Milyonların inam yolu!
Heydər Əliyev siyasəti
Şəxsiyyətləri
yetirən zaman dahilərin, müdriklərin
simasında tarixiləşir,
müasirləri tərəfindən
dəyərləndirilir, gələcək
nəsillərin həyatında
da yaşanır. Belə şəxsiyyətlər
siyasətləri ilə
xalqına bələdçilik
edir, çətin məqamlarda bayraqdar kimi öndə addımlayır, milyonları
arxasınca aparmaq qabiliyyətləri ilə
seçilirlər. Dünya
tarixində liderliyi təyin edən dəyərlər sistemində
çox az şəxsiyyətə nəsib
olan bu xoşbəxtliyə
sahib olanlar arasında sağlığında
Ümummilli Lider məqamına yüksələn
Heydər Əliyevin adı ilk sıralarda
çəkilir.
Hələ sovetlər
dönəmində Azərbaycanı
inkişaf etmiş respublikalar sırasına çıxaran təcrübəli
dövlət xadimi Heydər Əliyev tarixi nailiyyətimiz olan müstəqillik illərində də lider kimi xalqına
bələdçilik etmiş,
qüdrətli xilaskar
kimi adını Azərbaycanın müasir
tarixinə yazmışdır.
Ulu Öndər Heydər Əliyevin təcrübəli siyasətci,
müdrik dövlət
xadimi olması təkcə Azərbaycan xalqı qarşısında
tarixi xidmətləri
ilə təsdiqlənmir.
Ulu Öndərlə eyni vaxtda dünyanın
siyasi gündəminin
aktual məsələlərinin
müzakirəsində iştirak
edən həmkarları
belə Onun qarşıdakı illər
üçün nəzərdə
tutulan müdrik siyasətinə heyran qalmış, təcrübəsindən
bəhrələnmiş, gələcək
nəsillərə də
ərmağan etmişlər.
Dünyanın tanınımış
dövlət və siyasi xadimlərinin Ulu Öndərlə bağlı sözləri
bu müdrik siyasətçinin fədakarlığına
verilən dəyərlərdəndir.
«Bu qeyri-adi
şəxsiyyət Azərbaycanı
çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif
görüşlərimiz zamanı,
xüsusilə Dağlıq
Qarabağ münaqişəsi
ətrafında müzakirələr
apararkən, münaqişənin
sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək
qiymətləndirdim.» (Fransa
Respublikasının 22-ci Prezidenti
Jak Şirak)
«Onun Prezident
kimi fəaliyyəti dövründə ölkələrimiz
arasında münasibətlərdə
tərəqqi yarandı
və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı.
Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi
10 ünvanında yerləşən
iqamətgahımda bizim
görüşümüz yaxşı yadımdadır.
O, Azərbaycanla Birləşmiş
Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini
qoydu. Fəxr edirik ki, Britaniya
şirkətləri tərəfindən
qoyulan böyük sərmayələr vasitəsilə
Birləşmiş Krallıq
Azərbaycanın gələcək
tərəqqisinə töhfələr
verir.» (Böyük Britaniyanın 73-cü Baş
naziri Toni Bleyr.)
«Heydər Əliyev
təkcə Azərbaycanda
deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan
dostluğunu çox gözəl ifadə edən «Bir millət, iki dövlət» ifadəsi də ona məxsusdur.
Biz çalışmalıyıq
ki, bu hikmətanə
deyimin ifadə etdiyi amal bundan
sonra da davam etsin. Böyük
Heydər Əliyevin ruhu şad olsun
deyə biz türk dünyasının
birliyini və qardaşlıq münasibətlərini
qoruyub möhkəmləndirməyə
çalışmalıyıq» söyləyən Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının
liderləri Mustafa Kamal Atatürklə Ulu Öndər Heydər Əliyevin adının qoşa çəkilməsini tarixi
reallıq kimi dəyərləndirir.
Bu zirvəni
xalqına xidməti, uzaqgörən siyasəti
ilə fəth edən Ulu Öndəri
dünya siyasətində
dəst-xətti olan xadimlər sırasına daxil etmək olar. Müasirləri kimi ondan sonrakı
nəsillər də milyonların sevimlisi Heydər Əliyevin liderliyini tamamlayan özünəinam formulunu
tam araşdırmayıblar.
Ulu Öndərin
liderlik fəlsəfəsinin
təkrarolunmazlığını müəllifi olduğu « Heydər Əliyev.
