Müasir cəmiyyətdə narkomaniya problemləri
Müasir dünyanı sarsıdan
digər ölüm
səbəblərinin – təbii
fəlakətlərin, pandemiyaların
və s. bərabərində
bütün dövrlərin
ortaq dərdi olan "ağ ölüm",
təəssüflər olsun
ki, bu gün də aktualdır. Cəmiyyətin varlığı
və sağlamlığı
üçün təhlükə
mənbəyinə çevrilən
bu ciddi bəlaya meyl günü-gündən artmaqdadır.
Ən pisi də odur ki, yeniyetmə və gənclər bu şəbəkəyə asanlıqla
cəlb olunurlar.
Narkomaniyanın insan cəmiyyətinin
normal yaşamı üçün
törətdiyi təhlükələri
nəzərə alaraq,
onunla mübarizədə
bütün mümkün
tədbir və vasitələrdən istifadə
olunması həyati zərurətə malikdir.
Hər dəfə imkan düşdükcə
narkomaniyanın tibbi, sosial, mənəvi fəsadları haqqında
dönə-dönə danışmaq
və yazmaq, xüsusən gənclər
arasında narkomanlıqla
bağlı yanlış
təsəvvürləri dağıtmaq
lazımdır.
Narkomaniya
fərdin deqradasiyasına
və orqanizmin məhvinə son dərəcə
fəal şəkildə
kömək edir. İnsanlar arasında yaşayan, tez-tez başqaları üçün
ciddi təhlükə
mənbəyinə çevrilən
narkomanın deməyə
haqqı yoxdur ki, bu, onun şəxsi
işidir. Bir çox
hallarda narkotik aludəçisi olan insan təəssüf ki, əxlaqsız, kinli və qəddar olur. Kim istəyər ki, övladının sinif yoldaşı narkoman olsun və ya
qonşu mənzildə
yaşasın? Lakin bir
şəxsin narkoman olması ilk növbədə
onun yaxınları üçün, gözləri
qarşısında oğlunu
və ya qızını, həyat
yoldaşını və
ya atasını itirməkdə olan insanlar üçün böyük faciədir.
Narkomaniya
çoxlu sayda müxtəlif, o cümlədən
ağır cinayətlərin
birbaşa səbəbidir.
Elmi araşdırmalara
görə, yetkinlik yaşına çatmayan narkomanların təxminən
⅔-si cinayətkar olur. Bu onunla bağlıdır ki, narkotik
asılılıq qarşısıalınmaz
bir qüvvəyə çevrilərək, insanları
vəsait əldə etmək üçün cinayətə qurşanmağa,
hətta öz evlərindən, yaxınlarından
oğurluq etməyə
sövq edir.
Narkomaniya ümumilikdə millətin
fiziki və mənəvi sağlamlığına
təhlükə yaradır,
zərbə vurur. Buraya nəsillərin genetik degenerasiyası, narkomaniyanın QİÇS, hepatit,
digər ağır xəstəliklər, homoseksuallıq
və fahişəlik
problemləri ilə sıx əlaqəsi daxildir. Müxtəlif sosial problemlərin bütöv bir “buketi” narkomanlıqla əhatə olunmuşdur.
Narkotik sərxoşluğu vəziyyətində
olan şəxs reallığı adekvat şəkildə əks etdirmir və öz hərəkətlərini
idarə edə bilmir. Vəziyyətin tənqidi qiymətləndirilməsi
yoxa çıxır,
risk hissi sönür,
hərəkətlərin koordinasiyası
pozulur. Belə bir insanı nəqliyyat vasitəsini idarə edən və ya əlində
silah tutan şəkildə təsəvvür
edin!
Narkomaniyanın “sosial yoluxuculuğu”
xüsusilə dəhşətlidir.
Bir sıra elmi araşdırmalara görə,
hər bir narkoman 12-17 nəfəri narkotik istifadəsinə asanlıqla cəlb edə bilir. Və xüsusilə vacib olan odur
ki, narkomanların əksəriyyəti
obyektiv olaraq narkotik şəbəkələrinə
mümkün qədər
çox yeni insan cəlb etməkdə şəxsən də maraqlı olur. Necə deyərlər, “cəhənnəmə gedən
özünə yoldaş
axtarar”.
