Vətən üçün doğulanlar,
torpaq üçün ölənlər
Demək olar ki, bütün
dövrlərdə qismətinə
ağır sınaqlar
düşdü xalqımızın.
Öz yurdunda daima nigaranlıq, təlaş içində
yaşadı. Axı qonşusu xain olanın günü necə hüzurlu olsun ki?! Qonşu
demişkən, torpağı
bizdən, çörəyi
dizinin üstündə
olan nankor varlıqlar. Onlar hələ də başa düşməyiblər
ki, biz Vətən
üçün doğulub,
torpaq üçün
ölənlərik. Bizim
üçün hər
şeydən öncə
Vətəndir.
Bizim övladlarımız gözünü dünyaya torpaq ətirli laylalar, bayatılar ilə açır. Biz bu yurdda əcdadlarımızın bizə miras buraxdığı yerdə doğulmuşuq. Biz neçə-neçə işğalçı düşmənə dərsini vermiş millətik. Zaman da tarix də bunu təsdiq edib. Amma nədənsə zəkası dayaz düşmən bunu qəbul edə bilmirdi. Amma biz onlara qəbul etdirdik 44 günün sonunda. Ali Baş Komandanının və yenilməz ordumuzun ətrafında dəmir yumruğa dönməklə. Bu zəfərə qədər xalqımız neçə-neçə igid sərkərdəsini qurban verdi torpağına. Neçə-neçə çıraqlar söndü, arzular yarım qaldı, analar, atalar, bacılar, qardaşlar, yarlar, övladlar canından əziz olan doğmasını uğurladı cənnətə.
Onlardan biri də Məmmədov Toğrul Səyyad oğludur. Ailənin ilk övladı olan Toğrul 1988-ci ilin iyul ayının 13-də Naxçıvan Muxtar Respublikasının Şıxmahmud kəndində dünyaya göz açaraq atası Səyyad kişinin və anası Nazilə xanımın çırağını yandırdı. İndi onların evində balaca bir günəş doğmuşdu, səmadakı günəşin əkiz tayı idi sanki. İstisinə qızınır, işığına xumarlanırdılar. Sənədlərin müəyyən zaman sonra hazırlanması səbəbi ilə doğum tarixini 26 iyun ayına salmaq məcburiyyətində qalır atası Səyyad kişi. Amma sən demə bu iki tarixin heç biri bu körpə üçün gələcəkdə önəmli rol oynamayacaqmış. O özünü, sözünü, məqsəd və məramını anladıqdan sonra öz doğum gününü 26 iyun Silahlı Qüvvələr Günü qeyd etməyə başlayacaqmış. Övalad candır, gəlişi bəxtəvər edər adamı. Elə bu ailə də üç övladının gəlişi ilə bəxtəvərliyinin dadını, duzunu çıxarırdı bütün çətinliklərə rəğmən. Bəzən varlıq, bəzən yoxluq içində yaşadılar, amma halal böyüdülər gələcək həyatlarından bixəbər bu üç körpə. Toğrul bacısı Şəbnəmə və qardaşı Üzeyirə arxa-dayaq olmaqla yanaşı həm də onlara nümunə olmağa çalışırdı. Yox, səhv dedim, çalışmırdı. O, elə nümunə idi doğulandan, hər yerdə və çoxlarına. Belə insanlar vardır həyatda hamıdan fərqli olurlar, seçilirlər. Toğrul da onlardan idi. Məktəbdə ədəb-ərkanı, çalışqanlığı, davranışları ilə hörmət və etibar qazanmışdır. Atası müəllim, anası həkim olan bu uşaq ətrafındakılara yaşından böyük bir insan kimi bəzən yol göstərir, bəzən qayğısına qalırdı. İstər müəllimlərin istərsə də şagirdlərin sevimlisinə çevrilmişdi. Duruşundan əzəmət, baxışından vüqar yağırdı. İlahi belə istəyib, belə yaratmışdır onu. Alnına yazılanları gələcək göstərəcəkdi, amma o vaxta qədər baş verənlərin hər biri özündən sonra qoyacağı fəxarət dolu dərin bir iz, xatirə olacaqdır Toğrulun.