Tale yolları» kitabında hadisələrə
xronoloji nəzər yetirməklə bildirən
Nikolay Zenkoviç müəyyən zaman kəsiyində müşahidə
etdiklərini qələmə
almışdır. Müəllif
Kremldə təmsil olunan yeganə müsəlman millətindən
olan siyasətçi Ulu Öndərin qətiyyətini, məsuliyyətli
kadr kimi müsbət keyfiyyətlərini
əks etdirən epizodlardan nümunələr
gətirməklə subut
edir ki, məhz fitri istedada malik, hadisələri əvvəlcədən
fenomen biliyi ilə düzgün qiymətləndirib, perspektivləri
dərk edən zəka sahibi Heydər Əliyev kimiləri əsrdə bir dəfə yetişir. Belə şəxsiyyətlər isə
həmişə diqqət
mərkəzində olurlar.
Ulu Öndərə
qarşı qısqanclığını
hər addımda büruzə verən
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu qıcıqlandıran
da onun qətiyyətinə,
istedadına paxıllıq
duyğuları idi. «Kremldə sui-qəsdlər.
Andropovdan Qorbaçova
qədər» kitabının
müəllifləri V. Solovyov
və Y. Klepikova keçmiş İttifaq miqyasında yüksək vəzifə tutan, fenomen biliyə malik Heydər Əliyevi belə xarakterizə etmişdilər:
« Əliyev həqiqətən də Siyasi Bürodakı yoldaşlarının yeknəsəq
çevrəsindən kəskin
surətdə seçilirdi-
özü də təkcə milliyətinə
görə yox.» Tanınmış telejurnalist
Andrey Karaulov 1995-ci ildə yazırdı : « Əliyevin çox güclü fantastik yaddaşı var. Bunu tam
ciddi deyirəm: o , öz yetmişillik həyatının hər
bir gününü ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.»
Bacarıqlı natiq, bütün nitqləri proqram xarakteri daşıyan və dövrünün ən istedadlı ictimai-siyasi xadimi kimi dəyərləndirilən
Heydər Əliyevi müasirləri beynəlxalq
miqyaslı siyasətçi
adlandırırdılar. SSRİ-nin sabiq xarici
işlər naziri Andrey Qromıko Baş nazirin müavini kimi ən məhsuldar kadr kimi maraq
doğuran Heydər Əliyevin bacarığını
belə qiymətləndirirdi:
« O, MK üzvlərinin
əksəriyyətinə xas
olan tərbiyəsizlik,
həyasızlıq yüngülxasiyyətlilik
kimi keyfiyyətlərdən
uzaq idi…Özüm özümə
düşündüm: « Sovet
İttifaqını idarə
etmək üçün
məhz belə cavan və enerjili
rəhbər gərəkdir.
Bu keyfiyyətlər Heydər Əliyevdə var.»
«Mən görkəmli
dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək
və əbədi edəcəkdir. Heydər Əliyevin uzaqgörən
siyasəti xalqı və ölkəni firavanlığa, sürətli
inkişafa gətirib çıxaracaqdır» söyləyən
tanınmış amerikalı
siyasətçi Henri
Kissincerin sözləri
zamanla doğruldu. Bu cür nümunələr
isə istənilən
qədərdir.
Ulu Öndər
Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi
sayəsində Azərbaycan
bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda
möhkəm addımlarla
irəliləyən, beynəlxalq
birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə
təmin etməkdə
olan ölkədir.
Ümummilli Lider
haqqında söylənilən
xoş sözlər bir həqiqəti təsdiqləyir: Qismətinə
tarixi dövrlərin qovşağında yaşamaq
düşmüş müdriklər
ona görə dahi adlandırılır ki, onlar dəyişən
ictimai-siyasi formasiyaların
tələbinə uyğun
proseslərin önündə
gedirlər. Cəmiyyətin
yenicə formalaşan
qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə
dərk edir, baş verəcək hadisələri qarşıdakı
onillərin proqnozlarını
müəyyənləşdirməklə
qiymətləndirir, uzagörən
siyasətləri ilə
tarix yazır, yaşadır və yaşayırlar.
Müdrikliyin əlamətlərini onların
qabiliyyətlərinə görə
fərqləndirənlərin dəyərlər sisteminə
görə liderlik üçün təşəbbüs
vərdişi, fərqli
düşüncə əsasdır.