Məlumdur ki, hər hansı
həyat fəaliyyəti
sahəsi qaranlıq məqamlara malik olduqda gənclər arasında daha çox maraq doğurur. Narkotiklərlə bağlı
ətraf ictimai mühitdən, sosial şəbəkələrdən alınan məlumatların
çoxu həqiqəti
əks etdirmir. Üstəlik, əksər
informasiya axını
narkotik alverçilərindən
və ya istifadəçilərindən gəlir. Narkotikləri istehsal edən və televiziyada reklam edən şirkətlər onları
kütləvi şəkildə
satıb pul qazanmaqda maraqlıdırlar.
Qaranlıqlara işıq
salmaq üçün
insanlara elmi cəhətdən əsaslandırılmış,
inandırıcı məlumatlar
verilməlidir.
Biz gənclərimizə pis vərdişlərin insan sağlamlığına zərərli
təsirlərini və
gələcəkdə yarada
biləcəyi problemləri
düzgün izah etməliyik. Həmçinin
onlara həmin vərdişlərin səbəb
olduğu müxtəlif
yoluxucu xəstəliklər
barədə və bu xəstəliklərdən
qorunma yolları ilə bağlı məlumat verməliyik.
İlk növbədə anladılmalıdır
ki, çətinliklərdən qaçmaq və yaxud müvəqqəti həzz naminə zərərli vərdişlərə
üz tutan gənc malik olduğu bütün dəyərləri
çox tezliklə ondan qoparacaq bir yola girmişdir.
1978-ci ildə meymunlar üzərində aparılan
laboratoriya təcrübələri
heyvanların qidadan çox kokaini üstün tutduqlarını
göstərdi. Onlar aclıqdan ölənə
qədər narkotikdən
istifadə etmişdilər.
Hamiləlik dövründə kokain
istifadə edən analardan körpələr
daha az çəki
ilə doğulur və beyinləri zədələnir.
Maraqlıdır ki, kokain digər
qanunsuz narkotiklərdən
üç dəfə
çox insanın ölümünə səbəb
olur. Əslində kokainin bir qramının
maya dəyəri bir neçə sentdir (onun istehsalı aspirin istehsalından problemli deyil), satış qiyməti isə təxminən 100 dollardır.
Bu, tətbiq edilən
qadağaların qiymətidir.
Məhz bu qazanc narkobaronları və narkokuryerləri insan təxəyyülünün
bütün imkanlarından
maksimum yararlanmağa təşviq edir. Məsələn, hazırda
məktubları çatdırmaq
üçün daşıyıcı
göyərçinlərdən nadir hallarda istifadə olunur, lakin onlar
digər vəzifələrin
öhdəsindən uğurla
gəlirlər. İngiltərə
və Fransanın ucqar bölgələrində
göyərçinlər qan
nümunələrini xəstəxanalara
çatdırırlar. Narkotik
tacirləri isə Əfqanıstandan Pakistana
heroin çatdırmaq üçün
bütün göyərçin
sürülərini işə
salırlar.
1985-ci ildə Peru gömrük işçiləri tərkibində
kokain aşkar etdikdən sonra Ekvadordan külli miqdarda balın ölkəyə idxalını
dayandırdılar. Ən
maraqlısı bu idi ki, dərman mexaniki şəkildə qarışdırılmamışdı. Sadəcə, bu balı əldə etmək üçün arılar koka plantasiyalarına buraxılırdı.
Niderland
Krallığında marixuanadan
istifadənin qanuni olmasına baxmayaraq, onun hollandlar arasında istehlak səviyyəsi çox aşağıdır. Hollandiya
Avropada narkotiklə əlaqəli ölüm hallarının ən aşağı göstəricilərindən
birinə (hər milyon nəfərə 8 hadisə düşür,
məsələn, Böyük
Britaniyada bu rəqəm 50-dir) malikdir.
Ən qədim və nüfuzlu tibb jurnallarından biri olan “Lancet” alkoqolu da ən zərərli narkotik adlandırmışdır.
