Gülşən Axundova: Qlobal iqlim dəyişikliyinə
Azərbaycan platformasından baxılacaq
Vətəndaş cəmiyyəti təşkilatları
iqlim dəyişikliyinin mənfi təsirləri nəticəsində
yaranan problemlərin qarşısının alınmasında,
zərərləri minimuma endirilməsində və həllində
mühüm rol oynayırlar
İkitərəfli formatda əməkdaşlıq tərəfdarı olan, xarici siyasətini bərabərhüquqlu münasibətlərə, bir-birinə hörmət və daxili işlərə qarışmamaq prinsipi üzərində quran Azərbaycan Respublikası yeni dövrdə qlobal arenaya orta güc kimi daxil olmaqdadır. İqlim dəyişikliyi məsələləri üzrə dünya miqyasında ən böyük beynəlxalq konfransa – COP29-a evsahibliyi etməyimiz də bunun bir göstəricisi hesab olunmalıdır. COP29-un cari ildə ölkəmizdə keçirilməsinə dair yekdil qərarın qəbul edilməsi də beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük hörmət və etimadının bariz göstəricisi, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin mühüm göstəricisidir. Bu, COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, “yaşıl ideya”lar və “yaşıl proqram”larla bağlı məsələlərə Azərbaycan platformasından baxılacağı və onun təcrübəsinin öyrəniləcəyi deməkdir.
Təbii ki, COP29-la bağlı Azərbaycandan böyük gözləntilər var, həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif təbəqələrinin səfərbər olunması zəruridir. Buna görə, Prezidentin Sərəncamı ilə COP29-la bağlı yaradılan Təşkilat Komitəsinin (TK) tərkibi bir qədər də genişləndirilib. Ekoloji məsələlərin həllində dünyada vətəndaş cəmiyyəti çox aktivdir, ona görə TK-yə həmin qurumların nümayəndələri də daxil edilib və bu işə onlar da töhfə verəcək. COP29-da müasir çağırışlar, innovasiya məsələlərinin geniş müzakirə olunacağı nəzərə alınaraq, TK-də iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar. Ümumi əsas ideya TK-nin maksimum inklüzivliyin təmin edilməsidir.
QHT-lərin COP 29 verəcəyi töhfə
respublikamız üçün faydalı olacaq
COP29-un Təşkilat Komitəsinin üzvü, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova mövzu ilə bağlı “İki sahil”ə ekskülüziv açıqlamasında bildirdi ki, COP 29 BMT Baş Assambleyasından sonra dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Cənab Prezidentimiz İlham Əliyev başda olmaqla ölkəmiz COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcək. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan Respublikası tədbirdə iştirak edəcək bütün qonaqları yüksək səviyyədə qarşılayaraq multikultural siyasətini bir daha nümayiş etdirəcək. Tədbir zamanı 10 minlərlə xarıcı qonaqların iştirakını yüksək səviyyədə təmin etmək üçün respublikamızın hərtərəfli potensialı var.
Gülşən Axundovanın sözlərinə görə, Təşkilat Komitəsinin tərkibinin bir qədər də genişləndirilməsi və yerli QHT nümayəndələrinin komitəyə daxil edilməsi bir daha dövlətimizin nə dərəcədə ali qərar qəbul etməsinin sübutudur. Belə ki, dünyada baş verən hadisələri Liderlər əsasən vətəndaş cəmiyyəti, yəni icma səviyyəsində daha yaxşı görürlər. Bu baxımdan QHT-lərin COP 29 verəcəyi töhfə respublikamız üçün faydalı olacaq.
