MUXTAR RESPUBLİKANIN YETİRMƏLƏRİ
:
TÜRKOLOQ CƏFƏR İSMAYILOĞLU
Azərbaycan dilçilik elminin
görkəmli simaları
dəyərli elmi araşdırma və sanballı elmi nəticələri ilə
dilçilik tariximizin
səhifələrinə silinməz
imzalarını həkk
ediblər. Zaman-zaman tanınmış
şəxsiyyətlər olmuşlar
ki, Azərbaycan dilçilik
elminin inkişafı istiqamətində bir-birindən
dəyərli elmi nəticələrlə çıxış
etmişdilər. Və
türkologiya elminin görkəmli simaları dahi Mahmud Kaşğarlıdan
irəli gələn ənənəyə sadiq
qalaraq bu elmin Azərbaycan konseptini məhz həmin ənənə istiqamətində apararaq uğurlara imza atmışlar.
Belə
şəxsiyyətlər sırasında
ömrünü, sözün
əsl mənasında,
elmə həsr edən, Azərbaycan türkologiya elmində dəyərli elmi araşdırmaları ilə
çıxış edən
mərhum türkloq
alim Cəfər İsmayıloğluun
imzasının özünəməxsusluğu
alimin hər bir araşdırmasında
özünü aydınca
göstərir.
Cəfər İsmayıl oğlu
Cəfərov 1938-ci ilin
fevral ayının
20-də Naxçıvan Muxtar
Respublikasının Sədərək
rayonunda anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və
1956-cı ildə Azərbaycan
Dövlət Universitetinin
(indiki BDU) Şərqşünaslıq
fakültəsinin fars
filologiyası bölməsinə
daxil olmuşdur.
1961-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Türkmənistana
göndərilmişdir. Türkmən
məktəblərində fars
dilini tədris etmiş, Elmi-Tədqiqat Müəllimlər İnstitutunda şərq
dilləri üzrə
elmi işçi vəzifəsində çalışmışdır.
Sonralar Aşqabaddakı Türkmən
Dövlət Universitetində
fars dilindən dərs demiş, Məhdimqulu adına Dil və Ədəbiyyat
İnstitutunun aspiranturasında
oxumuşdur. 1971-ci ildə
“Müasir türkmən
ədəbi dilində
işlənən fars
sözləri” adlı
namizədlik dissertasiyası
müdafiə etmişdir.
“Qədim türk yazılı abidələri”
fənnindən dərs
deməklə yanaşı,
elmi araşdırmalarını
da davam etdirmişdir.Qədim
türk dilləri,türkologiya
ixtisasından kadra ehtiyac olduğu üçün Cəfər
müəllimiAzərbaycana Bakı Dövlət Universitetinə dəvət etmişlər.Beləliklə, o,1974-cü ildən
ömrünün sonuna
kimi Bakı Dövlət Universitetinin türkologiya kafedrasında dosent vəzifəsində çalışmışdır.
Cəfər İsmayıloğlunun yer-yurd adlarımız Qafqaz, Gəncə, Naxçıvan, İrəvan,
Şərur, Abşeron,
Arsak (Aslar kimdir) və s. haqqındakı orijinal etimoloji tədqiqatları hələ keçən əsrin 80-ci iollərində elmi
ictimaiyyətin rəğbətini
qazanmışdı.
Azərbaycan, türkmən, türk,
alman və rus dillərində 100-ə yaxın
elmi və publisistik məqaləsi, “Aslar kimdir”, “Milli etnik yaddaşın izi ilə” adlı
kitab və monoqrafiyası
çap olunmuşdur.Cəfər
İsmayıloğlu 1996-cı ilin dekabr ayının
20-da vəfat etmişdir.
Əvvəllər Azərbaycanda qonaqdan«Kimlərdənsən?»
soruşduqda əvvəlcə
mənsub olduğu tayfanın, sonra isə nəslinin adını deməli idi. Daha uzaq
əyyamlarda isə belə sorğu-suala da ehtiyac yox idi.
