Vətən müharibəsinin ilk şəhidlərindən
biri – kapitan Aqil Məlikov
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qətiyyətli əks-hücum əməliyyatlarına başladı. Müharibənin ilk günü ordumuz hayların bir neçə müdafiə xəttini yararaq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı və Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərini erməni vandallarından azad etdi.
Elə Vətən müharibəsində ilk şəhidlərimizi də məhz bu məkanlarda verdik. Yeri gəlmişkən qeyd edək ki, 2022-ci ildə şəhidlərimizin şərəfinə həmin ərazidə, daha doğrusu, Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında xatirə lövhəsi - qaya parçasında abidə ucaldılıb. 2022-ci ilin sentyabrın 27-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə həmin abidəni ziyarət edərkən demişdi: “İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”.
Həmin istiqamətdə vəzifə borcunu şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə yüksələnlərdən biri də zabit Aqil Niyaz oğlu Məlikov olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün kapitan Aqil Məlikov Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. O, öz doğma yurdunda Quba rayonunun Alpan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Aqil Məlikov 6 aprel 1986-cı ildə Quba rayonunun Alpan kəndində doğulub. Orta təhsilini Alpan kəndindəki şəhid Elşad Bayramov adına məktəbdə alan Aqil Məlikov 2006-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasında hərbin sirlərinə yiyələndikdən sonra bir il Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində çalışıb. 1 il 8 ay Şəki rayonunun Şorsu kəndindəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsini icra edib. Buradan da Tərtər rayonundakı “N” saylı hərbi hissəyə göndərilib. Burada tağım komandiri, bölük komandiri vəzifələrində çalışıb. Hərbi xidmətini Goranboyda və Gəncədəki hərbi hissələrdə bölük komandiri kimi davam etdirən Aqil Məlikov 2016-cı ildə Ağdamda yerləşən “N” saylı hərbi hissənin Maddi texniki təminat üzrə bölük komandiri kimi fəaliyyət göstərib. Elə həmin ilin şanlı Aprel döyüşlərində iştirak edib.
Bundan sonra Bakıda, Müşfiq qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə çalışan Aqil Məlikov yenidən ön cəbhəyə can atıb. Nəticədə o öz xahişi ilə Ağcabədi rayonundakı hərbi hissələrdən birinə xidmətə göndərilib. Daha sonra isə Beyləqan rayonunun Harami düzündəki hərbi hissəyə tabor komandirinin müavini təyin edilib. Burada çalışarkən ona kapitan hərbi rütbəsi verilib. Aqil Məlikov NATO qoşunlarının tərkibində Gürcüstanda keçirilən “NATO-Gürcüstan 2019” çoxmillətli təlimlərində yüksək səviyyəli zabit kimi fərqləndiyinə görə “Təşəkkürnamə”yə layiq görülüb. Elə buna görə də Beyləqandakı hərbi hissənin açılışında Müdafiə Nazirliyinə raport vermək ona həvalə olunub. Aqil Məlikov Vətən müharibəsinin ilk günündə döyüşlərə atılıb, Füzulinin bir neçə kəndini azad etdikdən sonra Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə şəhid olub.
“Qələbə bizimlədir!”
Vətən müharibəsində göstərdiyi şücaətlərə görə "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmiş baş leytenant Dəniz Aslan kapitan Aqil Məlikov haqqında söz açarkən dedi: “Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq ordumuz əks-hücum əməliyyatlarına başlayan ilk gündən Aqil Məlikov döyüşlərə atıldı. Peşəkar hərbçinin döyüşkənliyinin canlı şahidi kimi deyə bilərəm ki, onun gözündə əsla qorxu yox idi. Odur ki, başı üzərindən dövrə vuran ölümsaçan mərmilərə belə reaksiya vermirdi. Müxtəlif manevrlər edərək atəş aça-aça ancaq irəliyə doğru hərəkət edirdi. Bu davranışı ilə o, əsgərlərini də həvəsləndirirdi. Hətta onun “Qələbə bizimlədir!” sözləri açıq-aydın eşidilirdi. Bu mənada mən deyərdim ki, keçilməz hesab olunan Ohanyan səddinin yarılmasında və düşmənin digər postlarının alınmasında kapitan Aqil Məlikovun kifayət qədər aparıcı rolu oldu. Amma sonuncu müdafiə xəttini yardıqdan sonra o, yanına düşən mərmi qəlpəsindən qurtula bilmədi və şəhidlik zirvəsinə yüksəldi. Allah rəhmət eləsin”.
