20 Yanvar-tariximizin

şərəf və qəhrəmanlıq səhifəsi

 

20 Yanvar faciəsindən 33 il ötməsinə baxmayaraq xalqımız o qanlı gecəni heç vaxt unutmur, unutmayacaqda. Əvvəlcədən düşünülmüş, məqsədyönlü şəkildə hazırlanan bu təcavüzkarlıq siyasətinin əsas məqsədi xalqımızın demokratiyamilli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi və fiziki zərbə vurmaq idi. Həmçinin Sovet rəhbərliyinin birbaşa dəstəyi və himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, xalqımıza qarşı törədilən soyqırımlar, onların öz tarixi, əzəli doğma yurd-yuvalarından qovulması bu siyasətin tərkib hissələri idi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Həmin gecə Azərbaycanda  günahsız insanların gülləbaran edilməsi əməliyyatı  SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Yanvarın 19-dan 20-nə keçən gecə mərkəzi hakimiyyət heç bir xəbərdarlıq etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyindi. Respublikada 3 gün matəm elan olundu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi. Şəhidlər müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi milyonlarla insanın çiynində Şəhidlər xiyabanında son mənzilə yola salındı. Dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini bütün dünyaya nümayiş etdirdi. O ağır günlərdə ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etdi...

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər sonradan o günləri xatırlayarkən deyirdi: "Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi".

Artıq Şəhidlər xiyabanı Azərbaycan xalqının illər əvvəl məruz qaldığı böyük faciə ilə yanaşı, yenilməz iradəsinin rəmzi, mübarizlik məktəbi, müqəddəs ziyarətgahıdır. Ötən 33 il ərzində Azərbaycanın siması çox dəyişib. İndi ölkəmiz iqtisadi gü, güclü ordusu, beynəlxalq səviyyədə qazanılan uğurları ilə dünyanın diqqət mərkəzindədir. Ötüb keçən illərin axarında dəyişməz qalan xalqın ümummilli lideri Heydər Əliyevə və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevə olan sonsuz sevgisi, həmçinin xalqımızın sarsılmaz həmrəyliyi, birliyidir. Bu həmrəyliyi xalqımız Vətən müharibəsi zamanı bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində işğalçı Ermənistanın illər ərzində qurduğu silahlı qüvvələr darmadağın edildi, dövlətimiz böyük zəfərə imza atdı. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində əzəli torpaqlarımız düşməndən azad olundu.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 18 yanvar.- S.8.