Azərbaycanın çörəkbişirmə
adəti
və təndir sənətkarlığı mədəniyyəti
Xalq sənətinin
bütün başqa formalarından fərqli olaraq mətbəx mədəniyyətində qədim
etnik faktlar olduqca güclüdür. Belə ki, xalq
mətbəxinin müxtəlif
növləri yarandığı
və yaşadığı
ərazinin coğrafi,
tarixi, yeri gələndə, astronomik
düşüncə (formasına
görə səma cisimlərinə bənzər
çörək növlərinin
qaynaqlandığı) faktroları
ilə birbaşa bağlıdır. Yəni
bir ərazidə yaranmış mətbəx
faktı həmin ərazinin köklü əhalisinin qədim dünyagörüşünü (buraya
daxildir: iqlim fərqliliyi, coğrafi yerləşmə, ənənə
düşüncəsi və
s.) özündə açıq
ehtiva etməyə qadirdir. Bəli, mətbəx faktorları öz növbəsində
qədim mədəniyyət
örnəkləri olaraq
böyük əhəmiyyətə
malikdir.
Mətbəx faktorlarının ən aktiv növlərindən olan, hətta süfrələrin olmazsa-olmazlarından hesab olunan un və ondan hazırlanan məhsulların ən bariz nümunəsi çörək, eləcə də onun növləridir. Çörək ondan istifadə edən insanın “qarnını ən rahat doyuran” nemət kimi Tanrının insan övladına bəxş etdiyi nemətdir. “Çörək bol olarsa, basılmaz Vətən” – deməklə ulularımız bu nemətin müqəddəsliyini də ifadə etmişlər.
Türk xalqlarında çörəyin hazırlanması məqamları və texnologiyasının özünəməxsus yönləri vardır. Eləcə də qədim tarixi qədər milli-mənəvi dəyərləri olan Azərbaycan xalqının da sözügedən məqamla bağlı özünəxas yanaşmasını ifadə edən sözlü yaradıcılıq örnəkləri mövcuddur. Ümumiyyətlə, çörəkbişirmə adət və texnologiyası Azərbaycan türklərində çox qədim etnik psixoloji-fəlsəfi dünyagörüşə dayanmaqla yanaşı, coğrafi, mədəni, eləcə də tarixi özünəməxsusluqla bağlıdır.
Azərbaycanda çörəkbişirmənin qədimliyini ifadə edən faktlardan biri də xalqın mənəvi mədəniyyətini əks etdirən onun şifahi sözlü sənətidir. Belə ki, folklor dünyamızda çörəyin müqəddəsliyini özündə ehtiva edən yetərincə sözlü mədəniyyət faktları: atalar sözləri və məsəllər, deyimlər, inanclar, sınamalar, lətifələr, bayatılar, andlar, alqış-qarğışlar, mərasim elementləri və s. vardır. Müxtəlif mərasimlərdə çörəyin həmin mərasimin əsas elementi kimi dəyərləndirilməsi elə insan övladı yaranandan onun çörəyi əldə etməsi, onu qoruması, ona həyat mənbəyi kimi yanaşması, ümumiyyətlə, onun mahiyyətini anlamasını ifadə edən düşüncələrdən qaynaqlanır. Mərasimlərdə hazırlanan çörəklərin özünün də xalq təfəkküründə dərin simvolik yönləri vardır. Belə ki, “toy çörəyi” adı ilə tanınan, toy mərasimin əsas adətlərindən hesab olunan çörəkbişirmə mərasimi elin köməyi və dəstəyi olmadan həyata keçməyib. “Toy mərasiminə bir-iki gün qalmış toy sahibi olan qadın kəndin ağbirçəklərini çörək bişirməyə dəvət edərdi. Belə dəvəti alan hər qadın çörək bişirməyə gəlməyi özünə borc bilərdi. Toy sahibi çörəkbişirənlər üçün qabaqcadan kiçik hədiyyələr hazırlayar, hər birinə iş zamanı geyinmək üçün önlük bağışlardı. Çörəkbişirməyə yığışmış kəndin qadınları bir-iki gün ərzində toya lazım olan çörəyi bişirib qurtarardılar. Çörək bişirmək ilə əlaqədar çağırılmış iməciliklər də çal-çağırsız keçməzdi. Qız-gəlinlərlə bərabər ağbirçək qadınlar da bayatı deməklə bir-birləri ilə yarışardırlar. Söylənilən bayatılar toy məclisinin məzmununa, gəlinlərə və çörəkbişirənlərə həsr edilərdi...” (Az.etnoq.s.91).
Xalq arasında toy mərasimində çörəkbişirmə ənənəsini özündə ifadə edən şifahi sözlü sənət örnəkləri də vardır. Və belə örnəklərin də yaranmasını həmin mərasimlər, məsələn sözügedən “toy çörəyi” kimi məqamlar şərtləndirir. Bir el bayatısında da məhz bu adətin izlərinin qorunduğunu müşahidə edirik:
Ulduz gəlin, ay gəlin,
Yoxdur sənə tay gəlin.
