10 dekabr ZƏFƏR PARADI:

Böyük Qələbəmizin nidası

 

Təntənəli hərbi parad 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu

 

Dörd il əvvəl - dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirildi. Təntənəli hərbi parad 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu.

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu gün də şanlı Zəfər paradını böyük sevinc və qürur hissi ilə xatırlayır.

2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilmiş möhtəşəm Zəfər Paradında düşməndən qənimət olaraq götürülmüş silah-sursat və texnika ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız nümayiş etdirildi. Tariximizin ən şanlı səhifəsinin - Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izləyirdi. Paradda 3000 nəfərdən çox şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paraddakı çıxışında demişdir: “Bu gün tarixi gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir”.

Dövlətimizin başçısı çıxışında Zəfər paradının Azərbaycan tarixində əhəmiyyətini xüsusi vurğulamışdır: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Zəfər paradında Silahlı Qüvvələrimizin şəxsi heyətinin Azərbaycanın Dövlət Bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləməsi, Dövlət Bayrağının və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqlarının Azadlıq meydanına gətirilməsi hər bir vətəndaşımızda sonsuz qürur hissi oyadırdı. Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin, rəşadətinin və Qələbə əzminin ifadəçisi idi. Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edirdilər.

Paradda, həmçinin qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bir əyani nümayişi oldu. Bütün dünya bir daha gördü ki, ulu öndərlər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq. İkinci Qarabağ müharibəsində Qələbəyə həsr olunan Zəfər paradına dənizdən dəstək verən Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri yüksək döyüş hazırlığı nümayiş etdirdi. Paradın qürurverici anlarından biri də Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi oldu. Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşatdı.

Ermənistan ordusundan qənimət götürülmüş istifadəyə yararlı texnikalar - “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tanklarının nümayişi qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqi oldu.

Bu gün açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi hissələrdəki çıxışlarında Hərbi Qənimətlər Parkını Azərbaycan Ordusunun gücünün təzahürü kimi qiymətləndirib. Beləliklə, “Dəmir yumruq” əməliyyatı adı ilə rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfər müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin nümayişi ilə yanaşı, xalqımızın Qələbə əzminin də əyani təsdiqinə çevrildi.

 

Sevinc Azadi

 

İki sahil.- 2024.- 10 dekabr, ¹227.- S.4.