Ana dilimiz: Mənəvi pasportumuz,

ruhumuz, əbədiyyət rəmzimiz!

 

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

 

Şirinliyi ovsunlayıb çox milləti,                                     

Misilsizdir musiqisi, şeriyyəti;

Əzəl gündən sevir haqqı, hüriyyəti

Keşiyində durub xalqım, elim mənim,

Azərbaycan türkcəsidir dilim mənim!

 

Şair Oktay Rza.

 

Saflığı, şirinliyi, qəlbə yatımlılığı, imkanlarının tükənməzliyi, ana südü qədər ruhumuza yaxınlığı ilə seçilən  Azərbaycan dilini  milli dövlətçiliyin başlıca rəmzləri kimi dəyərləndirən və doğma dildə poeziyamızın klassik nümunələrini yaradan sərkərdə, görkəmli şair Şah İsmayıl Xətai gənclərə nəsihətində yazırdı:

«Vətənin bir ovuc torpağını bir ovuc altundan, dilimizin bir kəlməsini bir ölçü mücəffərdən üstün bildim. Dilimizin və Vətənimizin əbədiyyən yaşaması üçün əlimdən gələni etdim. Məni lənətlə yad etməyin. Yaxşı nə etdimsə  davam etdirin, xətalarımı təkrar etməyin… Atalar sizə üç əmanət qoyublar: Dilimiz, qeyrətimiz, Vətənimiz.»

Dilimizin gözəlliyinə dəyər verənlərdən biri də rus yazarı  M.Y. Lermantov olub: « Azərbaycan dili burada , ümumilikdə Asiyada fransız dilinin Avropada oynadığı  rol qədər zəruri bir dildir."

"Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda  arzu edirik ki,  hansı qitə , hansı ölkədə  yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də  mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin» söyləyən Ulu Öndər Heydər Əliyevin xalqları  birləşdirən dilimizin saflığının qorunmasındakı xidmətləri əvəzsizdir. «Müstəqil  Azərbaycan dövlətinin  əsas ideyası azərbaycançılıqdır» söyləyən Ulu Öndərin ən dəyərli tövsiyələrindən biri də   xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, vətəndaşlıq borcu müstəqilliyimizin, varlığımızın  başlıca rəmzləridən olan dilimizi yaşatmaqdır.

Tarixdən də bəllidir ki, müxtəlif zamanlarda  təzyiq və təsirlərə  məruz qalan Azərbaycan dilinin əlifba islahatları dramaturq M.F.Axundov kimi   digər maarifçi  ziyalıları da  düşündürmüş, bu istiqamətdə  müəyyən addımlar atılmışdır. 1922-ci ildə  Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin  yaradılması, yeni tərkibə  Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin  tapşırılması bu istiqamətdə atılmış ilk addım olsa da bu təşəbbüs uzun sürmədi.  1 yanvar 1940-cı ildən latın əlifbası  kiril yazısı əsasında  tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi bir daha ziyalıları  əlifbanın təkmilləşdirilməsi yolunda   düşünməyə vadar etdi.

Türk dünyasının birliyini təmin edəcək bu missiyanı yerinə yetirmək isə uzaqgörən siyasətçi, ən böyük azərbaycanlı  Ulu Öndər Heydər Əliyevə  nəsib olmuşdur. Türkçülük ideyasının mübariz təbliğatçısı, Azərbaycan xalqının yaxın dostu, Qazax yazıçısı  Oljas Süleymenov Azərbaycanda  diqqət yetirilən dil siyasətinin əhəmiyyətini, Ulu Öndər Heydər Əliyevin bu sahədə  göstərdiyi fədakarlığı  bu sözləri ilə qiymətləndirmişdir: « Latın əlifbasına keçmək böyük cəsarət, siyasi iradə tələb edirdi. Cənab Heydər Əliyevdə bu keyfiyyətlər, habelə  zəngin siyasi təcrübə, kəskin və tarixi prosesləri istiqamətləndirə  bilmək istedadı vardır. Bu tarixi bir qərardır.»

