Mədəniyyətimizin
hansı sahəsinə baxsaq…
12 dekabr müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin
anım günüdür. Xalqımız Ümummilli Liderin əziz
xatirəsini həmişə uca tutur və minnətdarlıqla
anır.
Hər bir ölkənin mədəni həyatı onun səviyyəsini göstərir. Hətta demək olar ki, bu və ya digər ölkə iqtisadi cəhətdən nə qədər zəngin olsa belə əgər mədəniyyət, incəsənət inkişaf etmirsə, həmin ölkə tərəqqi edə bilməz. Xalqımızın milli-mənəvi dəyərinin-mədəniyyətinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir" deyən, mədəniyyəti böyük sərvət hesab edən Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə mədəniyyətimizin inkişafını həmişə diqqət mərkəzində saxlamaqla, dünya səviyyəsinə çıxarmaqla mədəniyyət salnaməmizə yeni çalarlar əlavə edib. Onları isə sayıb qurtarmaq mümkün deyil. Ulu Öndərin sayəsində dahi şair Məhəmməd Füzulinin 500, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileylərinin UNESCO-da qeyd olunmasını, 2000-ci ildə İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə bu qurumun Dünya İrs Siyahısına daxil edilməsini Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda artan nüfuzunun təsdiqi kimi dəyərləndirmək olar. Şübhəsiz, bütün bunlar mühüm nailiyyət olmaqla yanaşı, həm də Azərbaycanın mədəniyyət siyasətinin təntənəsi idi. Onu da qeyd edək ki, Azərbaycan mədəniyyəti Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmayıb. Ədəbi-bədii irsimizi dərindən bilən, onu bütün varlığı ilə sevən Ulu Öndər 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşündəki çıxışında demişdi: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq”.
Ümumiyyətlə, Ulu Öndər mədəniyyətimizin təbliğində sözün həqiqi mənasında prinsipiallıq nümayiş etdirib. Belə ki, Azərbaycan xalqına qənim kəsilmiş qara qüvvələri dəf edərək Şuşada Molla Pənah Vaqifin, Bakının ən uca nöqtəsində böyük dövlət xadimi, yazıçı-publisist Nəriman Nərimanovun heykəllərini ucaldan Ümummilli Lider Heydər Əliyev uzaq Sibirdə uyuyan böyük romantik şair və mütəfəkkir Hüseyn Cavidin cənazəsinin qalıqlarının Vətənə gətirilməsində, Bakıda heykəlinin, Naxçıvanda məqbərəsinin, həmçinin azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu Ağkilsə kəndində Aşıq Ələsgərin abidəsinin ərsəyə gətirilməsində böyük əzmkarlıq nümayiş etdirib. Bir məsələni xüsusu vurğulayaq. Şübhəsiz, Ulu Öndər ustad sənətkar Aşıq Ələsgərə belə dəyər verməklə, həm də 1972-ci ildə onun 150 illik yubileyinin Moskvada da yüksək səviyyədə qeyd etməklə Azərbaycanın tarixi sərhədlərinin hansı coğrafiyanı əhatə etdiyini, ulu babalarımızın indiki Ermənistan adlanan ərazidə əzəldən yaşadığı fikrini sovet cəmiyyətinə çatdırdı. Belə bir addım isə sovetlər dönəmində heç də adi bir məsələ deyildi.
Bir sıra filmlərimizin yaranmasında Ulu Öndərin şəxsi təşəbbüsü olub. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin lentə alınmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin xidmətləri danılmazdır. Hələ sovet dönəmində birbaşa Ulu Öndərimin səyləri nətcəsində Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov, Mirzə İbrahimov, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Tahir Salahov, Mikayıl Hüseynov kimi şair və ədiblər, bəstəkarlar, elm xadimləri o dövrün ən böyük tituluna - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər. Ümummilli Liderin səyləri nəticəsində ölkəmizdə Üzeyir Hacıbəylinin, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, M.S.Ordubadinin, Niyazinin, Bülbülün, Əzim Əzimzadənin, Nəriman Nərimanovun, Cəmşid Naxçıvanskinin və başqa mədəniyyət xadimlərinin ev muzeyləri fəaliyyətə başlayıb.
Sözün həqiqi mənasında mədəniyyətimizin hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyev öz doğma mədəniyyətinə təkcə himayədarlıq etməyib, həm də bu sahələrin dərin bilicisi, alovlu təbliğatçısı olub. Musiqimiz, teatrımız, kinomuz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Bu mənada mədəniyyətimizin hansı sahəsinə baxsaq, orada Ümummilli Liderin izini, dəst-xəttini görmək mümkündür. Hətta O, bu və ya digər sahədən danışanda mədəniyyət və incəsənət xadimləri öz heyranlıqlarını gizlədə bilməyiblər. Belə ki, mədəniyyət və incəsənət xadimlərimizi yaxşı tanıyan Ulu Öndər onların yaradıcılığına yaxından bələd olub və bu insanlara xüsusi münasibətilə seçilib.Üstəlik, Ulu Öndər işinin çox olduğu vaxtlarda belə ədəbiyyat və mədəniyyət xadimlərini unutmayıb, onların problemləri ilə maraqlanıb. Şübhəsiz, bütün bunlar Ulu Öndərin doğma xalqına, torpağına, tarixinə sonsuz sevgisindən qaynaqlanıb. Elə Azərbaycanı zəfərlərdən-zəfərlərə aparan da onun bu sevgisi olub. Bu məqamda məşhur qırğız yazıçısı Çingiz Aytmatovun bu sözlərini də xatırlatmaq istərdik: “Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir. Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”. Bu, həqiqətən də belədir.
Əminliklə demək olar ki, artıq 21 ildən çoxdur ki, Ulu Öndər Heydər Əliyevin mədəniyyət siyasəti Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə Azərbaycanda mədəniyyətin müxtəlif sahələri - teatr, kino, musiqi, kitabxana, muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları və digər normativ hüquqi aktlar da bunu bir daha təsdiq edir.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2024.- 12 dekabr, 229.- S.6.