Qəribin geyimi, silahı, yəhəri üzərindəki damğa
işarələri onların
sahibi haqqında ətraflı məlumat verirdi. Bilindiyi kimi damğalar, qaya rəsmləri, ideoqramlar, piktoqramlar əski türklərdə çox
yayğın olmuş,geniş
ərazidə istifadə
olunmuşdur.Yenisey yazılarında,Talas
abidələrində, run əlifbası
ilə yazılmış
uygur bəngü daşlarında damğalar
geniş istifadə dairəsinə sahip olmuşdur,hətta göytürk
yazıları ilə
məşğul olan
elm adamları bu abidələrdəki xan damğalarından belə
bəhs etməkdədirlər.Bu
cür əlaqə vasitələri bu və ya digər
şəkildə yazı
sistemi ilə bağlantılı olmuşdur.Çünki
Göytürk əlifbasındakı
hərfi işarələrin
bir çoxu araşdırıcıların
qənaətinə görə
əski türk damğalarından yaranmışdır.Mahmud
Kaşğarlı da XI yüzildə “Divani-lüğət-it-türk”
əsərində 24 oğuz boyunun 22 damğasının
rəsmlərini vermiş
və bu damğaların önəmindən
bəhs etmişdir. Qafqaz bölgəsində də damğaların, qaya rəsmlərinin,piktoqrafik
və ideoqrafik yazıların yayılma ərazisi geniş olmuşdur.Azərbaycanın məşhur
elm adamları bu mövzuda geniş araşdırmalar aparmışlar.Bu
mövzuda dərin tədqiqat işləri apararaq maraqlı elmi nəticələr əldə etmiş Bakı Dövlət Universiteti Filologiya fakültəsininTürkologiya kafedrasının
dosenti Cəfər İsmayıloğlunun Azərbaycandakı
damğaların toplanması,
araşdırılması sahəsində
böyük töhfələri
olmuşdur. Onun bu mövzudakı araşdırmaları vəfatından
sonra monoqrafiya şəklində çap
etdirilmişdir(C.İsmayıloğlu.
Milli etnik yaddaşın
izi ilə,Bakı,
2005).
XX əsrin başlarında böyük türkçü
Əli bəy Hüseynzadə yazırdı:
“Türklər ulum və fünunda böyük xidmətlər
göstərmişdir, ancaq
bizim çoxumuz hələ
bunu bilmirik. Çünki türklərin
özü tərəfindən
yazılan asarı unudub türk tarixinə türk olmayanların, məsələn,
ərəbin, farsın,
rusun, firəngin, çinlinin gözü ilə baxırıq”. Cəfər İsmayıloğlunun
da (1938-1996) araşdırıcılıq
fəaliyyətində, tədris
fəaliyyətində incələmək
istədiyi, Azərbaycan
gənclərinə aşılamaq
istədiyi gerçəklər
bunlar idi.
Məlum
olduğu kimi sovet türkologiyasında Qafqazı, xüsusilə də Azərbaycanı əski kulturoloji çevrə olaraq türk dünyasından ayırmağa cəhd etmişlər. C.İsmayıloğlunun
bütün məqalələrinin
ana xətti bu saxtakarlığı aradan
qaldırmaq, Azərbaycan ərazisinin,
xüsusilə bütün
Qafqazın əski sivilizasiya tarixinin türk dünyası ilə əlaqəsi olduğunu isbat etməkdən ibarət olmuşdur. Bunu da qeyd edək ki, alim türk xalqlarının tarixində aslar konsepsiyasına böyük
önəm verirdi. Bu baxımdan alimin “Azərbaycan damğa və işarələrinin
sirləri”, “Bəzi damğa və işarələrin
etimoloji izahı”,
“Azərbaycan
damğaları” adlı
məqalələri xüsusilə
diqqət çəkir.