Dahilik insanın intellektual keyfiyyətidir. Atributları isə ağıl, zəka, təfəkkür, hikmət
və fikirdir. Dahilər ona görə «tarixiləşirlər»
ki, Tanrının onlara verdiyi bu «sərvətləri» ehtiyatla, düşünülmüş,
dövrün tələbinə
uyğun, eyni zamanda milyonlara xeyir verəcək səviyyədə «xərcləyirlər.»
Bu xüsusiyyətləri
siyasi və şəxsi həyatında
gerçəkləşdirən Heydər Əliyev kimi.
Tanrı Ona
zamanın bağlı
saxladıqlarını görə
bilmək qabiliyyəti
vermişdi. 20 Yanvar
1990-cı il hadisələri
zamanı fərdi pensiyaçı kimi Azərbaycanın Moskvadakı
Nümayəndəliyinə gələrək Bakıya
yeridilən qoşunları
ölkənin suverenliyinə
təcavüz adlandıran,
SSRİ rəhbərliyində əyləşən günahkarların
cəzalandırılmasını tələb edən Ulu Öndərin cəsarətindən ehtiyatlanan
SSRİ-nin ilk və sonuncu prezidenti Qorbaçov siyasi xadim Heydər
Əliyevin qətiyyətini
ikinci dəfə sovetlərin saxlanılması
naminə keçirilən
İttifaq müqaviləsinə,
referenduma etiraz zamanı hiss etdi. Mixail Qorbaçovun
rəhbərliyi ilə
müdrik siyasətçi
Heydər Əliyevə
qarşı aparılan
«qara piar»ın
əsasında Ulu Öndərə olan paxıllıq, xəbislik
hisslərinin güclənməsi
idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə Azərbaycanın
müstəqilliyinin əbədiliyi
naminə gördüyü
işlər, dövlət
atributlarnın bərpası
ilə bağlı təklifini reallaşdırmaqla
tarixi yaddaşımızı,
milli təfəkkürümüzü
özümüzə qaytaran
dahi Heydər Əliyev ən böyük azərbaycanlı
kimi milli-mənəvi
sərvətlərimizin təbliğində , qorunmasında da vətəndaşlıq borcunu
yerinə yetirirdi.
1993-cü ildə hakimiyyətə qayıtdıqdan
sonra müstəqil respublikanın Prezidenti kimi Azərbaycana rəhbərlik edən, ölkəni iqtisadi tənəzzüldən xilas
edən, siyasi sabitlik yaradan, Azərbaycanı bölünmək
təhlükəsindən xilas
edən Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi xidməti neft strategiyasını hazırlamaq
və «Əsrin müqaviləsi»nin imzalanması təşəbbüsünü
reallaşdırması oldu.
1994-cü ildə Ermənistanla
müharibə şəraitində
yaşayan Azərbaycanın
qeyri-sabit, riskli ölkə kimi tanındığı bir
zamanda dünyanın ən iri maliyyə
korporasiyalarının, neft
şirkətlərinin Azərbaycana
sərmayə yatırması
müdrik şəxsiyyət
Heydər Əliyevin liderliyinin dünyada təsdiqinin ifadəsi idi. Neft gəlirlərindən
səmərəli , şəffaf istifadə üçün
yaradılan Azərbaycan
Respublikası Dövlət
Neft Fonduna toplanılan vəsaitin ölkə iqtisadiyyatının
inkişafına, sosial
sahələrdə aparılan
islahatlara yönəltməklə
əhalinin güzəranının
yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsinin
nəticəsi idi.
Dövlətimizin xarici siyasətini qarşılıqlı əməkdaşlıq
prinsipləri əsasında
formalaşdıran, təkmilləşdirən
ölkəmizi unikal dövlətə çevirən
xilaskarlıq missiyasını
uğurla davam etdirən Heydər Əliyevin ən böyük arzusu və xalqına xidmətinin əsas qayəsi Azərbaycanı
dünyada qüdrətli
dövlət kimi tanıtmaq, torpaqlarımızın
Ermənistanın işğalından
azad olunması idi. O dövrdə keçmiş sovetlər məkanında Gürcüstanda,
Moldovada ərazi ilə bağlı münaqişələr olsa
da artıq tarixin arxivinə atılmış «Dağlıq
Qarabağ» münaqişəsinin
ilk olaraq beynəlxalq səviyyəyə
çıxarılması dahi
lider Heydər Əliyev qətiyyətinin,
siyasətinin, iradəsinin
böyük uğuru idi. O dövrdə belə Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin
əsl səbəblərini
faktlar əsasında dünya ictimaiyyətinə
çatdıran təcrübəli
dövlət xadimi Heydər Əliyev müstəqilliyimizin əbədiliyi
naminə tarixi addımlar atdı. Azərbaycana qarşı edilən təxribatların,
təzyiqlərin, təhdidlərin
qarşısını siyasi
qüdrətinin gücü
ilə aldı. Dünyaya bəyan etdi ki, suveren
dövlətin vətəndaşları
müstəqilliyini, varlığını
öz gücü ilə qoruya biləcək qəhrəmanlıq
tarixinə malik bir nəslin varisləridirlər. Bəzi
məqamları xatırlayaq.
