Ağdaban faciəsi:
İnsanlıq tarixinin qara səhifəsi
1992-ci
il aprelin 8-nə keçən gecə Kəlbəcər
rayonunun Ağdaban kəndində törədilən faciə
iki yüz ilə yaxın müddətdə erməni millətçiləri
tərəfindən azərbaycanlılara qarşı
davamlı olaraq həyata keçirilən etnik təmizləmə
və soyqırımı siyasətinin növbəti mərhələsi
idi
32 il
öncə erməni cəlladları tərəfindən
törədilən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə
qarşı törədilmiş ən böyük cinayətlərdən
biri hesab edilir. Bu hadisə Qarabağın qala qapısı Kəlbəcəri
ələ keçirmək üçün erməni
separatçılarının "böyük Ermənistan"
yaratmaq xülyası ilə Azərbaycan xalqına
qarşı törətdiyi dəhşətli soyqrım
faktıdır. İstər hərb qanunlarına, istərsə
də bütün dünyada qəbul olunmuş insan hüquq və
azadlıqlarına sığmayacaq səviyyədə
soyqırıma "imza atan" erməni qəsbkarları
qırğın zamanı bütöv bir kəndi tamamilə
yandırmış, yüzlərlə dinc sakini
öldürmüş, işgəncələr vermiş,
yurdundan didərgin salmışlar. Ağdaban faciəsi Ermənistan
silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin
Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun
Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı
əhalini kompakt şəkildə məhv etmək niyyəti
ilə törədilmiş silsilə kütləvi
qırğın aktlarının davamı idi.
Ağdaban
kəndinin işğalına aparan yol 1989-cu il iyulun 10-da
başlamışdı. Həmin gün Ağdabanda baş verən
hadisə erməni quldurlarının həyata keçirmək
istədikləri çirkin planın tərkib hissəsi idi. Həmin
dövrdə bu cür hücumların
qarşısının alınması məqsədilə
Ağdaban kəndində yaradılan yerli
özünümüdafiə könüllülər dəstəsinin
komandiri Nəsimi Səfərov xatırlayır: “1989-cu il
iyulun 10-da sübh tezdən Ağdabanın ətrafındakı
təpələrdə toplanan şübhəli adamlar
narahatlığa səbəb olduqları üçün bir
qrup sakinlə onların yanına getdik. Təxminən 150-200 nəfər
silahlı erməninin qruplar şəklində
“Ağdabanın yalı” deyilən ərazidə
toplaşdığını gördük. Həmin qrupa
hamının “daşnak Suren” kimi tanıdığı Qaqo
adlı qoca kolxoz sədri başçılıq edirdi. Onlar
açıq şəkildə bizə bildirdilər ki,
Yerevandan gələn əmr əsasında Ağdabanı
boşaltmalıyıq. Əgər müqavimət olarsa kənd
yandırılacaq, əhali gülləbaran ediləcək. Kəndə
qayıdan kimi bu barədə Kəlbəcər rayon rəhbərliyinə
məlumat versək də, hayımıza yetən olmadı. Elə
həmin gün kənd əhalisini, xüsusilə yaylaqda olan
qız-gəlini erməni təcavüzündən qorumaq
üçün yerli özünümüdafiə dəstəsi
təşkil etdik. Ov və tir tüfəngləri ilə
silahlanmış kənd əhalisi həmin gecəni səhərədək
keşik çəkdi. Ertəsi gün ermənilər hiylə
işlədərək yaylaqlarımıza soxulmaq istəsələr
də, qarşısını aldıq və 9 silahlı erməni
əsir götürüldü. Sonradan əsirlərdən
biri qaçmağa nail olsa da, digər 8 ermənini kəndə
gətirərkən rus komendaturasının əsgərləri
onları bizdən alıb rayon mərkəzinə apardı. Həmin
hadisədən sonra Ağdaban kəndinin dincliyi pozuldu”.
1992-ci il
aprelin 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri
Dağlıq Qarabağdakı separatçı erməni quldur
dəstələrinin köməyi ilə Ağdaban və
Çayqovuşan kəndlərinə hücum etdilər. Ermənilər
planlı surətdə hərəkət edirdilər. Evləri
kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın
insanları kimlər əsir götürəcək,
müqavimət göstərənləri kimlər qətlə
yetirəcək əvvəlcədən müəyyənləşdirilmişdi.
