İnanırdıq
ki, bu gün gələcək
Ümummilli Lider Heydər Əliyevin siyasi
kursunu son 21 ildə uğurla davam etdirən Prezident İlham
Əliyev 30 ilin işğalına son qoyub ərazi
bütövlüyümüzü və suverenliyimizi tam bərpa
etməklə Azərbaycanın yeni dövrə qədəm
qoymasını şərtləndirdi
«Təqvimimizə kədərli 27 Sentyabr
günü ilə bərabər, iki bayram günü də əlavə
edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və
Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi
yaşayacaq.» Dövlətimizin başçısı
İlham Əliyevin bu fikirləri Azərbaycanın zəfərlərini,
eyni zamanda, bu qələbələrə nail olmaq
üçün Vətən övladlarının
canlarından keçərək tarix yazdıqlarını təqdim
edir. 30 illik işğal dövrünün arzu və istəklərini
bu gün tamamilə fərqli hədəflər,
çağırışlar əvəzləyir. Bu
uğurlara nail olmaq üçün Azərbaycan xalqı
çətinliklərə sinə gərdi, faciələrlə
üz-üzə qaldı, amma heç zaman ruhdan düşməyərək
irəliyə doğru addımladı. Təbii ki, buna əsas
verən dövlətimizin düşünülmüş
siyasəti və onun uğurlu nəticələridir.
1993-cü ildə Ümummilli Lider Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra Azərbaycanın həyatında
başlanan yeni dövr möhkəm təməlin
yaradılması ilə xarakterizə edildi. Ulu Öndər
Heydər Əliyev Azərbaycanı yenidən qurdu, dövlətçiliyin
əsaslarını yaratdı, ölkəni hədəfdən-hədəfə
doğru apararaq 2003-cü ildə xalqa tarixi 1 oktyabr müraciətini
etdi. Bu müraciət Ümummilli Liderin hakimiyyətinin hər
iki dövründə Azərbaycanın uğurlarının və
2003-cü ildən başlanacaq yolun hədəflərinin təqdimatı
oldu. Prezident İlham Əliyevin
çıxışlarında qeyd etdiyi kimi, 2003-cü ildə
Azərbaycan xalqı düzgün seçim etmişdi.
Müstəqil tariximizin ən həlledici məqamı məhz
2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi
ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi.
Yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər
tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz,
xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə
üzləşə bilərdi.
21 il Azərbaycanın tarixinə möhtəşəm
uğurları yazdı və cənab İlham Əliyev ötən
ilin sentyabr ayında rəşadətli ordumuzun həyata
keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində
suverenliyimizin tam bərpa edilməsindən, Azərbaycan
Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə
və Xocavənddə ucaltdıqdan sonra Xankəndi şəhərindən
xalqa müraciətində «Düz 20 il bundan əvvəl Azərbaycan
xalqı mənə böyük etimad göstərərək
prezident seçkilərində Prezident vəzifəsinə
seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək
söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan
dövlətinin milli maraqlarını müdafiə edəcəyəm,
Azərbaycanın ərazi bütövlüyünü
qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl
basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində
verdiyim bütün vədlər, qarşıma qoyduğum
bütün vəzifələr icra edildi. Bu gün
bütün Azərbaycan xalqı ürəkdən sevinir,
bütün Azərbaycan xalqı “Allaha şükür” deyir.
Bu günü biz 30 ildən çox gözləmişdik.
Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu
gün gələcək» söyləyərək keçilən
yolun təqdimatını etdi. Cənab İlham Əliyev bu
reallığı da qeyd etdi ki, biz bu Qələbəyə
layiqik. Azərbaycan xalqı bu Qələbəni öz
qanı, canı bahasına əldə etmişdir. Bu gün
burada qaldırdığım Bayraq burada əbədi
dalğalanacaq və burada əbədi yaşayacağıq.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Dövlətimizin başçısı
İlham Əliyevin tarixi Zəfərimizdən əvvəl
çıxışlarına, müsahibələrinə diqqət
yetirsək bu inamın ifadə edildiyini görərik- Tezliklə
üçrəngli Bayrağımız Dağlıq
Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bu əminliyə
əsas verən tarixi ədalətə, beynəlxalq hüquqa
söykənən siyasətimiz, informasiya cəbhəsində
üstünlüyə malik olmağımız idi. Dövlətimizin
uğurlu siyasəti nəticəsində Azərbaycan
bütün sahələrdə uğurla inkişaf edərək
təcrübəsi nümunə göstərilir. Ölkəmizin
iqtisadi imkanlarının genişlənməsi fonunda ordu
quruculuğu istiqamətində mühüm addımlar
atıldı. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri
dövlət siyasətinin prioriteti kimi müəyyən
olundu. Planlı və ardıcıl şəkildə
görülmüş işlər Azərbaycan Ordusunu
dünyanın ən güclü 50 ordusu sırasına
yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin
maddi-texniki təchizatının yenilənməsi, müasir
infrastrukturun yaradılması, hərbi qulluqçuların
sosial müdafiəsi, mənzil təminatının
yaxşılaşdırılması, həmçinin
müdafiə sənayesinin inkişaf etdirilməsinə
Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət
ayrılıb. Azərbaycanda son illərdə formalaşan və
dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif
növ hərbi texnika, zirehli maşınlar, pilotsuz
uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan
öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla
ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə
bilir. Azərbaycanda hərbi sənaye kompleksinin
yaradılması ölkənin hərbi qüdrətini
artırdı. Hazırda Azərbaycanda mindən çox hərbi
təyinatlı məhsul istehsal edilir. Dünyanın
aparıcı beynəlxalq sərgilərində Azərbaycanın
hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər
Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə
təchiz etmək üçün əvəzsiz imkanlar
yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və
döyüş qabiliyyətinin artırılması,
maddi-texniki təchizatının
yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Azərbaycanda son illərdə formalaşan və dinamik
inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif
növ hərbi texnika, zirehli maşınlar, pilotsuz
uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan
öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla
ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə
bilir. Silah və hərbi texnikaların satın alınması
və hərbi məhsulların istehsalına dair bir sıra
ölkələrlə müqavilələr imzalanaraq hərbi
əməkdaşlıq əlaqələri genişləndirilir.
Zəfər zirvəsindən son 21 ilə diqqət
yetirsək Azərbaycanın ərazi
bütövlüyünün bərpasına, işğal
altında olan torpaqlarımızın azad edilməsinə
hazırlıq işlərinin görüldüyünü
görərik. Azərbaycan iqtisadi qüdrətini
artırdı və bu tərəqqi bütün sahələrdə
uğurlu addımları şərtləndirdi.
İqtisadiyyatın inkişafı və insanların sosial
rifah halının yüksəldilməsi məqsədilə
Prezidentin təşəbbüskarı olduğu qanun layihələri,
həmçinin imzaladığı Fərman və sərəncamlar
əsasında həyata keçirilən sosial layihələr
vətəndaşlarımızın yaşayış səviyyəsinə
öz müsbət təsirini göstərir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə görülmüş
genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər,
dərin islahatlar nəticəsində hazırda Azərbaycan
siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz
ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi,
irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin
təşəbbüskarı və fəal
iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində etibarlı tərəfdaş,
dünya kosmos ailəsinin üzvü, mühüm tranzit
qovşağıdır. Azərbaycanda sürətli
inkişaf təbii olaraq, dövlət quruculuğunun
bütün sahələrinə, o cümlədən sosial
sferaya ciddi sirayət edib və bir çox sosial proqram və
layihələrdə real əksini tapıb. Ölkəmizin
iqtisadi qüdrətinin artması vətəndaşların
sosial rifahının yüksəldilməsinə yönəlmiş
layihələrin həyata keçirilməsinə zəmin
yaradıb. Ən önəmli istiqamətlərindən biri
ölkəmizdə qaçqın və məcburi
köçkünlərə 30 ilə yaxın bir dövr ərzində
göstərilən qayğıdır.
Ölkənin iqtisadi qüdrəti və yeni
texnologiyaların təşviqi sahəsində əldə
olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə
ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin
üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1”
telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən
müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2”
telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk
layihələrinin həyata keçirilməsinin əsas məqsədləri
ölkənin milli təhlükəsizliyinin təmin
olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa
töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək
peyk layihələrinə yatırılan investisiyaların geri
qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək
verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə
iştirak edərək ölkənin beynəlxalq imicinin
yüksəldilməsinə töhfə verməkdir. Azərbaycanın
neft sektoruna investisiya yatıran xarici ölkələr
siyahısının ilk beşliyində Böyük Britaniya,
ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr
qərarlaşıb. Ölkə iqtisadiyyatının qeyri-neft
sektoruna ən çox investisiya yatıran ölkələrin
ilk beşliyində isə Türkiyə, Böyük Britaniya,
ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. Davamlı
iqtisadi inkişaf, maliyyə imkanlarının artması,
özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda
investisiya ixracatçısına çevirib. Ötən
müddət ərzində Türkiyə, Gürcüstan,
Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya,
Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli
həcmlərdə investisiya yatırılıb.
