Heydər Əliyev irsi

xalqımızın milli sərvətidir

 

   Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin müsahibəsi

 

- Vüqar müəllim, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İlielan edilib. Dahi şəxsiyyətin Azərbaycanın dünəni, bugünü və gələcəyi naminə misilsiz xidmətlərini  necə xarakterizə edərdiniz?

- Möhtərəm Prezidentimiz İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə müraciətində bu fikri xüsusi qeyd etdi ki, ulu öndər Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirikbu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.

“Heydər Əliyev İlidahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərinə, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında,  hazırkı inkişaf səviyyəsinə gəlib çıxmasında  kimə borclu olduğumuza bir daha işıq salacaq. Çoxəsrlik tariximizin Heydər Əliyev epoxasının hər bir səhifəsi daim vərəqlənəcək, indiki və gələcək nəsillərə çatdırılacaq. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu məqam xüsusi qeyd edilir ki, müstəqillik tariximiz tarixi paralellər fonunda təhlil edilməli və gələcək nəsillərə çatdırılmalıdır. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verənləri görməyən, o dövrü bilməyən gənc nəslə aşılanmalıdır  ki, nəyin bahasına azadlığımızı, müstəqilliyimizi qoruyub saxlaya bilmişik. Bütün bunlar üçün kimə  borcluyuq. Əgər ümummilli lider Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi mövcud ola bilərdi. Biz bu tarixi bilməliyik.

Ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyası o qədər genişdir ki, şübhəsiz, onları bir müsahibə çərçivəsində əhatə etmək qeyri-mümkündür. Uğurlarla, nailiyyətlərlə dolu olan ötən  hər günümüz Heydər Əliyev yolunun təqdimatıdır. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki  dövrü, həmçinin fəaliyyətinin Naxçıvan illəri ilə bağlı  cild-cild  kitablar, elmi əsərlər yazılsa da yenə də yeni nəşrlərə, araşdırmalara böyük ehtiyac var. Ömrünü Vətəninə, xalqına həsr edən ulu öndər Heydər Əliyevə milyonların sevgisini qazandıran və son 19 ildə  Onun siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin ətrafında xalqı sıx birləşdirən əsas amil  də məhz təbii ki, hər iki Liderin torpağa, Vətənə bağlılıq hissindən qaynaqlanan işləri görməkdən yorulmaması, əksinə, xalqdan aldıqları güc, dəstək əsasında daha böyük  fədakarlıqlar göstərmələridir. Dahi şəxsiyyət Heydər Əliyev bu fikirləri ilə Azərbaycanı, döğma Vətəni üçün gördüyü işlərin aydın mənzərəsini təqdim etmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

-Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi ilə 1993-cü ildə xalqın təkidli tələbi əsasında yenidən hakimiyyətə qayıdışından sonrakı dövr arasında hansı məqamları müqayisəli təhlil etmək olar?

- Bu fakt inkaredilməzdir ki, Ümummilli Lider hakimiyyətinin birinci dövründə Azərbaycanı necə keçmiş SSRİ məkanında geridə qalmış respublikadan qabaqcıl  diyara çevirdisə, 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin müstəqilliyinin xilaskarı kimi onun daimiliyini, sarsılmazlığını təmin etdi.  Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz  Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə dayanırdı.  Heç  təsadüfi deyildi ki, məhz Ulu Öndərin titanik fəaliyyəti nəticəsində Azərbaycan  çox qısa müddətdə keçmiş SSRİ-də iki donor müttəfiq respublikadan biri oldu. O vaxt Ümummilli Liderin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində respublikamızda həm sənaye, həm də kənd təsərrüfatı sürətlə inkişaf yoluna qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, insanlarla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparması dahi rəhbərə xalqın dərin rəğbətini qazandırdı.