İqlim dəyişikliyinin həlli yollarında
effektiv inkişaf üçün perspektivlərin müxtəlifliyi
vacibdir
Həmsöhbətimiz diqqətə çatdırdı ki, hazırda COP29 Təşkilat Komitəsində qadınlar kişilərlə bərabər şəkildə təmsil olunur. Bu, hamı üçün qərarların qəbulu prosesində ədaləti və təmsilçiliyi təmin edəcək: “Demək olar ki, dünyada kişilərlə qadınların sayı bərabərdir. Son 22 il ərzində planetdə kişilərin sayı qadınlardan daha çox idi. 2022-ci ildə Yer kürəsində yaşayan 7,95 milyard insanın 4 milyardı kişi, 3,95 milyardı isə qadındır. Gender bərabərliyinin ən yüksək olduğu ölkələr dünyanın müxtəlif bölgələrində yerləşir. Azərbaycan yüksək inkişaf etmiş ölkəyə çevrilməklə, gender bərabərliyi sahəsində nəticələrin əldə edilməsində durmadan irəliləyir. Gender bərabərliyinin məqsədləri milli inkişaf və iqtisadi siyasətlərdə tərənnüm olunur. Qadın və kişilərin həyata fərqli baxışları və təcrübələri var. Bu COP29 Təşkilat Komitəsinin işi üçün dəyərli ola bilər. İqlim dəyişikliyinin həlli yollarında effektiv inkişaf üçün perspektivlərin müxtəlifliyi vacibdir. COP 29 təşkilat komitəsi daxilində gender bərabərliyi digər təşkilatlar və ölkələr üçün stimul olacaq. Bu həyatın bütün sahələrində gender bərabərliyinə doğru irəliləyişə səbəb olacaq.
İctimai Birliyin sədrinin sözlərinə görə, sosial media kanallarında yayılan və iqlimşünasların iddialarını dəstəkləmək üçün məktəbliləri, yerli xalqları, siyasətçiləri və bir sıra insanları bir araya gətirən qlobal iqlim səfərbərliyi ətraf mühit təşkilatları və fəalların qlobal iqlimdə naviqasiya etmək üçün iyirmi ildən artıq davam edən siyasətə əsaslanır. Vətəndaş cəmiyyəti təşkilatları ekoloji siyasətlərin və nəticələrin formalaşdırılmasında əvəzsiz rol oynayır və iqlim dəyişikliyi, kimyəvi çirklənmə, biomüxtəlifliyin itirilməsi, adaptasiya və bu istiqamətdə bir çox məsələlərin həlli üzrə qlobal səylər üçün mühüm əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyəti təşkilatları iqlim dəyişikliyinin mənfi təsirləri nəticəsində yaranan problemlərin qarşısının alınmasında, zərərləri minimuma endirilməsində və həllində mühüm rol oynayırlar, çünki onlar yerlərdə insanlara ən yaxındırlar və onların ehtiyaclarını yaxşı bilirlər.
Təşkilat Komitəsinin üzvü qeyd etdi ki, iqlim fəaliyyəti sahəsində innovasiyalar, istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinə davamlılığın artırılmasına gəldikdə, həm davranış, həm də sistem dəyişikliklərini dəstəkləmək çox vacibdir. İnnovasiya, məsələn, təmiz enerji əldə etmək yollarına, tikinti sektorunu daha dayanıqlı etmək yollarına və qida tədarük zəncirini iqlim şoklarına davamlı etmək yollarına şamil edilə bilər.
Mərkəzdə vurğulanacaq innovasiya sahələrinin konkret nümunələrinə aşağıdakılar daxildir:
Yaşıl hidrogen potensialı. COP26-da hökumətlərin kömürün azaldılmasına razı olması ilə yaşıl hidrogen yaşıl enerjiyə dair kollektiv öhdəliklər innovasiyaya təkan verdi.
Qida təhlükəsizliyinin yaxşılaşdırılmasında lobya potensialı. İqlim dəyişikliyi qlobal ərzaq təhlükəsizliyinə mənfi təsir göstərməyə davam edərkən, paxlanın dünyada artan sağlamlıq və iqlim problemlərinə əlverişli və əlçatan bir həll kimi potensialı vurğulanır.
Gülşən Axundova vurğuladı ki, Azərbaycan COP29-un “inklüziv COP” olmasına çalışır. Biz inanırıq ki, inklüzivlik iqlim gündəliyində transformativ irəliləyiş əldə etmək üçün kritik bir imkandır. Yalnız fərqlərimizin öhdəsindən gəlməklə və birlikdə işləməklə ortaq ambisiyalarımızı həyata keçirə və 1,5°C istiləşməni əlçatan bir yerdə saxlamaq üçün irəliləyişə nail ola bilərik.
Yaqut Ağaşahqızı
İki sahil .-
2024.- 28 fevral, ¹ 38.- S.4.