Soltanlıda dizim
torpağa sığal çəkdi...
Yurd
yerindən reportaj
Ürəyim məni Soltanlıya, ruhumun
beşiyinə çəkirdi
Yeniyetməliyimdən Sultan-Soltan səsləşməsi
mənim də könlümə yatıb. Bu gözəl səsləşməni
də bayatı misralarına cinas bilmişəm. Kənd
aşağı-kənd yuxarı yol yoranda hərdən
yaşlı soltanlılı ağsaqqalların
sınaq-sorğuları nəfəsimizə yük olurdu:
“Dünyadan umacağınız nədi, ay oğul?!”. Bir
anlıq göy üzünə baxardım, sonra
“Soltanlının sultanlığı bəsimdi!” – deyərdim.
Təsbehində istixar çəkənlər
gülümsünərdi, babamın baxışlarından boy
göstərən şükranlığı özümə
də, tay-tuşlarıma da alqış bilərdim...
Sizə
Soltanlıdan danışacam. Alimlərinin sayı 60-dan
çox olan Soltanlıdan. Soltanlı Cəbrayıl rayonunun ən
böyük kəndlərindəndir, Arazın sahilindədir,
Xudafərin körpülərinə yaxındır. Min illərin
nişanəsi olan bu körpülərin mənəvi
işığı bu kəndin gecələrini
işıqlandırıb, gündüzlərinin
işığına qarışıb. Bu yaxınlıq təkcə
məsafə yaxınlığı deyil, ruhun
yaxınlığıdır. Bu körpülərdən
keçib döyüşlərə gedən ləşkərlərimizi
Soltanlı da uğurlayıb. Duz-çörəyi ilə,
düz ürəyi ilə, duru niyyəti ilə, xalqın
dünənlərinə dönməz sədaqəti ilə.
Yaranışından başı qalmaqallardan
açılmayıb. VII əsrdə yadellilərlə
döyüşlərdə neçə dəfə
dağıdılıb. XIV əsrin ortalarında
Toxtamışın, sonra Əmir Teymurun ordusu da
Soltanlının ərazisindən keçib. Baxıb
keçməyib, yaxıb keçib. Ancaq dağıntılar
yerlə-yeksan səviyyəsində olmayıb. Onu əsrlərdən
sonra ermənilik dağıdıb, çökdürüb; bəşər
belə nadürüstlük, belə qəddarlıq, belə
düşmənçilik görməyib. Bu vəhşilik hələ
də dürüst etiraf edilmir...
Yeniyetməliyimdə
mənə elə gələrdi ki, dünyanın
bütün yolları Soltanlıdan başlayır -
Soltanlıdan başlayan yollar uğur yoludur - görkəmli
dövlət xadimləri Teymur
Quliyevi də, Həsən Həsənovu da, əmim akademik Tofiq Hacıyevi də,
Arif Həsənovu da, dilçi-alim Kamal Hacıyevi də, Qəzənfər
Kazımovu da, general-mayor Yasif Nəsirlini də, geoloq, professor
Hüseyn Hüseynovu da, tarixçi-alim Mübariz Mahmudovu da, Mərkəzi
Bankın sədri Taleh Tahir oğlu Kazımovu da, dövlət
qulluqçusu Əziz Əzizovu da, filosof Zaman Məmmədovu
da, Söhrab Məhərrəmovu da, kimyaçı alimlər
Allahverdi və Nailə Verdizadələri də, Tahir
Əlizadəni də, fiziklər Bəhlul Əlizadə, Cəlal
Səfərov və Novruz Bəşirovu da, təbiətşünas
Xudaverdi Həsənovu və kimyaçı Fikrət Hacızadəni
də, professor İsmayıl
Kazımovu da, pedaqoqlar Məhəmmədəli Məmmədovu
da, Əlif Əhmədovu da, Qəşəm Əliyev və
Soltan Əliyevi də, həkimlər Allahverdi Hacıyevi də,
Zaur Məmmədli və Qəşəm Həsənovu da, Məzahir
Əhmədovu da, şərqşünas Qabil Əbilovu da, tədqiqatçı
Atəş Verdiyevi də, məşhur karikaturaçı rəssam
Bayram Hacızadəni də, Şamo Abbasovu da, heykəltəraş
Rövşən Kamaloğlunu da, tanınmış şair Sərdar
Əsədi də, yazıçı Tahir Kazımovu da,