Hələ o vaxtlar Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyevin həmin illərdə gördüyü işlərin xronologiyasına diqqət yetirməklə bunun əyani təzahürlərini görə  bilərik. Həmin illərdə azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi əsas hədəflərdən idi. Azərbaycanın bügünü üçün kadr potensialının təməli məhz o illərdə qoyuldu. Ümummilli Liderin səyləri nəticəsində minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı ki, bu gün müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrində  xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı zamanı Azərbaycanın hansı faciələrlə  üz-üzə olduğu məlumdur. Müstəqilliyini yenicə bərpa edən Azərbaycan onu itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Məhz Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, idarəçiliyi, ən əsası Vətəninə, xalqına bağlılığı Azərbaycanı bu təhükələrdən xilas etdi. Ulu Öndərin istər ölkəmizdə hakimiyyətinin hər iki dövründə, istərsə də fəaliyyətinin Naxçıvan mərhələsində atdığı hər bir addımın təməlində Azərbaycanın müstəqil gələcəyi, xalqımızın azad, firavan həyatı dayanırdı. Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzusunun xeyli hissəsini 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi.  Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan quruldu. Dövlətçiliyimizin əsasları yaradıldı. Milli Konstitusiyamız qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycanın ətrafında yaradılan  informasiya blokadası yarıldı. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətləri, keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılmasın. Erməni yalanları faktlar əsasında ifşa edildi. Ölkəmiz iqtisadi imkanlarını genişləndirdi.  Böyük investisiyalar məkanına çevrildi. Ordu quruculuğu dövlət siyasətimizin əsası oldu. Ümummilli Lider bu çağırışı etdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Bu fakt inkaredilməzdir ki, torpaqlarımızın işğalında bədnam AXC-Müsavat iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmaması, ən əsası nizami ordunun yoxluğu əsas rol oynadı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından dərhal sonra ordu quruculuğu istiqamətində mühüm addımlar ataraq  möhkəm təməl formalaşdırdı. Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyası bu gün Azərbaycana böyük uğurlar qazandırır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz sahibidir. Respublikamız dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Azərbaycan, eyni zamanda, demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olan ölkə kimi tanınır. Ən əsası müstəqil dövlətimiz sözünün imzası qədər dəyəri olduğunu dünyada cərəyan edən proseslərə təsir imkanları ilə təsdiqləyir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan zaman Azərbaycanın  bütün çətinlikləri arxada qoyacağını, hər  bir azərbaycanlının  belə qüdrətli, güclü dövlətin vətəndaşı olması ilə fəxr edəcəyini əminliklə bildirmişdi. Azərbaycan çox qısa zamanda Ümummilli Liderin qarşıya qoyduğu məqsədlərə yüksək səviyyədə nail oldu. Dahi liderin  ən böyük arzularından  biri olan Azərbaycanın dünyaya Günəş kimi doğması məramı real həyatda öz təsdiqini tapdı.

-Vüqar müəllim, ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər barədə nə deyə bilərsiniz?

-Ümummilli Liderin Naxçıvandakı fəaliyyəti Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı kimi dəyərləndirilir.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Azərbaycanın Dövlət bayrağı elan etdi. Bu bayraq Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də, Azərbaycanda isə 1991-ci il fevralın 5-də qaldırıldı. Ulu Öndərin fəaliyyətinin Naxçıvan mərhələsində  xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr- Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu.  Həmin illərin ən mühüm tarixi hadisələrindən biri hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.

Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.  Bu tarixi hadisənin Azərbaycan üçün əhəmiyyəti  dövlət başçısı İlham Əliyevin 2021-ci il martın 5-də tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox” fikirlərində özünün aydın ifadəsini tapır. Bu fakt inkaredilməzdir ki, hər bir ölkənin, xalqın həyatında gələcəyi üçün əhəmiyyətli rol oynayan dönüş nöqtələri olur. Yeni Azərbaycan Partiyasının yaradılması həmin dönüş nöqtələrindən biridir. Partiyanın yaradılmasından 7 ay sonra  – 1993-cü ilin oktyabr ayında ulu öndər  Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident  seçildibundan sonra ölkəmizin böhrandan çıxma prosesi başladı. Ümummilli lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə  partiyanın fəaliyyətinin  bələdçisi oldu.  Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yaradılmasında  xüsusi rolu olan, Azərbaycan xalqının böyük əksəriyyətinin istəyini ifadə edən “91-lər”in əməyini hər zaman yüksək qiymətləndirərək bu çağırışı sələndirir ki, onları Azərbaycan xalqı unutmamalıdır: “Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.”

Göründüyü kimi, ölkəmizin həyatında önəmli rol oynayan hansı tarixi məqamlara, hadisələrə nəzər salsaq hər birinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu görərik.  Bu gün YAP-ın sıralarında 800 minə yaxın üzvün birləşməsi sadəcə statistika deyil. Bu, partiyanın cəmiyyətdə rolunun, onun yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, son 19 ildə Azərbaycanı təkmil islahatları, yeniliyi özündə əks etdirən uğurlu siyasəti ilə daha böyük zirvələrə yüksəldən, dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycanı dünyaya təqdim edən Prezident İlham Əliyevin  həyata keçirdiyi siyasətə inamın göstəricisidir.

- Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən biri siyasi varisliyin təmin olunmasıdır…

- Bəli, bu, həqiqətən belədir. Müsahibənin əvvəlində dövlət başçısı İlham Əliyevin fikirləri əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasətin, Azərbaycanın  seçdiyi yolun gələcəyimiz üçün yaratdığı möhkəm təməlin mənzərəsini təqdim etməklə yanaşı, bu inamı da ifadə etdim ki, Heydər Əliyev yolu bundan sonra da uğurla davam edəcək, qalib Azərbaycanın qarşısında daha geniş imkanlar açacaq.

Doğru buyurursunuz, həqiqətən də  ulu öndər Heydər Əliyev həmin müraciəti ilə inamın, etimadın növbəti ünvanını göstərdi. 19 ildə Azərbaycanın möhtəşəm uğurları, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə daha böyük inamla addımlaması bu ünvanın düzgünlüyünü, xalqımızın seçimindən qürur duyduğunu nümayiş etdirir.  Ümummilli Lider həmin tarixi müraciətində  bildirdi ki, başa çatdıra bilmədiyi layihələri, işləri xalqın dəstəyi ilə cənab İlham Əliyev həyata keçirəcək. Dahi lider Ona Özü qədər inandığını bildirdi. Həmin müraciətdə etimadın ünvanı kimi Yeni Azərbaycan Partiyası da göstərilmişdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda yeni tərkibini formalaşdırmaqla, mühüm qərarlar qəbul etməklə gələcəyə doğru böyük inamla addımlayır. YAP bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq.

Tarixi Zəfərimiz keçilən yolun aydın mənzərəsidir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Azərbaycan möhkəm təməl üzərində bütün sahələrdə daha da gücləndi, qüdrətləndi, diplomatik mübarizədə mühüm uğurlara imza atdı, hərbi qüdrətini artırdı.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Azərbaycanı qalib, ərazi bütövlüyünü təmin edən ölkə kimi görmək Ulu Öndərin ən böyük arzusu idi. Məhz buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirləri tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı. Artıq bu torpaqlarımız azaddır, genişmiqyaslı bərpa-quruculuq mərhələsini yaşayırlar. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Tezliklə Qarabağ və Şərqi Zəngəzur turizm məkanı kimi dünyanın diqqətində olacaq. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın qarşısında duran həllivacib məsələlərdən olan Zəngəzur dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük istəklərindən biri idi.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Cənab İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində ümummilli lider Heydər Əliyevə müraciət edərək verdiyi hər bir vədin yerinə yetirilməsi  bugünümüzün reallıqlarında öz əksini tapır: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı  gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”

- Qürurvericidir ki, Heydər Əliyev Fondu Ulu Öndərin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının təbliği istiqamətində mühüm işlər görür, Azərbaycanın davamlı inkişafına vacib töhfələr verir

- Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin  gücünə mümkündür” fikirləri dahi şəxsiyyətin böyüklüyünün, xeyirxah əməllərinin, çoxşaxəli fəaliyyətinin təqdimatıdır. Mehriban xanım Əliyeva bu fikirlərinin davamı olaraq bildirir ki, böyüknadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar.  Belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

Heydər Əliyev Fondu dahi şəxsiyyətin Azərbaycan xalqı üçün böyük sərvət olan irsinin təbliği ilə yanaşı, uğurlu layihələri ilə Onun şah əsəri olan müasir müstəqil  Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verir. Hazırda əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə  bərpa-quruculuq işlərini tezliklə, eyni zamanda, yüksək səviyyədə başa çatdırmaqdır. Bu torpaqlarımızda tarixidini abidələrimizin bərpası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaları hər birimizdə sonsuz qürur hissi doğurur. Qarabağımızın və Şərqi Zəngəzurumuzun azad edilməsi ilə yanaşı, soydaşlarımızın Böyük Qayıdışının tam təmin olunması, bu torpaqlarda həyatın canlanması dahi şəxsiyyətin ruhunu şad edəcək.

Bu gün tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdacağımızı bəyan edirik və əminik ki, qayıdacağıq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.

Atılan hər bir addım, qarşıya qoyulan hədəf  ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanın təqdimatına yeni-yeni əlavələr edir. Uğurlarımızın davamlı olması qaçılmazdır. Azərbaycan Heydər Əliyev yolu ilə daha möhtəşəm uğurlara doğru inamla addımlayır. Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, Ulu Öndərin zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

 

İki sahil.- 2023.- 17 dekabr.- S.4.