Hüseyn Cavid
yaradıcılığında ədalət
axtarışı
“Zamanın mizan-tərəzisinin pozulduğu”, “bütöv bir yaradıcı nəslin torpaq altına gömüldüyü XX əsrin otuzuncu illəri bir çoxları kimi Cavid əfəndinin də taleyinə yazılmışdı. O, mütəfəkkir yazar
kimi dərin məzmunlu yaradıcılığı ilə Azərbaycan
ədəbiyyatında milli məfkurənin və ədalətin
təbliğatçısı idi. Zamanın gərdişində
ədalətsizliyin qurbanına çevrilsə də ədalətdən
heç zaman əl çəkmədi və həqiqət
axtarışını da daim yaradıcılığında
ön planda saxladı. Üzərindən onillərlə
keçsə də bu axtarışlar hər birimizi
düşündürür.
Həqiqətdir
ki, dahi Hüseyn Cavidi Azərbaycan xalqına yenidən qaytaran,
onun ədəbi-bədii irsinin araşdırılması,
çapı haqqında tarixi sərəncamlar imzalayan Ulu
Öndər Heydər Əliyev olub. Hüseyn Cavidin 100 illiyinin
qeyd olunması haqqında verilən qərar, onun qəbrinin
uzaq Sibirdən tapılıb Vətənə
köçürülməsi, əslində, repressiyaya məruz
qalmış türkçülüyün xilası
yönündə atılmış ən ədalətli
addım addım idi. Yəni, ədalət ədalətlə
bərpa olundu! Sonralar Ulu Öndər Hüseyn Cavidin qəbri
üzərində məqbərə ucaltdı, ev muzeyini
açdı, 2002-ci ildə Hüseyn Cavidin 120 illiyi münasibətilə
sərəncam imzaladı. Ulu Öndər Heydər Əliyev
deyirdi ki, Cavidi Şekspirlə müqayisə edirlər, amma mənə
qalsa, onu Höte ilə müqayisə edərdim. Ulu Öndər
Heydər Əliyev “Dünya romantizm poeziyası ilə
qırılmaz tellərlə bağlı olan Hüseyn Cavid
yaradıcılığı öz bədii-estetik
qaynağını Azərbaycan mədəniyyətinin dərin
qatlarından alır” – deyirdi.
Böyük
mütəfəkkirə dərin ehtiram ölkə rəhbəri
cənab İlham Əliyev tərəfindən davam etdirildi. Cənab
Prezident 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinin, 2012-ci ildə
130 illiyinin, 2017-ci ildə 135, 2022-ci ildə 140 illiyinin
keçirilməsi haqqında sərəncamlar imzaladı.
Hüseyn Cavid irsinə qayıdış Ulu Öndərdən
başlayaraq dövlət səviyyəsində bu gün də
yüksək şəkildə davam edir. Hüseyn Cavidə
qayıdış bizim bir millət kimi zənginləşməyimiz
üçün çox vacibdir. Çünki, Hüseyn Cavidə
qayıdış, uzaq Sibirə sürgün olunmuş,
represiyayalara məruz qalmış ədalətə
qayıdış idi.
Böyük Cavidin Azərbaycan
ədəbiyyatı tarixində yeni yüksəlişi məhz
Ulu Öndərin ehtiramlı münasibətindən sonra
başladı. O, Hüseyn Cavid
yaradıcılığını gözəl bilirdi. Ulu
Öndər həm bədii keyfiyyətinə, həm fəlsəfi
mahiyyətinə, həm də vətəndaşlıq münasibətinə
görə Cavid yaradıcılığının təbliğ
olunmasını tövsiyə edirdi. Onun yubileylərinin
keçirilməsi, əsərlərinin nəşri və s.
Ulu Öndərin diqqəti nəticəsində
reallaşdı.