Atılan bütün addımların, icra edilən
hər bir layihənin, qəbul olunan qərarların bir məqsədi
var idi- Azərbaycanın ərazi bütövlüyünü
bərpa etmək. Müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü
ildə xalqa müraciətində cənab İlham Əliyevə
Özü qədər inandığını bildirərək
sona çatdıra bilmədiyi işlərin xalqın dəstəyi
ilə Onun həyata keçirəcəyinə əminliyini
ifadə etmişdir. Son 21 ilin uğurları dövlət
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin bu inamı doğrultduğunu, Heydər
Əliyev siyasətinə sadiqliyini, hər bir vədini konkret əməli
işi ilə təsdiqlədiyini nümayiş etdirdi. Cənab
İlham Əliyev 44 günlük İkinci Qarabağ
müharibəsində tarixi Zəfərimizlə bir daha
birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdi.
«Dəmir yumruq» Vətən müharibəsinin rəmzinə
çevrildi. Bu yumruq, eyni zamanda, Azərbaycanın
gücünün, qüdrətinin təqdimatı idi. Ölkəmiz
son 21 ildə hər bir sahədə uğurlu addımları
ilə diqqətdə oldu. Beynəlxalq münasibətlər
sisteminin fəal üzvünə çevrilən Azərbaycan
sözünün imzası qədər əhəmiyyətli
olduğunu təsdiqlədi.
Tarixi Zəfərimiz bütün sahələrdə
yeniliklərə yol açdı. İqtisadi rayonların yeni
bölgüsünün həyata keçirilməsi tarixi Zəfərimizin
dünyaya təqdimatında əhəmiyyətli rol oynadı.
Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı
ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib.
Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən
və geniş turizm imkanlarından səmərəli istifadə
etməklə onların bərabər inkişafının təmini
üçün nəzərdə tutulan bütün işlərin
vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi
əraziləri işğaldan azad edilmiş rayonların
iqtisadi rayonlar üzrə bölgüsünə yenidən
baxılmasını şərtləndirir. Hədəfləri
zamanın tələblərinə uyğun müəyyənləşdirən
Prezident İlham Əliyevin təsdiqlədiyi «Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər», həmçinin
iqtisadi rayonların yeni bölgüsü ölkəmizin
qarşıdakı illərin aydın mənzərəsini yaradır.
Həyata keçirilən siyasət Azərbaycanın gələcəyinə
daim nikbin baxmağa əsas verir.
Görülən işlər dövlət
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin nüfuzunu, siyasi çəkisini
artırdı. Dövlət başçısının
qlobal təşəbbüsləri dəstəkləndi, Azərbaycanın
bugününə və gələcəyinə inam daha da
artdı. Təkcə son illərdə koronavirus infeksiyası
ilə mübarizə tədbirlərinə diqqət yetirsək
Prezident İlham Əliyevin təşəbbüslərinin, qərarlarının
nə qədər əhəmiyyətli olduğunu, birliyə,
həmrəyliyə çağırışı
özündə ehtiva etdiyini görərik. Qoşulmama Hərəkatının
sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü
ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının
COVID-19 pandemiyası ilə mübarizəyə həsr
edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr
2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı
sessiyası çərçivəsində Qoşulmama Hərəkatının
sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü
ilə QH üzvləri adından irəli
sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə
bərabər, məqbul qiymətə, vaxtında və
universal əlçatanlığın təmin edilməsi”
adlı qətnamə BMT üzv dövlətləri tərəfindən
qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti
həmmüəllif qismində qoşulub. Prezident İlham
Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar
Azərbaycanı sabitləşdirici aktor kimi dünyaya təqdim
edir. Azərbaycan Prezidentinin dünyanı birləşdirən
Lider imici qazanması da təsadüfi deyil. Bu baxımdan ki, Azərbaycan
daim bu çağırışı edir ki, səylərin
birləşdirilməsi fonunda hədəflərə yüksək
səviyyədə nail olmaq mümkündür. Bu
çağırışların əsasında, eyni zamanda,
Azəbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan
mövqeyi dayanır. Azərbaycan cənab İlham Əliyevin
qətiyyəti sayəsində dünyaya sübut etdi ki, ədalət
və beynəlxalq hüquq deyilən məfhumlar var,
onların zamana və məkana görə tətbiqi
mümkünsüzdür.
