Onun uğurlu
taleyi
O, rejissor olmasaydı, dramaturq olacaqdı... Yaradıcılıq ehtirası
onunla birgə doğulub. Hələ orta məktəbdə oxuyarkən həyatın dramaturgiyasını anlamağa
çalışıb; pyeslər
yazıb. On beş-on altı yaşlarında yazdığı “Yalanın
axırı olmaz” pyesi “Pioner” jurnalının 1966-cı il, birinci
sayında dərc olunub. Y. Qaqarin adına Pionerlər Evinin ədəbiyyat dərnəyinin üzvü
idi. Sonra tale onu o vaxtkı 26-lar adına Mədəniyyət sarayının
xalq teatrına gətirib çıxarır,
burada hazırlanan tamaşalarda epizod rollar oynamağa başlayır. “Şəfəq”
dram dərnəyinin rəhbəri
olur. Beləcə, teatrın sehrli dünyasına daxil olur. Söhbət Xalq artisti, görkəmli
rejissor Mərahim Fərzəlibəyovdan gedir.
Orta məktəbi bitirəndən
sonra Azərbaycan Respublikası Jurnalistlər
İttifaqının yaradıcılıq
fotostudiyasında şagird-lobarant,
Suraxanı rayon mədəniyyət
evində kinomexanik köməkçisi kimi çalışır.
Ozan dili yüyrək olar, deyiblər. İçindəki
sənət eşqi onu Leninqrad (indiki Sankt-Peterburq) Teatr, Musiqi və
Kinematoqrafiya Akademiyasına
gətirib çıxarır.
Burada dünya şöhrətli rejissor
Georgi Tovstonoqovun rejissorluq
kursuna daxil olur. Azərbaycandan heç kəsə belə xoşbəxtlik nəsib olmamışdı.
Mərahimin yeganə çətinliyi rus dilini bilməməsi idi. Tovstonoqov onun qarşısında şərt qoymuşdu: ya rus dilini
öyrənəcəksən ya da öz ölkənizdəki
Teatr İnstitutuna qayıdacaqsan. Mərahim bu səadəti əldən buraxa bilməzdi, altı ay ərzində rus dilini öyrənir. Bundan əvvəl, qəbul zamanı isə bir maraqlı
hadisə də baş vermişdi. Tovstonoqov gənc Mərahimə belə bir sual vermişdi:
Əgər sən rejissor olsaydın, Şekspirin “Hamlet” əsərinin
səhnə tərtibatını
necə verərdin?
Mərahim kağız üzərində
iri bir tac, ona uzanan iki
əl təsvir edib eskizi görkəmli
rejissora təqdim edir. Tovstonoqov bu eskizi görüb
heyrətlənir. Məsələ
burasında idi ki, o, Şekspirin “III Riçard”
tamaşasının səhnə
quruluşunu məhz bu cür hazırlamışdı.
Məhz bu məqamdan sonra Tovstonoqov qərar verir ki, Mərahim mütləq burada təhsil almalıdır. Görkəmli rejissor qarşısındakı gəncin
sənət eşqini
görürdü, istedad
işartısını görəndən
sonra isə onun himayədarına çevrildi. Beləcə,
Mərahimin sənət
taleyi həll olundu.
Hər nəsil sənətə öz davranış modelini gətirir. Mərahim Fərzəlibəyov
bir rejissor olaraq istər Qroznı teatrında, istərsə də Sumqayıt teatrında hadisəyə çevriləcək
tamaşalar qoyur.
Lermontov adına Qroznı
Dövlət Dram Teatrında
görkəmli Amerika dramaturqu
Tennesi Uilyamsın “Arzu
tramvayı”nı hazırlayan gənc rejissor tamaşanın finalını dəyişir.
Bu, böyük cəsarət
tələb edirdi. Əsərin finalında Devna Blanş bacısı tərəfindən
ruhi xəstəxanaya göndərilir, bu sonluq rejissoru qane etmir. Rejissorun
hazırladığı finalda
isə Devna Blanşı sevən ispan mənşəli insan onu ruhi
xəstəxana həkimlərinin
əlindən alıb
tamaşa zalından qaçırır. Mərahim
müəllimlə bu
barədə söhbətimiz
olmuşdu, ondan soruşmuşdum ki, finalı
niyə dəyişdiniz?
Dedi ki, çünki finalda Devna Blanş
məhv olur, mən isə onun yaşamasını istədim. Yaxşı yadımdadır, məşhur
teatr tənqidçiləri
Oçma və Konkalik qəzet səhifəsində bu əsəri geniş təhlil edərək Tenni Uilyamsa zidd bir əsər
kimi qiymətləndirdilər.
O vaxt Çeçen-İnquş
teatrının baş
rejissoru Mimalt Salçayev “Qroznı fəhləsi” qəzetində
tamaşa və onun finalı haqqında müsbət rəyini ifadə edən məqalə ilə çıxış
etdi. Bundan sonra tamaşa Qroznıda və qastrollarda məhz mənim hazırladığım
finalla oynanıldı.