Hüseyn
Cavid repressiya dövrünün yeganə yazarlarındandır
ki, yaradıcılığının ali ideyası ilə
şəxsiyyətinin bütövlüyü üst-üstə
düşür. Xarakteri, mərdliyi, ədaləti, vicdanı
ən çətin anda belə mənəvi müvazinət
kimi qoruyub saxlamaq keyfiyyəti böyük Cavidi min illər
sonra da sevdirəcək. Cavidin ədəbiyyata gətirdiyi
mövzular daim müasir qalacaq. Ədalətli
düşüncə və məfkurə qaynağı Cavid
ocağından köz götürdüyü
üçün hər birimizin qəlbini daim
işıqlandıracaq, yolumuzu aydınlaşdıracaq.
Dünyanın
yaranışı, insanın ali varlıq kimi Tanrı ruhu ilə
mükafatlandırılması, yaxud da İblisin insana səcdə
etməkdən boyun qaçırması, insan və onun nəfsi
kimi düşüncələr, ədalət
axtarışı Hüseyn Cavid
yaradıcılığında da aparıcı
mövzulardır. Hüseyn Cavid “Hübuti-Adəm” şeirində
həyatın yaranmasını, Adəmin cənnətdən
qovulmasını belə ifadə edirdi:
Nə
buldun, qürbi-həqdən böylə sapdın?
Düşün!
Naqis bəşər, bir bax nə yapdın!?
Bu gün
qüdsiyyətin olmaqda bərhəm,
Yazıq!
Aldandın, ey biçarə Adəm!
Təəssüf
biəsər... Pək çox yanıldın,
Nədamət
bisəmər... Pək gec ayıldın.
Bəşəriyyətin,
insanlığın günahının təməlində nəfsin
durduğunu və şeytanın hər zaman fürsət
düşdükcə insanı öz nəfsinə əsir edəcəyini
ali ideya ilə catdıran ən gözəl misralardır. Bəşəriyyətin
yaranışı, insan, onun nəfsi ilə mübarizə,
kamilliyə çatmaq Cavidin yaradıcılıq kredosudur.
"Mən məhəbbət və həqiqəti dərk etdim”,
– deyə Qurbanəli Şərifzadəyə
yazdığı məktubdan göründüyü kimi, Cavid
həm də bir irfan filosofu kimi düşünürdü.
Əsərlərindən görürük ki,
türkçülük məfkurəsi ilə yanaşı,
İblisə uymamaq üçün əql, iradə
nümayiş etdirmək dünyada ədalətsizlyə
qarşı mübarizə etmək böyük Cavidi daha dərindən
düşündürüb. Külli-kainatın
harmoniyasının yalnız ədalət üzərində bərqərar
olduğunu deyən Cavid çox böyük uzaqgörənliklə
gələcəkdəki savaşların ədalətsizlikdən
törəyəcəyini bildirirdi.
Nədir
bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?
Bu
zülmə qarşı nolur bir də bir ədalət
olaydı.
Tükəndi
taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə
öncə öylə səadət, nə böylə zillət
olaydı.
Bəli, ədalətin
itdiyi yerdə İblis taxt qurur, xaos İblisin toy-bayramına
çevrilir. Ədəbiyyatımızın əfəndisi
Hüseyn Cavid Şərq müdrikliyini irfan ədəbiyyatı
ilə birləşdirərək bizə ərməğan
edib.Tanrısına tapınan, inanclı, ruhən daim yüksəlişi,
kamilləşməyi qarşısına məqsəd qoyan
böyük Cavid həm də oxucusuna övliya təsiri
bağışlayır. Onun günah və
haqsızlıqların baş alıb getdiyi bolşevik rejmində
"Şeyx Sənan”da deyildiyi kimi öz mehrabı var ki, ora
saf və təmiz düşüncəli, ədalətli
olanlar daxil ola bilər:
Yaqlaşma
dur… çəkil asi!
Çünki
Beytülharam demək burası,
Daxil olmaq
yasaqdır əğyarə.