Qardaşının toyudur,
Nazik yuxa yay, gəlin.
“Çörək açan qapını heç kəs aça bilməz” – deyən ulularımız çörəyin sülhü bərqərar edən nemət xarakteri daşımasını nəzərdə tutublar. Qədim ənənələrdə aralarında uzun zaman umu-küsü yaranmış ailələr, tayfalar barışıq üçün biri digərinin evinə əlində çörəklə gedərmiş. Belə olduqda qarşı tərəf gələnə qapısını xoşluqla açar, hətta arada olan umu-küsünü tezliklə unudardı. Elə məhz bunun izləridir ki, toy günü gəlin yeni evə gələndə onun başı üzərində çörək kəsilər. Bu da icraçının evə yeni qədəm qoyan insanın özü ilə ruzi-bərəkət gətirməsi inancı ilə yanaşı, həm də mehribanlıq, dostluq, sülh gətirəcəyi arzusunu və inancını da ifadə edir.
Folklorumuzda insanın psixoloji-fəlsəfi dünyagörüşünü, mənəvi aləmini çox aydın ifadə edən, çörəyin müqəddəsliyini bir daha təsdiq edən deyimlər, atalar sözləri və məsəllər, eləcə də sözün sehri qüvvəsinə inamı xarakterizə edən alqış-qarğışlar, inanc-sınama örnəkləri yetərincədir:
Çörəyi daşdan çıxmaq;
Çörəyi qulağına yemək;
Çörəyinin dəlisi / çörəyinin düşməni (bədxərclik);
Çörəyi yeməmiş şükrünü eləyir;
Çörək tapmır yeməyə, soğan yeyir ki, iştahası açılsın;
Çörəyi yağdadı;
Çörəyi dizinin üstündədi;
İtə də bir çörək borcludur;
Çörəyi ərşə çəkilmək;
Çörək itirən olma!
Təhnən boş qalmasın!
Təhnən bin-bərəkətli olsun!
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində çörəksaxlama ənənəsi etnoqrafik əçyaların da formalaşmasına təsir edib. Belə ki, çörəyi həm keyfiyyətli qoruyub saxlamaq, həm də onun israfının qarşısını almaq üçün məxsusi dolablardan istifadə olunur ki, burada ona daraba deyirlər. Bu əşya, demək mümkündür ki, ərazinin bütün ailələrində mövcuddur.
Çörəyin müxtəlif növləri vardır. Bunlardan lavaş adlanan nazik qatlı çörəyi qurudaraq uzun müddət saxlamaq olur. Lavaşı istifadə edərkən su vasitəsilə yumşaldırlar. Buna Azərbaycanın bəzi ərazilərində yuxa da deyirlər. Naxçıvanda məxsusi olaraq lavaşla yeyilən xörək növləri də vardır. Hər hansı bir sulu xörəyə lavaş doğranılanda, o yalnız xörəyin suyu və lavaşdan təşkil olunub yeyilirsə, buna boşbaş deyilir. Və lavaşa bükülərək hazırlanan yemək növü isə Naxçıvan və Qərbi Azərbaycan ərazilərində dürmək adlanır. Çörəyi bişirmək üçün ən optimal və qədim vasitə təndirdir. Təndir hazırlanması və ondan istifadə də Azərbaycanın regionlarlında müxtəlif fərqli məqamlarla izlənilir. Naxçıvanda təndirdə bir çox bayramlara xas olan çörək növləri bişirilir. Buna Naxçıvanın şəhər əhalisi, Şərur, Şahbuz və s. əraziləridə yaşayan əhali “çöçə” (kökə) deyir. “Çöçə”lərin içərisi müxtəlif ərzaqlardan hazırlanan içliklə doldurulur. Maş çöçəsi, cəviz çöçəsi buradakı əhalinin sevərək istifadə etdiyi çörək növləridir. Ordubad rayonunda isə buna “cəvizli kükə” deyilir. “Cəvizli kükə” Novruz bayramında Ordubadda ən çox sevərək hazırlanan çörək növüdür. Qeyd edək ki, cəvizli kükəni təndirdə bişirmək nemətin əsrarəngiz dadını daha da artırır.
Ümumiyyətlə, çörəkbişirmə adəti və təndir sənətkarlığı Azərbaycan xalqının qədim milli ənənələri içərisində özünəməxsus yer tutan dəyərlərdir. Bu ənənənin qorunmasını təmin etməyin ən yaxşı üsulu onun icrasını yaşatmaqdır. Və bu nöqteyi-nəzərdən yaxın günlərdə “Azərbaycanın təndir sənətkarlığı və çörəkbişirmə üsulu” YUNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib.
Aytən Cəfərova,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
dosent
İki
sahil.- 2024.- 14 dekabr, ¹231.- S.5.