Ulu Öndər Heydər Əliyev təhsili
millətin gələcəyi kimi dəyərləndirirdi…
Dahi rəhbər
bu sahədə biri-birindən önəmli
addımları atmaqla
təhsilimizin bugünkü
inkişafının əsasını
qoymuşdur
Ulu Öndər
Heydər Əliyevin həyatı, bütün
fəaliyyəti yönəlmişdi
-millətinin adını,
nüfuzunu yüksəltməyə,
dövlətin qüdrətini
artırmağa. Ona görə də Onun rəhbərlik etdiyi illərdə hər sahədə sürətli inkişaf müşahidə olunub. Həmin sahələrin arasında təhsil də var. Ümummilli
Lider “Təhsil
həyatımızın ən
gərəkli, ən mühüm sahəsidir.
O, milli məqsədlər,
milli mənafelər əsasında qurulmalıdır”
deyirdi. Bu məqsədlərə xidmət
edən təhsil islahatları bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə
həyata keçirilməyə
başladı. Ancaq bu təşəbbüsə
qədər hələ
gedilməli yol, atılmalı addımlar vardı.
Təhsilimizin çağdaş
tariximizə əsl intibah illəri kimi daxil olan
ilk mərhələsi
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövrünə
təsadüf edir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövründə
həyata keçirilən
təhsil islahatları
bu sahənin inkişafına zəmin yaratdı. Məhz Ulu Öndərin Sovet Azərbaycanına rəhbərlik etdiyi ötən əsrin
70-80-ci illərinin əvvəllərində
məktəbəqədər təhsil müəssisələrinin
sayı 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı 110 mindən 147 min nəfərə çatmış,
məktəbəqədər təhsillə əhatə
səviyyəsi 12 faizdən
19 faizə yüksəlmişdi.
Bu dövrdə məktəbəqədər təhsil
müəssisələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş,
35200 yerlik yeni körpələr evi-uşaq
bağçası binaları
tikilib istifadəyə
verilmişdi. Hələ
1972-ci ildə “Gənclərin
ümumi orta təhsilə keçidini
başa çatdırmaq
və ümumtəhsil
məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş
şəraitini daha da yaxşılaşdırmaq
haqqında” qəbul edilmiş qərarların
icrası nəticəsində
respublikada orta məktəb şəbəkəsi
genişləndirildi, əsaslı
keyfiyyət dəyişikliyinə
nail olundu. Həmçinin məktəblərin
dərsliklərlə təminatı
problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin
pulsuz verilməsinə
başlanıldı.
Heydər Əliyevin
Azərbaycana rəhbərliyinin
birinci dövründə
peşə məktəblərinin
sayı 1965-ci illə
müqayisədə 1,7, təhsilalanların
sayı isə 2,5 dəfə artdı. Onun təşəbbüsü
ilə 1971-1975-ci illər
üçün texniki
peşə təhsilinin
təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni texniki peşə
təhsili müəssisəsi
fəaliyyətə başladı.
Ulu Öndər
Heydər Əliyevin təşəbbüsü və
qayğısı ilə
ötən əsrin
70-ci illərində və
80-ci illərin əvvəllərində
ali təhsil müəssisələrinin şəbəkəsinin
genişləndirilməsi, maddi-texniki
bazasının möhkəmləndirilməsi
və yüksəkixtisaslı
kadr hazırlığı
istiqamətində böyük
işlər görülmüşdü.
Ali məktəblər
üçün çoxlu
sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdi.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanına rəhbərlik
etdiyi 1969-1982-ci illərdə
beş yeni ali təhsil müəssisəsi açılmış
və ali məktəb tələbələrinin
sayı 70 mindən
100 minədək artmışdı.
Əgər 1960-cı illərin
sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa,
1982-ci ildə artıq
136 fakültəni və
530 kafedranı birləşdirən
21 ali təhsil müəssisəsi fəaliyyət
göstərirdi.
Respublika rəhbərinin
təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən
başlayaraq hər il azərbaycanlı gənclər keçmiş
SSRİ-nin nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə
SSRİ-nin 50-dən artıq
böyük şəhərinin
170-dən çox nüfuzlu
ali məktəbində
250-dən çox ixtisas
üzrə 15 mindən
artıq azərbaycanlı
gəncin ali təhsil almasına şərait yaradıldı.
Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində
mühüm rol oynadı. Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini olduğu 1982-1987-ci illərdə
də Azərbaycan gənclərinin respublikanın
hüdudlarından kənarda
təhsil almasına şərait yaradırdı.
Tez-tez azərbaycanlı
tələbələrlə görüşür, onların
problemlərinin həlli
üçün bütün
imkanlardan istifadə edirdi. Onları “Azərbaycanın yetirmələri,
Azərbaycanın milli
sərvəti” kimi yüksək qiymətləndirirdi.
Beləliklə, ötən əsrin 70-ci illərində və 80-ci
illərin əvvəllərində
Heydər Əliyevin rəhbərliyi ilə təhsil müəssisələrinin
geniş şəbəkəsinin
yaradılması və
həmin şəbəkənin
zəngin maddi-texniki bazasının formalaşdırılması,
azərbaycanlı gənclərin
respublika hüdudlarından
kənardakı ali məktəblərə təhsil
almağa göndərilməsi,
hərbi kadrların yetişdirilməsi, Azərbaycan
Elmlər Akademiyasının
elmi-tədqiqat institutlarında
fundamental elmin inkişafının təmin
olunması gələcəkdə
milli müstəqillik
üçün zəruri
intellektual zəmin yaradırdı.