Sən ki
məhrəm deyilsin əsrarə!
Bu
ideyalarla da o cəmiyyəti, bəşəriyyəti
saflaşaraq yüksəlməyə səsləyirdi.
Hüseyn Cavid "Peyğəmbər” əsərində
"Məhəbbətdir ən böyük din” – deyə cəmiyyətə,
insanlara ülvi hisslər aşılayırdı. Şair
bütün əsərlərində şeytani nəfsə
qalib gəlməyin yolunu kamilləşməkdə
görürdü. İlahi eşqin Şeyx Sənanıdır,
türkdür, millətinə gərəkli, bəşəriyyətə
yüksəliş dərsində özü nümunə ola
biləcək eşq yolçusudur, göylər şairidir.
Yüksəldilər
İsa kibi,
İşgəncədən
qurtuldular.
Ruhaşina
röya kibi,
Kayboldular,
kayboldular!
Yüksəldilər,
yüksəldilər,
Cənnətdə
rahət buldular.
Yüksəldilər,yüksəldilər,
Kayboldular,
kayboldular!
Böyük
Cavid Peyğəmbər mövzusuna müraciət etdi. Cavid 40
yaş ərəfəsində 40 yaşlı Məhəmməd
peyğəmbərin İlahi tərəfindən peyğəmbər
seçilməsi ilə İslam dininin, ərəb
dünyasının cəhalətdən qurtuluş və tərəqqi
dövrünün başlanmasını qələmə
aldı. Dahi ədib bu əsərdə həmin dövrün
bəlli qanunlarının insanlığı məhvə
doğru aparmasına münasibətini bildirir, həm də
öz dövrünün problemlərini tarixi mövzuda qələmə
alaraq yazırdı:
Öylə
bir əsr içindəyəm ki, cihan
Zülmü
vəhşətlə qavrulub yanıyor.
Yüz
çevirmiş də Tanrıdan insan,
Küfrü
haq, cəhli mərifət sanıyor.
Peyğəmbərin
ərəb cəhalətinə son qoymaq üçün
qılınc və "Quran”la cəmiyyəti yenidən ədalətlə
qurmaq, qanunlar yaratmaq və sülh bərqərar etmək məsələlərini
Cavid tarixdən müasirliyə qaytardı:
Kəssə
hər kəs tökülən qan izini,
Qurtaran
dahi odur yer üzünü.
Bu
dünyanın xalısını toxuyarkən həvəni
naşıcasına vursan ilmələri doğrayar, yavaş
vursan ilmə alınmaz, naxış əyri olar. Bəs nə
etməli? Həvə ədalət yaradan alətdir, gözəlliklər
yalnız onunla yaranacaq. Əks halda, naxışsız, yəni
mənasız bir ömür yaşamış olarıq.
Karvanın da, sarvanın da yükünü və yolunu
yüngülləşdirən insanın əməlləridir,
ədalətli həyat tərzidir.
Hüseyn
Cavidin ədalət ideyalarındakı yeganə düstur
vicdanla həqiqətin cəmi, yəni vəhdəti idi.
Ədalətsizlik o zaman olur ki, Şər Xeyirə o zaman qalib
gəlir ki, cəhalətin ən gözəl nümunəsi
cahil insan ölümünü, Tanrısını unudur, firon
iddiası ilə ölümsüz olduğuna inanır, nəfsi
gözünü bağlayır, ədalətsizliyə susur,
bax, onda xaos başlayar, haqsızlıq baş alanda İblis
insana aciz məxluq kimi rişxənd edir.
XX əsrin
əvvəllərində Hüseyn Cavidin "Topal Teymur” əsərinin
finalını xatırlayaq:
"Y
ı l d ı r ı m: Düşünəcək bir şey
yoq. Əvət, sən qalibsin. Lakin bu qələbə ədalətin
qələbəsi deyil türk əqvamını deyil,
yalnız fürsət bəkləyən qomşu hökumətləri
məmnun etdi. (Acı bir köküs keçirdikdən sonra,
çoq mütəəssir və şiddətli). Ah, daha
doğrusu, İslam aləmini başsız qoydu”.
