Hüzn gülü...

 

Rəngini və ünvanını dəyişən qərənfilin dərdi haqqında

 

Bir qərinədir hər 20 Yanvar gələndə mən həm də qərənfillərin dərdini çəkirəm. Bəxtsiz qərənfillərin! Şəhid qərənfillərin! Bilirsinizmi, bir vaxtlar, qoy lap dəqiqini deyim, 33 il əvvələ qədər zərif ləçəkləri məhəbbət qoxuyan, aşiqlərin ilk görüşdə həyadan, utanmaqdan allanmış yanağı rəngli qırmızı qərənfillər başqa güllərin həsəd aparacağı qədər xoşbəxt idilər. Mən xatırlamıram, ancaq yaşlı nəslin yaxşı yadında olar.

Dünyanın qəddarlıqla işğal edilmiş az qala yarısı üzərində qurulan və 70 il fərqli xalqları, millətləri əsarətdə saxlayan sovet imperiyasının zorən “qayğısız” gəncləri sevdiklərinə ürəklərini açmağa, görüşə gedəndə qərənfil alardılar. İmkanı olanların parlaq cığaralara, kasıb tələbələrin ucuzpravda” kağızına bükdüyü, həyəcandan titrəyən barmaların sardığı tək saylı o xoşbəxt güllər sevinclə sevgi ünvanına çatmağa tələsərdi. Görəsən, niyə iki insanın sevgisinə şahid olacaq güllərin sayı tək olmalıydı axı? Ya da görəsən niyə 33 il əvvəlin o məşum gecəsindən sonra canını Vətənin azadlığı uğrunda torpaqla bir edib müqəddəs torpağa çevrilən 147, üstəgəl sonrakı daha minlərlə şəhidimizin məzarları üstünə mütləq cüt sayda qərənfil qoyulmalıdır? Bilmirəm...

Bildiyim odur ki, 33 il əvvəlin o məşum gecəsinin ən bəxtsiz şahidi, ən dərdli şəhidi qərənfillər oldu. Abşeronun gözəlliyi ilə dünyanın hər yerində tanınan, həmin o dünyanın az qala yarısı boyda imperiyanın hər yerində tək-tək, ədəd-ədəd satılan, hər yerdə sevgililər üçün alınan xoşbəxt qərənfillər. Qansızların insan qanına susamış güllələrinin, tırtılları insanlıq adına müqəddəs olan hər şeyi əzməyə, məhv etməyə sevinən tanklarının gurultusundan yata bilmədiyi atəş rəngi, qan rəngi almış qırmızı gecənin qara sabahında qara günə oyanan qərənfillər. Bir qərinədir rəngini də, aparıldığı, qoyulduğu yerini, ünvanını da dəyişən yazıq qərənfillər... Şəhid qərənfillər...

Heç fikir vermisinizmi ki, həmin o məşum şənbə gecəsindən sonra hər il 20 Yanvarda göy üzü qara bağlayır, qara buludlar yağış ağlayır, qar ağlayır! Tanrı o şənbə gecəsi fəryadına yetişmədiyi günahsızların ruhu qarşısında günahını yuyur elə bil. 31 ildir hər fevralın 26-da da olduğu kimi!

O şənbə gecəsi tək suçu Vətəni sevmək olan əliyalınlarla ölüm saçan “Kalaşnikov”ların, tırtılı ilə insanlıq adına müqəddəs olan hər şeyi tapdalamağa, əzməyə hazır zirehli tankların cildinə girmiş şeytanın şərinin, nifrətinin, qəddarlığının savaşı baş verdi. Vətənini qorumaq, haqqı olan azadlığına qovuşmaq üçün ayağa qalxan böyük xalqın qoca və qəzəbli imperiyanın Azərbaycanın ürəyinə - Bakıya sancılmış korşalmış caynağını dartıb yerindən çıxarmasıyla qan su yerinə axdı. 147 şəhidin, 744 yaralının al qanları sonu Ülvinin nənəsinin təndir evinin qabağına gedib çıxan yollarda gölə, 13 yaşlı Larisa və İlqarın, 14 yaşlı Nərimanın məktəb partalarının üstündəki qərənfillərə, İlham və Fərizənin ürək dağlayan nakam sevgi dastanına, Azərbaycanın əbədi və dönməz müstəqilliyinə çevrildi!

20 Yanvar faciəsi Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Biz o yolun qanlı-qadalı olduğunu, qurbanlarsız ötüşməyəcəyini bilirdik. Ancaq o yolun geriyə dönüşü daha böyük qurbanlar, faciələr demək idi. Odur ki, həmin məşum şənbə gecəsi həm bu yolda hər cür qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifə, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığımız milli azadlıq hərəkatının zirvəsidir!..

Tarixin öz səhifələrində gizlədiyi bütün həqiqətlər nə zamansa gün işığına çıxıb aydınlandığı kimi, heç bir cinayət də cəzasız qalmır, qalmamalıdır. Azərbaycanın milli özünüdərkinin simvolu, azadlığına gedən ağır və keşməkeşli yolun başlanğıcı olan qanlı 20 Yanvar faciəsinin də günahkarları və iştirakçıları gec-tez öz cəzalarını alacaqlar. Bunu hər şeydən əvvəl ilahi ədalət tələb edir!

Biz 33 ildir hər Yanvarın 20-si saat 12-də bir dəqiqəlik sükutla təkcə şəhidlərimizin əziz xatirəsini anmırıq, həm də xalqımızın azadlıq mücadiləsindəki əzmini, cəsarətini, yenilməzliyini, şərəf tariximizi xatırlayırıq. Bir qərinədir rəngini də, aparıldığı, qoyulduğu yerini, ünvanını da dəyişən qərənfillərlə. Şəhidlərimizə sirdaş olan qərənfillərlə. Ruhunuz şad olsun, azad Vətənin azadlıq fədailəri! Allah hər birinizə rəhmət eləsin, cənnət məkanlı şəhidlərimiz!

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2023.- 20 yanvar.- S.5.