Alkoqol ən çox istifadə edilən narkotikdir. Spirt istifadəçiyə dəyən
zərər baxımından
heroin, krekin və metamfetamindən zəif olsa da, kokain, tütün, marixuana, ekstazi, LSD və bir çox digər maddələrdən
daha təsirlidir. Başqalarına vurduğu
ziyanı, eləcə
də ümumi zərər göstəricilərini
nəzərə alsaq,
spirt bütün digər
narkotiklərdən daha
irəlidədir. Kokain
və spirtin birləşməsi toksinlər
yaradır və onları istifadə edən narkomanların təxminən 75%-ini öldürür.
Digər
narkotiklər kimi, alkoqol da insan bədənindəki vitaminləri
israf edir, qəbul etdikdən sonra özünüzü
yorğun və ya xəstə hiss edirsiniz. Narkotikin hər növbəti qəbulu orqanizmdə vəziyyəti daha acınacaqlı hala salır. Alkoqolun isə asılılıq yaratdığı heç
kəs üçün
sirr deyildir.
Yeri gəlmişkən, Ümumdünya
Səhiyyə Təşkilatı
tütünü də
narkotik vasitə kimi tanımışdır.
Narkomanların 5 faizi müxtəlif
növ narkotiklərdən
istifadə edərək,
polinarkomaniyadan əziyyət
çəkir. Narkotiklərin
qarışıq istifadəsi
narkomanların 2, toksikomanların
1,3 faizi üçün
faciə ilə bitir. Narkomanların 42 faizi psixoaktiv maddələrin istifadəsi
nəticəsində yaranan
müxtəlif xəstəliklərdən,
13 faizdən çoxu
yüksək dozadan ölür. Demək olar ki, 3 faizi intihar edir. Təxminən
7 faiz yüksək doza altında olarkən qəza törədərək məhv
olur.
Əhalinin, xüsusən gənclərin
narkomaniyaya qurşanmasının
əsas səbəblərindən
biri də bazarda geniş çeşiddə və qiymətlərdə narkotik
vasitələrin mövcudluğu,
eləcə də onların gizli və aşkar reklamının aparılmasıdır.
Narkotik maddə istehsalının
xammal bazasının məhv edilməsi üzrə işlər narkomaniyaya qarşı fəaliyyətin ən prioritet istiqamətlərindən
biridir. Statistik məlumatlara əsasən,
2024-cü ilin yanvar-mart
ayları ərzində
Azərbaycanda narkomanlığa
və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi
ilə bağlı hüquq mühafizə orqanları tərəfindən
həyata keçirilmiş
kompleks əməliyyat-axtarış
tədbirləri nəticəsində
ümumilikdə 2909 cinayət
faktı aşkarlanmışdır.
Onlardan 821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı qanunsuz
əldə edilib saxlanılması, 12-si narkotik
tərkibli bitkilərin
əkilib becərilməsi
ilə bağlı olmuşdur. Tərkibində
narkotik maddələr
olan qadağan olunmuş bitkilərin qanunsuz becərilməsi və onların məhv edilməsi üçün tədbirlərin
görülməməsi ilk növbədə torpaq istifadəçilərinin Azərbaycan
Respublikasının mövcud
qanunvericiliyinə uyğun
olaraq məsuliyyətə
cəlb edilməsinə
səbəb olur.
