“Mənəvi dəyərlərin təcəssümü:
qəlblərdə yaşayan
nurlu insan”
Akademik Zərifə
Əliyevanın anadan
olmasının 101-ci ildönümünə
həsr olunmuş tədbir keçirilib
Aprelin 26-da Yeni
Azərbaycan Partiyasının
(YAP) Mərkəzi Aparatının
və YAP Binəqədi
rayon təşkilatının
birgə təşkilatçılığı
ilə görkəmli
alim, Əməkdar elm xadimi, akademik
Zərifə Əziz qızı Əliyevanın
anadan olmasının
101-ci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlərin
təcəssümü: qəlblərdə
yaşayan nurlu insan” mövzusunda tədbir keçirilib.
“İki sahil”
xəbər verir ki, tədbirdən
öncə Zərifə
Əliyeva adına parkda görkəmli alimin abidəsi və Ulu Öndər
Heydər Əliyevin
YAP Binəqədi rayon
təşkilatının inzibati
binası qarşısındakı
abidəsi ziyarət edilərək önünə
gül dəstələri
düzülüb.
YAP Binəqədi rayon təşkilatının
inzibati binasında keçirilən tədbirdə
əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi
bütövlüyü uğrunda
canlarını qurban vermiş şəhidlərimizin
əziz xatirələri
bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.
Sonra “Əsl
məhəbbət haqqında”
sənədli film nümayiş etdirilib.
Tədbiri giriş
sözü ilə açan YAP Binəqədi
rayon təşkilatının
sədr müavini Sevinc Abdullayeva bildirib ki, genişmiqyaslı
fəaliyyəti ilə
xalqımızın rəğbətini
qazanmış Zərifə
xanım Əliyevanın
şərəfli ömür
yolu mənəviyyat, kamillik və müdriklik məktəbidir.
Xalqımıza məxsus
xeyirxahlıq, mərhəmətlilik
kimi nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri,
eləcə də müasirliyi və əməksevərliyi nurlu
şəxsiyyətində cəmləyən
qayğıkeş ana,
dəyərli alim, nüfuzlu ictimai xadim olan Zərifə
xanım Əliyeva insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının
ideal obrazını yaradıb. “Azərbaycan tibb elmində silinməz izlər qoymuş akademik Zərifə xanım Əliyevanı xatırlayanda
həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli
elm fədaisinin nurlu çöhrəsi canlanır. Onun simasında nəcib Azərbaycan qadını,
vəfalı ömür-gün
yoldaşı, fədakar
ana obrazı görürük” ,-deyə S.Abdullayeva vurğulayıb.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri
Zəkiyyə Musayeva deyib ki, həkim-oftalmoloq,
elm fədaisi, vətənpərvər alim,
xeyirxah insan, sədaqətli ömür-gün
yoldaşı, cəfakeş
ana kimi xatirələrdə yaşayan
Zərifə xanım
Əliyeva hər
bir azərbaycanlı üçün fəxarət
və qürur mənbəyidir: “Böyük
Çin filosofu Konfutsi yazırdı ki, hər bir
insanın həyat yolunu onun mənəvi
dünyası, xarakteri
müəyyən edir.
İnsanın mahiyyəti,
mənəvi keyfiyyətləri,
həqiqətən də,
onun əməllərində,
fəaliyyətində real
təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən
irəli gələn bu fəaliyyət belə insanların cəmiyyətdəki layiqli
mövqeyini, ictimai statusunu müəyyənləşdirir.
Yəqin, elə buna görədir ki, xeyirxah və
alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək,
çalışdığı sahənin mükəmməl
bilicisi kimi insanlara, cəmiyyətə
məsuliyyətlə xidmət
edə bilmək xoşbəxtliyi heç də hamıya nəsib olmur. Zərifə xanım Heydər Əliyev kimi görkəmli bir şəxsiyyətin ömür-gün yoldaşı
olaraq onunla çiyin-çiyinə addımlamaq,
qayğılarına ortaq
olmaq, onun ocağını isitmək
və Azərbaycanın
taleyində önəmli
rol oynayacaq övladlar yetişdirmək
kimi bir missiyanı da şərəflə yerinə
yetirmişdi. Bəlkə
də, çoxlarının
həsəd aparacağı
bu ömür, əslində, çox böyük məsuliyyətlər
yüklənmiş bir
həyat idi. Lakin o, bütün vəzifələrinin öhdəsindən
uğurla gəlir, əl uzatdığı hər işə sevgiylə yanaşırdı.
Akademik N.Puçkovskayanın
təbiri ilə desək, “Xeyirxahlıq Zərifə xanımın
həyat tərzi idi”. Onun xatirəsi
hər bir azərbaycanlı üçün
əzizdir”.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan
Kardiologiya Cəmiyyətinin
sədri, tibb elmləri doktoru, professor Tofiq Cahangirov çıxışında
bildirib ki, sıravi həkimlikdən
akademikliyə qədər
yüksəlmiş Zərifə
xanım Əliyeva oftalmologiya elminin inkişafına dəyərli
töhfələr verib,
bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük
əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif
sahələri üzrə
apardığı tədqiqatlar,
yaratdığı fundamental
əsərlər Azərbaycan
tibb elminin parlaq səhifələridir:
“Onun fəaliyyət göstərdiyi dövrdə
Azərbaycanda bir sıra göz xəstəlikləri geniş
yayılmışdı, traxoma
deyilən dəhşətli
bəla tüğyan edirdi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan
Vətənə qayıdaraq
Azərbaycan Elmi-Tədqiqat
Göz Xəstəlikləri
İnstitutunda elmi işçi vəzifəsində
çalışmağa başlayıb.
