Enerji təhlükəsizliyi
güclənəcək, iqtisadi
sabitlik möhkəmlənəcək,
beynəlxalq nüfuz artacaq
Azərbaycanın noyabr ayında
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev
sahibliyi etməsi ölkəmizin beynəlxalq
miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz
nümunəsidir. Ötən
əsrin 90-cı illərindən
başlayaraq hər il
keçirilən bu konfransın məqsədi
dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri
qiymətləndirməkdir. COP-a ev sahibliyi bir
qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün
konsensusla qərar qəbul etməlidir.
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
(COP29) Tərəflər Konfransının
29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçirilməsi
ilə bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar
iclasında qəbul edilib. İki həftə ərzində
dünyanın mərkəzinə
çevrilən Bakı
70-80 minə yaxın xarici qonaq qəbul
edəcək. Yeri gəlmişkən, Birləşmiş
Millətlər Təşkilatının
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyası 1992-ci ilin
iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin
qarşısını almaq
üçün imzalanmış
sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
icrasına nəzarət
edən ən yüksək qanunverici orqan olan “Tərəflərin
Konfransı” mənasını
verir. Bu Konvensiyada 198 ölkə iştirak edir.
Prezident
İlham Əliyev iyunun
4-də Bakı Enerji Həftəsi çərçivəsində
29-cu “Caspian Oil&Gas” və
12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış
mərasimində çıxışında
Azərbaycanın tarixi
Qələbə qazandığı
qırx dörd günlük Vətən müharibəsindən sonra
yaranmış imkanlardan
məhz dinc məqsədlər, “yaşıl
iqtisadiyyat”a keçid, ətraf mühitin qorunması potensialının yüksəldilməsi
üçün istifadə
etdiyini bildirir. Ölkəmizin başçısının
çıxışı bir
daha göstərdi ki,
Azərbaycan 2027-ci ilədək
günəş və
külək enerjisi sahəsində 2 giqavat gücünə nail olmaq məqsədilə bərpaolunan
enerji sahəsində əsaslı irəliləyişlərə
imza atmağa hazırdır. Qaz ixracının artırılması
və enerji mənbələrinin şaxələndirilməsi
ilə Azərbaycanın
etibarlı enerji tərəfdaşı kimi
mövqeyini davam etdirəcəyi açıq-aydın
görünür. COP29-a ev
sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi və davamlı inkişaf üzrə qlobal dialoqdakı rolunu daha da möhkəmləndirəcək.
Bu nailiyyətlər Azərbaycanın
enerji təhlükəsizliyini,
iqtisadi sabitliyini gücləndirəcək və
beynəlxalq nüfuzunu
artıracaq.
Bu gün iqlim dəyişikliyi ilə bağlı məsələlər
bütün ölkələrin
diqqət mərkəzindədir.
Bu baxımdan Azərbaycan
qlobal istiləşmənin
qarşısını almaq,
səyləri inkişaf
etdirmək, həmçinin
bütün dünyada
sülhün bərqərar
olması üçün
beynəlxalq ictimaiyyəti
birləşdirmək niyyətindədir.
Noyabr ayında baş tutacaq COP29 digər məsələlərin və
təşəbbüslərin müzakirəsi üçün
platformalar yaradacaq. Bakıda keçiriləcək
konfransın mühüm
məsələlərindən bəhs edən COP29-un prezidenti, Azərbaycanın
ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev bildirib ki, 2015-ci ilin Paris İqlim Sazişinin
6-cı maddəsinin iki
alt bəndinin razılaşdırılması
qarşıdan gələn
COP29-da ən vacib və çətin müzakirə mövzularından
biri olacaq və azaldılmış
istixana qazı emissiyalarının ticarəti
və Birləşmiş
Millətlər Təşkilatının
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının yeni mexanizminin
həyata keçirilməsinə
aiddir ki, bu da karbon kvotaları və kreditləri ilə əməliyyatlar üçün iqlim layihələrini əhatə
edir. Təşəbbüslər
arasında BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən
dəstəklənən Karib
hövzəsi ölkələrinin
“həmrəylik vergisi”nin tətbiqi təşəbbüsü də
var. BMT-nin baş katibi bu yaxınlarda
sosial media hesabında
bu təşəbbüsü
açıqlayaraq bildirib
ki, iqlim təşəbbüslərinə
daha çox özəl kapital cəlb edilməlidir. İnkişaf etmiş ölkələr də iqlim dəyişikliyinə
uyğunlaşma üçün
maliyyəni ikiqat artırmalı və öhdəliklərini yerinə
yetirməlidir.
Bu gün beynəlxalq aləmdə mövqeyini gündən-günə
gücləndirən Azərbaycan
hökumətinin qlobal
iqlim dəyişikliyi
ilə mübarizəyə
daim sadiq qalıb. Ölkəmizdə
2024-cü ili “Yaşıl
dünya naminə həmrəylik ili” elan edilməsi bunun əyani təsdiqidir. Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını
35 faiz azaltmağı
öhdəsinə götürüb
və 2050-ci ilə qədər bu rəqəmi 40 faizə çatdırmağı planlaşdırır.
Bundan əlavə, Azərbaycan 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin
payını 30 faizə
çatdırmağı qarşısına
məqsəd qoyub. Göründüyü kimi,
Azərbaycanın COP29 ilə
gələcək üçün
müəyyənləşdirəcəyi
yeni hədəflər həm
“yaşıl enerji”in inkişafı üçün
mühüm vasitə
olacaq, həm də qlobal istiləşmənin qarşısını
almaq, səyləri inkişaf etdirmək üçün beynəlxalq
ictimaiyyəti birləşdirməyə
ciddi təkan verəcək.
Zahid Rza
İki sahil.
- 2024.- 11 iyul, ¹121.- S.7.