Torpaq, yurd sevdası onun yolunu hərbi məktəbə salır. 2002-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olur. Qürurlu olsa da ailə üçün həm də intizarlı, həsrətli günlərin başlanğıcı oldu o il. İndi bütün ailə Toğrulun yolunu gözləyir həftə sonlarının, bayramların tez gəlməsini arzu edirdilər. Darıxmaqlar bas alıb gedirdi evdə. Lakin hər kəs onun işıqlı gələcəyini görmək üçün sinəsinə ağır gələn ayrılıq yükünü çiyinlərində gücü çatan yerədək çəkməyə çalışırdı. Hərbi məktəbdəki uğurları özü ilə yanaşı ailəni sevindirir, təsəlliyə dönürdü. O çıxdığı bu yolda qalib sərkərdə kimi uca bir zirvədə bərqərar olacaqdı. O 2005-ci ildə liseyi bitirən Toğrul Heydər Əliyev adına Azərbaycan ali Hərbi Məktəbinə daxil olur. 2009-cu ildə oranı leytenant rütbəsi ilə bitirir. O, mümkün bütün yolları qət edib layiqli bir sərkərdə olmağı hədəfləmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris mərkəzində bir illik ixtisasartırma kursunu keçərək daha bir məqsədinə çatmış olur. İrəlidə isə arzu və istəklər tükənməz idi. Onların hamısı bir məqsədə xidmət edir, işğal atında olan torpaqlarımızın azad olunması əmrinin veriləcəyi günü gözləyirdi dərya-ümman arzular. İstənilən hal üçün hazır idi Toğrul. Vətən sevdası, qələbə istəyi coşdururdu bu igid sərkərdəni.
Hərbi məktəbdə oxuyarkən Toğrul və ailəsi həyatlarının ən ağır ilk zərbəsini aldılar. Amansız xəstəlik anası Nazilə xanımı 39 yaşında əllərindən alaraq birdən birə böyütdü bu üç çarəsiz uşağı. Toğrul onsuz da bacı və qardaşına sonsuz dərəcədə düşkün idi. Bu dərd ona Şəbnəm və Üzeyirə qarşı qardaş olmaqla yanaşı həm də ana nəvazişi göstərməyi də öyrətdi. Nə olursa olsun anasının onu görmək istədiyi yerə gedib çatmalı idi. Ailədən uzaqda yaşamaq, oxumaq çətin olsa belə. Atasını söykəndiyi dag bilirdi. Lakin anasından qısa bir müddət sonra ata da qəfildən əbədiyyətə qovuşdu. Bütün dünya çökdü hələ əlləri çörəyə çatmayan bu üç günahsız uşağın üzərinə. Ayaqda qalmalı bacı və qardaşına sahib çıxmalı, onların gələcəyi üçün çalışmalı idi, indi həm ata, həm ana əvəzi olan Toğrul. Onlardan uzaqda olsa da gözü üzərlərində idi. Maddi və mənəvi dayağı heç əksilmədi ata-ana yadigarlarının üzərindən. İşi ağır, eyni zamanda məsuliyyətli idi. Vətən torpaqlarının müdafiəsi öncəliyi olsa da yarı ürəyi də Şəbnəm və Üzeyirin yanında qalmışdı.
2014-cü ildə düşmən təxribatının qarşısını aldığı zaman yaralanır. Lakin tezliklə sağalır və yenidən torpaqlarımızın müdafiəsi məqsədi ilə öz sevdiyi peşəsini davam etdirməyə başlayır. Göstərilən tapşırıqları layiqincə yerinə yetirir, şücaəti ilə yenə də örnək olurdu. Mənfur düşmənin hiyləsi nəticəsində şəhadətə qovuşan şəhid dostlarının qisası ona dinclik vermirdi.