Hüseyn
Cavidin "Qoca türkün vəsiyyəti” şeir də məhz
ədaləti təbliğ edirdi. Cavidin milli dəyərlərdən,
kimlikdən uzaq düşməsi səbəbi kimi mənalandırılan
"Uçurum” əsəri hər zaman bizi mənəvi itkilərdən
qoruyacaq. Şərq müdrikliyindən, adət-ənənəsindən,
köklü ailə dəyərlərindən uzaq düşənlər
üçün ağır itkinin nədən ibarət
olmasının bu əsərdə şahidi oluruq. Əsərdə
deyilən: "O gün ki, İstanbul fransızlaşdı,
türk gəncliyi uçuruma yaklaşdı” ifadəsi öz
həqiqətini bu günədək qoruyub saxlayır. Cəlalın
Qərb sevdası onun ailə faciəsinə, övlad itkisinə
səbəb olur. Göyərçinin, türk
anasının, Bosfora yuvarlanan körpə yavrusu, əslində,
türk cəmiyyətinin milli mənəviyyatdan uzaqlaşaraq
məhv olmaq təhlükəsi yaşayan, gələcəyimizin
ifadəsidir. Mənəvi faciələr ruhun böhranına
səbəb olur.
Cavid
üçün Vətən təkcə Azərbaycan deyil, həm
də bütün türkdilli xalqlar yaşayan Turan elidir.
1918-ci ildə yazılan "İblis” əsərində
İblisin törətdikləri pislənir, müharibənin
insanlara gətirdiyi səfalət və itkilərdən
söz açılır. Eləcə də "Kars və
Olti ətrafında səbəbsiz olaraq qətl və
yağmalanan məzlumlara”, "Hərb İlahi
qarşısında”, "Qaçqın”, "Hərb və
fəlakət” və s. poetik nümunələrdə Cavidin
bütün bəşəriyyət üçün
müharibə əleyhinə arzularını
çatdırır:
Bir
zamanlar şərəfli Turanın,
O cahan qəriyu
qovqanın,
Qəhrəman
bərgüzida övladı,
Türklərin
anlı, şanlı əcdadı,
Saldırıb
titrədirdi yer yüzüni,
Hökm
edər dinlədirdi hər sözüni.
Nə
zaman kişnəsəydi türkün atı,
Kırılırdı
bir ölkənin kanatı.
Hüseyn
Cavid faktiki olaraq bütün türk dünyasının
şairi idi. O elə bir dildə yazırdı ki, həmin dili
o zaman bütün türk xalqları başa
düşürdü. Sərhədlərin ayrılmasından
öncəki Cavid dili bütün türkləri birləşdirən
bir dil idi. Cavid nə istəyirdi? O bütün insanların
xoşbəxtliyini, insanların məhəbbətini istəyirdi.
Böyük Hüseyn Cavid bu həyatdan mərhəmət yox,
ədalət istəyirdi.
Hüseyn
Cavid təxminən 30 yaşlarında türk dünyasına
vəsiyyət yazıb. O burada türkçülük, elm,
din, ailə, böyüklərə münasibət, yəni həyatımızı
əhatə edən əxlaqi, siyasi, ideoloji kateqoriyaları əhatə
edən hər bir məsələyə türk
övladının necə ədalətlə yanaşmalı
olduğunu ortaya qoyub. Onun əsərlərində insan və
Tanrı, insan və cəmiyyət, vətəndaş və
dövlət münasibətləri önə
qabardılır və əsas ideya kimi insan nəzəriyyəsi
göstərilirdi.
Ölkə
Prezidenti cənab İlham Əliyevin bir fikri var ki, qara
qızıl kapitalını insan kapitalına çevirməliyik.
