Bu vəhşiliklər
xalqımızın qan
yaddaşında dərin
izlər buraxıb
31 Mart soyqırımı
Bu kütləvi qətliam zamanı ermənilər
bir çox qədim binaları, tarixi abidələri, o
cümlədən ziyarətgahları da top atəşinə
tutaraq dağıdıblar
Son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata
keçirilmiş etnik təmizləmə və soyqırımı
siyasəti nəticəsində xalqımız görünməmiş
məhrumiyyətlərə məruz qalıb. Mərhələlərlə
gücləndirilən belə qeyri-insani siyasət nəticəsində
azərbaycanlılar min illər boyu yaşadıqları tarixi
torpaqlarından didərgin salınıb. Xalqımıza məxsus
minlərlə tarixi və mədəni abidə,
yaşayış məskənləri dağıdılaraq
yerlə-yeksan edilib.
1918-ci il 30 mart və 3 aprel tarixləri
arasında Bakı şəhərində və Bakı
quberniyasının müxtəlif bölgələrində,
eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran,
Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan
və digər ərazilərdə Bakı Soveti və
daşnak erməni silahlı dəstələri azərbaycanlılara
qarşı soyqırımı törədiblər. Rəsmi
mənbələrə əsasən, soyqırım nəticəsində
12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on
minlərlə insan itkin düşüb.
Rusiyada baş vermiş 1917-ci il fevral və
oktyabr çevrilişlərindən məharətlə istifadə
edən ermənilər öz iddialarını bolşevik
bayrağı altında reallaşdırmağa nail olublar.
1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən
əksinqilabçı ünsürlərlə mübarizə
şüarı altında Bakı quberniyasını azərbaycanlılardan
təmizləmək məqsədi güdən mənfur
planın həyata keçirilməsinə
başlanılıb.
Ermənilərin 1918-ci ildə Bakıda və
Azərbaycanın digər bölgələrində törətdikləri
qırğınlardan 106 il ötməsinə baxmayaraq bu vəhşiliklər
xalqımızın qan yaddaşında əbədi iz
buraxıb. Ötən əsrin əvvəllərindən
başlayaraq ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdikləri soyqırımı və
deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusilə
genişlənib. Bakıda həmin illərdə azərbaycanlılara
qarşı soyqırımı həyata keçirilir, şəhər
erməni silahlı dəstələri tərəfindən
dağıdılır.
Məscidlər yandırılır, memarlıq
incisi sayılan binalar yerlə-yeksan edilir. Mart
qırğını haqqında olan mənbələrdə
göstərilir ki, ermənilər bir çox qədim
binaları, o cümlədən Cümə məscidini,
İsmailiyyə binasını top atəşinə tutaraq
dağıdıblar. Bakıda azərbaycanlılara
qarşı soyqırımı aprelin 2-də gecə
yarısı dayandırılıb. Daşnak Stepan Şaumyan
Bakıdakı bu qırğınla kifayətlənməyib.
Azərbaycanlıların qırğını başqa qəzalarda
da davam etdirilib. S.Şaumyan Bakıdakı qırğında qəddarlığı
ilə seçilmiş bir neçə erməni dəstəsini
Şamaxıya göndərib. Burada da ermənilər
xüsusi vəhşilik törədiblər. Şamaxı
şəhərini dağıdıb əhalisini
qırıblar. Qadınlar, qızlar, uşaqlar təhqir
ediliblər. Qadınların boynundakı
boyunbağılarını asanlıqla çıxarmaq
üçün onların başlarını bədənlərindən
ayırıblar. Sırğanı çıxarmaq
üçün qulaqlarını kəsiblər.
Qızları, gəlinləri, uşaqları, qocaları məsciddə
diri-diri yandırıblar.
Həmin dövrü əhatə edən,
1918-ci ildə Bakının dağıdılmasını əks
etdirən tarixi fotoşəkillər də tarixçilərin
yazdıqlarını əyani şəkildə təsdiqləyir.
Şamaxı qəzasında 58, Quba qəzasında 122,
Qarabağın dağlıq hissəsində 150-dən
artıq, Zəngəzur qəzasında 115 kənd vəhşicəsinə
dağıdılıb. Əhalinin xeyli hissəsi məhv
edilib. İrəvan quberniyasında 211, Qars vilayətində 82
kənd yandırılıb. Beləliklə, S.Şaumyanın
başçılıq etdiyi Bakıdakı Sovet hökuməti,
onun əsasən ermənilərdən ibarət rəhbərliyi
silahsız Azərbaycan xalqını məhv etmək, onu
tamamilə qırıb qurtarmaq planını həyata
keçirib.
Zaqafqaziyanın sovetləşməsindən
öz çirkin məqsədləri üçün istifadə
edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın
bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi
elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki
azərbaycanlıların deportasiya edilməsi siyasətini daha
da genişləndirmək məqsədilə yeni vasitələrə
əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər
Sovetinin 23 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən
kolxozçuların və başqa azərbaycanlı əhalinin
Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında” xüsusi qərarına
və bunun əsasında 1948-1953-cü illərdə
soydaşlarımızın öz tarixi torpaqlarından
kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində
nail olublar.
Ümummilli Lider Heydər Əliyevin
imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanda
bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların
ermənilər tərəfindən soyqırımına məruz
qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.
31 Mart - Azərbaycanlıların Soyqırımı
Günü hər il ölkəmizdə dövlət səviyyəsində
qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən
biri kimi müəyyənləşib.
Son dövrdə Qubada 1918-ci il hadisələri
zamanı ermənilərin törətdikləri kütləvi
insan qətllərini aşkarlayan faktlar üzə
çıxarılıb. Tapılmış
saysız-hesabsız insan sümükləri bu
qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən
əyani dəlillərdir. Bu ərazidə on minlərlə
insanın qətlə yetirilməsinin sübutu kimi və
onların xatirəsinə ehtiram əlaməti olaraq Quba
Soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan
Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də
Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri
tərəfindən xalqımıza qarşı həyata
keçirilmiş qırğınların, qətliamların
dünya ictimaiyyətinə çatdırılmasında
mühüm əhəmiyyət kəsb edir. Təəssüf
ki, ortada, necə deyərlər, daşdan keçən dəlil-sübutlar
olmasına baxmayaraq beynəlxalq miqyasda bu qırğına hələ
də hüquqi qiymət verilməyib.
Cavid Əkbərov
İki sahil.- 2024.- 29 mart, ¹54.- S.3.