jurnalistlərdən Hüseyn Mehraliyevi də, Sərdar
Əliyevi də, İsmayıl Hacıyevi də, Yaqub
Əlioğlunu da, Tahir Səfərovu da, Seymur Verdizadəni də,
qabaqcıl rabitəçi Şamil Məmmədovu da,
tanınmış hərbçi, ehtiyatda olan polkovnik Adil
Haqverdiyevi də, SSRİ idman ustası, Fəxri Bədən Tərbiyəsi
işçisi, Azərbaycan Otüstü Xokkey Federasiyasının
Hakimlər Kollegiyasının sədri Əhməd
Allahverdiyevi də, uzun illər Daxili İşlər
orqanlarında şərəflə xidmət etmiş, Vətən
Müharibəsi dönəmində Cəbrayıl rayon Polis
Şöbəsinə rəhbərlik etmiş, Qarabağ
torpağının işğaldan azad edilməsində
sözün əsl mənasında ləyaqətlə
döyüşmüş ehtiyatda olan polkovnik Vaqif Məhərrəmovu
da Böyük Dünyaya bu yol aparıb...
Əbəs
yerə deməyiblər ki, Vətən sevgisi Tanrı
eşqidir. O ağır günlərdə Soltanlıları
da yaşadan, mübarizəyə səsləyən elə həmin
Vətən sevgisi oldu. Bu sevgi onların damarlarında axan
qanlarında, canlarında, hisslərində, duyğularında
idi. 1990-cı illərin əvvəlində ordu hələ
formalaşmamışdı. Bu ərəfədə mərhum
Arif Əlisoyun (Allah rəhmət eləsin) rəhbərliyi ilə
30 nəfər ziyalıdan ibarət Soltanlı
könüllülər tağımı yaradıldı. Bu oğulların həyatı,
döyüş yolu, xidməti fəaliyyətləri ibrətamizdir.
Ziyalılar tağımının cəngavər
oğulları düşmənə qarşı böyük
qəhrəmanlıqla, cəsarətlə
döyüşürdülər.
Hərə
öz el-obasının pərvanəsidir. Soltanlılar
Soltanlını bir ayrı biçim sevir, sevəcək də.
Ağsaqqal kəlamıdır, Dədə Qorqud bu sevgiyə
görə alqışını soltanlılardan əsirgəməyib:
“Sürünüz yerisin, atlarınız büdrəməsin,
bulaqlarınız qurumasın!..”
Min illərdi
dağ ucalıq, qüdrət, yenilməzlik rəmzi kimi
yaşadılır. Min illərdi çətinə
düşən, sıxıntısı olan dərdini dağa
danışır. Dağın səssiz təsəllisi onun
ürəyinin təpərinə dönür, dizinin taqətinə,
qolunun qüvvətinə. Diri dağ yaranışından
Soltanlının keşikçisidir. Diri dağdan əsən
yellər zaman-zaman Soltanlının illərinin
sığalına dönüb, ağbirçəklərinin
bayatılarının, qımqımalarının can köynəyinə.
Ağsaqqallardan yerinə qızartı düşəndən
şükranlıqla qüdrətinə, əzəmətinə
görə cavanların baba, toxtamış kişilərin
qardaş dediyi Diri dağa sarı boylanıb. Min illərlə
Soltanlını ətəyində saxlayan Diri dağa sədaqət
soltanlıların xalqa, dövlətə sədaqəti olub.
Soltanlılar Diri dağı sevə-sevə xalqı sevib,
dövləti sevib.
Diri
dağ müqəddəs dağdır, adı Nuh peyğəmbərlə
yanaşı anılır. Yozumu insanlığın yaşam
fəlsəfəsi kimi yaşadılan Diri dağ
yaşayanların, yaşadanların dağıdır.
1993-cü ilin avqustundan 2020-ci ilin oktyabrına kimi Diri
dağın qəhərini əsən yellər, daşan sellər
yumşalda bilmədi, Azərbaycan əsgəri
yumşaltdı. Bu 27 ildə Soltanlının söykəndiyi
Diri dağsız soltanlıların əli üzündə,
dirsəyi dizində qalmışdı, həsrətə
dözə bilməyənlər də oldu. Soltanlını
yaşayanların özü, son nəfəsi Soltanlıya qismət
olmayanların ruhu ziyarət edir...