Regional təşəbbüslər Azərbaycanın
möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın
dərinləşməsinə xidmət etdi. Prezidentin
yürütdüyü uğurlu xarici siyasət nəticəsində
ölkəmiz 2011-ci ildə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçildi,
dünyada beynəlxalq təşkilatlar Ermənistanı
işğalçı dövlət kimi tanıdı. Azərbaycanın
155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin
120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına
2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın
beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Azərbaycanın təşəbbüsləri sayəsində
multikulturalizm və mədəniyyətlərarası dialoq
kimi məfhumlarının aktuallığı beynəlxalq
münasibətlər sistemində qorunub. Azərbaycanda
davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu,
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu,
habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu,
UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli
tədbirlərin keçirilməsi nəticəsində
Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq
siyasi meydanlardan birinə çevrilmişdir. Azərbaycan
“Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində
NATO-nun etibarlı və fəal tərəfdaşıdır.
Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan
tutduğu obyektiv mövqe və çıxış etdiyi
qlobal əhəmiyyətli təşəbbüslər sayəsində
öz beynəlxalq statusunu dayanmadan artırır.
Bakının görüş və danışıqlar
ünvanı kimi müəyyən olunması bilavasitə
Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun
göstəricisidir.
Türk dövlətləri ilə münasibətlərin
möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin
əsas prioritetlərindən biridir. 2009-cu ildə
Naxçıvan Zirvə görüşündən ötən
müddət ərzində əməkdaşlıq əlaqələri
müxtəlif sahələrdə təsisatlanıb. Bu gün
Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə
böyük siyasi çəkiyə və nüfuza malikdir.
Tarixi Zəfərimiz türk dünyasının birliyini daha
da möhkəmləndirdi. Cənab İlham Əliyev türk
dünyasını böyük ailə kimi dəyərləndirərək
birgə səylərin göstərilməsini vacib amil kimi
önə çəkir. Bu gün işğaldan azad
edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq
işlərində də bu birlik özünü aydın
şəkildə nümayiş etdirir.
Bu gün dünya Azərbaycan-Türkiyə
qardaşlığının fonunda türk
dünyasının birliyinin şahidinə çevrilib. 44
günlük İkinci Qarabağ müharibəsində «Azərbaycan
tək deyil» mesajını dünyaya çatdıran
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sona qədər
ölkəmizə siyasi və mənəvi dəstəyini əsirgəmədi.
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də
Şuşada imzalanmış Bəyannamə iki ölkə və
onun xalqları arasındakı dostluq və qardaşlıqdan
çıxış edərək Azərbaycan və
Türkiyə arasındakı münasibətləri keyfiyyətcə
yeni, müttəfiqlik səviyyəsinə
qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər
xarici siyasət sahəsində əlaqələndirməni və
müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri
həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan
ilə Türkiyə arasında Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurası çərçivəsində
birgə fəaliyyət göstərir. Tərəflər
aktual xarakter kəsb edən, qarşılıqlı maraq
doğuran beynəlxalq məsələlər üzrə həmrəylik
və qarşılıqlı dəstək nümayiş etdirərək
yaxın və ya üst-üstə düşən mövqedən
çıxış etməklə ikitərəfli əməkdaşlığı
dərinləşdirəcək və BMT, ATƏT, Avropa
Şurası, Türk Dövlətləri Təşkilatı,
İslam Əməkdaşlıq Təşkilatı daxil
olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində
bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.
Azərbaycan və Türkiyə dünyaya
qardaşlığın nümunəsini göstərirlər.
Hər zaman bir yerdə olan iki dost, qardaş ölkə
türk dünyasının birliyinə davamlı töhfələri
ilə diqqətdədirlər. 2021-ci ildə Azərbaycan
Prezidentinin, 2022-ci ildə isə Türkiyə Prezidentinin
Türk Dünyasının Ali Ordeninə layiq görülməsi
də bunun bariz nümunəsidir. Ölkəmizin Türk
Dövlətləri Təşkilatına sədrliyi
dövründə atıdığı addımların, irəli
sürdüyü təşəbbüslərin
xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab
İlham Əliyev daim bu çağırışı edirdi
ki, biz birlikdə güclüyük.