Bu söhbəti dinlədikcə
gözlərim önündən
Mərahim müəllimin
quruluş verdiyi tamaşalar gəlib keçir. Onun bütün tamaşalarının
finalında işıq
var, insanlığa ümid
var. Tamaşadan çıxan
seyrçi öz qəlbində ümid və işıq aparır. Sənətkar olaraq onun estetik
platforması işıq
və ümid üzərində qurulub. Qeyd kitabçamda Mərahim müəllimlə
bağlı müxtəlif
zamanlarda yazdığım
düşüncələrin izi qalır. Bu yazını işləyərkən
qeyd dəftərlərimə
də nəzər saldım. Lap bu yaxınlarda yazmışam:
Rejissor müəllifin,
aktyorun və tamaşaçının kəsişmə
nöqtəsidir. Bu, teatr
sənətinin bütün
komponentlərini bir fokusda toplayan prizmadır. Prizma bütün şüaları
bir araya gətirərək göyqurşağına
çevrilir. Tovstonoqov
deyirdi ki, hər bir halda teatr
insanlara dünyanı
başa düşmək
sevinci bəxş etməlidir. Mərahim Fərzəlibəyov hər
tamaşasında bu sevinci insanlara ötürməyə can atır.
Unudulmaz
dramaturqumuz Sabit Rəhmanın yaxşı
bir sözü var, deyir “tamaşaçıların
bəziləri aktiv tamaşaçı olur, bəziləri passiv tamaşaçı. Aktiv tamaşaçı teatrın
dostudur, yaxın köməkçisidir”. Mərahim
müəllimi müşahidə
eləmişəm, o, zalda
hansı tamaşaçının
aktiv, hansının passiv seyrçi olduğunu intuitiv olaraq hiss edir.
Qroznı
Teatrında təyinat
vaxtı bitdikdən sonra Çeçenistanın
Mədəniyyət naziri
A. Tatayev ona qalıb bu teatrda
işləməyi təklif
edir. O isə vətənə qayıtmaq,
Azərbaycan teatrında
tamaşalar hazırlamaq
istəyirdi. Sumqayıt
Teatrında hazırladığı
G. Bokarevin “Poladəridənlər”
tamaşasının səsi-sorağı
o zaman bütün sovet
məkanına yayıldı.
Poladəridənlər şəhərində
belə bir tamaşanın qoyulması
sözün əsl mənasında teatr hadisəsi idi. Xalq artisti Rafiq Əzimov danışır
ki, biz o vaxt Bakıdan
Sumqayıta bu tamaşaya baxmağa gedirdik. O dövrün ünlü teatrşünaslarından
olan Nina Velexova “Pravda”
qəzetində bu tamaşa haqqında resenziya yazdı və beləliklə, bütün ölkə bu səhnə əsəri haqqında danışmağa başladı.
Tamaşa sovet respublikaları içərisində
hazırlanan tamaşalar
sırasında birinci
yeri tutdu.
Mərahim Fərzəlibəyovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına
dəvət edirlər.
İlk tamaşası görkəmli
dramaturqumuz İlyas Əfəndiyevin
“Xurşudbanu Natavan” pyesi
olur. Tamaşa uğurla nümayiş olunur. Gənc rejissor 33 yaşında Əməkdar İncəsənət
Xadimi fəxri adını alır. O vaxtdan rejissor 40 ilə yaxın bu teatrda çalışır
və 50-dən çox
tamaşaya quruluş verir. Qeyd edək
ki, Azərbaycan teatrında
mərhələyə çevrilmiş
İlyas Əfəndiyev teatrının
yaranmasında Mərahim
Fərzəlibəyovun müstəsna
xidmətləri var. Mərahim
müəllim İlyas Əfəndiyevin
ən çox inandığı, güvəndiyi
rejissorlardan idi. O, Akademik Teatrda görkəmli dramaturqun
10-a yaxın əsərinə
səhnə quruluşu
verib.
O, XX əsrin tarixi-kulturoloji baxımdan ən maraqlı, intensiv mərhələsində rejissuraya
başladı və bir sənətkar kimi bu fəlsəfi,
ideoloji, etik-estetik, mənəvi-əxlaqi prosesin
içində teatrın
yeniləşmə müstəvisində
öz sənət hücrəsini qurdu. Gənc rejissor sənətə yenilik gətirmək şövqü
ilə axtarışlar
aparır, hazırladığı
hər tamaşaya bənzərsiz naxışlar
vururdu. Rejissor formulası, tükənməz
fantaziyası, teatra dəlicəsinə vurğunluğu
onu daim axtarışlara sövq edib. O, teatrı bilən, anlayan tamaşaçılara inanaraq
bu addımları atıb. Mərahim müəllim teatr prosesini canlı, dinamik saxlamağa çalışan rejissorlardandır.
Klassik əsərin müasir mövzu ilə bağlanması baxımından onunla müqayisə olunası çox az rejissor
var.
Görkəmli rejissorumuz hal-hazırda Bakı Bələdiyyə Teatrının baş rejissorudur. Yenə də əvvəlki entuziazmla, şövqlə tamaşalar hazırlayır. Bu günlərdə onun 75 yaşı tamam olur. Dəyərli sənətkarımızı təbrik edir, ona cansağlığı, yaradıcı uğurlar diləyirik.
Kənan Hacı
İki
sahil.- 2024.- 22 iyun, ¹109.- S.8.