Məlumdur ki, qarşısına “yaşıl artım” ölkəsi olmaq kimi bir vəzifə
qoymuş Azərbaycanın
florası və bitki örtüyü öz zənginliyi ilə fərqlənir. Ölkəmizin
təbiətində qida,
dekorativ, dərman və s. xüsusiyyətləri
ilə seçilən
bitkilər geniş yayılmışdır. Dərman
xüsusiyyətlərinə malik olub insanların sağlamlığını qorumaq
üçün istifadə
edilən bitkilərlə
yanaşı, tərkibində
insan orqanizminə zərərli komponentlər
daşıyanlar da vardır
ki, bu qrupa narkotik bitkilər də aiddir. Qeyd etmək lazımdır ki, narkotik bitkilərin cəmiyyətə
ziyanı olsa da, bitki aləmində özünəməxsus
yeri vardır. Üstəlik, onların bir çoxunun tərkibində müalicəvi
xüsusiyyətlərə malik maddələr (xüsusən
alkaloidlər) də vardır, dünya farmakologiya sənayesində
bu bitkilərdən alınan dərmanlardan geniş şəkildə
müxtəlif xəstəliklərin
müalicəsində – orqanizmdə
olan müxtəlif bəd- və xoşxassəli şişlərin,
fəsadlar törədən
mikrobların məhv ediməsində, sinir xəstəliklərində, o cümlədən
ağrıkəsici kimi
istifadə edilir. Çətənə bitkisi
Azərbaycanda hələ
keçmiş dövrlərdən
qida bitkisi kimi istifadə olunmuşdur.
Azərbaycan ərazisində düzənlikdən
başlamış orta
dağ qurşağına
qədər olan müxtəlif yerlərdə
narkotik bitkilərə
rast gəlinir. Adətən şərq laləsi (Papaver orientalis),
ziyilotu (Chelidonium majus), dəlibəng
(Datura stramonium) və s. bu
kimi bitkilərin çiçəkləməsi yay-payız mövsümünə
təsadüf edir. Bundan başqa, xaş-xaş, hind çətənəsi
(kənaf), kokain kolu, bir sıra
dərman və zəhərli bitkilər narkotik tərkiblidir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və
narkomanlığa qarşı
mübarizəyə dair
2019-2024-cü illər üçün
Dövlət Proqramı”
çərçivəsində keçən ildən ötən dövr ərzində elmi tədqiqat müəssisələri
tərəfindən bir
sıra fəaliyyətlər
icra edilmişdir. Azərbaycan Respublikası
Narkomanlığa və
Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə
üzrə Dövlət
Komissiyasının üzvü
kimi bu tədqiqatları
daim diqqət mərkəzində saxlamağa
çalışıram.
AR ETN
Botanika İnstitutunun əməkdaşları
narkotik tərkibli yabanı bitki növlərinin
təyinat monitorinqlərinin
aparılması məqsədilə
respublikanın ayrı-ayrı
bölgələrində olmuşlar.
Yayılma zonalarında
ekspedisiyalar zamanı bu bitkilərin aşkarlanmasında onların
morfologiyasını xarakterizə
edən herbari materiallarından və şəkillərdən istifadə
edilmişdir. Yabanı
halda bitən narkotik tərkibli bitkilərin toplanaraq məhv edilməsi, onların zərərli xassələrinin yerli əhaliyə izahatı, eləcə də əkilərək becərilməsinin,
daşınması, satılması
və istifadəsinin hüquqi məsuliyyət yaratması ilə bağlı təbliğat
işləri davam etdirilmişdir.
Son bir ildə “Narkotik asılılıq proqramı” üzrə AR
ETN Akademik Abdulla Qarayev
adına Fiziologiya İnstitutunun “İnteqrativ
fəaliyyətin molekulyar
əsasları” laboratoriyasında
işlər davam etdirilmişdir. Hazırda
“Dihidropirimidinazaya bənzər
zülal-2 və hipokampın
sinir hüceyrələrinin
qeyri-histon xromatin zülalları arasında
qarşılıqlı əlaqə
yaranmasının öyrənilməsi”
mövzusunda tədqiqat
işinə başlanılmışdır.
Bu mövzu serotonin modullu
antikonsolidasiya zülalına
(SMAZ) qarşı anticisimlər
vasitəsilə narkotik
asılılığın korreksiyasının molekulyar
əsaslarının müəyyən
edilməsi üçün
vacibdir. Mövzu üzrə nəticələr
alındıqca elmi və kütləvi mətbuatda işıqlandırılacaqdır.
AR ETN Dendrologiya İnstitutu narkomaniyaya qarşı mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinin
və narkomanlığın
qarşısının alınması
məqsədilə keçirilən
tədbirlərdə Xəzər,
Suraxanı və Sabunçu rayonlarının
polis idarələri ilə
əməkdaşlıq edir.
