Qalib ölkənin
xoşbəxt gəncləri
Müasir müstəqil Azərbaycanda
uğurlu gənclər siyasətinin əsası 1994-cü ildə
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda
hakimiyyətə qayıdan Ulu Öndər sağlam
düşüncəli yeni nəslin yetişdirilməsinin
dövlətin və cəmiyyətin mühüm vəzifəsi
olduğunu bəyan etdi. Məlumdur ki, həmin dövrdə
respublikamızda vəziyyət heç də ürəkaçan
deyildi.
Ölkə iqtisadi tənəzzül
yaşayırdı, müstəqilliyimizə daxildən və
xaricdən böyük təhdidlər var idi. Bütün bu
çətinliklərə baxmayaraq Ulu Öndərin çox
düzgün qərarı Azərbaycanda gənclər
üçün yeni imkanlar açdı, yeni şərait
yaratdı. Heydər Əliyev gənclərə böyük rəğbətinin və
inamının ifadəsi olaraq ilk görüşlərindən
birini məhz onlarla keçirdi. Ümummilli Lider ümidlə
vurğulayırdı ki, Azərbaycanın genofondu gənclərdir.
Biz onları hərtərəfli qorumalıyıq: “Müstəqil
Azərbaycanın gələcəyi gənclərin əlindədir,
gənclərə veriləcəkdir. Ona görə də məktəbdə
gənclərimizi nə qədər yaxşı, hərtərəfli
hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi
də o qədər müvəffəqiyyətli, uğurlu,
parlaq olacaqdır”.
Ümummilli Lider Heydər Əliyevin 1994-cü
il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən,
ölkəmizdə gənclər siyasətini həyata
keçirən mərkəzi icra orqanı - Gənclər və
İdman Nazirliyi yaradıldı. Ulu Öndər 1995-ci ildə
Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü
irəli sürdü. 2 fevral 1996-cı il tarixində müstəqil
Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bundan bir
il sonra isə Ümummilli Lider gənclərə böyük
qayğısının daha bir təzahürü kimi 2 fevralın
Azərbaycanda Gənclər Günü elan edilməsi
haqqında müvafiq Sərəncam imzaladı. Həmin vaxtdan
etibarən hər il 2 fevral ölkəmizdə Azərbaycan gənclərinin
bayramı kimi qeyd olunur.
Hazırda respublikamızda Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu məqsədyönlü
gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin
gənclər siyasətinə sadiqliyini öz qərarları
ilə təsdiq edir. 2003-cü ildən sonra gənclərə
xüsusi diqqət və qayğı göstərən
dövlət başçısı Azərbaycan gəncliyi
üçün bütün imkanları yaratdı, onların
milli və dövlətçilik ruhunda yetişməsində
bilavasitə rol oynadı. Hökumət davamlı olaraq gənclərin
sosial müdafiəsi, təhsili, idman və sağlamlıq
imkanlarının artırılması, məşğulluğu,
digər vacib qayğıları ilə bağlı büdcədən
ayrılan vəsaitlərin həcmini artırdı. Nəticədə
dövlət büdcəsindən gənclər siyasətinə
ayrılan vəsaitlərin həcmi 100 dəfə artaraq
2013-cü ildə 25 milyon manata çatdı. Sonrakı illərdə
gənclərlə bağlı müxtəlif dövlət
proqramları və digər məqsədli layihələrin
maliyyələşdirilməsi üçün büdcə vəsaitlərinin
həcmi yenidən artırıldı və 2024-cü ilə
bu vəsaitlərin həcmi 70 milyon manata
çatdırılıb. Bu isə o deməkdir ki, son 20 ildə
dövlət gənclər siyasətinə ayrılan vəsaitlərin
həcmi 250 dəfədən çox artırılıb.
Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli
Fərmanı ilə Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi yanında Gənclər Fondunun
yaradılması əsası Ulu Öndər tərəfindən
qoyulmuş gənclər siyasətinin
davamlılığının daha bir əyani sübutudur.
Dövlətimizin başçısı gənclərin
intellektual, fiziki və mənəvi inkişafını,
ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
fəal iştirakını təmin etmək məqsədilə
2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası”nın təsdiq
edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə
bağlı bütün məsələlərin geniş əhatə
olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda
gənclər siyasətinin daha səmərəli həyata
keçirilməsinə nail olmaq, cəmiyyətin bütün
sahələrində gənclərin fəal iştirakına
şərait yaratmaq, onların yaradıcı və innovativ
potensialının üzə çıxarılmasını
dəstəkləmək, gənc nəslin
sağlamlığını qorumaq, gənclərin təhsil
və məşğulluq məsələlərinə diqqəti
artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli
istifadə etmək, ölkədə könüllülük
hərəkatını inkişaf etdirməkdir.
Azərbaycan gəncləri üçün ən
həlledici sınaqlardan biri də 44 günlük Vətən
müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun
sıralarında Vətən uğrunda mətanətlə
vuruşan qəhrəman gənclərimiz adlarını
xalqımızın ən yeni tarixinə qızıl hərflərlə
yazdılar. Məhz onların rəşadəti sayəsində
əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan
ərazi bütövlüyünü bərpa etdi,
xalqımız otuz illik həsrətdən sonra tarixi
torpaqlarımıza qovuşdu.
Gənclərimiz Vətən uğrunda
döyüşlərlə yanaşı, arxa cəbhədə
də yüksək fəallıq göstərib, ölkəmizlə
bağlı həqiqətlərin, işğalçı Ermənistanın
əzəli torpaqlarımızda törətdikləri
vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında iştirak ediblər.
Sosial həyatın bütün sferalarına nəzər
salsaq, görərik ki, orada gənclər əksəriyyət
təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc
kadrların irəli çəkilməsi ilə bağlı
qarşıya qoyduğu vəzifənin
reallaşmasının nəticəsidir. Beləliklə, Azərbaycan
tarixinin ən şərəfli səhifəsi olan Zəfər
tarixini bugünkü gənclər yazdığı kimi,
bundan sonrakı suveren və qüdrətli Azərbaycanın
işıqlı sabahlarının qarantı da onlardır.
Nigar Orucova
İki sahil.- 2024.- 2 fevral, ¹20.- S.4.