Biz Cavidi oxumadan, onu təbliğ etmədən bunu necə edə
bilərik? Məhz kamil insanın necə olmasını
Hüseyn Cavid çox gözəl şəkildə göstərir.
Biz bəzən ümumi sözlərimizlə deyirik ki,
böyük sənətkarlar zaman və məkana
sığmırlar. Cavidin bədii zamanı sonsuzdur. Hüseyn
Cavid o mövzulara, zamanlara müraciət edir ki, həmin
zamanlar bəşəriyyət tarixinin ən önəmli
xarakterik zamanlarıdır. Götürək, İran və Turan
haqqında "Səyavuş” əsərini. Doğrudur, Cavid
Firdovsinin yazdığı kimi onları
qarşılaşdırmır, əksinə, bütöv
görmək istəyir. İkinci böyük zaman peyğəmbərin
zamanıdır. İslam dininin bərqərar olması Məhəmməd
peyğəmbərin adı ilə bağlıdır ki,
Hüseyn Cavid o zamanı "Peyğəmbər” əsərində
əks etdirir. Bəşəriyyətin üçüncü
böyük zamanını Cavid "Xəyyam” əsəri ilə
diqqətə gətirir. Yeni zaman isə Şərqdən Qərbə
hərəkət edən və öz əbədiyyətini
öz əli ilə yazan bir zamandır və bu, "Topal
Teymur” əsəri ilə bərqərar oldu. Bir də həmişə
bizim narahatlığımızın zamanı var, bolşevizm
zamanı. Hüseyn Cavid "Knyaz” əsəri ilə o
dövrün möhürünü vurdu. Cavid bu böyük
zamanlar içərisində olan bir sənətkardır. Bu
zamanların bədii təfəkkürə
sığışdırılmasının nə qədər
çətin olduğu indi hər kəsə bəlli olur.
Çünki o dövrlərin hər biri haqqında yazmaq həmin
dövrü bütün incəliklərinə qədər
bilmək deməkdir. Ona görə də bu böyük
zamanları Hüseyn Cavid ədəbiyyata gətirdi və bu
möhtəşəmliyi ilə nəinki Azərbaycan, eləcə
də dünya ədəbiyyatında özünə
böyük heykəl qoydu.
Tükəndi
taqətü səbrim, ədalət! Ah, ədalət! -deyirdi
böyük Cavid XX yüzilliyin 37-ci illərində.
Qoy ədalət
zəfər çalsın! 43 il bundan öncə verilmiş
bu müsahibə Hüseyn Cavid yaradıcılığına
böyük dəyər verən Ulu Öndər Heydər
Əliyevin hələ sovetlər zamanı bütün məsələlərdə
milli təəssübkeşliyini, xalqımızın milli
varlığının qorunub saxlanılması naminə
apardığı ədalətli mübarizənin bariz
nümunəsidir. Sovet ideologiyasının hökm
sürdüyü bir dövrdə belə bir müsahibəsinin
mətbuatda işıq üzü görməsi Ulu Öndəri
haqq-ədalət, halallıq uğrunda mücadilə
vermiş böyük bir İnsan kimi səciyyələndirir.
Bu aktual müsahibəyə nəzər saldıqca, bir daha
şahid oluruq ki, Nizami Gəncəvidən başlayaraq
Hüseyn Cavidlə davam edən tarixi ənənə Ulu
Öndər Heydər Əliyev dühasının və onun
laiqli davamçılarının hər zaman ədalətin
yanında olmasına əyani sübutdur.
Ədalət
XXI yüzilliyin 20-ci ilində külli-Qarabağda qalib gəldi!
Dünyada isə ədaləti böyük Türk
Dünyasının həmrəyliyi bərpa edəcək.
Faiq Səfərov
Naxçıvan
Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,
baş
ədliyyə müşaviri, Prokurorluğun fəxri
işçisi
İki sahil.- 2024.- 24 dekabr, ¹237.-
S.10.