Tarixin qara səhifəsi:

1948-1953-cü illər deportasiyası

 

Azərbaycanlıların tarixi torpaqlarından kütləvi şəkildə “təmizlənməsi” xalqımıza qarşı növbəti cinayət idi

 

Son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət  nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran  edilmişdir.

Tədqiqatçıların araşdırmalarına görə, 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin-İ.Stalinin, F.RuzveltinU.Çörçillin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə olunarkən erməni diasporu SSRİ xarici işlər naziri V.Molotova müraciət edib İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdi. Məsələ ilə bağlı V.Molotov elə oradaca İ.Stalinlə danışdıqdan sonra SSRİ rəhbəri ermənilərin köçürülməsinə razılıq vermişdi. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutyunov bu fürsətdən istifadə edərək köçürülmə ilə əlaqədar azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası barədə qərar verilməsinə nail olur.

Tarixi sənədlərdən məlumdur ki, 1947-ci il noyabrın 28-də Ermənistan KP MK-da geniş büro iclası keçirilib. Həmin iclasda azərbaycanlılar yaşayan rayon partiya komitələrinin nümayəndələri və respublikanın yüksək vəzifəli şəxsləri iştirak ediblər. Büroda Q.Arutyunov demişdi ki, Moskvada olarkən M.C.Bağırovla azərbaycanlıların Ermənistandan köçürülməsi və 450-500 min erməninin bura qaytarılması, onların buradan köçürülənlərin boş qalan mülklərində yerləşdirilməsi məsələsi razılaşdırılmışdır. Məhz bundan sonra azərbaycanlıların Ermənistan SSR adlanan ərazisindəki dədə-baba torpaqlarından kütləvi şəkildə qovulması prosesinin növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar verdi. 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” yeni qərarında göstərilirdi ki, bu, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. Hər iki qərarı türk düşməni İ.Stalin imzalamışdı.

Tarixin ən qanlı diktatorlarından olan İ.Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış məntəqələrinin boşaldılması idi. Bu səbəbdən ilk mərhələdə İrəvan şəhəri yaxınlığındakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür. Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır.

Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir. 1947-1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirilmişdir.

Məsələ ondadır ki,  1989-cu ilin noyabrında SSRİ Ali Soveti “Məcburi köşürülməyə məruz qalmış xalqlara qarşı repressiya aktlarının qeyri- qanuniliyi və cinayətkarlığının etiraf olunması və onların hüquqlarının təmin edilməsi haqqında” bəyannamə qəbul etmişdir. Lakin sənəddə azərabycanlıların deportasiyası ilə bağlı məsələyə heç toxunulmamışdır.

Həqiqətən də 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı bu antibəşəri hadisədən ötən 50 il ərzində lazımınca  araşdırılmamış, ona hüquqi-siyasi qiymət verilməmişdir. Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması yalnız ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli Lider 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalamışdır. Fərmanda deyilir: Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Dövlətimizin başçısı bildirib ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

 

Zahid Rza

 

İki sahil.- 2023.- 18 yanvar.- S.6.