Dərələyəz həsrətimiz bitəcək...

 

Qərbi Azərbaycanın ən qədim və böyük  yaşayış məskənlərindən biri də Dərələyəz mahalıdır. Ərazisindəki saysız-hesabsız qiymətli tarixi abidələr sübut edir ki, qədim dədə-babalarımız  bu yerləri canları bahasına qoruyub saxlamışlar. Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur.

Ümumi sahəsi 2304 kvadratkilometrdir. Zəngin heyvanat və bitki aləmi var. Dağlı-aranlı təbiətə malik olan Ələyəz və Dərələyəz dağları dərman bitkiləri ilə zəngindir. Yaşıl meşələri, sərin bulaqları, minilliklərdən soraq verən mağaraları, sərt dağlıq buranın gözəlliyini daha da artırır. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə geniş ərazini əhatə emişdir. Türk dünyasının qüdrətli hökmdarlarından və yenilməz sərkərdələrindən biri olan Sultan Alp-Arslan 1064-cü ildə Zəngəzurda türk əhalisinin yadellilər tərəfindən zülmə məruz qoyulduğunu eşidərək 100 minlik qoşunla buraya gəlmiş yadelli ordusunu ağır məğlubiyyətə uğradaraq nizam-intizam yaratmış və getmişdir. Tarixi məxəzlərdə göstərilir  ki, Alp-Arslanın anası azərbaycanlı olub. O, Oğuz tayfalarından birinin qızı olub. Bəlkə həm də ana tərəfə bağlılıq və hörmətə görə igid sərkərdə həmişə Azərbaycanı diqqət mərkəzində saxlamış, lazımi məqamlarda yardımını əsirgəməmiş və onu düşmənlərin zülmündən xilas etmişdir. 1067-ci ildə Alp-Arslan güclü qoşunla yenidən Azərbaycana yürüş etmiş, bu dəfə qonşu dövlətlərin birləşmiş ordularını tamamilə darmadağın edərək, qoşunundan bir qədərini ayıraraq burada hərbi keşikçi məntəqələri yaratmışdı. Onu da vurğulamaq lazımdır ki, bu yerlərin sakinləri qorxmaz və döyüşkən olmuşlar.

XVIII əsrin əvvəlində  Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərurun dağlıq hissəsi.

Rusiya və İran arasında 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyişikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94 faizini azərbaycanlılar, 5 faizini ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8 faizə çatmışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir. 1897-ci il məlumatına görə, Dərələyəzin sahəsi 2972,3 km², əhalisi 76551 nəfər idi. Əhalinin 70,5 faizi azərbaycanlı, 27,5 faizi erməni olmuşdur. 1918–1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər.  Bu işdə başkəsən general Andronik Ozanyan xüsusi canfəşanlıq göstərmişdir. O, qatillərdən ibarət öz diviziyası ilə Naxçıvanda, Zəngəzurda və digər yerlərdə soyqırımı törətmiş, on minlərlə günahsız azərbaycanlını qətlə yetirmişdir.  Laçından Qarabağa, Şuşaya keçmək istəyən bədnam general Laçında Sultan bəyin qoşunu tərəfindən darmadağın edilmişdi. Deyilənlərə görə, Andronik yeddi nəfərlə arvad paltarı geyinərək qaçıb aradan çıxa bilmiş və xarici ölkələrə getmişdi. ABŞ-da bir erməni tərəfindən vurularaq öldürülmüşdü. Sovet hakimiyyəti illərində Dərələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılıb Ermənistana verilmişdir. Bütün bir əsr boyu azərbaycanlılara qarşı aparılan soyqırımı siyasəti nəticəsində onlar Qərbi Azərbaycandan (indki Ermənistan), o cümlədən Dərələyəzdən zorla deportasiya olunmuşlar.

Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpaçay ilə Naxçıvançay arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 kilometr, ən hündür zirvəsi Kükü dağıdır (3120 metr).

1860-1870-ci illərdə Türkiyədən buraya köçürülüb gətirilmiş ermənilər ya varlıların anbarlarında, ya da istifadə etmədikləri tövlələrdə və yeraltı daxmalarda məskunlaşdırılırdılar. Sonra Rusiya hökumətinin köməyi ilə onlara ayrılmış torpaq sahələrində özlərinə ev tikirdilər. 1948-ci ilədək Əzizbəyov rayonunun Her-her kəndində yaşamış valideynlərim danışırdılar ki, kənd iki hissədən ibarət idi. Bir hissəsində köçürülüb gətirilmiş ermənilər yaşayırdılar. Türkiyədən köçürülmüş həmin ermənilərin yaşlıları söhbət Türkiyə türklərindən düşəndə üzlərini qorxu ifadəsi bürüyür və deyirdilər: “Aman Allah, genşalvarlıların yolu bura düşməsin.” Onlar “genşalvar” deyəndə türk əsgərlərini nəzərdə tuturdular.

Lakin müstəbid Sovet hökuməti ermənilərin arxasında möhkəm durmuşdu. Ermənilər hər cür dəstəklənir, əzizlənir, SSRİ hökumətində yüksək vəzifələrə təyin olunur, əraziləri Azərbaycan torpaqlarının hesabına genişləndirilir, xaricdəki haylar köçürüb bizim ərazilərimizə gətirilir, gizlicə silahlandırılır və onlar üçün yeni işğal planları qurulurdu. Bütün bunlar 2020-ci ilin sentyabrına qədər davam etdi. Cəmi 44 gün davam edən müharibədə işğalçı Ermənistan qoşunları damadağın edildi və baş nazir Nikol Paşinyan kapitulyasiya aktına qol çəkdi. İndi Azərbaycan Ordusu Göyçə yaxınlığında və Şərqi Zəngəzurdadır və vaxtilə  itirilmiş ərazilərimizin böyük hissəsi əzəli sahiblərinə-azərbaycanlılara qaytarılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə yerli telekanallara verdiyi müsahibəsində bu mövzuya geniş yer ayıraraq bildirdi: "Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır."

Bəli, əgər ermənilər Azərbaycan ərazisində yaşayırlarsa, azərbaycanlılar Ermənistan adlandırılan Qərbi Azərbaycandakı ata-baba yurdlarına qayıtmalıdırlar və orada onlara təhlükəsiz şərait yaradılmalıdır. Onda haqq-ədalət öz yerini tapar.

 

Vəli İlyasov

 

İki sahil.- 2023.- 17 yanvar.- S.6.