2016-cı il aprel döyüşlərində iştirak etmiş, qəhrəmanlıq göstərmiş, bir çox ərazilərimizi işğaldan azad olunmasında canla, başla vuruşmuşdur Toğrul. Bu döyüşlər onun həyatına qürur və iftixarla yanaşı acı bir itkini də yazdı. Canı qədər sevdiyi, qardaş dediyi Nəcməddini və digər silahdaşlarını itirdi. İntiqam hissinə qisas hissi təkan verəndə dünya gözə görünmür. Toğrul qisasını aldı almağına, ancaq özü də düşmən gülləsinə tuş oldu. Kim bilir bəlkə də şəhadətinə çatdığı üçün o anda yaradana əlhəmdilullah demişdir?! O bacı və qardaşına növbəti və ən ağır bir dərd oldu. Artıq ana və ata dərdi səngidi bu acının qarşısında. Haradansa bir tufan gəldi kökündən çıxardı kölgəsinə qısıldıqları qardaş adlı bu ağacı. Dağıldı, yerlə yeksan oldu hələ yeni-yeni yaşamağa tutunan iki insan ürəyi. Onlar nə düşünürdülər, fələk nə etdi. Dəfələrlə onun ailə qurmasını dilə gətirsələr də bacısı və qardaşı o inkar etmişdi. Sanki qismətini bilirdi. Gözü yolda olanı vardı bəlkə də, amma o bir qadının da gözü yaşlı qalmaması üçün özü nişanəsiz qalmağı üstün tutdu. Qardaşı Üzeyir bir görüşümüzdə dedi ki; - “Yaşadığımız evin vəziyyəti heç də yaxşı deyildi. Onun könlü əl vermirdi. Ona görə də ata ocağımızı köklü təmir etdirdi, mənə ev qurdu. Heç vaxt özünü düşünmədi, heç vaxt. Bu evin hər küncü, bucağı, daşı, torpağı Toğrulun ətrini verir”.
İndi Səyyad kişinin ocağında balaca Toğrul böyüyür. Əmisinin adını qürurla daşıyaraq. O da atası Üzeyir kimi əmisinin adını uca tutacaq, həm atasına, həm də əmisinə layiq bir oğul olacaq. Qeyd etmək istəyirəm ki, Üzeyir özü şəhid ailəsi olsa da bu gün Naxçıvanda olan şəhid ailələrinin yanında durur, onlara gücü yetdiyi yerə qədər dəstək olur. Bu isə əminəm ki, şəhidimizin ruhuna xoş gedir. Və öz halallığını vermişdir artıq qardaşı Üzeyirə.
Göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.
Əlbəttə inanıram ki, nigaran ruhun öz aramlığına yetmışdır şəhidim. Sizlərin başladığı haqq savaşını sizin kimi minlərlə oğul öz canları və qanları bahasına zəfərlə nida qoydu. Biz döndük yurdumuza sizlərin sayənizdə amma sizsiz. Qayıdan torpaqların qayıtmayan cənnət sakiləri nur içində yatın inşaallah. Dəyişməyən yaşın mübarək Toğrul, əbədi cavanım. Sən, mənim kimi minlərlə insanın sağkən varlığından xəbərimiz olmayan, şəhadətindən sonra doğmamıza çevrilən, tanımadığımız tanışımız, qardaşımız, dostumuz, ən əsası qəhrəmanımızsan.
Dünyalara səs salan o Zəfər çalınıbdır
Vətən üçün doğulub yurd üçün fəda olan,
Neçə-neçə igidə, ərənə şahid Toğrul.
Qucağında daşıyıb neçə şəhid qardaşın,
Özü də torpaq üçün can verən şəhid Toğrul.
Ruhunun qarşısında hörmətlə baş əyirəm,
Bu xalqın, bu millətin igid, aslan balası.
Sənin
kimi oğullar var olduqca vətəndə
Nə tapdanar torpağı, nə basılar qalası.
Şərəfli bir iz qoydun düşmənə
qarşı cəngdə,
Səninlə qürur duyur elin, qardaşın, bacın.
Əzmlə dayanırlar yoxluğun
yandırsa da
Dağlasa da qəlblərin başını,
ağrı-acın.
Ovunmaz
ki, heç zaman sən
adlı bu ağrımız,
Rahat uyu şəhidim, Qarabağ alınıbdır!
Qovubdur qardaşların düşməni
elimizdən,
Dünyaya müjdə verən
o Zəfər çalınıbdır!
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi
İki
sahil.- 2024.- 26 iyul, ¹132.- S.6.