Türkiyənin ilk qadın hüquqşünası

 

Şuşalı Sürəyya Ağaoğlu

 

O, qətiyyəti, cəsarəti ilə türk dünyasının ilk xanım vəkili, hüquq sahəsində Atatürkün köməkçilərindən biri, hətta Atatürk inqilabının simvolu kimi tanınıb

 

1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra bu ölkənin banisi, qardaş xalqın böyük öndəri Mustafa Kamal Atatürk siyasətinin prioritetlərindən biri də türk qadınını önə çəkərək onları cəmiyyətə qazandırmaq idi. Məhz bundan sonra qardaş Türkiyədə bir çox qadın müxtəlif sahələr üzrə adını ilklər siyahısına yazdıra bildi. Bu xanımlardan biri də Türkiyənin ilk qadın vəkili azərbaycanlı Sürəyya Ağaoğludur.

Sürəyya xanım 1903-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ölkəmizin ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. Beşuşaqlı ailənin ilk övladı olan Sürəyya xanımın atası Əhməd bəy 1905-ci ildə çar hökumətinə və erməni daşnaklarına qarşı mübarizə aparmaq məqsədilə gizli “Difai” təşkilatını yaradır. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizli yaşayır. Sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında Vətəni tərk etməyə məcbur olan Əhməd bəy İstanbula köçür. Bundan sonra 1910-cu ildə Əhməd bəy Ağaoğlunun ailəsi, eləcə də Sürəyya xanım ömürlük Vətəni tərk edir. Atasının ideoloji düşüncələri və tutduğu vəzifələr səbəbindən onun uşaqlıq və gənclik illəri Türk Ocağının ziyalıları, eləcə də Mustafa Kamal Atatürkün yaxın dostları arasında keçir. Uşaqlıdan vəkil olmağı arzulayan Sürəyya xanım ictimai-siyasi proseslərin fonunda böyüyür və öz fikirləri ilə məktəbdə də seçilir. Əlbəttə, çevrə, düşüncə adamlarıyla ünsiyyət Sürəyya xanımı beyincə tez yetkinləşdirmişdi. Yeniləşən, dəyişən dünyanın fonunda türk qadınının çərçivələr içində olması bir başqası deyil, məhz Sürəyya təfəkkürlü bir xanım üçün olduqca çəkilməz idi. Hələ yeddinci sinifdə oxuyarkən din dərsini tədris edən müəlliminin qadınlara "mülkü-müta" (əşya, mal) deyərək müraciəti Sürəyyanı incidərdi. O, cəsarətli addımları ilə hamıdan fərqlənirdi. Bu hərəkətləri etməyə onu təhrik edən məhz dünyagörüşü, inam və bilgisi idi. Hətta ingilis işğalı zamanı kiçik Sürəyya yoldaşlarını da toplayaraq oxuduğu liseyin üzərində dalğalanan ingilis bayrağını çıxarır və yerinə türk bayrağı asır. Onu buna görə danlayan ingilis zabitinə “Sizin ölkənizi birisi işğal etsəydi eyni davranışı göstərməzdinizmi”, - deyə sual verir və zabit bu sözlərin qarşısında sadəcə cavab vermədən çıxıb gedir.

Sürəyya xanım 1920-ci ildə İstanbul Qızlar Liseyini bitirdikdən sonra 1921-ci ildə hüquq fakültəsində təhsil almaq üçün Darülfünuna - hazırkı İstanbul Universitetinə müraciət edir. O, İstanbul Universitetinin Hüquq fakültəsinə müraciət edən ilk qadın tələbə olmaqla, fakültənin qız tələbələrə açılmasında aparıcı rol oynayıb. Belə ki, universitetə yanında iki rəfiqəsini də gətirən Sürəyya xanım bu ali təhsil müəssisəsində Hüquq fakültəsinin qız tələbələr üçün açılmasına müvəffəq olur. Bununla da Sürəyya xanım türk dünyası tarixində hüquq fakültəsinə daxil olan ilk qadın tələbə olur. 1925-ci ildə eyni fakültədən məzun olan Sürəyya xanımın bu uğuru Avropada hüquqşünaslar arasında böyük marağa səbəb olur və ona Rokfeller Fondu tərəfindən Parisdə üç aylıq seminar keçmək təklif olunsa da Türkiyə tərəfi bu səfərə icazə vermir.

