20 Yanvar qırğınının lənətlənmiş müəllifi

 

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Heydər Əliyev Moskvada tutduğu vəzifələrdən təzyiqlə uzaqlaşdırılandan sonra ermənilər fəallaşdılar. Bu hadisədən bir ay keçməmiş SSRİ rəhbəri Mixail Qorbaçovun müşaviri, akademik Abel Aqanbekyan FransadaHumanite” qəzetinə müsahibəsində o zamankı Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsinin "məqsədəuyğunluğunu" bəyan etdi.

Bununla da o, dünya ermənilərinə ayağa qalxmaq, Azərbaycana qarşı hücuma keçmək mesajını verdi. O zaman Qorbaçovun əzizlədiyi ermənilər o qədər həyasızlaşmışdılar ki, Ermənistan SSR Elmlər Akademiyasının prezidenti, akademik Viktor Hambarsumyan hətta SSRİ Ali Sovetinin iclasında çıxış edərək bu yolda lazım gəlsə qan tökəcəklərini açıqca bildirdi. Ancaq bu, deputatlar və hökumət üzvləri arasında ciddi reaksiya doğurmadı. Çünki onlar bilirdilər ki, etirazın heç bir mənası olmayacaq, Mixail Qorbaçov və ermənilərdən bahalı daş-qaşlar almış arvadı Raisa Qorbaçova bu çirkin məsələdə onlara öz “xeyir-dualarını” əvvəlcədən veriblər. Azərbaycandan olan deputatların isə ciddi narazılığı heç effekt vermədi.

1988-ci ildən etibarən erməni millətçiliyinin aşkaraqressiv fazaya keçməsi ilə azərbaycanlıların Ermənistandan öz dədə-baba torpaqlarından növbəti deportasiyası başladı. SSRİ-nin bu etnik təmizləmə siyasətini ört-basdır etməyə gücü çatmadı. Çünki yüzillər boyu təkrarlanan prosesin yönləndiricisi elə imperiyanın özü idi. 1988-ci ildə Ermənistana səfər edən Sov. İKP Mərkəzi Komitəsinin katibi , ölkənin baş ideoloqu Aleksandr Yakovlev ermənilərə qətiyyətli hərəkət etməyi, Qarabağı nə yolla olursa-olsun işğal etməyi tapşırdı. Sonrakı aylarda və illərdə Sovet hökuməti ekstremist ermənilər üçün Azərbaycan əleyhinə cinayətkar planlar işləyib hazırladı və bunların güc yolu ilə reallaşdırılması üçün onları silahlandırdı. Sumqayıt şəhərində törədilən qanlı qırğın həmin planların tərkib hissələrindən biri idi. Bütün bunlardan məqsəd dünyada azərbaycanlıların vəhşi obrazını yaratmaq, onları günahkar kimi təqdim etmək, separatçı və terrorçu ermənilərə Qarabağı işğal etməkdə haqq qazandırmaq idi.

Ölkəni milli münaqişə alovları bürüdüSSRİ-nin idarəetmə orqanları bir-bir sıradan çıxaraq funksiyalardan məhrum oldu.  Ermənistanın Qarabağı Azərbaycandan qoparmaq üçün dişini qıcayaraq, bütün etik-mənəvi və siyasi dəyərlərə tüpürərək hücuma keçməsi gələcək qanlı hadisələrin açarı oldu. Proseslər bir-biri ilə zəncirvari şəkildə əlaqəli idi. Ermənilərin içlərində gizlətdikləri türk nifrəti şahə qalxmışdı və hadisələrin hüquqi tənzimlənməsi məhvərindən çıxmışdı.

Belə bir məqamda SSRİ-nin yenidənqurma strateqləri nəhəng gücün çöküşünün qaçılmaz olduğunu anlayaraq Rusiyanın imperiya ənənələrini dirçəltməyə cəhd edirdilər. Moskva konfliktlərin artmasından vəcdə gələrək xaosun idarə edilməsi üçün müxtəlif qanlı oyunlar qururdu. Avantürist Qorbaçov SSRİ-nin dağılması üçün əllərindən gələni əsirgəmir, bu işdə ermənilərin köməyinə arxalanırdı.

SSRİ ərazisinin kəşfiyyat poliqonuna çevrilməsi imperiyanın labüd çöküşünü sürətləndirirdi. SSRİ-nin dağılması ilə ondan qopacaq sərvətlərin kimin caynağına keçəcəyi uğrunda strateji məqsədlərin  arxasında görünməyən rəqabət hökm sürməkdə idi.

SSRİ isə tarixin səhnəsini tərk etmək təhlükəsini sovuşdura bilmirdi, ona görə də son nəfəsində belə, toqquşmaları körükləməklə siyasi səhnədən elə-belə, sakitcə getmək istəmirdi.  Bu xəbis niyyətlə SSRİ rəhbərləri əllərini axıdacaqları qana batırmadan dəfn olunmaq niyyətində deyildilər və bu istəklərini Azərbaycanda reallaşdırdılar.

SSRİ-ni 20 Yanvar qırğını törətməyə hansı səbəblər vadar etdi? Burada Azərbaycanın daxili-siyasi mühitindəki çəkişmələrin rolu var idimi? Təcrübə göstərir ki, Sovet rəhbərliyi onsuz da başqa bəhanələr tapıb Bakıya qoşun yeridəcəkdi. Bu qırğının əsas məqsədi azərbaycanlıları qorxudub yerində oturtmaq idi. Sonra isə Qorbaçovun planında nəzərdə tutulduğu kimi, Azərbaycan imperiyadan ikiəlli yapışmalı olacaq, ermənilər isə Qarabağı Ermənistana birləşdirəcəkdilər. Faciəvi günlər ərəfəsində başda SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov, SSRİ müdafiə naziri, marşal Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK-sının sədri Vladimir Kryuçkov olmaqla Moskvada tərtib olunan qırğın planını həyata keçirmək məqsədi ilə SSRİ-nin bütün güc strukturlarının rəhbərləri də Bakıya gəldilər və qanlı əməliyyatlara şəxsən başçılıq etdilər.

SSRİ qoşunları 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olaraq mülki insanları qətlə yetirdi. Sonradan məlum oldu ki, üzləri qapalı olan saqqallı ermənilər bu qırğınlarda xüssi qəddarlıqları ilə fərqləniblər. Onlar StavropoldanKrasnodardan orduya çağırılmış zabitlər olublar.

Beləliklə, ağılsız və sərsəm Qorbaçov və cəllad komandası SSRİ-ni ermənilərin qara niyyətlərinə qurban verdilər. 20 Yanvar faciəsi isə Azərbaycan xalqının azadlığı üçün atılan ilk böyük addım, onun əzminin və yenilməzliyinin göstəricisi kimi tarixə döndü.

20 Yanvar faciəsinin lənətlənmiş müəllifi Mixail Qorbaçov 1995-ci aprelin 27-də İstanbulda Qara Yanvarla bağlı bunu demişdir: "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi."

Bəli, çox böyük səhv idi  və Azərbaycan xalqı bu səhvi bağışlamır və unutmur... Əsrlər boyu unutmayacaq da!   

 

Vəli İlyasov

 

İki sahil.- 2023.- 20 yanvar.- S.7.