Ümumxalq Hüznümüzün
33-cü ili…
İmperiya güllələrinin səsi ilə
başlayan gün
azadlıq məfkurəmizi oyatdı
1990-cı ilin yanvarında dinc əhaliyə qarşı sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışarkən, əvvəlcə bir məqama diqqət yetirmək lazımdır. Belə ki, 1918-20-ci illərdə olduğu kimi, 1980-ci illərin sonlarında da eyni ssenari üzrə anti-Azərbaycan fəaliyyəti yenidən şiddətlənmiş, xalqımıza qarşı məkrli planlar və qəsdlər hazırlanmışdı. Mənfur erməni millətçiləri Moskvadakı imperiyapərəst və digər qüvvələrlə birləşərək Azərbaycanı parçalamaq, nəyin bahasına olursa-olsun, xalqımızın müstəqillik arzularını beşiyindəcə boğmaq niyyətində idilər.
Ona görə də Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilməyə başlandı, 1988-1989-cu illərdə yüz minlərlə həmvətənimiz doğma torpaqlarından qovuldu, işgəncələrə məruz qaldı və vəhşicəsinə qətlə yetirildi. Ermənilərlə əlbir olan keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyindən, məkrli əməllərindən, hadisələrin təhlükəli istiqamətdə inkişafından narahatlıq keçirən Azərbaycan xalqı ayağa qalxdı. Amansızlıqla həyata keçirilən qanlı cinayətin əsas məqsədi də Azərbaycan xalqının inam və iradəsini qırmaq, ərazi bütövlüyünü sarsıtmaq və sovet hərbi rejiminin gücünü təsdiq etmək idi. 1990-cı il 20 Yanvar gecəsi faciə törədən imperiya əsgərləri sırasında erməni əsgərlərinin olması və xüsusi fəallığı onların maraqlarına hesablanmışdı.
Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanıldı. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar da var idi. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, meyitləri təhqir edirdilər. Hərbi təcavüz nəticəsində yüzlərlə ev, onlarla təcili yardım maşınları dağıdılmış, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.
Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə tarixdə misli görünməmiş qətliam idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu. 20 Yanvar cinayəti bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb öz şəhidlərini küçə və meydanlardan topladı. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, komendant saatı və fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də xalq öz şəhidlərini Azadlıq meydanından son mənzilə – Şəhidlər xiyabanına yola saldı. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa dözdü, lakin etiraz əlaməti olaraq 40 gün tətil etdi.
Tarixin ağır sınaqlarından mərdliklə çıxan, həmişə mübarizliyi ilə seçilən Azərbaycan xalqı ağır itkilər versə də, öz qürurunu, Vətənə bağlılığını bu dəfə də sübut etdi. Yaşanan müsibətin əsl səbəbkarı olan Mixail Qorbaçov səlahiyyət imkanlarından yararlanaraq xalqımıza 20 Yanvar faciəsini tez bir zamanda unutdurmağa cəhd göstərsə də, buna nail ola bilmədi.
Azərbaycanın o vaxtkı rəhbərliyi bu qanlı cinayəti ört-basdır etməyə çalışdığı, günahı öz xalqında axtardığı bir vaxtda – 20 Yanvar hadisələrinə ilk olaraq etirazını bildirən və bu qırğını dünya ictamiyyətinə çatdıran xalqımızın böyük oğlu Heydər Əliyev oldu. Ulu Öndər həyatını riskə qoyaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Bu, eyni zamanda, təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün insanlara bir dəstək idi. Ümummilli Liderin həmin bəyanatı, həmçinin bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahilər ata bilirlər.
1990-cı ildən sonra ölkədə tez-tez baş verən hakimiyyət dəyişikliyi 20 Yanvar faciəsinə siyasi qiymət verilməsinə, günahkarların müəyyənləşdirilməsinə heç bir təsir göstərmədi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. 1994-cü il martın 29-da Milli Məclis 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. Bununla da ulu öndər Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldü. Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ucaldıldı. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə Fərman imzaladı. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edildi. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 150 nəfərə indiyədək “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur, həmçinin 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar verir.
Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda apardığı qalibiyyətli mübarizənin ən seçilən səhifələrindən biri olan 20 Yanvar faciəsinin 33-cü ildönümünü, ötən dövrdəki hədsiz-hesabsız itkilərə və bitib-tükənməyən ağrı-acılara son qoymuş Vətən müharibəsinin qələbə hissi, bu yolda canlarını fəda etmiş şəhidlərimizin intiqamının alınmasından doğan təsəlli duyğuları ilə qarşılayır. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Vaxtilə Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu gün biz ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik. Artıq bütün şəhidlərimizin ruhu şaddır. Vətən müharibəsindəki tarixi Qələbəmiz göstərdi ki, ölkəmizin azadlığı , suverenliyi uğrunda şəhid olan hər bir soydaşımızın qanı yerdə qalmadı .
Yaqut Ağaşahqızı
İki sahil.- 2023.- 18 yanvar.- S.5.