Xankəndi Azərbaycanın mirvari şəhəri

 

Keçən ilin 19-20 sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilmiş Xankəndi artıq illər boyu onun həsrəti ilə yaşamış xalqımıza qucaq açır. Daha buralarda xuntaçıların rəmzləri, simvolları, əski parçaları yoxdur. Bu diyarda artıq müqəddəs üçrəngli bayrağımız dalğalanır.

Tanınmış Azərbaycan şəhəri Xankəndi bölgəmizin gənc şəhərlərindən sayılır. 5 minillik tarixi olan Naxçıvan, 3 minillik tarixi olan Gəncə, 2 minillik tarixləri olan Bakı, Bərdə ilə müqayisədə Xankəndinin iki əsrdən çox olan bir tarixi əlbəttə çox az hesab edilir. Arxiv sənədlərinə görə, bu şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının başçılarının – xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Qarabağ xanlığını zorən Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir. Eyni zamanda, keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndidə yerləşdirilir. Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi.

Çar işğalından sonra böyüyən Xankəndidə 1900-cu ildə artıq 3 min əhali yaşayırdı, Burada hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndidə erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.

1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndidən də yan ötmür. XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Həmin dövrdə qanlı qarşıdurmalar, eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində, o cümlədən Xankəndidə də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndidə yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu təkrarlayaraq Xankəndidə yerləşən dağılan Sovet ordusunun 366-cı alayından istifadə edərək Xocalı soyqırımını törətdilər.

1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları iddiası Lenin, Stalin və Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş bolqar əsilli ermənipərəst Sergey Kirovun apardığı siyasət də rəvac verdi. Bu siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi. Acınacaqlıdır ki, Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilatın büronun 9 nəfər üzvü həll etməyə girişdi. Onların isə 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə yad olan bolqar, ancaq biri – Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütün qanunları və reallıqlar kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir. Ancaq N.Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra büronun əvvəlki qərarını ləğv edərək bölgəyə muxtariyyət verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını verməyə məcbur edir. Beləliklə, RKP MK Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla Azərbaycan daxilində muxtariyyət verilməsi qərarı verir. Ancaq o dövr Azərbaycan rəhbəri olan ermənipərəst Sergey Kirov və onun ətrafı sırf azərbaycanlı şəhəri olan Şuşada erməni muxtariyyətini qurmağın çətin olacağını dərk edirdilər. 7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi barədə qərar qəbul edir. Vilayətin erməniləşdirilməsi məqsədi ilə vilayət mərkəzi büronun qərarının əleyhinə olaraq Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakini olan Xankəndi götürülür. Maraqlı məqamlardan biri də ermənipərəst Kirovun dəstəyi ilə qısa bir zamandan sonra Xankəndinin adının dəyişdirilməsidir. 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin müraciəti nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Ancaq bütün Sovet dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi. DQMB yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta irili-xırdalı bütün təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər. Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı.

XX əsrdə Xankəndi, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamağa başlayır. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda, onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. Xankəndidə tikilmiş müəssisələr keçmiş muxtar vilayətin sənaye məhsulunun yarısından çoxunu buraxırdı. Sovet dövrünün axırına Xankəndidə bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapırdı. Ümummilli Lider Heydər Əliyev dönəmində dəmiryol xətti Xankəndinə qədər çəkilmiş, şəhərdə müasir dəmiryol stansiyası inşa edilmişdi. Bu müəssisələrin bir çoxu Heydər Əliyevin birinci hakimiyyəti dövründə tikilmiş, on minlərlə yerli sakin yüksək əməkhaqqı, mənzil və digər sosial dəstəklə təmin edilmişdi. İqtisadi sahədəki inkişaf humanitar sahəyə də öz təsirini göstərmişdi. Şəhərdə sovxoz-texnikum, tibb və musiqi məktəbləri fəaliyyət göstərmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açılmışdır. 1973-cü ildə filial o dövr Azərbaycan rəhbəri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə müstəqil Pedaqoji İnstituta çevrilmiş, onun erməni, Azərbaycan və rus bölmələri daha geniş çərçivədə fəaliyyət göstərmişdir. Şəhərdə Tarix-Diyarşünaslıq Muzeyi açılmış, Dram Teatrı fəaliyyət göstərmişdir. Şəhərin arxitektura siması vilayət mərkəzi statusuna uyğun gücləndirilmişdi. 1960-cı ildə o dövrün məşhur arxitektoru Q.Məcidovun layihəsi əsasında mərkəzi Lenin meydanı olmaqla vilayət partiya komitəsinin binası istifadəyə verilmiş, 1972-ci ildə arxitektor N.Kəngərlinin layihəsi əsasında vilayət icraiyyə komitəsinin binası tikilmişdir.

Ermənilərin başqalarının torpaqları hesabına böyük dövlət qurmaq xəyalları ilə başlatdıqları iyrənc əməllər nəticəsində burada yaşayan 17 minə qədər azərbaycanlı sakin çoxsaylı itkilər vermiş, Xankəndidə yaşamış sonuncu azərbaycanlı 1991-ci ilin dekabrında bu şəhəri tərk etməli olmuşdur. Erməni işğalı altında qaldığı 30 ildən artıq dövrdə Xankəndi hər cür kriminal ünsürlərin məskəninə çevrilmişdi. Buradakı bataqlıqda özlərinə yuva qurmuş və sonralar işğalçı Ermənistanın keçmiş rəhbərləri olmuş Robert Koçaryan, Serj Sarkisyan və bu günlərdə yaxalanan Ruben Vardanyan, Araik Arutyunyan və digər xunta tör-töküntüləri ilə yanaşı, Xankəndi buraya qeyri-qanuni səfər edən ermənipərəst Fransa, ABŞ, Almaniya siyasətçilərinin, Çin, İran, Hindistan, Livan mənşəli iş adamlarının, narkotacirlərin, silah və antik əşya qaçaqmalçılarının, hətta Ermənistanda hələ də fəaliyyət göstərən vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasının tullantılarının da məskəninə çevrilmişdi. Ta ki Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə başlatdığı əks-hücumu ilə 44 gün ərzində erməni faşizminin belinin qırılaraq üzü cəhənnəmə doğru göndərilməsinədək…

Keçən 30 il ərzində Azərbaycan dövləti, onun qüdrətli liderləri Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev öz gücü hesabına düşmənlə hərbi-diplomatik sferada mübarizə apardılar, haqq yolunda Azərbaycan Zəfər qazandı. 15 oktyabr 2023-cü tarixi Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda üçrəngli Bayrağımızın dalğalandığı gün kimi təqvimə yazıldı. Ölkəmizə rəhbərliyinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldan Ali Baş Komandan dünya azərbaycanlılarının Vətən həsrətinə birdəfəlik son qoydu. Sözü imzası qədər dəyərli olan, prinsipiallığı və uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinin müəllifi, gələcək nəsillərə güclü dövlət bəxş edən Lider - İlham Əliyev tarixi ərazidən erməni separatizminin kökünü kəsdi. Xankəndidə bu gün əsl bayram ab-havası duyulur. Xankəndi yaxın müddətdə öz doğma sakinlərinə əbədi qucaq açacaq.

 

Sevinc Azadi

 

İki sahil.- 2024.- 14 mart, ¹48.- S.6.