Onlar igid, yenilməz
olduqlarını sübut etdilər
20 Yanvar faciəsindən zərərçəkənlərə
dövlət qayğısı müxtəlif istiqamətləri
əhatə edir
Sovet imperiyasının hərbi-siyasi
rəhbərliyi tərəfindən xalqımıza
qarşı törədilmiş 20 Yanvar faciəsindən 33 il
ötür. Bu faciənin yolu çox-çox uzaqlardan
başlamışdı. O yolun qarşısı nə
SSRİ-nin, nə də ki, Azərbaycanın o vaxtkı rəhbərliyi
tərəfindən kəsilmədi. Əksinə, daşnak
ambisiyalarına dəstək verildi, onların daha geniş əl-qol
açmasına şərait yaradıldı. Yanvarın 19-dan
20-nə keçən gecə Sovet ordusunun ən müasir
silahlarla təchiz olunmuş ayrı-ayrı hərbi birləşmələri
Bakıya soxularaq qanlı qırğınlar törətdi.
Həmin
faciədə şəhid olmuş oğul və
qızlarımızın dəfn mərasimində iki milyondan
artıq insanın iştirakı dünya milli azadlıq hərəkatı
tarixində bir örnək kimi qiymətləndirilir. Şəhidlərimizin
dəfn günü xalqın göstərdiyi rəşadət
elə 20 Yanvar günü yaşanan qəhrəmanlıq qədər
möhtəşəm bir mənzərə idi. Bu hadisəyə
qədər ən gözəl hədiyyə sayılan qərənfil
20 Yanvar hadisələrindən sonra mahiyyətini dəyişdi
və daha çox kədər rəmzi, şəhid qanı
kimi xarakterizə olunmağa başladı.
20
Yanvar faciəsi Sovet imperiyasının əsl mahiyyətini,
iç üzünü açıb göstərdi. Azərbaycan
xalqının milli azadlıq hərəkatına keçidini
sürətləndirdi. Bu qanlı hadisə SSRİ-nin
dağılmasında xüsusi bir mərhələ oldu. Faciə
həm də milli birliyimizin və gücümüzün rəmzinə
çevrilərək yeni nəsillərə
çatdırılacaq ən şərəfli tariximizə
çevrildi. 20 Yanvar bizə Vətənə sahib
çıxmağı, Vətənə sahib
çıxanlara sahib çıxmağı öyrətdi.
20
Yanvar təkcə Azərbaycanın deyil, bütövlükdə
türk xalqlarının faciəsi idi. Bu faciə, eyni zamanda,
xalqın bir yumruq kimi birləşməsinin, zülmə, ədalətsizliyə
qarşı ümummilli etirazın baş verməsinin
başlanğıcı oldu. Qanlı qırğından dərhal
sonra o zaman beynəlxalq aləmdən təcrid edilmiş,
heç bir yerdən kömək əldə edə bilməyən
xalqımızın düçar olduğu faciəyə ilk
etiraz səsini ucaldan ulu öndər Heydər Əliyev oldu.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın
Moskvadakı Daimi Nümayəndəliyində verdiyi kəskin
bəyanat 20 Yanvar faciəsi xəbərinin beynəlxalq aləmə
yayılmasında mühüm rol oynadı. Təhlükələrdən
çəkinməyərək Sovet hakimiyyətinin 20 Yanvar
terror əməlinə etiraz edən ümummilli lider Heydər
Əliyev Azərbaycan xalqının başına gətirilən
qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verdi. Ulu
Öndər bu faciənin törədilməsində əsl
günahkarların - SSRİ rəhbərliyinin adını
birmənalı olaraq çəkdi. Bu, Sovet imperiyasının
öz xalqına qarşı silah qaldırmasının və
günahsız əhalini qanına qəltan etməsinin
bütün dünya qarşısında ifşası idi.
Lakin həmin vaxt bu faciənin törədilməsinə
qarşı ən böyük
etiraz və hiddət Azərbaycanın o vaxtkı rəhbərliyindən
gözlənilsə də, təəssüf ki, bu hal baş
vermədi.
İndi
şəhidlərimizin uyuduğu Şəhidlər
xiyabanı Azərbaycan xalqının ən müqəddəs
yerlərindən biridir. Bu zirvədən keçmişimiz də,
gələcəyimiz də, o taylı, bu taylı Azərbaycan
da görünür. Şəhidlər xiyabanı tariximizin,
itkilərimizin və qürurumuzun rəmzidir.
Möhtərəm
Prezidentimiz İlham Əliyev hər il 20 Yanvar faciəsinin
ildönümündə Şəhidlər xiyabanını
ziyarət edir. Dövlət başçısının
göstərişi ilə respublikamızın hər bir
bölgəsində anım tədbirləri keçirilir. 20
Yanvar qurbanlarının ailə üzvləri, hadisə
zamanı sağlamlığına ziyan dəymiş insanlar hərtərəfli
dövlət qayğısı ilə əhatə olunublar.
Dövlət
başçısı İlham Əliyevin müvafiq Fərmanı
ilə müharibə və ya 1990-cı ilin 20 Yanvar faciəsi
zamanı şəhid olmuş hər bir şəxsin ailəsi
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
aylıq məbləği artırılaraq 2023-cü il
yanvarın 1-dən 600 manat müəyyən edilib. Həmçinin
Prezident İlham Əliyevin Fərmanına əsasən,
müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri
ilə əlaqədar əlilliyi olan şəxslərə
verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
aylıq məbləği 2023-cü il yanvarın 1-dən artırılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə
əlilliyi müəyyən edilmiş şəxslərə
500 manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına
görə əlilliyi müəyyən edilmiş şəxslərə
400 manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına
görə əlilliyi müəyyən edilmiş şəxslərə
isə 330 manat təqaüd müəyyən edilib.
Sözügedən təqaüdlərin artırılması
ölkə rəhbərliyinin bu kateqoriyadan olan insanlara
yüksək diqqət və qayğısının ifadəsidir.
Bakı
şəhərində, habelə ölkəmizin başqa yerlərində
də 20 Yanvar şəhidlərinin adını əbədiləşdirən
çoxlu abidələr, xatirə kompleksləri
ucaldılmışdır. Lakin ən möhtəşəm
abidəni xalqımız öz qəlbində,
yaddaşında yaratmışdır. 20 Yanvar şəhidlərinə
ən müqəddəs və əbədi abidə isə
xalqımızın müstəqilliyi və
azadlığıdır. Xalqımız ölkəmizin
müstəqilliyi göz bəbəyi kimi qorumaqla 20 Yanvar
şəhidlərinin xatirəsini əbədi yaşadacaq.
Cavid Əkbərov
İki sahil.- 2023.- 20 yanvar.- S.8.