AR Daxili İşlər
Nazirliyinin müraciəti
əsasında “Xaş-xaş”
şərti adı altında aparılan fəaliyyətlər çərçivəsində
institutun mütəxəssisləri
tərəfindən tiryək,
xaş-xaş cinsinə
aid Hind, Cənubi Mançuriya,
Cənubi Arxon və Cənubi Krasnodar çətənə növləri
təyin edilmiş və müvafiq rəylər verilmişdir.
Orta məktəblərin yuxarı
sinif şagirdləri,
ali təhsil ocaqlarının (Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Odlar Yurdu Universiteti və s.) tələbələri
və magistrantları
praktiki narkomanlığa
qarşı mübarizəyə
dair məşğələlərini
Dendrologiya İnstitutunun
təcrübə sahələrində
və laboratoriyalarında
keçirmişlər. İnstitutun
alimləri tərəfindən
narkomanlığın zərəri,
narkotik vasitələr,
psixotrop maddələr,
narkotik tərkibli bitkilər barədə tələbələr qarşısında
seminarlar keçirilmişdir.
Hazırda narkomanlığın
zərərləri barədə
zəruri metodiki-tədris
vəsaitlərinin hazırlanması
və internet resurslarında
yerləşdirilməsi üzrə
işlər aparılır.
İnstitutun əməkdaşları
ümumtəhsil məktəblərində
təşkil olunan maarifləndirmə xarakterli
“Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”,
“Narkomaniyaya qarşı
hamılıqla mübarizə”,
“Narkomaniya nədir?”,
“Zərərli vərdişlərə
yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” devizləri altında təşkil olunan tədbirlərə dəvət
olunaraq çıxışlar
edirlər.
İnstitutda aparılan tədqiqatlar
göstərmişdir ki, meşə
ərazilərində, sıx
yaşıllıq massivlərində
və çətin reylefli ərazilərdə
narkotik tərkibli bitkilərin yayılmasının
qarşısını almaq
üçün meşəmühafizə
sistemlərinin gücləndirilməsi
vacib şərtlərdən
biridir. Bununla yanaşı, həmin ərazilərdə kultivasiya
işləri aparılmaqla
kənd təsərrüfatı
əhəmiyyətli bitkilərin
çoxaldılması daha
məqsədyönlüdür.
23 aprel 2024-cü il tarixində
“Narkomanlığa və
narkotik vasitələrin
qanunsuz dövriyyəsinə
qarşı mübarizə”
proqramı çərçivəsində
Dendrologiya İnstitutunun
bir qrup alimi tərəfindən
121 nömrəli orta məktəbdə muəllim
heyəti və şagirdlərin maarifləndirilməsi
məqsədilə müvafiq
tədbir təşkil
edilmişdir.
Narkomaniyaya qarşı təbliğata
çox erkən yaşlardan, həyatı,
insanlığı, ananı,
vətəni sevməyi
öyrətməklə başlanılmalıdır.
Elə bu səbəbdən də maarifləndirici tədbirlər
və sosioloji sorğular ilk öncə məktəbyaşlı uşaqlar,
yeniyetmələr arasında
aparılmalıdır. Araşdırmalar
göstərir ki, yeniyetmələrin
əksəriyyəti narkomaniyanın
zərərləri barədə
qismən məlumatlıdır.
Uşaq və gənclər arasında narkomaniyaya qarşı mübarizə tədbirləri
haqqında geniş maarifləndirmə aksiyalarının
aparılmasına ehtiyac
vardır. Hər bir şüurlu vətəndaş bu zərərli vərdişdən
şəxsən kənar
durmaq üçün
səy göstərməli
və özü də bu yolun
dəhşətli nəticələri
haqqında ictimaiyyət
arasında təbliğat
aparmalıdır. Narkomaniyaya
qarşı mübarizə
bir gün belə dayandırılmamalıdır
və bu işdə fəal olmaq hər bir vətəndaşın
təkcə hüququ
deyil, həm də mənəvi və insani borcudur!
İradə HÜSEYNOVA,
İki sahil.
- 2024.- 13 iyul, ¹123.- S.7.