Vüqar Rəhimzadə: 20 Yanvar faciəsi
bəşər tarixində
insanlığa
qarşı törədilmiş ən ağır cinayətlərdən
biridir
Azərbaycan
övladları 1990-cı il yanvarın 20-də
xalqımızın qəhrəmanlıq salnaməsinə
parlaq səhifə yazdılar
“Tarix xəyanəti və faciələri unutmur, daim yaddaşında saxlayır. Bu gün 33-cü ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsi xalqımıza qarşı törədilən misli görünməmiş qanlı bir cinayət idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Həmin gün özünün azadlığı və müstəqilliyi uğrunda dinc mübarizə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. 20 Yanvar tarixi həm də öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqın mənəvi qələbəsi, milli qürur hissinin təntənəsi günü idi.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə bu mühüm məqamı xüsusi vurğulayıb ki, o ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı kütləvi qətliam aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən ulu öndər Heydər Əliyev oldu: “Ümummilli Lider Vətən, xalq, millət sevgisindən irəli gələn cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Ulu Öndər Bakıya ordu yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə ailə üzvləri ilə birlikdə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv, cinayət kimi ifşa etdi. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Dahi liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində sistemli iş aparılmasına başlandı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.”
“Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canlarını qurban verən Azərbaycan övladlarının məzarlarını ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı: “Bu gün Şəhidlər xiyabanında ucalan "Əbədi məşəl" abidə kompleksi də məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu ənənəni də davam etdirərək hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısı şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir.”
Vüqar Rəhimzadə bildirib ki, bu gün
şəhidlərimizin ruhu şaddır: “Azərbaycanın
müstəqilliyi əbədidir. Azərbaycanın
sözü imzası qədər əhəmiyyətlidir.
Ölkəmiz sülh gündəliyinin müəllifi kimi
mövqeyini möhkəmləndirir. Xalqımız müstəqildir.
Heç bir qüvvə xalqımızın siyasi iradəsinə
təsir etmək imkanında deyil. Qarabağ, Şərqi Zəngəzur
azaddır. Qalibiyyət rəmzimiz olan üçrəngli
bayrağımız bu torpaqlarımızda qürurla
dalğalanır. Artıq növbəti hədəfimiz Qərbi
Azərbaycana qayıtmaqdır. Tarixi ədalətə əsaslanan
bu hədəfimizə də birliyimiz, həmrəyliyimiz sayəsində
nail olacağıq.”
Vüqar Rəhimzadə
İki sahil.- 2023.- 20 yanvar.- S.4.