Xalqa və dövlətə şərəfli
xidmət missiyası
Heydər
Əliyev “Xalqın iradəsini bu çətin dövrdə
yerinə yetirməliyəm” demişdi, xilaskar Lider
böyük vədinə sadiq qalaraq ölkəmizin
inkişaf, tərəqqi yoluna nur saçdı
Hər bir
xalqın tarixinin taleyüklü dönəmlərində,
daha dəqiq desək, “olum, ya ölüm” dilemması
qarşısında qalanda siyasət meydanına elə şəxsiyyətlər
atılır ki, onlar nəinki öz toplumlarını,
bütövlükdə dünyanı gözlənilən
böyük təhlükələrdən xilas etməklə
adlarını tarixə qızıl hərflərlə
yazırlar. Belə tarixi şəxsiyyətlər təkcə
öz xalqlarını və dünyanı kataklizmlərin
qorxunc “caynağından” qoparıb inkişaf, tərəqqi
yoluna çıxarmaqla kifayətlənmirlər. Onlar özlərindən
sonra elə bir irs qoyub gedirlər ki, bu ideologiya tarix boyu təmsil
etdikləri xalqların inkişaf, tərəqqi yoluna nur
saçır, qarşıya çıxan bütün problemlərin
həllində açar rolunu oynayır.
Heç də təsadüfi deyildir ki, indiyədək bəşər tarixinin yetişdirdiyi bu keyfiyyətlərə malik dahi şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı birincilər sırasında çəkilir. Hətta bir az da irəli gedərək əminliklə deyə bilərik ki, Heydər Əliyevin adı belə tarixi şəxsiyyətlərin siyahısında birinci çəkilməyə layiqdir. Bu məqamda sual oluna bilər: Bu əminliyimizə zəmin yaradan hansı amillərdir? Bu sualın cavabını tapmaq üçün qısaca olaraq tarixi faktlara müraciət etmək zərurəti yaranır. Faktlar isə sübut edir ki, dünya binə olandan indiyədək tarixin elə bir mərhələsi olmayıb ki, hər hansı bir lider öz xalqını iki dəfə zamanın sərt sınaqlarından, ağır imtahanlarından sağ-salamat çıxarsın, onu məhv olmaq təhlükəsindən xilas edərək inkişaf, tərəqqi yoluna istiqamətləndirsin. Tərəddüd etmədən demək olar ki, dünya tarixində belə bir çətin missiyanı ilk dəfə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük məharətlə yerinə yetirib.
Fikrimizi əsaslandırmaq üçün gəlin birlikdə yaxın tariximizin səhifələrini vərəqləyək. Ötən əsrin 60-cı illərində SSRİ-nin tərkibində olan Azərbaycan İttifaqın ən geridə qalmış, bütün sahələrdə tənəzzülün girdabına yuvarlanmış milli ucqarlarından biri, bəlkə də birincisi idi. Bütün sahələrdə qarşısıalınmaz geriləmə, ətalət, durğunluq, ruh düşgünlüyü, sabaha inamsızlıq ovqatı hökm sürürdü. Demək olar ki, Azərbaycanı, o dövrün ifadəsi ilə desək, “Biləcəridən o tərəfdə tanıyan yox idi.” Ölkənin belə bir acınacaqlı durumda olduğu bir vaxtda - 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə keçmiş SSRİ-nin ən geridə qalmış aqrar respublikasının həyatında inkişaf, tərəqqi, artıq ölməkdə olan milli ruhun yenidən dirçəlməsi və milli-mənəvi dəyərlərin intişar tapması dövrünün əsası qoyuldu. Ölkəmiz həmin dövrdə formal surətdə müttəfiq respublika statusunda “Qırmızı imperiya”nın tərkibində olmasına baxmayaraq məhz Ümummilli Liderin rəhbərliyi ilə bugünkü müstəqil, hüquqi, dünyəvi, unitar və demokratik Azərbaycan dövlətinin təməlləri atıldı.
Ulu Öndərin 1969-1982-ci illəri əhatə edən respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar haqqında günlərlə, aylarla, hətta illərlə danışmaq olar. Təkcə bircə fakt - totalitar Sovet rejiminin meydan suladığı həmin dövrdə dahi rəhbər Heydər Əliyevin ana dilimizin nəinki qorunub yaşadılması, hətta dövlət dili statusu alması yönündə dönməz mübarizəsi bizə əsas verir uca səslə deyək ki, Ulu Öndərin həyat və fəaliyyətinin hər anı Vətənə və xalqa misilsiz xidmət nümunəsidir.
