İmperiya rəhbərlərini cinayətkar adlandıran LİDER

 

1990-cı ildə törədilən 20 Yanvar faciəsini Azərbaycan xalqının azadlıq mücadiləsinə təcavüz adlandıran, hadisələrə ilk siyasi qiymət verən ulu öndər Heydər Əliyevin bu addımı o dövrdə qətiyyət və cəsarət tələb edirdi

 

«Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm» söyləyən ulu öndər Heydər Əliyevin xilaskarlıq misiyasını yaşadan məqamlardan biri də 1990-cı ildə Azərbaycanın müstəqilliyinə qarşı törədilən 20 Yanvar faciəsində xalqına dayaq, dəstək olmasıdır. 1905-ci ildə çar Rusiyasında törədilən «9 yanvar, qanlı bazar günü»nün təkrarı olmaqla imperiyanın «Parçala, hökm sür» siyasətinin çirkinliklərini əks etdirən 20 Yanvar hadisələri müstəqillik tariximizin qanlı, həm də şərəfli səhifələrindəndir. Ulu öndər Heydər Əliyevin «Xalq milli əhval –ruhiyyə ilə milli-mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basırlarsa, bax, bu, xalqın ən böyük faciəsidir» sözlərinin reallığını həyatda yaşayan Azərbaycan xalqı dönməzliyini, torpaq uğrunda şəhid olmaq müqəddəsliyinin xalqın varlığı üçün başlıca şərt olduğunu dünyaya bəyan etdi.

20 Yanvar faciəsi SSRİ-nin birinci və axırıncı prezidenti, ermənipərəst Mixail Qorbaçovun başçılığı, sovetlərin güc strukturlarının rəsmiləri D. Yazovun, B.Bakatin, B.Barennikov... kimi qana susayan qatillər, milli dəyərlərdən xəbərsiz Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun qanlı əlləri ilə törədilmiş faciə kimi tariximizə yazıldı.1995-ci aprelin 27-də İstanbulda Qara Yanvarla bağlı səhvini «Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi» sözləri ilə etiraf edən Mixail Qorbaçov yazdığı «Həyat və islahatlar» kitabındakı memuarlarında Sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyiniizah edir: «Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır» söyləməklə günahsız azarbaycanlıların qatili olduğunu da təsdiqləyir.

Məqsəd ermənilərin istəyinə uyğun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi. Topxana meşəsinin dağıdılması, soydaşlarımızın tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan kütləvi çıxarılması, azərbaycanlı olduqları üçün soydaşlarımızın erməni quldurları tərəfindən hər cür işgəncələrə məruz qalmaları xalqımızı daha da hiddətləndirirdi. Respublikamızın bütün bölgələrində başlanan ümumxalq etirazlarının qarşısının alınması üçün hadisədən əvvəl SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın böyük hərbi kontingenti Azərbaycana gətirildi. «Çağırılmamış paqonlu qonaqların» Qala, Nasosnı aerodromlarında, «Salyan kazarması»nda yerləşdirilməsi qırğının düşünülmüş ssenari əsasında hazırlandığını göstərirdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycandan qoparılması planının ilk mərhələsi 20 Yanvarda başlanıldı.

Naxçıvandan başlanan «sərhəd hərəkatı»nın iştirakçılarını narkoman, başıpozuq dəstə adlandıran imperiya cəlladları 20 Yanvar qırğınını törətməklə insanların müstəqillik arzularını beşikdə ikən boğmağa çalışanlar xalqın etiraz səslərini susdura bilmədilər.

…Yanvarın 19-da erməni silahlılarının Sədərəyə (Naxçıvan MR) silahlı hücumları zamanı azyaşlı Maliklə Elvin qardaşlarının adları şəhidlik salnaməmizə ilk yazılanlardan oldu. Yanvarın 20-nə keçən gecə ermənilərin çoxluq təşkil etdiyi imperiya qoşunları Bakını güllələdilər.

Bakı sabaha gözünü qanla açdı. Xalqların milli oyanış istəyini boğmaq üçün Alma-Atıda, Vilnüsdə, Tbilisidə günahsız insanlara divan tutan «qırmızı ulduzlu»lar qəflətən Bakının meydanlarına, küçələrinə toplaşan dinc sakinləri gülləbaran etdilər.

Bakıda və rayonlarda 132 nəfər öldürüldü. 744 nəfər yaralandı. 841 nəfər qanunsuz həbs olundu. Yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, xeyli dövlət və şəxsi əmlak məhv edildi.

 Xalqımıza məxsus milli-mənəvi dəyərlərdən xəbərsiz, vəzifə düşkünü Əbdürrəhman Vəzirov başda olmaqla respubika rəhbərliyi xalqla bir olmağa deyil, Kremlin əmrlərini yetirməyə üstünlük verdilər.

Hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək ermənipərəst Mixail Qorbaçov başda olmaqla qanlı faciəni törədənləri cinayətkar adlandıran müdrik şəxsiyyət, fərdi təqaüdçü, xalqını, Vətənini canından artıq sevən Heydər Əliyev bildirdi ki, güc strukturlarının bu heyətdə respublikalara nəzarəti heç zamanheç bir ölkədə müşahidə olunmayıb . Bakıdakı qırğınlar azmış kimi Gəncədə, Naxçıvanda fövqəladə vəziyyət elan olundu, qadağan saatı tətbiq edildi.

Müstəqil dövlətimizə qarşı siyasi təcavüz olan bu hadisəyə ilk etirazını nümayəndəlikdəki çıxışı ilə bildirən Ulu Öndər həmvətənlərimizi milli birliyə, həmrəyliyə çağırdı. Həmin teleqramda yazılırdı: « Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə. Azərbaycan xalqına!

Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən- dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radioteleviziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.

 

Heydər Əliyev

Moskva, 21 yanvar 1990-cı il

 

Təbii ki, Ulu Öndərin xalqla birliyinin ifadəsi olan bu sözləri respublika əhalisindən gizlədildi. O ağır günləri «Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi» sözləri ilə xatırlayan Prezident İlham Əliyev Ulu Öndərin Vətənə sədaqət irsini layiqincə davam etdirir.

«Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə» söyləyən ulu öndər Heydər Əliyev sonrakı illərdə təkcə 20 Yanvar faciəsinə deyil, Sumqayıt hadisələrinə, Xocalı soyqırımına da siyasi, hüquqi qiymət verən ilk dövlət xadimi oldu. Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyindəki çıxışına görə Kremlrespublika rəhbərliyi tərəfindən təqib olunmasına baxmayaraq Naxçıvan MR Ali Məclisinin sıravi deputatı kimi «1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında» qərar layihəsini işləyib hazırlayan Ulu Öndər 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən təhqir, hərbi təcavüz adlandırıb.

Naxçıvan MR Ali Məclisinin Sədri işləyərkən 20 Yanvar faciəsinin ümumxalq hüzn günü kimi qeyd edilməs ilə bağlı Bəyanıtn qəbulunu vacib hesab edən Ulu Öndər Azərbaycan xalqının demokratiyamilli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkəti görünməmiş vəhşilik adlandırdı. Tələbi bu idi ki, dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyənlərə qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi açıq təcavüz kimi ittiham olunmalıdır. Bəyanatda qanlı Yanvar hadisələrinin günahkarlarını üzə çıxarmaq, qırğını təhlil etmək və siyasi qiymət verməklə bağlı respublika əhalisinin tələblərinə baxmayaraq faktiki olaraq heç bir tədbirin görülməməsi xalqa xəyanət adlandırılır. Bu cür cəsarətli dəyərləndirmə yalnız ulu öndər Heydər Əliyev kimi qətiyyətli, iradəli şəxsiyyətlərə məxsus ola bilərdi . «Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyllərindən əmələ gələn bir haldır və eyni zamanda Azərbaycan rəhbərliyinin xalqa xəyanəti və cinayətinin nəticəsidir» söyləyən Ulu Öndər qatillərin tapılıb meydana çıxarılmamasını, bir həbs edilməməsini narahatlıqla söyləyirdi: «Bu necə olur? Əgər biz şəhidləri görürüksə, onların qəbrlərinin üstünə gündə minlərlə adam gedirsə, bəs bunların qatilləri kimlərdir? Bunlarüçün indiyə qədər kənarda qalıblar? Bu, çox təəccüblü məsələdir. Bu xalqı incidir, narahat edir, hər bir adamda bu sualı vermək hüququ yaradır. Mən şəxsən bu sualı verirəm, ancaq cavab ala bilmirəm» söyləyən, 20 Yanvar faciəsinin ədalətli cavabını da uzaqgörənliyi , təcrübəsi, qətiyyəti ilə bildirən müdrik şəxsiyyət Ümummilli Lider adını siyasi iradəsinin gücü ilə doğrultdu.

Bir həqiqət bu gün də dəyişilməzdir: Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi mərkəzi hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. Azərbaycan xalqının müstəqillik yolunda mübarizlik tarixidir. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbçilərinin qorxunc qaragüruhuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

Əsrlər boyu imperiyanın əsarəti altında qalan xalqımızın istibdadın zülmlərinə, ədalətsizliyinə cavabı 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazandığı Qələbə oldu.

Prezident İlham Əliyevin «Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”» sözləri, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı, işğaldan azad edilmiş ərazilərdə qaldırılan üçrəngli bayraqlarımız qəhrəmanlarımızın ruhuna və xatirəsinə göstərilən el hörməti, ümumxalq məhəbbətidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2023.- 19 yanvar.- S.5.