“Qalib
ölkənin qalibləri“
Dekabrın 17-də
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
təşkilatçılığı və istedadlı uşaqların iştirakı
ilə “Qalib Ölkənin Qalibləri-2024” adlı
mükafatlandırma mərasimi
keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra cari ildə istedadlı uşaqların qazandıqları uğurları əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayıb. Uşaqların həyatlarının erkən vaxtlarından özlərini qələbəyə köklədiyini qeyd edən sədr, onları təbrik edib, yeni və daha böyük uğurlar arzu edib.
“Qalib ölkənin qalibləri” layihəsi haqqında danışan B.Muradova, artıq ənənə halı aldığını və üçüncü dəfə müxtəlif sahələrdə Azərbaycanın adını yüksəklərə qaldıran uşaqların mükafatlandırıldığını diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, hər bir ölkə üçün görüləcək ən vacib iş onun başlıca sərvəti olan insan kapitalının inkişafına sərmayə qoyulması, diqqət və qayğı göstərilməsidir. B.Muradova, Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini əlavə edib. Azərbaycanın geostrateji mövqedə yerləşməsinə diqqət çəkən sədr, ölkəmizin inkişaf yoluna nəzər salıb, tarixin miras qoyduğu çətinliklərdən azad olaraq, ərazi bütövlüyü, suverenliyimizi bərpa etdiyimizi və bu gün bütün dünyada inkişafın Azərbaycan örnəyini yaratdığmızı söyləyib. Qeyd edib ki, bu proseslərin davamı kimi dövlət tərəfindən insan kapitalına, xüsusilə də uşaqların erkən dövrdə inkişafına qoyulan sərmayə də nümunəvidir.
Bahar Muradova qələbə qazanan uşaqların uğurlu nəticələrinin hər həsi qürurlandırdığını vurğulayaraq, əlavə edib ki, bu gün orta ümumtəhsil məktəblərində yaradılan maddi-texniki baza, yüksək “smart” yeniliklər imkan verir ki, uşaqların uğurlarının miqyası daha da genişlənsin, nailiyyət qazandqları hər bir sahədə peşəkar olmaq üçün imkanlara əlçatanlıqları təmin edilsin.
Azərbaycanda uşaqların inkişafına həsr olunmuş ictimai təşəbbüslərin və genişmiqyaslı layihələrin reallaşdırıldığını qeyd edən Komitə sədri, bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini və vacib rolunu xüsusilə vurğulayıb. O əlavə edib ki, uşaq və gənclərin inkişafı üçün görülən işlər digər ölkələrin də Azərbaycana marağını artırmış, layihələrdə birgə iştirak etmək həvəslərini artırmışdır.
Dövlət Komitəsinin uşaq və gənclərə yönəlik məsələlərlə birbaşa məşğul olduğunu diqqətə çatdıran sədr, ailədəki vəziyyət, uşaqların həm ailədə, həm cəmiyyətdə, həm də ümumtəhsil məktəblərində bütün imkanlara əlçatanalığının təmin edilməsinin diqqət mərkəzində olduğunu bildirib: “Uşaq və gənclərlə işləmək həm qürurvericidir, həm də böyük zəhmət və səy tələb edir. Eyni zamanda onlarla birgə bu yolu getmək, düşüncələrini öyrənmək, istək və arzularını dinləmək bu və ya digər ehtyaclarını öyrənmək və təmin etmək həm şərəfli, həm çətin, həm də maraqlıdır”.
Müxtəlif sahələrdə uğur qazanmış uşaqlarla keçirilən hər bir görüşün əhəmiyyətini vurğulayan B.Muradova qeyd edib ki, sizin hər biriniz bizim yaddaşımızda qalib ölkənin qalib uşaqları kimi qalırsınız və dövlətə layiqli vətəndaş olacağınıza böyük inamımız var: “Sizin naliyyətləriniz, əzminiz və cəsarətiniz, parlaq gözləriniz, işıqlı üzünüz və sabaha inamlı baxışlarınız imkan verir deyək ki, Azərbaycanın gələcəyi doğrudan da əmin əllərdədir.” – deyə o əlavə edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov müxtəlif sahələrdə qazandıqları nailiyyət münasibətilə uşaqları təbrik edib. Nazir müavini bildirib ki, bu gün gənclərin istedadının aşkar olunması və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılır: "Siz bacarıqlarınızı ölkənin iqtisadiyyatını müəyyən edən sahələrdə tətbiq edərək, dövlətimizin inkişafını təmin edəcəksiniz. Hər bir gəncdə istedad var, sadəcə onu görmək lazımdır".
Firudin Qurbanov hər il Respublika fənn olimpiadalarında kifayət qədər istedadlı şagirdin iştirak etdiyini və aşağı siniflərdə təhsil alanların olimpiada mərkəzlərinə cəlb olunduqlarını qeyd edib. Qeyd edib ki, bir neçə il öncə olimpiadalarda yüksək nəticələr əldə edən gənclər hazırda dünyanın bir sıra ölkələrində yüksək vəzifələrdə çalışırlar.
Uşaqları dövlətin sərvəti adlandıran F.Qurbanov, istedadlı uşaqların həm də ölkənin gələcək təminatçıları olduğunu vurğulayıb. Bildirib ki, bu uğurlar gələcəkdə konkret fəaliyyətə çevriləcək və ölkəmizin hərtərəfli inkişafına töhfə verəcəkdir.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında bildirib ki, dünyanın hazırki inkişaf sürətinə çatmaq üçün uşaqlar daim öz üzərində çalışmalı və müxtəlif sahələrdə potensiallarını inkişaf etdirməlidirlər.
Azərbaycanın qazandığı tarixi qələbədən sonra övladlarımızın suverenliyini tam bərpa etmiş bir ölkədə böyüdüyünü bildirən F.Hacıyev əlavə edib ki, bugünki güclü dövlətimizi qoruyub saxlamaq və daha işıqlı bir gələcəyə aparmaq yolunda siz uşaqların üzərinə böyük məsuliyyət düşür.
Mədəniyyət Nazirliyinin müşaviri Cəsarət Valehov süni intellekt əsrində yaradıcı təfəkkürün əhəmiyyətindən bəhs edib. O, rəqəmsal dünyada öz istedadı və bacarığı ilə seçilməyi bacaran uşaqların uğurlarını yüksək qiymətləndirib.
Qalib uşaqlar adından çıxış edən Toğrul Şahtahtinski, Murad Xəlilzadə, Rəfiqə Verdiyeva tədbirin təşkili üçün təşəkkürünü bildirərək, dövlət tərəfindən onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə elm, təhsil, mədəniyyət və idman sahələrində il ərzində Azərbaycanı beynəlxalq olimpiada və yarışlarda təmsil edərək qalib gəlmiş 100 uşaq mükafatlandırılıb.
Sonda mədəniyyət sahəsində uğur qazanmış uşaqlar tərəfindən müxtəlif musiqi alətlərində ifalar səsləndirilib.
Yaqut Ağaşahqızı
İki sahil.- 2024.- 18 dekabr, ¹233.- S.5.