Diri
dağ saz-söz övliyası Dirili Qurbaninin
özünün beşiyi idi, son nəfəsindən sonra
ruhunun beşiyidir. Həm də ona bu səbəbdən
müqəddəs dağ deyirlər...
Yaranışından
“Çinar” bütün Soltanlıların və Cəbrayıllıların
könül məkanı olub. Kövrələnlər qəhərini
ona deyib, sevinci aşıb-daşanlar onunla
pıçıldaşıb, cavanlar kimsəyə
açmadığı sirrini-sözünü ona
açıb; “Çinar” ruhurəvan soltanlıların
sevgisinin çinarı olub. İşğal müddətində
soltanlıların bir-birindən türlü-türlü
sorğularının biri də Çinara ad olub: “Görəsən
düşmən “Çinar”ı göynədibmi?”. Gərdişə
ünvanlanan bu sorğu illərin sorğusu olub. Düşmən
“Çinar”ı da yaralayıbmış. 27 il yaralı
“Çinar”ın “gözləri yollardan
yığılmayıb”. “Çinar”ımızın yaraları indi-indi qaysaqlayır.
Yaşı
bəlli olmayan Soltanlı kəhrizinin duyulan möcüzəsi
də tarixin naxışıdır. Əsrlərdən əsrlərə köçən kəhriz el-obaya sədaqət
kimi yaddaşlarda da yaşadılıb. Yaxşının,
yamanın nə olduğunu bilən
kəhrizi görənlər duruluq suyu kimi
tanıyırdı. Kəhriz görənlərin də,
eşidənlərin də könül sultanı olmuşdu,
könül sultanımızın adı şahsevənlilərin
soltanlı tirəsinin (nəslinin) adından
götürülmüş Soltanlımızın
“Divani”siydi.
Soltanlının
dan yeri silk ocağı çatılandan sazla-sözlə
açılıb. Saza-sözə aludəliyin, vurğunluğun
nişanəsidir ki, kənd məktəbi saz-söz
mücahidi Qurbaninin adına ad edilib. O Qurbani ki, “Bənövşə”si
5 əsrdir könüllər dolaşır:
Qurbani
der, könlüm bundan sayrıdı,
Nə
etmişik, yarım məndən ayrıdı.
Ayrılıqmı
çəkib boynu əyridi,
Heç
yerdə görmədim düz bənövşəni.
Soltanlı
ömrümzün beşiyidir, ruhumuzun qibləsi. Hayanda olsaq
da yönümüz Soltanlıya sarı dönüb. Bizi
Soltanlıdan aparan yolların sonu Soltanlıda tamamlanıb. Bu
ağır elin adı bəlli oğulları deyərdi ki,
Allaha ağır getməsin, Soltanlı ruhumuzun qibləsi olub.
Vətən kimi Soltanlını tanımışıq.
Soltanlını sevmişik, Vətənə sevgimizin beşik
nəğməsi Soltanlı olub; Soltanlı
soltanlıların laylasıdır, şərqisidir,
nağılıdır, dastanıdır. Soltanlını sevə-sevə
yaşamışıq, Soltanlını sevə-sevə
yaşatmışıq, könül sultanımızı sevə-sevə
yaşadacağıq...
Ötən
əsrin sonlarında qada bəd gətirdi. Moskvaya bel
bağlayan ermənilik Azərbaycandan ərazi iddiasına
düşdü. Azərbaycanda hakimiyyət boşluğu bu
iddianın müharibə ilə nəticələnməsinə
səbəb oldu. Ermənilər Cəbrayıla da həmlələr,
hücumlar edirdi. Əhali, yerli özünümüdafiə
batalyonları, milis işçiləri bu həmlələrin,
hücumların qarşısını saxlaya bilirdi. Xarici
havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnən
Ermənistan hücumların miqyasını genişləndirirdi...
