Güclü qadın
– qüdrətli dövlət və uğurlu gələcək
İradə və mərdliyi,
saflığı və sədaqəti, zəka və
müdrikliyi ilə seçilən Azərbaycan qadını
tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər
sisteminin formalaşaraq inkişaf etməsində, eləcə
də ümumi tərəqqisində müstəsna rol
oynayıb və oynamaqdadır
8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik
uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik
günüdür. Bu günün bayram kimi qeyd edilməsi Klara
Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların
2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara
alınıb. Qadınlar günü ilk dəfə 1911-ci ildə
Almaniya, Avstriya, İsveçrə və Danimarkada
keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə
1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq
Qadınlar Günü müxtəlif günlərdə
keçirilirdi. Beynəlxalq Qadınlar Gününün
martın 8-də keçirilməsi Avstriya, Macarıstan,
Rusiya, ABŞ və digər ölkələrin
qadınlarının öz həmrəylik gününü məhz
bu tarixdə qeyd etməsindən sonra ənənə
halını aldı. Həmin vaxtdan bütün ölkələrdə
qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik
günü kimi də qeyd edirlər.
Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır. Çünki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. Tarixə nəzər salsaq görərik ki, dünyada qadına seçki hüququnu verən ilk dövlət 1893-cü ildə Yeni Zelandiya olub. Avropada qadınların səsvermə hüququnu tanıyan ölkərin sırasında başda Norveç, Finlandiya və İslandiya kimi ölkələr gəlir. Məlumat üçün xatırladaq ki, hazırda hələ də bəzi ölkələrdə qadınlar ya qismən, ya da tamamilə seçki hüququndan məhrum edilmiş durumdadırlar.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbiti ilə yanaşı, həm də Şərqdə ilk dəfə qadına səsvermə imkanı vermiş oldu. Müqayisə üçün xatırlatmaq yerinə düşərdi ki, ABŞ-da qadınlara ilk dəfə 1920-ci ildə seçmək hüququ verilib. İndi Avropanın qabaqcıl ölkələrindən sayılan Fransada qadınların səsvermə hüququ yalnız 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə qəbul edilib... Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.
Müstəqil Azərbaycanın yeni tarixində Ümummilli Lider Heydər Əliyev fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipial mövqe nümayiş etdirib, ictimaiyyətin də bu istiqamətdə səfərbər olunması məqsədilə əməli addımlar atıb. Hələ sovetlər dönəmində qadın məsələlərinin həlli və qadın inkişafı haqqında mövcud olan konsepsiyada diqqətdən kənarda qalan amillər, milli və ənənəvi xüsusiyyətlər ulu öndərin ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə nəzərə alınır, real həyatda tətbiq olunurdu. Cəmiyyətdə qadınların roluna yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bildirdi: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar".
Ulu Öndərin müəllifi olduğu müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının ali hüquqi zəminini yaratdı. Azərbaycanın sosial, siyasi və mənəvi inkişafında rolu artan qadınlar dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmağa başladılar. Ölkədə uğurla həyata keçirilən gender bərabərliyi siyasətinin hüquqi bazasının formalaşmasının davamı olaraq Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncamı, daha sonra "Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında", "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanları qadınların ictimai-siyasi həyatda iştirak və imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının əsaslarının yaradılmasında mühüm rol oynadı. 2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının (2000-2005-ci illər) təsdiq edilməsi zərif cinsin təmsilçilərinə yüksək dövlət qayğısının daha bir təzahürü oldu.
Yeni yüzillikdə də sürətlə qloballaşan müasir dünyaya inteqrasiya olunan demokratik Azərbaycan dövlətində qadın siyasəti yenə prioritet istiqamətlər sırasındadır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətin həyatında daha fəal iştirakına yönələn siyasəti uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirməkdədir. Bu kontekstdə ölkə Prezidentinin təşəbbüsü ilə 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qəbul edilən Qanunu, elə həmin il dövlət başçısının müvafiq Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılması və digər halları qeyd etmək mümkündür. Hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xanımlarına ünvanladığı təbrikdə qadınların cəmiyyətdə oynadıqları rola yüksək qiymət verilir, onların fəaliyyəti təqdir olunur: "Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, ana dilimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günlərədək layiqincə yaşadılmasında Azərbaycan qadını misilsiz xidmətlər göstərmişdir. O, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunda formalaşmaları yolunda var qüvvəsini sərf edir".
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Artıq dördüncü ildir ki, Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır.
Sevinc Azadi
İki sahil.- 2024.- 6 mart, ¹43.- S.5.