… 1994-cü ildə
ATƏT-in Lissabon Sammitində 53 ölkənin
dövlət başçısı
( Ermənistandan başqa) Azərbaycanın
ərazi bütövlüyünün
tanınması ilə
bağlı təklifə
səs verdi. Ulu Öndərin siyasəti, beynəlxalq aləmdə artan nüfuzu sayəsində dünya ictimaiyyəti Ermənistanın Azərbaycana
qarşı işğalçılıq
faktını tanıdı.
… 1992-ci ilin oktyabrında
ABŞ Konqresinin «Azadlığa
Dəstək Aktı»nın 907-ci maddəsinə
düzəliş Ulu Öndəri narahat edirdi. 1997-ci ildə Prezident kimi Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Bill Klintonla bu ədalətsiz qərarın ləğvi
ilə bağlı müzakirələr aparan
Heydər Əliyev bir daha qətiyyətli
lider olduğunu sübut etdi. ABŞ «907»nin ləğvi üçün Azərbaycan-
Ermənistan sərhədinin
hər hansısa ərazisində işğalçılara
ticarət üçün
imkan yaradılmasını
təklif edirdi. Ulu Öndərin bu təklifə cavabı belə oldu : «Azərbaycan indiyədək
907-ci maddə ilə yaşamışdır, bundan
sonra da yaşayacaq.» Eyni qətiyyət 1998-ci ildə
Rusiya tərəfindən
irəli sürülmüş
« ümumi dövlət» təklifinə
qarşı da göstərildi. Təcrübəli,
uzaqgörən siyasətçi
kimi ABŞ-ın və Fransanın da dəstəklədiyi bu təklifə rədd cavabı verən qətiyyətli siyasətçi Heydər
Əliyev göstərdi
ki, supergüclərlə
müqayisədə kiçik
bir ərazidə yerləşsə də məğrurluğunu , müstəqilliyini saxlayan Azərbaycan heç bir dövlət qarşısında
əyilmədiy kimi, məğrurluğunu da qorumağa qadirdir. Ümummilli Lider beynəlxalq ictimaiyyətə
bəyan etdi ki, Azərbaycanın daxili işlərinə müdaxiləyə heç
zaman yol verilməyəcək.
Yaratdığı doğma, sağlam mühitdə soydaşlarımızda
milli təfəkkürü,
ideologiyanı formalaşdıran
əsl azərbaycanlı
kimi sevilən Ulu Öndər Heydər Əliyev xalqına ,
Vətəninə sadiq
vətəndaş kimi
xidmət göstərməklə
zəngin tarixə malik 50 milyonluq bir xalqın lideri, Tanrının məxsusi seçdiyi bir insan olduğunu
da təsdiqlədi. Nadir istedad və
qabiliyyətini xalqına
həsr etdi. Vətəninə bağlı
bir insan kimi başa düşürdü ki, minillər boyu formalaşmış mənəvi
dəyərləri heç
bir cəza ilə xalqın şüurundan çıxarmaq
olmaz.
«Heydər Əliyev
dahi şəxsiyyət,
uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma
xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə
xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi
quruluşundan asılı
olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın
dəstəyini hiss edərək Azərbaycanı
inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə
Azərbaycan üçün,
xalqımız üçün
ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş
siyasəti və cəsarətli addımları
xalqımızı böyük
bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və
bütün dövrlərdə
ona arxa-dayaq olmuşdur» söyləməklə
bu ideyaları layqincə davam etdirən Prezident İlham Əliyev bu yolda xalqa
inamla bələdçilik
edir.
Xuraman İsmayılqızı
İki sahil.- 2024.- 12 dekabr, ¹229.- S.5.