Soltanlı
1993-cü ilin oktyabrında işğal olundu. Həmin gün
soltanlıların ruhunun göyləri kişnədi,
buludları çaxnaşdı, qəhəri daşdı,
gümanı yollar dolaşdı. Camaat doğma
ocağından, isti bucağından sıyrılıb nəhayətsizliyə
yol almışdı. Neçə yüz ilə Soltanlı
olmuş bu ağır elin doqqaz qapıları
uçunmuşdu, ocaqları kül tökmüşdü,
Soltanlının göyləri çöysüyə-çöysüyə
yerə çökmüşdü, dönüb
ocağına sarı boylanan neçə ağsaqqalın dizləri
torpağa enmişdi. Soltanlını boşalan görən
Arazın suları sahili döyəcləmişdi. Göylər
hönkürmüşdü, yerlər özünü
dağa-daşa çırpmışdı. Soltanlının
hayına yetən olmamışdı. Neçə yüz il əvvəl
Füzuli ustadımız demişdi ki, “Dərd çox, həmdərd
yox, düşmən qəvi, tale – zəbun”. Gün həmin
gün idi. Duyanlar duyurdu ki, Soltanlının qəhəri həmin gün
bayatılaşıb, ağılaşıb:
Dərdlər
çiçəkləyəndə
Dərdlilər
qəm dərdimi?
Tanrım,
niyə kəm etdin
Dar
gündə həmdərdimi?!
Canıyanan
həmdərdinin əli çatmıırdı, əli
çatanın canı yanmırdı...
İşğala
görə Cəbrayıla aparan yollar bağlı idi. Camaat
Xudafərin körpüsündən İrana, İmişliyə
keçmişdi. Sonra köçkünlük
ağrılarını, köçkünlüyün mənəvi
sıxıntılarını yaşamışdı...
27 il
soltanlıların ruhu şər qarışandan dan yeri
sökülənə kimi ruhən Soltanlı adına zikr eləyib.
28 il gecələrinin qaranlığı tündləşib,
dan yeri qəhərlə açılıb – könüldən
iraq olmayan Soltanlı gözdən uzaq oldu; Soltanlı
soltanlıların gündüzlər xəyallarına
sarılıb, gecələr yuxularında gecələyib...
İkinci
Qarabağ müharibəsi başladı. Bu müharibə
xalqın müharibəsi idi, azərbaycançılığın
erməniliklə müharibəsi idi, Azərbaycanın ədalətli
müharibəsi idi. Ordumuz döyüşə-döyüşə
düşmənin müdafiə sədlərini
dağıdırdı, irəliləyirdi, mövqe qələbələri
qazanırdı.
Cəbrayıl
işğaldan azad edilmişdi...
Ordu hissələrimiz
Soltanılnın yaxınlığındaydı...
Təxminən
5 kilometr irəlilədikdən sonra Şükürbəylinin
üstündəydilər. Arada böyük bir dairə, dairənin
üstündə ermənilik nişanı vardı. Bura
üç yolun kəsişməsiydi. Sonradan biləcəkdilər
ki, yollardan biri ilə - Orxan Qədirovun daxil olduğu
yarımqrupun solu ilə Sirac Siracovun rəhbərlik etdiyi qrup
gəlir. Yolların biri Cəbrayıla, digəri Soltanlı
istiqamətinə aparırdı.
Dairənin
solunda hərbi hissə vardı. Orxan komandirlə əlaqə
yaratdı, bildirdi ki, iri üçbucaq formasında
böyük elektrik dirəyində
bir qurğu görünür, qarşıdakı iki
binanın birinin hündür antena dirəyində kamera
quraşdırılıb. Əmr verildi ki, ora Sirac Siracovun
qrupu yoldan, Orxan Qədirovun qrupu təpələrdən
hücum etsin. Şükürbəyli təpədən
sağda, Orxan Qədirovun qrupunun solundaydı, sağlarında
xarabalıqlar görünürdü. Aralarındakı məsafə
500-1000 metr ancaq olardı. Xarabalıqdan bu istiqamətə
minaatanlardan atəş açılırdı. Zabit Tariyel
Zöhrabov rabitə ilə hələ kəndə girməməyi
tapşırdı, artilleriya atışından sonra girərsiniz
dedi. Ora beş-altı mərmi düşdükdən sonra
Orxanın qrupu hərəkətə başladı. Atəş
açmırdılar, xarabalıq və
qamışlıqların arası ilə irəliləyir, kəndə
gizlincə sızırdılar. Artilleriya atışından
sonra düşmən xarabalıqlara doğru
qaçırdı. Onlara elə gəlmişdi ki, hücum
ancaq artilleriya atışından ibarətdir. Orxan Qədirovun
qrupu xarabalığın içində idi. Bu an bir
düşmən qadını qaçaraq onlara tərəf gəlirdi.