Traxoma xəstəliyinin
daha geniş yayıldığı rayonlara
gedir, xəstəlik ocaqlarını aşkarlayır,
göz həkimlərinə
mühazirələr oxuyur,
əhali arasında söhbətlər aparırdı.
Çox keçmədən
Zərifə xanım
traxoma xəstəliyinin
başlanğıc dövründə
sintomisinin tətbiqində
uğurlu nəticələrə
nail olur. Tədqiqatlarının yekunu
olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi”
mövzusunda namizədlik
dissertasiyasını uğurla
müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu. Zərifə xanım Əliyeva Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda “Azərbaycanın
kimya sənayesi işçilərində görmə
orqanının vəziyyəti”
mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
1981-ci ildə görmə
orqanının peşə
patologiyası sahəsində
apardığı elmi-tədqiqat
işlərinin uğurlu
nəticələrinə və
oftalmologiyanın inkişafına
verdiyi töhfələrə
görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın
oftalmologiya sahəsində
ən mötəbər
mükafatı olan
SSRİ Tibb Elmləri
Akademiyasının M.İ.Averbax
adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi. Bir-birindən dəyərli 150-dən çox
elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici
təklifin və dərs vəsaitlərinin
müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın
açdığı yol
ildən-ilə genişlənir,
zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır,
öyrənilir və
neçə-neçə tədqiqat
əsərinin mövzusuna
çevrilir”.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü,
Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, cəmiyyətdə
tutduğu yüksək
mövqeyə baxmayaraq,
Zərifə Əliyeva
ilk növbədə ailəsinin qayğıları
ilə yaşayırdı.
Ulu Öndər Heydər Əliyev qazandığı nailiyyətlərdə
vəfalı ömür-gün
yoldaşı Zərifə
xanımın böyük
töhfələrinin olduğunu
daim vurğulayırdı.
Hər bir kəsə örnək olası bir ailə quran bu şəxsiyyətlər
yüksək mənəviyyat,
ali mərhəmət,
misilsiz insanpərvərlik,
dəyərli vətəndaşlıq
xüsusiyyətləri ilə
bir-birlərini tamamlamışlar. “Zərifə xanımın həyatını
mənalandıran nə
varsa - onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti,
insanlara doğma münasibəti - hamısı
ruhundan, nurundan şölələnmişdi. Yaxından
tanıyan həmkarları
həmişə böyük
rəğbətlə qeyd
edirlər ki, görkəmli alim övladlarına çox bağlı, onların tərbiyəsi üçün
bütün enerjisini sərf edən valideyn idi. Cənab
İlham Əliyev kimi dünya miqyasında tanınan və qəbul olunan bir şəxsiyyətin
qazandığı nailiyyətlərdə,
şübhəsiz ki,
valideynlərinin düzgün
tərbiyəsi, övladı
müdrikliklə formalaşdırmaq
ənənəsi mühüm
rol oynayır”,- deyə Z.Quliyeva
vurğulayıb.
Milli Məclisin
deputatı Müşfiq
Məmmədli isə
çıxışında bildirib ki, 150-dən artıq elmi əsərin müəllifi
olan akademik Zərifə Əliyeva çoxsaylı həkim-oftalmoloqların
yetişdirilməsində əvəzsiz
xidmətlərinə görə
Azərbaycanın “Əməkdar
elm xadimi” fəxri adına layiq görülüb. Bununla yanaşı, görkəmli alim
SSRİ-nin Sülhü
Müdafiə Komitəsinin
üzvü, Azərbaycan
Sülhü Müdafiə
Komitəsi sədrinin
müavini kimi fədakarcasına çalışıb.
O, respublika “Bilik” Cəmiyyəti İdarə
Heyətinin və keçmiş ittifaqın
Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə
Heyətinin üzvü,
o cümlədən “Oftalmologiya
xəbərləri” jurnalının
redaksiya heyətinin üzvü olub. Bu, Zərifə xanımın ictimai fəaliyyətinin də respublikamız üçün
faydalı, səmərəli
olduğunu göstərir.
Onun sözlərinə görə, Zərifə xanım Əliyeva Azərbaycan naminə misilsiz işlər görüb: “O, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi də bu missiyasını ləyaqətlə yerinə yetirib. Zərifə xanım cənab İlham Əliyev kimi övlad yetişdirib. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev ata vəsiyyəti ilə yanaşı, xalqa, dövlətə, Vətənə sədaqət andını gerçəkləşdirərək Azərbaycana tarixi nailiyyətlər qazandırıb, ölkəmizin adını qalib və qüdrətli dövlətlər sırasına yazdırıb. Buna görə də həm Ulu Öndər Heydər Əliyevin, həm də Zərifə xanım Əliyevanın ruhu şaddır”.
İki sahil.
- 2024.- 27 aprel, ¹73.- S.4.