1993-cü ildə  hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi  məsuliyyətlə yanaşan  Ümummilli Lider Heydər Əliyev  ziyalılarla görüşü zamanı  dilimizin taleyi  ilə əlaqədar geniş müzakirə apardı. Ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı.  Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli- mədəni  özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi. Milli-mənəvi dəyərlərimizin qorunmasında  xüsusi xidmətləri olan  Ulu Öndərin imzaladığı «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» ( 18 iyun 2001-ci il), «Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanunu» (30 sentyabr 2002-ci il) və « Azərbaycan  Respublikasında dövlət dili haqqında  Qanun»unun tətbiq edilməsi barədə» (2 yanvar 2003-cü il) fərmanlarının həyata keçirilməsi ilə   ədəbi dilimizin fəaliyyət imkanları daha da  genişləndirilmiş,  üslub potensialları təkmilləşdirilmiş, nitq mədəniyyətimizin qarşısında  yeni üfüqlər açılmışdır.

 Ulu Öndər  9 avqust  2001-ci ildə  «Azərbaycan əlifbası və Azərbaycan  dili gününün təsis edilməsi haqqında» Fərmanı imzalamaqla latın qrafikalı əlifbanın  daha geniş miqyasda işlədilməsini təmin etdi. Həmin fərmana əsasən hər il 1 avqust tarixi  Azərbaycan  əlifbası və Azərbaycan  dili günü kimi qeyd edilir.

Dilimizin inkişafında, təkmilləşməsində, saflığının qorunmasında fədakarlıq göstərən Ulu Öndərin xidmətlərini yüksək dəyərləndirən və dil siyasətini davam etdirən, «Dil siyasətində  sərhəd məhdudiyyəti yoxdur» ideyasına sadiq qalan  Prezident İlham Əliyev « Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncam imzalamaqla bu istiqamətdə nəzərdə tutulan həlli vacib  prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında  çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi.  Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında  «Azərbaycan ədəbiyyatının virtual kitabxanası» yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki,  «elektron hökumət», «elektron dərslik», «elektron kitabxana» terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. «Azərbaycan Milli Ensklopediyanın nəşri haqqında» sərəncam imzalandı.

Dünya Azərbaycanlılarının,  türk  dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq,  və əməkdaşlıq qurultaylarında, türkdilli  ölkələrin dövlət başçılarının zirvə toplantılarında irəli sürülən təklif və təşəbbüslər əsasında da   türk birliyini  gücləndirən oxşar dil və əlifbadan istifadə əsas amil kimi diqqətdə saxlanıldı.  Yekdil qərar əsasında yaradılan TÜRKSOY-un təklifinə əsasən türkdilli akademiyanın təsis olunması təşəbbüsünün əsasında da  oxşar və ortaq dəyərlərə malik  xalqların birlik, həmrəylik istəkləri dayanır. Bu gün artıq  işlək qurum kimi fəaliyyət göstərən  Türkdilli Dövlətlərin Parlament Assambleyasının türk dünyası  birliyinin möhkəmlənməsində xidmətləri əvəzsizdir. Türk dövlət və  cəmiyyətləri arasında  qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi  məqsədilə ortaq əlifbanın, ortaq türk televiziyasının yaranmasının əsasında da  ünsiyyət vasitəsi olan dil amili dayanır.

Dünya hadisələrinin qloballaşdığı, beynəlxalq layihələrin xalqları birgə  əməkdaşlığa  cəlb etdiyi müasir dövrümüzdə eyni əlifbanı,  oxşar dili paylaşan türk xalqlarının birliyi daha vacibdir. Beynəlxalq səviyyədə  mənafelərini müdafiə etməsi baxımından   dili , əlifbası, tarixləri və mədəniyyəti oxşar olan türk xalqlarının həmrəyliyi,  bu çərçivədə vahid dil istiqamətində  çalışmaları  daha önəmlidir.