Azərbaycanın beynəlxalq münasibətlər
sistemində artan rolu və möhkələnən mövqeyi göz
qabağındadır. Tarixi Zəfərimizin reallıqları
fonunda Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin
təmin edilməsi üçün Ermənistana sülh təklifini
etdi. Üç ildir bu istiqamətdə müxtəlif məkanlarda
və formatlarda keçirilən görüşlərdə
Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipinə
söykənən təklifi dəstəklənir. Ermənistanın
havadarlarının sifarişləri əsasında addım
atması prosesin hələ də uzanmasına səbəb
olur.
Bütün bunlara baxmayaraq Azərbaycan
işğaldan azad edilmiş ərazilərimizdə
genişmiqyaslı bərpa-quruculuq işlərini uğurla
davam etdirir. 4 ildə görülən işlərin
xronologiyasını belə təqdim etmək mümkün
deyil. Onların miqyası olduqca genişdir. Prezident İlham
Əliyevin Sərəncamı ilə Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq
edilib. Dövlət Proqramının əhatə dairəsini
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət
Proqramında işğaldan azad edilmiş ərazilərdə
aparılmış bərpa-quruculuq işləri və mövcud
vəziyyət, nail olunması hədəflənən məqsədlər
və onlara uyğun hədəf göstəriciləri,
Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin
doğma torpaqlarına geri qayıdışı məsələləri,
gözlənilən nəticələr, ehtimal edilən risklərin
idarə olunması, müvafiq vəzifələrin yerinə
yetirilməsi üçün maliyyələşmə mənbələri
və həyata keçiriləcək tədbirlər öz əksini
tapıb. Ümumiləşdirilmiş şəkildə qeyd
etsək, Azərbaycan dünyaya təkmil dirçəliş
modelini təqdim edir. Bu işlərin əsasında ölkəmizin
şəhərsalma təcrübəsi də diqqətdədir.
Ağdam və Zəngilan Azərbaycan Milli Şəhərsalma
forumlarına ev sahibliyi etməklə həm ermənilərin
bu ərazilərimzdə törətdikləri
dağıntıları, eyni zamanda, Azərbaycan
xalqının sıfırdan bu torpaqlarda həyata
keçirdiyi quruculuq işlərini dünya ictimaiyyətinə
çatdırdı.
Reallıq budur ki, tarixi Zəfərimiz
bütün regiona sülh və davamlı inkişaf imkanı
qazandırdı. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin gələcəyə xidmət edən
strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişdi
və region ölkələrinin inkişafı
üçün yeni imkanlar açıldı. Münaqişənin
həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi
baxımından strateji əhəmiyyətə malikdir. Qələbə
nəticəsində işğaldan azad edilmiş ərazilərin
ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq
və regional nəqliyyat-logistika dəhlizlərinin
imkanlarından faydalanmaq Azərbaycanın inkişafına
böyük təkan verəcək.
Qeyd etdiyimiz kimi, ötən ilin 20 sentyabr
tarixində suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmiz
yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyev
bu çağırışı etdi ki, yeni dövrün yeni
hədəfləri olmalıdır. Ölkə Prezidentinin 20
ildə verdiyi hər bir vədi yerinə yetirməsi yeni hədəflərin
müəyyənləşdirilməsini bir zərurətə
çevirdi ki, bu da ölkəmizdə prezident seçkilərinin
keçirilməsini şərtləndirdi. Dövlətimizin
başçısı İlham Əliyev bu ilin ilk ayında
yerli televiziya kanallarına müsahibəsində yeni
dövrün hədəflərini açıqlayarkən 7
fevral tarixinə təyin edilmiş prezident seçkilərini
zərurətə çevirən amilləri də diqqətə
çatdırdı. Bildirdi ki, birinci səbəb təbii ki,
suverenliyimizin tam bərpasıdır. Çünki seçkilər
bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir
dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni,
Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm
ki, buna oxşar Zəfər olmamışdır. Bütün
amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin
relyefini, müdafiə xətlərinin çox olmasını
nəzərə alsaq, bu, xalqımızın, dövlətimizin
ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr
başlayarkən, əlbəttə, prezident seçkiləri
də bu yeni dövrün başlanğıcı
olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir
və 30 il ərzində işğal altında olmuş ərazilərin
işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz
yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir.
İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə
olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin
hər bir yerində keçiriləcək. Prezident seçkiləri
bütün digər seçkilərlə müqayisədə
ən vacib seçkilər olduğu üçün mən
hesab etdim ki, birinci bütün ərazilərdə
keçiriləcək seçkilər prezident seçkiləri
olmalıdır. Digər səbəb ondan ibarətdir ki,
Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir
dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik
və 20 ildən sonra yenidən prezident seçkilərinin
keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış
olur. Yəni, əsas səbəblər bunlardır. Birinci səbəb,
əlbəttə ki, yeni dövrün
başlanğıcıdır və prezident seçkiləri
bu yeni dövrə də xeyir-dua verəcək.
7 fevral
tarixində tarixində prezident seçkiləri keçirildi.
Həm ölkəmizin həyatında, həm də demokratik
inkişaf tariximizdə yeni dövr başladı. Bu dövr
arxada qalan 20 ilin ümumiləşdirilmiş ifadəsi, gələcək
planların təqdimatıdır. Cənab İlham Əliyev
seçkilərdə inamlı qələbəsini təmin
etdikdən sonra andiçmə mərasimində bildirdi ki, indi
isə yeni dövr başlayır. Biz bu dövrə
alnımız açıq, üzümüz ağ,
başımız dik daxil oluruq. Bu dövrün böyük
nailiyyətləri olacaq, buna şübhə etmirəm.
Çünki son illərin tarixi onu göstərir ki,
qarşıya qoyduğumuz bütün vəzifələr icra
edildi: «Əlbəttə ki, bütöv Azərbaycan bu
dövrə qədəm qoymuş, bütövləşmiş
birlik nümayiş etdirmiş, o cümlədən bu
seçkilərdə böyük birlik nümayiş
etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna
şübhəm yoxdur. Azərbaycan cəmiyyətində
hökm sürən çox müsbət ab-hava bizi daha da
gücləndirir. Güclü Azərbaycan bizim həmişə
hədəfimiz olub. Əgər güclü Azərbaycan
qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər
iqtisadi sahədə asılı olmuş olsaydıq, heç
vaxt biz ərazi bütövlüyümüzü bərpa edə
bilməzdik.» Bu fikirlərin davamı olaraq Müzəffər
Ali Baş Komandan İlham Əliyev bu il Bakıda Zəfər
parkının açılışında bildirdi ki,
xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir.
İnkişafda olan Azərbaycan qürur mənbəyimiz,
şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimiz,
tarixi zəfərimizdir.
Hazırda Qarabağ, Şərqi Zəngəzur
dirçəlir, dünyaya şəhərsalmanın
müasir təcrübəsini təqdim edir.
Soydaşlarımız doğma yurd-yuvalarına mərhələ-mərhələ
qayıdaraq 30 ildən sonra bu torpaqlarda olmağın sevincini,
qürurunu yaşayırlar. Xalqımızın dövlət
başçısı, Müzəffər Ali Baş Komandan İlham
Əliyevə minnətdarlıq məktubları hələ də
davam edir. Günümüzün reallıqları dövlətimizin
başçısı İlham Əliyevin Qarabağın
tacı Şuşanın işğaldan azad edilməsi
müjdəsini xalqa çatdırarkən söyəldiyi
fikirləri yada salmağa çağırış edir. «Mən
bu gün Ulu Öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu
şaddır! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
söyləyən Müzəffər Ali baş Komandan
İlham Əliyev onu da bildirdi ki, bu günlərdə
dünya azərbaycanlılarından və Azərbaycanda
yaşayan insanlardan minlərlə məktub alıram. Hər
gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm
ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə
olaraq, vaxt çatmır. Nə qədər gözəl
sözlər, nə qədər böyük dəstək
göstərilir. Bu gün biz bir daha bütün dünyaya
sübut edirik ki, biz böyük xalqıq, biz məğrur
xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş
meydanında düşmənə yerini göstəririk!
Dövlətimizin başçısının
çağırışlarla, mesajlarla zəngin olan hər
bir çıxışı, müsahibəsi bir mənbədir.
Cənab İlham Əliyev uğurlarımıza, zəfərlərimizə
söykənərək bu çağırışı edir
ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq.
Bu hədəflər həm stratejidir, həm taktikidir, həm
qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər
düzgün seçilməsə, heç bir nəticəyə
nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti,
ədaləti və həm də real vəziyyəti, real
gücümüzü əks etdirməlidir. Nə qədər
güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.
İki sahil.- 2024.- 24 dekabr, ¹237.- S.1-4.