“Azərbaycan Bayrağı” ordenli, həmçinin bir neçə rayonun azad olunmasına görə medallarla təltif edilmiş polkovnik Şəhriyar Etibar oğlu Ağagülov isə Aqil Məlikov haqqında belə dedi: “Aqillə eyni korpusda xidmətdə olmuşam. Onunla hərdən görüşərdik. Bacarıqlı, savadlı, qorxmaz, həm də kollekivdə hörməti olan bir zabit idi. Bu gün də onu ehtiramla xatırlayırlar. Vətən müharibəsinin ilk günündə düşmən mövqelərinin alınmasında onun danılmaz xidmətləri olub. Amma bu danılmaz faktdır ki, bu gün Azərbaycan Aqil kim qəhrəman oğulların şücaəti sayəsində öz müstəqilliyini və suverenliyini bərpa edib”.
“Qarabağ” ordenli polkovnik Elşən Ağagülov isə Aqil Məlikovu içdiyi hərbi anda sadiq zabit kimi xarakterizə etdi. Bildirdi ki, yüksək döyüş keyfiyyətlərinə malik belə zabitlər həmişə tarix yazırlar: “Aqil də belə bir şanlı tarix yazdı”.
“Hər nə
olsa şərəfimdir!”
Uzun illər Quba rayonunun Alpan kəndindəki sovxozda mühəndis-elektrik kimi fəaliyyət göstərmiş şəhidin atası Niyaz kişi bizimlə söhbətində bildirdi ki, Aqil orta məktəbi bitirdikdən sonra hüquqşünas olmaq istəyirdi: “Məzun olduğu il qəbul imtahanlarında kifayəq qədər bal toplamadığından hüquqşünas ixtisasına daxil ola bilmədi. Növbəti il isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundu. Zabit kimi Vətənə xidmətə başladı. Xidməti dövründə bir neçə dəfə medallarla təltif olundu. Müdafiə naziri Zakir Həsənov ona şəxsən qol saatı hədiyyə edib. Yeri gəlmişkən onu da deyim ki, döyüş vaxtı həmin saat oğlumun qolunda olub.
Aqil iştirakçısı olduğu Aprel döyüşlərindən söz açanda deyərdi ki, Milli Ordumuz həmin döyüşlərdə nəinki öz gücünü göstərdi, hətta düşmənə və dünyaya bir daha sübut etdi ki, Azərbaycan ərazilərinin düşmən tapdağı altında qalması ilə heç vaxt barışmayacaq. Odur ki, əsgər və zabitlərimiz Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirlər. Əminliklə deyərdi ki, tezliklə erməni vandallarını işğal etdikləri ərazilərimizdən qovacağıq... Şübhəsiz, bu, həm də hər birimizin arzusu idi. Bu arzunu reallaşdırmaq üçün övladlarımız canlarından keçdilər. Bu mənada Aqil bizə şəhidliyi ilə başucalığı, qürur gətirdi”.
Niyaz kişi Vətən müharibəsi başlayanda Aqillə telefon danışığı zamanı onun yüksək əhval-ruhiyyədə olmasını bildirdi: “Oğlum dedi ki, artıq düşmənin müdafiə xəttini yarıb üç kəndimizi erməni vəhşilərindən təmizləmişik. Bu, onunla sonuncu danışığımız oldu.” Aqilin həyat yoldaşı Günel xanım da həmin telefon danışığını xatırladı: “Çox sevincli idi, elə bil toyda idi. Son sözü də bu oldu: “Mənə görə narahat olmayın, hər nə olsa şərəfimdir!”