“Təhsil
millətin gələcəyidir”
deyən Ulu Öndər 1993-2003-cü illəri
əhatə edən Azərbaycana rəhbərliyinin
ikinci dövründə
bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Nəzərə almaq lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindən
başlayaraq Ermənistanın
təcavüzkar siyasəti
nəticəsində soydaşlarımızın
deportasiyası və Qarabağın dağlıq
hissəsinin işğal
edilməsi ilə bir milyondan çox
azərbaycanlının qaçqın
və məcburi köçkün düşməsi
Azərbaycan təhsili
üçün əlavə
çətinliklər yaratmışdı.
Respublikanın çox
ağır vəziyyətində
hakimiyyətə qayıdan
Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı,
təhsil sahəsində
zamanın tələblərinə
uyğun islahatlar həyata keçirməyə
başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş
fəaliyyəti normal
vəziyyətə gətirildi,
planlı islahatların
əsası qoyuldu. Ümumtəhsil məktəblərinin
sayı və şagird kontingenti əsaslı surətdə
artdı. Əgər
1993-1994-cü tədris ilində
respublikanın 4364 ümumtəhsil
məktəbində 1 milyon
549 min şagird təhsil almışdısa,
2002-2003-cü tədris ilində
4561 ümumtəhsil məktəbində
1 milyon 600 min nəfərdən çox
yeniyetmə təhsilini
davam etdirirdi.
Bununla yanaşı,
təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, 200 yeni məktəb binası tikilərək istifadəyə verildi, məcburi köçkünlərin
müvəqqəti məskunlaşdığı
rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil
edildi. İstedadlı
uşaqların qabiliyyətini
inkişaf etdirmək məqsədilə 30-a yaxın
lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olundu.
“Təhsil sistemimizin
hazırkı vəziyyətini,
onun problemlərini dərindən öyrəndikdən
sonra prioritet sahələr müəyyən
edilməlidir” deyən
Ulu Öndər Azərbaycanda dünyanın
inkişaf etmiş ölkələrinin təcrübəsinə
uyğun təhsil strategiyasının həyata
keçirilməsi üçün
mühüm işlər
görüb. 1998-ci il
martın 30-da Təhsil
Sahəsində İslahatlar
üzrə Dövlət
Komissiyası yaradıldı,
“Azərbaycan Respublikasının
təhsil sahəsində
İslahat Proqramı”
hazırlandı və
1999-cu il iyunun 15-də
təsdiq edildi.
Heydər Əliyev
Azərbaycana rəhbərliyinin
hər iki dövründə müəllimlərin
sosial vəziyyətinin
yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox
sərəncamlar imzalayıb.
Bütün bunlar Ulu Öndərin müəllim əməyinə
verdiyi qiymətin əyani təzahürüdür.
Bu gün
təhsilə münasibətdə
Ulu Öndər Heydər Əliyevin ənənəsi Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Cənab İlham Əliyev yeni dövrdə yeni təhsil sisteminin, o cümlədən
yeni ali təhsil sisteminin yaradılması məqsədilə
insan kapitalının
yaradılması konsepsiyasını
irəli sürdü.
Təhsilin inkişaf etdirilməsi ilə bağlı yeni dövlət proqramları
təsdiq edildi. Azərbaycan 2005-ci ildə
Bolonya prosesinə qoşuldu. Bununla da faktiki olaraq
ali təhsildə aparılacaq islahatların
istiqaməti müəyyən
edildi. Son 21 il ərzində təhsilin inkişafı üçün çox sayda dövlət proqramları hazırlanıb
həyata keçirildi.
Təhsilin və elmin inkişafına dövlət büdcəsindən
ayrılan vəsait ildən-ilə artırıldı.
Ulu Öndərin müəyyənləşdirdiyi təhsil siyasətini bu gün Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban
xanım Əliyeva və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu da uğurla davam etdirir. Heydər Əliyev Fondu ölkəmizdə böyük rəğbətlə
qarşılanan “Yeniləşən
Azərbaycana yeni məktəb”, “İnternat
məktəblərinin inkişaf
proqramı”, “Təhsilə
dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan
bir sıra layihələri uğurla gerçəkləşdirir. İnteqrasiyalı
təhsil, inklüziv təhsil sahəsində Heydər Əliyev Fondunun fəaliyyəti nəinki təqdirəlayiqdir,
həm də ən yaxşı nümunə və örnəkdir. Bir sözlə, Fond təhsil sahəsində gördüyü işlərlə
Heydər Əliyev siyasətini davam etdirərək bu adı uşaqların, gənclərin dilindən
düşməyə qoymur.
Göründüyü kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş
uzaqgörən inkişaf
strategiyasının Prezident
İlham Əliyev tərəfindən uğurla
inkişaf etdirilməsi
ölkəmizin tarixinin
yeni dönəmində
qarşıda mühüm
prioritetlər formalaşdırır.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu,
eləcə də təhsil və gənclər siyasətinin
nəticəsində mümkün
olmuşdur. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri gələcək inkişafımızın
istiqamətlərini və
prioritetlərini qarşımızda
aydın şəkildə
müəyyən edir,
ali təhsil müəssisəsi olaraq kadr hazırlığı
prosesində qarşımızda
duran vəzifələri
uğurla yerinə yetirmək üçün
məsuliyyətləri müəyyən
edir. Bütün sahələrdə
olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində Ümummilli
Lider Heydər Əliyevin siyasəti Azərbaycan təhsilinin uğurlu inkişafı müasir qlobal çağırışlar, dinamik
elmi və elmi-texnoloji inkişaf fonunda Prezident İlham Əliyevin rəhbərliyi altında
bundan sonra da dövlətimizin, iqtisadiyyatımızın və
cəmiyyətimizin uğurlu
gələcəyi naminə
sürətlə davam
edəcək.
Yaqut Ağaşahqızı
İki sahil.- 2024.- 11 dekabr, ¹228.- S.3.