqlarından ilk vaxtlar istifadə edilməyə başlanılanda, rəsmi kral qəbulları zamanı ondan salat hazırlayırdılar.

Bir vaxtlar çayı şəkərlə deyil, duz ilə qarışdırıb içirlərmiş.

Çay paketləri   ilk dəfə Nyu-Yorklu satıcı Tomas Sallivan tərəfindən icad olunub.  Çayın metal bankalarda satılmasının baha başa gəldiyini düşünərək, o çayı kağız torbalarda satmağa başlayır. Müştərilərdən biri çayı elə paketlə isti suya salaraq normal çay alındığını görür. Çay paketlərinə patent  isə 1903-cü ildə verilib.

Dünyanın ən bahalı çayının 1 kq-si  1025000 dollara satılır.  Bu çay “Da Xun Pao” adlanır və dünyada ən yaxşı çay hesab olunur. Bu çay  növü Çində yalnız xüsusi bir yerdə yetişdirilir.

Çayın xüsusiyyətinə onun saxlandığı yer də təsir edir. Uzun müddət qalması üçün çayı quru, sərin və havası təmizlənmiş yerdə saxlamaq lazımdır.

 

Samirə Tağıyeva

 

İki sahil.- 2023.- 17 yanvar.- S.8.