Gəlin,
həmin fakta bir daha nəzər salaq. 1978-ci il aprelin 2-də
IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan
Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və
onun ümumxalq müzakirəsinin yekunlarına həsr
olunmuş VII sessiyasında məruzə ilə
çıxış edən dahi şəxsiyyət Heydər
Əliyevin təşəbbüsü ilə 73-cü maddəni
aşağıdakı redaksiyada vermək təklif olundu: “Azərbaycan
Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan
dilidir.” Şübhəsiz, Ulu
Öndərin o dövrdə SSRİ məkanında aydın səmada
ildırım çaxması effekti doğuran bu addımı
Kreml tərəfindən qəzəblə qarşılansa da,
Ümummilli Lideri fikrindən daşındırmaq
mümkün olmadı. Nəticədə Heydər Əliyevin
bu təşəbbüsü 1978-ci ilin 21 aprel tarixində qəbul
olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini
tapdı. Dahi şəxsiyyətin bu cəsarətli
addımı, eyni zamanda, gələcək müstəqil
dövlətçiliyimizin milli rəmzlərindən birinin məharətlə
qorunub saxlanmasına zəmin yaratdı, Heydər Əliyev
siyasi irsinin əbədiyaşarlığını təmin
etdi.
Heydər
Əliyev millətimizi və milli dövlətçiliyimizi
ikinci dəfə məhv olmaq,
tarix səhnəsindən silinmək təhlükəsindən
xilas etməsindən söhbət açmamışdan əvvəl
Onun 1993-cü ilin iyununda xalqın iradəsi,
çağırışı və təkidli tələbi
ilə hakimiyyətə qayıdışı ərəfəsindəki
Azərbaycanın siyasi, hərbi, iqtisadi, sosial və iqtisadi həyatında
cərəyan edən mənfi tendensiyalara qısa nəzər
yetirmək zərurəti yaranır. Həmin dövrdə
yenicə müstəqilliyini elan etmiş ölkədə
yaranmış xaos, anarxiya, özbaşınalıq şəraitindən
istifadə edərək hakimiyyəti silah gücünə
qamarlamış AXC-Müsavat cütlüyünün xəyanəti
nəticəsində ərazilərimiz biri-birinin ardınca Ermənistan
hərbi birləşmələri tərəfindən
işğal olunur, iqtisadiyyat çökür, sosial gərginlik
pik həddə çatırdı. Bir sözlə, ölkə
sürətlə uçuruma yuvarlanır, vətəndaş
müharibəsinin ayaq səsləri günlər keçdikcə
daha gur eşidilirdi. Ölkəmiz üçün belə bir
taleyüklü məqamda xalqın təkidli
çağırışlarını səs verərək, əgər
belə demək mümkündürsə, artıq batmaqda olan
gəminin - gənc Azərbaycan dövlətinin sükanı
arxasına keçən ulu öndər Heydər Əliyevin həmin
vaxt söylədiyi aşağıdakı fikirlər bu Vətən
fədaisinin Azərbaycan xalqını və dövlətini hətta
öz canından da çox sevməsinin aydın təzahürü
idi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın
hökmünü nəzərə almaya bilməzdim...
Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə
alaraq bütün məsələləri götür-qoy
etdim. Mən öz taleyimi xalqa tapşırmışam və
xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu
çətin dövrdə yerinə yetirməliyəm.”
Bəli,
xilaskar Lider bu dəfə də vədinə sadiq qaldı.
Özünün dərin zəkasına, tükənməz
intellektual potensialına, yenilməz siyasi iradəsinə, zəngin
dövlətçilik təcrübəsinə və təbii
ki, Onun gücünə güc qatan canından da artıq
sevdiyi, uğrunda hətta ölümə belə getməyə
hazır olduğu xalqının etibarına, etimadına
arxalanaraq gənc müstəqil Azərbaycan dövlətini
tarix səhnəsindən silinmək təhlükəsindən
xilas etdi.
Heydər
Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə
ölkədə milli həmrəyliyi və inkişafı təmin
etdi. Asayiş və qayda-qanun bərqərar edildi,
soyğunçuluğa, vətəndaşların əmlakının
qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu
yaradıldı, Birinci Qarabağ müharibəsində atəşkəs
əldə edildi, münaqişənin dinc yolla nizama
salınmasına dair danışıqlara başlandı.
Qanunsuz silahlı qruplaşmaların dövlət
çevrilişləri cəhdlərinə son qoyuldu. Müstəqil
Azərbaycanda ilk parlament seçkiləri keçirildi,
referendum yolu ilə Milli Konstitusiyamız qəbul edildi. Mətbuat
üzərində senzura aradan qaldırıldı.