Mustafa Kamal Atatürk ilə Əhməd bəy Ağaoğlu arasında sıx dostluq münasibətləri var idi və bu səbəbdən də onlar mütəmadi olaraq bir-birinin evlərini ziyarət edirdilər. Həmin vaxtlar universiteti yeni bitirən və Ankara Ədalət Sarayında staj keçən Sürəyya xanım günorta yeməklərini yeyə bilmək üçün bölgədə bunun üçün yeganə yer olan İstanbul yeməkxanasına gedir. Bu, oradakı insanlar tərəfindən böyük qalmaqala çevrilir. Belə ki, o zamanlar belə yeməkxanalara qadınların daxil olması yaxşı qarşılanmırdı. Sürəyya xanım ziyarətlərin birində bu hadisə barədə Mustafa Kamal Atatürkə məlumat verir. Söhbət əsnasında Əhməd bəy Ağaoğlunun məsələ ilə bağlı narazılığını dəstəkləyən Mustafa Kamal Atatürk ertəsi gün günorta yeməyini ailəsi ilə birgə yemək məqsədilə onu evinə dəvət etmək üçün Sürəyya xanımı götürməyə gedir. Sürəyya xanım bunu çaşqınlıq və sevinclə qarşılayır. O, maşına oturduqdan sonra hərəkət edən avtomobil həmin İstanbul yeməkxanasının yanından keçərkən Atatürk birdən sürücüyə saxlamağı əmr edib. Millət vəkili Salih bəy təlaşla onlara yaxınlaşdıqda isə Atatürk hamının eşidə biləcəyi bir səslə ona “Bu gün Sürəyyanı evimizə aparıram, amma sabah bura gələcək, yeməyini bu yeməkxanada yeyəcək”, - deyir. Bu hadisənin ertəsi gün Sürəyya Ağaoğlu rəfiqəsi ilə İstanbul yeməkxanasına gedir və ilk dəfə olaraq bir neçə millət vəkilinin xanımı ilə burada nahar etdiklərini görür.

Sürəyya xanım seçimlərində, hərəkətlərində həm də Atatürkə arxalanırdı. Mustafa Kamalın yanında olan köməkçilərindən biri Sürəyya xanımın olması da təsadüfi deyildi. Sürəyya xanımın təbirincə desək, o, Atatürk inqilabının simvolu idi. Qadın azadlığı mövzusuna kifayət qədər həssas olan Mustafa Kamal Atatürk qadınların sosial, ictimai, siyasi sferada təmsil olunmasını cani-könüldən istəyirdi. Və ağıllı, idraklı qızların sivil hərəkətləri onda bu istəyin daha da şaxələnməsinə səbəb olurdu.

1927-ci il dekabrın 5-də Sürəyya xanım Ankara Vəkillər Kollegiyasında qeydiyyata alınır. 1928-ci ildə fərdi iş lisenziyasını alaraq Türkiyənin, eləcə də bütün türk dünyasının ilk qadın vəkili kimi tarixə düşən Sürəyya xanım həyatı boyu vəkillik karyerasını davam etdirir. Kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlara yardım göstərmək məqsədilə 1948-ci ildə Türkiyənin bir çox tanınmış iş adamını evinə dəvət edən Sürəyya Ağaoğlu bu məqsədlə Türkiyə tarixində ilk dəfə “Sürəyya Ağaoğlu Uşaq Dostları” dərnəyini yaradır. Elə bu məqsədlə də Sürəyya xanım özünə məxsus əraziləri iş adamlarına verərək bu uşaqlar üçün sığınacaq tikdirir. Hazırda bu binanın fəaliyyəti sayəsində 450-dən artıq tələbə təqaüd alır.

