SƏN ELƏ BİR ZİRVƏSƏN
Kİ…
2023-cü ilin ölkəmizdə
"Heydər Əliyev İli" elan edilməsinə dair
Prezident Sərəncamında da xüsusi
vurğulandığı kimi, Azərbaycan xalqı yeni əsrə
və yeni minilliyə məhz Heydər Əliyev zəkasının
işığında qədəm qoymuşdur
Tanrı sanki Onu xüsusi missiya -
Azərbaycanı qurmaq, yaratmaq, inkişaf etdirib dünyaya
tanıtmaq üçün yaratmışdı. Müasir Azərbaycan
dövlətinin memarı və qurucusu, ölkəmizin
müstəqilliyi, inkişafı naminə əvəzedilməz
işlər görmüş, bununla da dünya və regional
proseslərə təsir göstərmiş Heydər
Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə
xatırlayacağımız dahi şəxsiyyətdir…
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin
ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi
haqqında Sərəncamı
dahi şəxsiyyətin dövlətimiz, xalqımız
qarşısında xidmətlərinin çoxşaxəliliyini,
miqyasının böyüklüyünü təsdiqləyir,
müasir müstəqil Azərbaycan Respublikasının,
dövlətçiliyimizin bugünkü tərəqqisində,
ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə
tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir.
Azərbaycan
dövlətinin və xalqının 1969-cu ildən
başlayaraq 53 ildir ki, Heydər Əliyev epoxasında
qurub-yaratdığını və ölkəmizin bu
uzaqgörən dahi şəxsiyyətin ideallarının
işığında hərtərəfli inkişaf edib. Onun
fəaliyyətinin hər bir mərhələsi - istər 1969-1982- ci illəri əhatə edən
Azərbaycanda hakimiyyətinin birinci dövrü, istər
Naxçıvan mərhələsi, istərsə də
müstəqilliyimizin bərpasından sonrakı dövr
ayrı-ayrılıqda tədqiqat mövzusudur.
Ümummilli Liderin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə SSRİ daxilində ölkəmizə qənim kəsilən dairələrin hücumları dəf edilmişdi. Ulu Öndərin diqqəti və qayğısı, həyata keçirdiyi islahatlar sayəsində Azərbaycan ittifaq daxilində inkişaf edən ən vacib ölkələrdən birinə çevrilmişdi. Ulu Öndərin respublikaya birinci rəhbərliyi dövrünü tərəddüd etmədən Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı hesab edə bilərik. Bu dövrdə respublikada görülən işlərin kataloquna baxanda gözlərimiz önündə nəhəng bir mənzərə canlanır. Heydər Əliyev milli kadrların yetişməsində, milli düşüncənin formalaşmasında, tarixi adət-ənənələrin yaşadılmasında və inkişaf edərək gələcək nəsillərə çatdırılmasında müstəsna xidmət göstərən milli rəhbər obrazını yaradan və yaşadan şəxsiyyətdir. Onun müstəqil qərar qəbuletmə qabiliyyəti, respublika iqtisadiyyatını İttifaq asılılığından xilas etməsi, milli zabit kadrların hazırlığı yolunda dəqiq hesablanmış addımları, müstəqil düşüncəyə sahib yaradıcı ziyalıları müdafiə edib müxtəlif yüksək vəzifələrə təyin etməsi gələcəyə hesablanmış dəqiq prinsipial məsələlər idi. Beləliklə, Ümummilli Liderin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri olduğu dövrdə gördüyü işlər nəticəsində respublikamız SSRİ-nin ən strateji respublikalarından birinə çevrildi.
Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Amma respublikamızın uğurlarını həzm edə bilməyənlər ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verdikdən sonra Azərbaycana qarşı böyük haqsızlıqlar etməyə başladılar. Bacarıqsız insanların respublikaya rəhbər vəzifələrə gətirilməsi ilə SSRİ-nin başında duranların xalqımıza yönələn cinayətləri davamlı şəkil aldı. Dövlətimiz bir daha ağır günlərini yaşadı. Ötən əsrin 90-cı illərində Ulu Öndər ölkəmizi parçalamağa, süqut etdirməyə çalışan xarici güc mərkəzlərini, daxili xəyanətkarları zərərsizləşdirərək Azərbaycanın müstəqilliyini qorumuş və inkişaf yoluna çıxarmışdı.
Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə yeganə bir səbəbi var idi - xalqın partiyanın Sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi. Torpaqlarımızın işğalının qarşısını aldı. 1994-cü ildə dahi şəxsiyyətin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunması ölkəmizdə sabitliyin möhkəmləndirilməsində öz sözünü dedi. Azərbaycan yenidən quruldu. Dövlətçiliyin əsasları yaradıldı.
Ulu Öndər bütün dünya azərbaycanlılarını tarixi Vətən işığında bir araya gətirən azərbaycançılıq ideologiyasını cəmiyyətə təqdim etmiş, qloballaşma mühitində ana dilimizə, digər milli-mənəvi dəyərlərimizə dövlət qayğısının mükəmməl örnəyini yaratmış, Azərbaycanı çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi dünyaya tanıtmışdır.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan
dövləti, xalqı qarşısındakı xidmətlərinin
çəkisi və əhəmiyyəti ölçüyəgəlməzdir.
Ümummilli Liderin səyləri
nəticəsində 1994-cü il
sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan
neft sazişinin
imzalanması bugünümüzə və gələcəyə
hesablanmış addımlar sırasındandır. Bu gün Azərbaycanın
dünya miqyasında enerji
təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında da Ulu Öndərin
hazırladığı neft
strategiyası, ölkənin enerji siyasətinin
uğurlu həlli dayanır.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır.
Bu gün ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir. Bu tarixi epoxanın ayrı-ayrı mərhələlərdəki parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı, böyük ideyaları və mübarizəsi ilə üzvi surətdə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi zəfərlərlə, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir epoxasını yaratmağa nail olmuşdur. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı.
Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır, Qarabağ işğaldan azad edilib. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.
Geridə qoyduğumuz "Şuşa ili"ndə Qarabağın incisi olan gözəl Şuşada mühüm və vacib tədbirlər keçirilib. 2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində isə Qarabağa qayıdışın toy-bayram büsatlı günlərinin, biri digərindən maraqlı olan silsilə tədbirlərin şahidi olacağıq. Xalqımızın fəxri və qüruru olan, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Yeni ilin ilk günlərindən başlayan 100 illik yubiley tədbirləri nəinki respublikamızda, bir çox xarici ölkələrdə, həmçinin diaspor təşkilatlarında, səfirliklərimizdə, bir sözlə, dünya azərbaycanlıları tərəfindən böyük sevgi və təntənə ilə qeyd ediləcəkdir.
Yaqut Ağaşahqızı
İki sahil.- 2023.- 18 yanvar.- S.4.