Dünyanın tanınmış transmilli şirkətləri
ilə haqlı olaraq sonralar “Əsrin müqaviləsi”
adını alan neft müqavilələrinin imzalanması ilə
Azərbaycanın iqtisadi dirçəlişinin əsası
qoyuldu. Eyni zamanda, respublikamızın beynəlxalq əlaqələrinin
formalaşdırılması və inkişaf etdirilməsi,
ölkənin dünya birliyinə inteqrasiyası prosesinə
başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsinə
yol açdı. Həmçinin Ulu Öndərin müəyyənləşdirdiyi
və həyata keçirdiyi rasional, praqmatik xarici siyasət
kursu sayəsində beynəlxalq münasibətlərin aktoru
kimi çıxış edən dövlətlərlə
müxtəlif sahələrdə qarşılıqlı
faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq
münasibətləri formalaşdırıldı.
Həmin
dövrdə gənc, müstəqil dövlətimizin xarici
siyasətində Azərbaycan lobbisi problemi həllini gözləyən
vacib məsələlər sırasına daxil edilmişdi.
Ulu öndər Heydər Əliyevin çoxsaylı xarici səfərləri
zamanı Azərbaycan diasporu ilə keçirdiyi səmimi
görüşləri onun bu məsələyə hansı səviyyədə
diqqət və qayğı ilə
yanaşdığının göstəricisi idi. Məhz dahi
şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra istər daxildə, istərsə də qürbətdə
yaşayan soydaşlarımız arasında milli Azərbaycan
dövlətçiliyinin varlığına və gələcəyinə
inam yarandı, onların Vətənlə əlaqələri
genişlənərək bu proses ardıcıl xarakter
aldı.
Təbii
ki, Ulu Öndərin istər Sovet Azərbaycanına rəhbərlik
etdiyi 1969-1982-ci illərdə, istər fəaliyyətinin
Moskva mərhələsini əhatə edən 1982-1987-ci illərdə,
istərsə də müstəqil dövlətimizin
sükanı arxasında olduğu 1993-2003-cü illərdə
xalqımızın dünəni, bu günü və gələcəyi
naminə gördüyü nəhəng işləri, yeni Azərbaycanın
dövlətçilik irsinin təməl prinsiplərini təşkil
edən əbədiyaşar ideyalarının təntənəsini
bir yazı çərçivəsinə
sığışdırmaq mümkün deyil. Amma dahi
strateqin zəngin siyasi irsindən söhbət açarkən
Onun yaratdığı və Azərbaycanın son illərdə
bütün sahələrdə qazandığı
cahanşümul nailiyyətlərdə, həmçinin Vətən
müharibəsində tarixi Qələbəmizdə
böyük payı olan Yeni Azərbaycan Partiyasının
(YAP) fəaliyyətinə toxunmamaq mümkün deyil. Ötən
il noyabrın 21-də 30 illik yubileyini qeyd etdiyimiz YAP təsis
olduğu gündən indiyədək Heydər Əliyevin
ölməz ideyalarının əbədi yaşaması və
qalib gəlməsi üçün üzərinə
düşən bütün vəzifələri layiqincə və yüksək peşəkarlıqla
yerinə yetirib. Bu gün Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı Prezident İlham Əliyevin Sədrliyi
ilə Yeni Azərbaycan Partiyası Qafqaz regionunda ən
güclü siyasi qüvvə olmaqla Azərbaycan
xalqının milli maraqlarına xidmət edir.
Bəli, 1993-cü ilin o təlatümlü iyun günlərindən keçən 30 ilə yaxın zaman məsafəsi xalqımızın o dövrdəki seçiminin nə dərəcədə düzgün və ədalətli olduğunu bir daha sübut edir. Məhz xalqımızın o dövrdəki doğru seçiminin nəticəsidir ki, bu gün ümumxalq məhəbbəti qazanmış Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan dövləti Ümummilli Liderin həmişəyaşar ideyaları əsasında uğurla inkişaf edərək yeni zirvələr fəth edir. Ulu Öndərin özü qədər inandığı və şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanını etibar etdiyi Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi və əbədi etdi. Cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi, xalqımızın başını uca etdi və Vətən müharibəsi günlərində Azərbaycan xalqını bir daha milli şüur, özünüdərk və Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi ətrafında bir yumruq kimi birləşdirdi. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi də dahi şəxsiyyətin ideyalarının yaşamasının və Azərbaycana yeni qələbələr qazandırmasının əyani təzahürüdür. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, dahi Heydər Əliyev kimi Ulu Öndəri olub və qətiyyətli, sözü ilə əməli bir, milli-mənəvi dəyərlərimizə, tariximizə, Vətən torpağına ürəkdən bağlı olan və gücünü xalqımızdan alaraq dəmir yumruğu ilə tarixi haqq-ədaləti bərpa edən İlham Əliyev kimi Prezidenti, Ali Baş Komandanı var.
Cavid Əkbərov
İki sahil.- 2023.- 27 yanvar.- S.4.