Türkiyədə ənənəvi olaraq keçirilən  Türk Dili Olimpiatlarında  bütün qitələri təmsil edən  məktəblilərin eyni dildə- türk dilində mahnı oxuyub, şer söyləmələri möhtəşəm bir hadisədir. Bu  möhtəşəmlik  türk birliyinin, həmrəyliyinin əbədilik simvoludur.  Azərbaycan dilinin təkmilləşdirilməsi, dövlət qayğısının artırılması, dilçilik araşdırmalarını əsaslı sürətdə yaxşılaşdırmaqla fundamental və  tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səyləri bu gün də aktualdır. Azərbaycan dilinin dünya dilləri arasında  ən kamili olduğunu bir çox ölkələrin nümayəndələri də etiraf etmişlər. Dil bilmək yaxşıdır.  Bir neçə dil öyrənmək hər kəsin intellekt səviyyəsini yüksəldir, başqa xalqların tarixi, mədəniyyəti , məişəti  barədə  məlumat  əldə etməsi imkanlarını artırır. Amma ilk növbədə öz tarixini öyrənmək, ana südü ilə  ruhumuza daxil olan  doğma  dilini sevmək xalqımızın  vətəndaşlıq borcu, milli-mənəvi dəyərlərə  sadiqliyidir. Sevindirici haldır ki,  ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslarda Azərbaycan dilinin öyrəniləməsinə maraq artmaqdadır. Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan dilinin qloballaşma şəraitində  zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın qəbulunda da məqsəd Azərbaycan dilinin istifadə coğrafiyasını genişləndirmək, dilimizi yad təsirlərdən qorumaq, dünya dilləri qrupunda mövqeyini möhkəmləndirməkdir.

Unutmayaq ki, Ana dilimiz ulularımızdan bu günümüzə miras qalan ən qiymətli miras,  xəzinədir. Əsası müdrik şəxsiyyət  Heydər Əliyev tərəfindən qoyulan dil siyasəti Prezident  İlham Əliyevin dövlətçilik  fəaliyyətinin aparıcı tərkib hissəsi kimi, həmişə  aktual olmuş, bu istiqamətdə böyük işlər görülmüşdür.

Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf səviyyəsinə çatıb ki, artıq dilimizin qüdrəti bütün sahələrdə hiss edilir. Belə ki,  dilimiz ictimai, siyasi, mədəni inkişafla vəhdətdə  tərəqqi edir, üslubları daha da zənginləşir. Prezident İlham Əliyevin  «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında” imzaladığı Sərəncamı da öz aktuallığı ilə seçilir.  Bu Sərəncam  Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, dilimizin saflığının qorunması və daha da zənginləşdirilməsi baxımından mühüm tarixi hadisə idi. Məntiqli çıxışları ilə diqqəti cəlb edən Prezident  İlham Əliyev  çıxışlarında bütün sahələr kimi, dil siyasətinin inkişafına da qayğı ilə yanaşıb: «Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu  biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır,  bu, məni doğrudan da narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.»

Milli dövlətçiliyimizin əsas atributlarından olan  ana dilimizin dövlət dili statusuna yüksəlməsi tariximizin şərəfli bir səhifəsini təşkil edir. Dilimizin dövlət dili səviyyəsinə yüksəlməsi xalqın öz taleyinə sahibliyi idi. Azərbaycan xalqı buna nail ola bildi. Müstəqil dövlətin əbədiliyi də insanların   doğma  dilinə sadiqliyi ilə bağlıdır .  Dəfələrlə assimliyasiya, təzyiqlərə məruz qalsa da  mübarizələrdən, sınaqlaradan mətinliklə çıxan Azərbaycan dilimizlə daim fəxr etmişik.

Çünki bu dil Müstəqil Azərbaycanın dilidir.

Dünya  Azərbaycanlılarının  V Zəfər  qurultayında   söylədiyi  «Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir» sözləri ilə  doğma dilimizin varlığının, saflığının  əbədi qoruyucusu  olduğunu göstərən Prezident İlham Əliyevin davam etdirdiyi dil siyasəti Azərbaycan dilinin təmizliyinin əbədi qarantıdır.  Dil xalqlar arasında  ünsiyyət vasitəsi olsa da, hər xalq öz dili ilə tanınır, milli-mənəvi dəyərlərini qoruyur. Ana dilimizin qorunmasını vətəndaşlıq borcu, məsuliyyəti adlandıran mütəfəkkir şair, dövrünün əsl ziyalısı Əli Nəzmi vaxtı ilə demişdir:

Dil var ikən, gəlin lisan deməyək.

Döndərib  farscaya, zəban deməyək.

Hər kəsin var sözü, dili, ağızı.

Ağıza, and içək, dəhan deməyək.

Ərəbi göndərək öz  evlərinə,

Farsa da qal, bizə mehman deməyək!

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2024.- 1 avqust, ¹136.- S.4.