“Mənim şəhidli
dünyam”
Şəhidin anası Sara xanım oğlu barədə danışmağa çətinlik çəkdiyini bildirdi. Uzun müddət nəzərlərini oğlunun divardakı fotosuna dikdi. Kövrəldi... Handan-hana fikirlərini cəmləşdirdikdən sonra övlad itkisi çox ağır olsa da, oğlunun Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməsinin ona təskinlik verdiyini söylədi: “Sən demə, balam şəhid olub bizi hər yerdə tanıdacaqmış... Sən demə, mənim qismətimdə şəhid anası olmaq da varmış... Qəlbim sızlasa da, yenə Vətən sağ olsun! Bilirəm ki, Vətən uğrunda şəhid olanlara “ölüb” demirlər. Qazanılan Zəfərdə mənim oğul balamın da payı var. İndi bu torpağı qanları, canları bahasına azad edənlərdən söz düşəndə, şəhidlik zirvəsində qərar tutan kapitan oğlum Aqilimin də adı çəkilir. Elə həmin şəhidlik zirvəsi də mənə təsəllidir. O, şəhidliyi ilə bizi həm də Qaraqbağa qovuşdurdu. Bəli, həyat yoldaşım şəhid atası, mən isə şəhid anasıyam. Mən onu Vətən üçün böyütdüm, elə Vətənə də verdim. Hər şeyi gözəl başa düşürəm. Oğul Vətəni qorumaq üçündür. Biz hamımız gəldi-gedərk. Vətən isə əmanətdir”.
Sara xanıma təskinlik verməyə çalışdım. Amma fikrimdən daşındım. Çünki durduğu ucalığa sözümün çatmayacağını dərk etdim.
Söhbətinin bu məqamında Sara xanım bir detala da toxundu. Bildirdi ki, Aqilin sonradan onlara təhvil verilən əşyaları arasında Cəmil Əlibəyovun “Mənim analı dünyam” kitabı da olub: “Aqilim isə öz qəhrəmanlığı
ilə “Mənim şəhidli dünyam” kitabını yazdı. Onun bu kitabını
mən, eləcə də ailəsi, onu tanıyanlar hər
gün, hər saat vərəqləyirik və həmişə də vərəqləyəcəklər”.
Bu məqamda riyaziyyat müəllimi Məkanət
Heybətovanın Aqillə
bağlı xatirəsinə
də yer verməyi özümüzə
borc bildik: “Müharibə qurtarandan sonra Aqil Məlikovu bir gecə yuxuda
gördüm. Yanında
erməni əsgərləri
də vardı. Dedim, Aqil, bu qədər yaxın olmaq təhlükəli deyilmi? O gülərək:
“Qorxmayın, onların
gözünün odunu
elə almışıq
ki, bir daha bizə hücum etməyə cürət etməzlər” - dedi”.
“Aqil bulağı”
və...
Kapitan Aqil Məlikovun Xədicə və Süleyman adlı iki övladı yadigar qalıb. Kapitanın həyat yoldaşı Günel xanım 13 yaşlı Xədicəni və 9 yaşlı Süleymanı atalarına layiq övlad kimi böyüdür. Onlar azğın düşmənə qarşı son nəfəsinədək mərdliklə vuruşmuş, ərazi bütövlüyümüzün bərpasında hünər göstərmiş atalarını, onun kimi qəhrəmanları qürurla anırlar.