Həyatı boyunca insanlar arasında din, dil, irq anlayışını qəbul etməyən Sürəyya xanım 1950-ci illərin əvvəllərində alman hüquqşünas Verner Taşenbrekerlə ailə qurur. Onların bu izdivacdan övladları olmur. Bu nikah 1960-cı illərdə dağılsa da, onların arasındakı dostluq münasibətləri ömürlərinin sonuna qədər davam edir.

İngilis və fransız dillərini bilən Sürəyya Ağaoğlu peşəkar həyatı boyunca bir çox beynəlxalq konfranslarda Türkiyəni təmsil edib. 1946-cı ildə etdiyi cəhdlər nəticəsində İstanbul Vəkillər Kollegiyasının Beynəlxalq Vəkillər Kollegiyasına üzv olmasını təmin edir, 1946-1960-cı illərdə bu birliyin İdarə Heyətinin yeganə qadın üzvü olaraq qalır. Sonralar o, Beynəlxalq Qadın Hüquqşünaslar Assosiasiyasının üzvü, Qadın Hüquqşünaslar İttifaqının BMT-nin Cenevrə Təşkilatındakı nümayəndəsi, Hüquqşünas Qadınlar Federasiyasının vitse-prezidenti seçilir. O, 1961-1973-cü illərdə qardaş ölkədə fəaliyyət göstərən Yeni Türkiyə Partiyasına daxil olaraq siyasi həyata addım atır və partiyanın İstanbul şəhər təşkilatının sədri seçilir.

Uzun illərdən sonra 1982-ci ildə Sürəyya xanım doğma Vətəninə - Azərbaycana gəlir. O bu tarixi səfər haqqında xatirələrində belə yazıb: "Bizi "Azərbaycan" adlı otelə apardılar. Növbəti gün Dostluq Evinə dəvət etdilər. Neft sahələrini, xüsusən də dənizdəki neft ərazilərini gəzdirdilər. Burada dolaşarkən ürəyimdən nələr keçdiyini izah edə bilmirəm. Sanki küçələri, parkları tanıyırdım. Anamdan və atamdan o qədər çox dinləmişdim ki... Keçmiş milyonçulardan Tağıyevin evi muzey olub. Bu evi və Tağıyevi atamdan çox eşitmişdim. Bizə keçmiş karvansara olan binada azəri yeməkləri verilərkən birdən içəriyə iki gözəl insan daxil oldu. Bunlar əmimin nəvələri idilər. Əllərində qırmızı güllərlə "Sürəyya abla!" deyə boynuma sarıldılar. Hamımız ağlamağa başladıq... Qarabağa getmək istədim, bakılılar "növbəti dəfə" dedilər"...

Sürəyya Ağaoğlu sonuncu dəfə 1989-cu il dekabrın 29-da İstanbulda “Qadın haqları və müasirləşmə” mövzusunda konfransda iştirak edir. Konfransın keçirildiyi binadan çıxarkən pilləkənlərdən yıxılan Sürəyya xanım beyin qanaması keçirərək həyata gözlərini əbədi olaraq yumur. Sürəyya xanımın vəfatından sonra bir sıra dövlətlərin rəsmiləri tərəfindən onun vəqfinə başsağlığı mesajları göndərilir.

Sürəyya xanım qardaş Türkiyədə bir sıra mühüm qeyri-hökumət təşkilatlarının - “Türkiyə qadın hüquqşünaslar”, “Universitetli qadınlar”, “Azad fikirləri yayma”, “Türk-Amerika universitetləri”, “Uşaq dostları” dərnəkləri, eləcə də “Soroptimistlər İstanbul klubu” və s. yaradılmasında iştirak edib. O, hüquq və digər mövzularda bir neçə məqalənin, o cümlədən “Londonda gördüklərim” və “Bir həyat belə keçdi” kitablarının müəllifidir. Hazırda İstanbulun mərkəzi bölgələrindən olan Şişli rayonunda küçələrdən biri Sürəyya xanımın adını daşıyır.

 

Sevinc Azadi

 

İki sahil.- 2024.- 6 mart, ą43.- S. 7.