27 yanvar Holokost qurbanlarının

Beynəlxalq Anım Günüdür

 

Bu gün dünyanın hər yerində Holokostun - yəhudi millətinin 2-ci Dünya müharibəsi illərində faşist rejimi tərəfindən kütləvi surətdə qırılmasının ildönümü qeyd olunmaqdadır. Nasistlərin ən böyük düşərgəsi Auşvitzin sovet ordusu tərəfindən azad edildiyi tarix - 1945-ci il yanvarın 27-si Holokost qurbanlarının xatirə günü elan edilmişdir.

Dünyanın hər yerində ötən əsrin ən böyük faciəsi – soyqırımı kimi tanınan Holkost yunanca “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) zamanı faşistlər tərəfindən təxminən 6 milyon yəhudi sistemli şəkildə öldürülüb. 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələnib. Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər.

Soyqırımına 1 sentyabr 1939-cu ildə start verildi. Hitler əslində bu qərarını, yəni yəhudilərin kökünü kəsmək qərarını 1925-ci ildə yazdığı "Mein Kampf" (Mənim mübarizəm) adlı kitabında çoxdan açıqlamışdı. 1939-cu ildə Almaniyadakı bütün yəhudilərin toplanıb Polşada gettolara yerləşdirilmələri qərarı verilmişdi. 1940-cı ildə Polşada sayı sürətlə artan gettolarda aclıqdan, soyuqdan və epidemiyalardan çoxlu insan ölürdü. Gettolarda ölüm artıq o qədər təbii idi ki, səkilərdə acından ölmək üzrə olan insanlarla və cəsədlərlə kimsə maraqlanmırdı. 9 oktyabr 1941-ci ildən etibarən bütün yəhudilərin yaxşı görünən şəkildə olmaqla, David ulduzu simvolunu üzərilərində daşımaları məcbur edilirdi. Almaniyada yaşayan yəhudilərin evlərinə “burada bir yəhudi yaşayır”, - deyə yazı, ya da David ulduzu yapışdırırdılar. Almaniyadakı son yəhudilərə ət, buğda, süd, bal kimi qidalar, xəstə yəhudilərə dərman vermək qadağan edilirdi.

1939-41-ci illərdə ruhi və fiziki əlillər “qaz otaqlarına” doldurularaq öldürülürdülər. Qətliamın bu dövründə faşist həkimlər əlil qurbanlar üzərində çox sayda yeni öldürmə metodları yoxlamışdılar. Qaz maşınları ilə öldürmə metodu da faşistlərin gözlədikləri təsiri verməyincə nəhayət Fabrik üsulu ilə sənayesi qurulmağa başlandı. Artıq heyvan vaqonları yəhudilərlə doldurulub bu fabriklərin içinə qədər qatarla aparılırdılar. Duş otağı görünüşünə sahib olan qaz otaqlarına yəhudilər çox etiraz etmədən toplu halda girirdilər. Beləcə rahatlıqla, ən təsirli öldürmə qazı olan "Zyklon B" bu otaqlara nasosla vurulur və insanlar məhv olurdular. Bu qaz 20 dəqiqə davam edən çox əziyyətli bir ölümə gətirib çıxarırdı. Sonra bu cəsədlər, sırf bu məqsəd üçün çıxarılmış olan sobalarda yandırılırdı. 20 yanvar 1942-ci ildə Adolf Eichmann tərəfindən idarə olunan yüksək dövlət məmurlarının yəhudi probleminin son həllinin təşkil edilməsinin detallarını danışdıqları Wannsee Konfransı reallaşdı. Bu protokola görə öldürülmələri planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon idi.

İkinci Dünya müharibəsi və holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi Polşanın Krakov şəhərindən 60 km. qərbdə yerləşən Auşvitz düşərgəsi idi. Bu həbs düşərgəsi Auşvitz I (əsas həbs düşərgəsi), Auşvitz II-Birkenau (məhvetmə düşərgəsi), Auşvitz III-Monovitz (işçi düşərgəsi) və 45 peyk düşərgədən ibarət idi. Burada ilk dəfə kütləvi məhv etmə prosesinə 1941-ci ilin sentyabrında başlanılıb. 1942-ci ilin əvvəlindən 1944-cü ilin sonlarına qədər almanlar tərəfindən işğal olunmuş Avropanın hər yerindən qatarlar vasitəsilə yəhudilər buradakı qaz kameralarına gətirilirdi. Hesablamalara görə bu düşərgədə saxlanılan 1.3 milyon nəfərdən 1.1 milyon nəfəri öldürülmüşdür. Auşvitzə deportasiya olunanlar arasında 150000 nəfər polyak, 23000 nəfər qaraçı, 15000 nəfər Sovet müharibə əsiri, 400 nəfər Yehovanın Şahidləri beynəlxalq təşkilatının üzvü, həmçinin on minlərlə müxtəlif millətlərin nümayəndələri də var idi. Müharibə ərzində düşərgənin şəxsi heyəti yeddi min nəfərdən ibarət olan SS qüvvələrindən ibarət idi ki, onların da təqribən 12 faizi müharibə cinayətləri törətməkdə günahkar elan olunmuşdur. Bu düşərgənin komendantı olan Rudolf Höss də daxil olmaqla bəzi üzvləri isə edam olunmuşdur. Müharibənin sonuna qədər 144 nəfər məhbus Auşvitzdən qaçmağı bacarmışdır.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 27 yanvar.- S.5.