Onlardan xəbərsiziydimi, təxribatıydımı, erməniliyiydimi,
hər nə idisə, qaçaraq
yaxınlaşdığıını gördülər.
Öldürmədilər, ondan öyrəndilər ki, burada
atışanların çoxu qaçıb, təxminən on
nəfər qalıb, onlar da qaçır. Sirac Siracovun qrupu
atışa başlamışdı. Orxan Qədirovun qrupu
sağ tərəfdən atışa dəstək verərək
düşmənin taborunun ərazisinə sızmağa
başladı. Oradan bir “QAZ-31” markalı maşının
Soltanlı kəndi istiqamətinə getdiyini gördülər.
Bu, hücumun səviyyəsini də, düşmənin niyyətini
də müəyyənləşdirməyə
yardımçı oldu...
İki
istiqamətdən hücuma məruz qalan, müqavimət əzmi
qırılan, az sayda döyüşçünün
hücumunu dayandırmağa gücü çatmayan
düşmən çoxlu sayda itki verdi.
Döyüşçülərimiz əmri yerinə yetirdi.
İki
bina dağıdılmamışdı, necə deyərlər
salamat qalmışdı. Biri hərbi hissənin qərargahı,
sinif otaqları, rəhbərliyin xidməti otaqları idi. Digərində
isə erməni hərbçilərin ailələri
yaşayırmış...
Soltanlı
işğaldan azad olundu. 27 ilin mənəvi
sıxıntılarına son qoyuldu. Soltanlıların
hamısının ürəyi Soltanlıya can
atırdı...Hamı ata yurdunu doğmalığına
qayıdışın təşnəsi idi. Hamının
niyyəti “Əlim evimizin daşına-divarına dəysin...”
niyyəti idi...
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayıla
səfəri zamanı demişdi: “Yol boyunca düşmənin
dağıtdığı kəndləri görərkən
bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə
üz-üzəyik. Bunları gördükdə bir daha adam əmin
olur ki, biz təkcə öz ərazi
bütövlüyümüzü bərpa etməmişik, biz
yırtıcı düşməni məhv etmişik.
Dünyada bir çox müharibələr olub, bu gün də
gedir. Bu gün bəzi yerlərdə işğal davam edir.
Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər
qeyri-insani bir düşmənlə üz-üzə
qalsın...” Cənab İlham Əliyevin qürurla dediyi “Bərpa
edəcəyik bunları, hamısını bərpa edəcəyik.
Azərbaycan xalqı bir daha öz
böyüklüyünü göstərəcək. Bir daha
bütün dünyaya sübut edəcəyik ki, biz
böyük xalqıq. Biz qayıtmışıq,
vuruşa-vuruşa qayıtmışıq...” kəlamları
hamımızın şükranlığımızı ifadə
edir...
Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında Prezidentinin Xüsusi
Nümayəndəliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin,
YAP Cəbrayıl rayon təşkilatının və rayon
Ağsaqqallar Şurasının sədri, ehtiyatda olan polkovnik
Vaqif Məhərrəmovun təşəbbüsü və təşkilatçılığı
ilə 23 nəfər zyalının Cəbrayıla səfərinin
dəqiqələri ömrə yazılan dəqiqələr
(Zəlimxan Yaqub) oldu. Avtobusun sürücüsü, əslən
Cəbrayılın Çullu kəndindən olan Elçin
Rasimoğlu yolu yaxşı tanıyırdı. Vaqif müəllimin
və digər ağsaqqalların (bunlar Cəbrayıl Rayon
Ağsaqqallar Şurasının fəxri sədri Səyavuş
Əsgərov, Şura sədrinin müavinləri Əyyub
Quliyev, Hüseyn Əhmədov, Ələddin Məmmədov,
Şuranın üzvləri Əsəd Əsədov, Nəriman
müəllim, Mahir Səfərov, Sahib Süleymanov, İba Həsənov,
Musa Quliyev, Şahsuvar Ağakişiyev, Atəş Verdiyev,
“Xudafərin” qəzetinin baş redaktoru Şakir Albalıyev və
digərləri) istəyi ilə səfərimiz musiqi sədaları
altında davam edirdi. Cəbrayıl musiqi məktəbinin sabiq
müəllimi Fəxrəddin Abbasovun qarmonda ifa etdiyi ürəkaçan
musiqilər hamıda xoş əhval-ruhiyyə yaratsa da Fəxrəddin
müəllimin dediyi “Bir vaxtlar ağlaya-ağlaya dərin kədər
içində çıxdığımız Cəbrayıla
indi sevinclə, şadlıqla, musiqi ilə gedirik” sözləri
də hamını təsirləndirmişdi.