“Alim bir tərəfdən
zəngin elmi informasiya, digər tərəfdən
isə filoloji-analitik təfəkkürü
hesabına Azərbaycan ərazisindəki oğuz tayfalarından olan əfşar, bayandur, çuvaldar, salur və b. tayfaların damğa və işarələrini
araşdıraraq bu damğa və işarələrin
Azərbaycan ərazisində
geniş yayılmasını
isbat edir “. C.İsmayıloğlu qeyd
etdiyimiz kitabında göstərir ki, qədim
türk damğaları
çox ehtimal ki, min illər bundan əvvəl əmələ
gəlmiş və əski dünya əlifba sisteminin başlıca qaynaqlarından
biri olmuşdur .
Alim Cəfər İsmayıloğlu
“Azərbaycan damğaları”
məqaləsində türk
qövmlərinin əski
yurd-yuvalarının, vətənlərinin
müəyyən edilməsində
damğaların böyük
önəmə sahib olduğunu
vurğulamaqdadır. Çünki
damğalar həm də Azərbaycan türklərinin
inkişafında böyük
əhəmiyyəti olan
müxtəlif etnosların
qədim mədəniyyətlərinin
ilk örnəkləri kimi
də dəyərli yadigarlardır. Bu düşüncə
ilə yola çıxaraq yazar Azərbaycanın Ordubad, Şamaxı,
Gədəbəy, Qobustan
bölgələrində tapılmış
damğa və yazı işarələri
üzərində incələmə
aparmış, onların
hansı qədim türk qövmü ilə əlaqəli olduğunu müəyyənləşdirməyə
səy göstərmişdir.
Bu məqaləyə hətta
sözügedən bölgələrdən
əldə olunmuş
damğaların rəsmləri,
cədvəlləri də
əlavə edilmişdir.
Yazarın “Azərbaycan damğa
və işarələrinin
sirləri” adlı məqaləsi də əvvəlki mövzunun davamı səciyyəsi daşıyır. Burada yazar daha çox
Qobustan qayaüstü
işarələri, damğaları
üzərində dayanmışdır.
Alim Qobustan yazılarına
daha çox önəm verməsini belə açıqlayır:
“Qobustanın timsalında Azərbaycan ərazisində aşkara çıxarılmış yazı örnəklərinin yaşı
on min illərlə ölçülür.
Bunlar ayrı-ayrı əsrlərə,
minilliklərə, eyni
zamanda müxtəlif tayfalara, onların başçılarına aid olduğuna
görə
bəzən eyni
termin, söz və fikir müxtəlif şəkillərdə yazılan
damğa, işarə
və fiqurlarla ifadə edilməkdədir”..
Qobustandakı Yazılı
dərə adlı bölgədəki, eyni zamanda Cingir dağdaki materiallar daha çox yazarın diqqətini çəkmişdir. Bu damğalara
və insan fiqurlarına əsasən
yazar göytürk damğaları ilə müqayisələr aparır,
əski türk qövmləri, xüsusilə
as / az qövmləri haqqında bəhs edir. O, VIII-X əsrlərə aid etdiyi
bu damğa və işarələr haqqında bu nəticəyə gəlir:
“Bu qayaüstü rəsmlər
tarixi, elmi, gözəl sənətləri
öyrənmək üçün
sadəcə ən əski qaynaq olaraq qalmır, türk
qövmlərinin, eyni
zamanda Azərbaycan xalqının Qafqazlarda yaşamış əcdadlarının ilk yazı örnəkləridir” (C.İsmayıloğlu
2005 :73). Bu mövzu yazarın
“Bəzi damğa və işarələrin
etimoloji açıqlaması”
adlı məqaləsində
də davam etdirilmişdir. Bu məqalədə
yazar Qobustan qayalarının
rəsm, işarə və damğalarına əsaslanaraq unudulmuş etnonimlərdən olan asların və ya azların Azərbaycan xalqının etnogenezisindəki
əhəmiyyətindən bəhs edir (C.İsmayıloğlu 2005: 77-85). Yazar məqalədə həm də az/as etnoniminin Azərbaycanın müxtəlif
bölgələrində toponim,