Aqil Məlikov bu gün müxtəlif tədbirlərdə anılır, ruhuna dualar oxunur. Kənd sakinləri isə ona olan məhəbbətlərini “Aqil bulağı” inşa etməklə əbədiləşdiriblər. Qeyd edək ki, həmin bulağın açılışı 28 may 2021-ci ildə keçirilib. Şəhidimizin bir zamanlar yaşadığı küçəyə isə onun adı verilib. Niyaz kişi evində Aqillə bağlı guşə da təşkil edib. Burada Aqilə aid fotolar, müxtəlif ləvazimatlar, həmçinin döyüş bölgəsində istifadə etdiyi bir neçə əşya sərgilənib. Niyaz kişi şəhid oğlu Aqillə bağlı “Hər nə olsa şərəfimdir” adlı kitab ərsəyə gətirməklə bu guşəyə yeni bir eksponat da əlavə etmək niyyətindədir. O, Aqilin şeirlərinin də həmin kitabda yer alacağını bildirdi.
İnşAllah!!!
Niyaz kişi
söhbətinin sonunda
dedi: “Hər dəfə Qaraxanbəyli kəndindən söz düşəndə istər-istəməz
kövrəlirəm. Mən
də həmin abidəni ziyarət etmək, övladımın
şəhid olduğu
həmin məkana baş çəkmək istəyirdim. Sağ olsunlar, ötən il məni də
ilk şəhidlərimizə
abidə qoyulduğu məkana - Qaraxanbəyli kəndinə dəvət
etdilər. Lakin həmin səfərdən
imtina etdim. Bu da səbəbsiz
deyildi. Çünki oğlumun şəhid olduğu məkana baş çəkmək üçün özümdə
güç toplaya bilmədim. İnşAllah, bu ilin aprel, ya da may ayında ora getmək
niyyətindəyəm.
Torpaqlarımızın azadlığı
uğrunda canını
fəda edən şəhidlərimizin ailələrinə, həmçinin
müharibə əlillərinə göstərilən diqqət
və qayğı ölkəmizdə yüksək səviyyədədir.
Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın müvafiq göstərişlərinə
əsasən dövlət qurumları bu kateqoriyadan olan
insanların qayğıları ilə yaxından maraqlanır,
onların problemlərinin aradan qaldırılması
üçün tədbirlər görürlər.
Bu sözləri isə “İki sahil”ə
açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin Vətən
müharibəsi iştirakçıları və şəhid
ailələri ilə işin təşkili şöbəsinin müdiri, "Füzulinin azad olunmasına
görə", "Xocavəndin azad olunmasına görə",
"Cəbrayılın azad olunmasına görə",
"Vətən müharibəsi
iştirakçısı" medalları ilə təltif
olunmuş leytenant Asəf Şirinov dedi. Bildirdi ki, şəhidin
həyat yoldaşı Günel
xanım şəhid ailəsi kimi mənzil qeydiyyatına
götürülüb: “Quba şəhərində də
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən
şəhidlər üçün evlərin tikintisi gündəmdədir.
Çox güman ki, bu ilin yayında
məsələ öz həllini tapacaq və şəhid
Aqil Məlikovun ailəsi də evlə təmin olunacaq. Bizim təxmini
hesablamalarımıza görə, bu ailə 2025-ci ilədək
mənzil ala biləcək. O ki qaldı, digər məsələyə.
Niyaz kişi kəndə yaxın ərazidəki Aqil Məlikova məxsus pay
torpağından həyətyanı sahə kimi istifadə etmək
istəyir. Belə olan təqdirdə həmin torpaq sahəsinin
təyinatı dəyişdirilməlidir. Bu da rayon səviyyəsinin
səlahiyyətinə aid məsələ deyil. Yəni, bu,
Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir. Biz də
bununla bağlı dəfələrlə Əmlak Məsələləri
Dövlət Komitəsinə müraciət etmişik. Sonuncu
müraciətimiz təxminən bir ay bundan əvvəl olub”.
Rayon İcra hakimiyyətinin rəsmisi, həmçinin bildirdi ki, şəhər
məktəblərindən birinə Aqil Məlikovun
adının verilməsi gözlənilr: “Bununla bağlı
Nazirlər Kabinetinə də müraciət olunub”.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2024.- 2 aprel,¹ 56.- S.5.