Müharibənin
izlərini televiziyada görmüşdük, bu səfərdə
müharibənin üzünü gördük,
özünü gördük.
Əvvəlcə
artıq bərpasına başlanılan Şükürbəyli,
Soltanlı kəndlərinə getməyi qərara aldıq.
Soltanlıya
gedirdik. Yol boyu mənə elə gəlirdi ki, ya zaman ləng
ötür, ya da yollar uzanır. 27 il əvvəlki Soltanlını
görməyəcəyimi bilsəm də tələsirdim.
Amma nə vaxt, saat insafa gəlirdi, nə də yollar...
Böyük
Mərcanlının, Maralyanın, Karxulunun
xarabalıqlarını görəndə ürəyimiz qan
ağladı. Bu ürəkparçalayan mənzərənin
fonunda ürəyim məni Soltanlıya – ruhumun beşiyinə çəkirdi.
Bu da
Soltanlı! Bu da 27 ilin həsrətinin sonu! Bu da ömrün
bu yaşında yanağımı odsuz, alovsuz yandıran
göz yaşları! Bu da dünyadan köçmüş əzizlərimin
ruhuna dediklərimin can yanğısı: “Soltanlıdayam...Siz
görən Soltanlı olmasa da düşməndən təmizlənmiş
Soltanlıdayam...”...
Soltanlının
qərb hissəsində İqtisadiyyat Nazirliyinin icraatında
olan “Araz Vadisi” iqtisadi zonası yaradılmaqdadır. 200
hektardan çox əraziyə malik olan “Araz Vadisi”ndə
avtomobil zavodları, fabriklər yaradılacaq. Bütün
bunlar Soltanlının görkəmin dəyişəcək,
yenə könlümüzün sultanının ziyarətinə
könül xoşluğu ilə gələcəyik. Təkcə
soltanlılar deyil, turistlər də gələcək,
möcüzə görmək həvəsi ilə. “Araz
Vadisi”nin burada yaradılması həm də böyük
strateji əhəmiyyətə malikdir: bir tərəfdə
Laçın, Zəngəzur, Kəlbəcər, Zəngilan,
digər tərəfdə İmişli, Biləsuvar, Cənub
zonası. Soltanlımız həm də əraziləri birləşdirən
ruhi-mənəvi bağ olacaq...
Soltanlıda
dizim torpağa sığal çəkdi...
Soltanlıda
bir anlığa əlim çənəmdə, dirsəyim dizimdə
qaldı...
Soltanlıda
bir müddət quruyub daşa döndüyümü gec hiss
elədim...
...Qayıtmalıydıq.
Qayıda bilmirdik. Ürəyim məni geri çəkirdi.
Divarları uçurulmuş evimizə bir də üz
sürtmək keçirdi könlümdən...
“Gələcəyik,
sən də dikələcəksən, Soltanlımız,
işğalın izləri sənin də sinəndən
kürünəcək...” pıçıldadım.
Pıçıltıma sarı dönən baxışlarda
bir doğmalıq gördüm, bir də bir-birinə söykəkli
“İnşallah!” duasını eşitdim...
İsmayıl
HACIYEV,
“Tərəqqi”
medallı əməkdar jurnalist,
“İki
sahil” qəzetinin baş redaktor I müavini
İki
sahil.- 2024.- 17 iyul, ¹125.- S.6.