Hücumdan xəbərsiz olan kənd əhalisi
başıaçıq-ayaqyalın qarla örtülü
meşələrə, dağlara dağıldı. Kəndləri
müdafiə edən kiçik dəstə ermənilər tərəfindən
məhv edildiyindən əhali müdafiəsiz
qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə
soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər
dinc sakinə divan tutdular, kəndi tamamilə yer üzündən
sildilər. Onlar yaşlı, qoca, qadın, uşaq demədən
dünyada görülməmiş ən qəddar üsullarla
dinc əhalini qətlə yetirərək soyqırımı
aktı törətdilər. Nəticədə 67 nəfər
qətlə yetirildi, 8 nəfər 90 -100 yaşlı qoca, 2
azyaşlı uşaq, 7 qadın diri-diri yandırıldı.
Ağır
işgəncələrə məruz qalan, evləri viran
qoyulan ağdabanlılar doğma kəndlərini tərk etmədilər.
Ağdaban camaatı kəndi yenidən bərpa edib
yaşamağa başladılar. Lakin 1993-cü il mart
ayının 27-də erməni separatçıları Kəlbəcər
rayonuna hücum edən zaman işğalı yenidən
Ağdaban kəndindən başladılar. Erməni
silahlıları kəndə yenidən hücum edərək
onu viran qoydular. Beləliklə də onlar Ağdaban kəndində
ikinci faciəni törətdilər. Ağdabanın ikinci dəfə
işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən
zəbt olunması demək idi. Kəlbəcər hər tərəfdən
mühasirəyə alınaraq 1993-cü il aprel ayının
2-dək erməni silahlı birləşmələri tərəfindən
tamamilə işğal edildi.
Ermənilər
Ağdabanı təkcə strateji məkan olduğu
üçün deyil, əslində, Kəlbəcər ədəbi
mühitinin beşiyi kimi də çoxdan hədəfə
almışdılar. Onlar Ağdabanda yalnız
soyqırımı törətmədilər. Erməni
quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət
abidələri dağıdıldı, müqəddəs
ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv
edildi. Erməni separatçılarının Azərbaycan mədəni
irsinə qarşı törətdikləri vandalizm siyasətinin
davamı kimi Azərbaycanın klassik aşıq şeirinin
ustadı Aşıq Qurbanın və oğlu Aşıq
Şəmşirin əlyazmaları yandırıldı və
talan olundu. Onu da vurğulayaq ki, faciə qurbanlarının 15
nəfəri Dədə Şəmşirin nəslindən
idi. Erməni cəlladları Dədə Şəmşirin 28
yaşlı nəvəsi Qulu Qurbanovu diri-diri tonqalda
yandırmış, 8 yaşlı Ülviyyənin gözləri
qarşısında atası Camalı güllələmiş,
özünü isə kartof quyusunda diri-diri
basdırmışdılar.
Qeyd edək
ki, 1993-cü il aprelin 2-də işğal olunan və uzun illər
əsarətdə olan Kəlbəcərdə 511 dinc sakin
öldürülmüş, 321 nəfər əsir
götürülmüşdür. 60 min kəlbəcərli
respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində
müvəqqəti məskunlaşmağa məcbur olub.
İşğal nəticəsində onlarla tarixi-mədəniyyət
abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116
kitabxana, 43 klub, 42 mədəniyyət evi,
tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə,
23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə
mənzil, yüzlərlə maşın, texnika və sair
talan edilib, dağıdılıb və rayonun milyardlarla
manatlıq sərvəti Ermənistana daşınıb.
İşğaldan
azad edildikdən sonra Kəlbəcərə səfər edən
Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi
ilə bağlı deyib: “Baxın, görün, şəhər
ermənilər tərəfindən tamamilə
dağıdılmışdır. Vəhşi ermənilər
başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri
də dağıdıblar. Bütün binalar
dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz
yaşayırdılar. Buradan çıxanda o binaları da
yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni
faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı
illərin əvvəllərində bu torpaqları
işğal edərkən bizim şəhər və kəndlərimizi
dağıtmışdılar. 2020-ci ildə biz bunları
buradan qovanda da gedə-getdə ağacları kəsib,
yandırıb, binaları dağıdıblar”.
Tarix
yaşanan, baş verən və yazılandır... Bu faciəyə
ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər
Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə
qarşı törədilən ən böyük cinayət
adlandırıb, bunu bütün insanlıq adına utanc kimi
səciyyələndirib. Ağdaban qətliamı törədilmə
spesifikasına və xarakterinə görə BMT Baş
Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli
“Soyqırım cinayətinin qarşısının
alınması və ona görə cəzalar”
Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq
hüquq əsasında soyqırım cinayəti aktı kimi
tövsiyə etməyə imkan verir və Ağdaban kəndinin
dinc əhalisinə qarşı erməni-rus silahlı qüvvələri
tərəfindən törədilən bu qırğın
soyqırım cinayəti kimi dünya cəmiyyəti tərəfindən
tanınmalıdır.
Sevinc Azadi
İki sahil.- 2024.- 6 aprel, ¹60.- S.5.