oronim və hidronimlərin tərkibində
qalmış izlərinin
də geniş bir siyahısını vermişdir. Qobustandakı
Yazılı dərədə,
Kiçik daşda rast gəlinən ideoqram, işarə və insan fiqurlarına
əsaslanaraq o, qədim as qövmləri haqqında geniş məlumat verir. Bu məlumatların içərisində
alimas kan və as er sözlərini tam şəkildə
açıqlayır. Məlum
olduğu kimi, az qövmünün ismi Göytürk
yazılarında da tez-tez
keçməkdədir. Bu incələmələrdən
yazar belə bir nəticəyə gəlmişdir:
“Aslar Qafqazda,xüsusilə Naxçıvan,
Qazax, Kəlbəcər,Qobustan
da və b.yerlərdə
özlərinin ilk yazı
mədəniyyətlərini də milad öncəsi
X-VIII minilliklərdə yaratmışdır.Az
xətti və az damğası əski dünya mədəniyyəti
tarixində ilk örnək
olaraq diqqət çəkməkdədir.Damğa,işarə
piktoqramların kompleks
transkripsiyası və
mənalandırılması onların(asların)şərtsiz türk xalqı olduqlarını təsdiq
edir(C.İsmayıloğlu
2005 :82). Yazarın “Aslar
kimdir” adlı məqaləsində də
eyni mövzunun incələnməsi daha detallı şəkildə
davam etdirilmişdir.Bu
kitabda eyni zamanda türklərin bir qolu olan
turdetanlar və onların əlifbasi haqqında da bilgi verilmişdir(C.İsmayıloğlu
2005 :91-95).
Yazarın “Runik qrafemlərin
təşəkkül tarixinə
dair düşüncələr”
və “Orxon-Yenisey abidələri” adlı məqalələri də
əski türk yazılarının öyrənilməsinə
həsr edilmişdir.Burada
Orxon yazılarının
dil və üslubunun daha mükəmməl olduğu,Bilgə
kağanın türkləri
yadellilərə qarşı
birlik olubmübarizə
aparmağa səslədiyi
xüsusilə vurğulanmaqdadır.Bu
məqalələrdə eyni
zamanda göytürk əlifbasının köküməsələsi
də incələnmişdir.Bilindiyi
üzrə Orxon-Yenisey
yazılarının əlifba
sistemi haqqında müxtəlif görüşlər
vardır.Bertels və
Bloşe bu əlifbanin orijinal olmadığını iddia
etsələr dəçoxu
bu əlifbanın türklərin özləri
tərəfindən hazırlandığını
(xüsusilə V.Tomsen,Aristov
və b.), göytürklərdən əvvəl
də hun damğaları şəklindəmövcud
olduğunu, as əlifbası,
hun əlifbasi kimi fəaliyyət göstərdiyini
bildirmişdir (C.İsmayıloğlu
2005: 165). Alim də türk
oğuz damğalarının
türk mədəniyyəti
tarixində önəmli
rol oynadığını,M.Kaşğarlının
verdiyi oğuz damğalarına əsaslanaraq
göytürk əlifbasindakı
hərfi işarələrin
əski türk damğalarından yayıldığını
faktlarla isbatlamışdır(C.İsmayıloğlu 2005 :145-156).
Nəticə olaraq bunu qeyd edək ki, məşhur elm adamı, dərin türkçü
alim, ömrünü türkçülüyün
tədqiqi və təbliğinə həsr
edən Cəfər İsmayıl oğlu Cəfərov Azərbaycan ərazisindəki
damğa, ideoqram,qayaüstü
rəsmlər,yazı işarələrinin
tapılması və
incələnməsində,bunların əski türk yazılarıyla müqayisəli
şəkildə öyrənilməsində
və bu araşdırma metodunun, istiqamətinin rolu və önəmi
haqqında məlumat verən ilk seçkin elm adamlarından biri olmuşdur.
ƏBÜLFƏZ
QULİYEV
AMEA-nın müxbir üzvü,
AMEA Naxçıvan Bölməsi
İncəsənət,
Dil
və Ədəbiyyat
İnstitutunun direktoru
İki sahil.- 2024.- 14 fevral, ¹28.- S.7.